Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-578/2023 16.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi1 «miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi və qeydiyyat vəsiqəsinin verilməsi» barədə ərizəsinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2007-ci il tarixli, 2-514/2007 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Corat qəsəbəsindəki 259 saylı evin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin evə onun adına qeydiyyat vəsiqəsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 259 saylı ev mərhum atası Rizvan Pelvan oğluna məxsus olmuşdur. Mərhum atası Rizvan Pelvan oğlu xx.xx.1990-cı ildə vəfat etmişdir. Mərhum anası Züleyxa Bafadar qızı isə xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. İstər valideynlərinin sağlığında, istərsə də o, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Valideynlərinin vəfatından sonra vərəsəlik şəhadətnaməsinin açılması ilə bağlı aidiyyatı orqanlara müraciət etməmiş, lakin o, valideynlərinin vəfatından sonra miras evi faktiki olaraq qəbul etmiş və bu gün də ona sahiblik edir. Hal-hazırda öz adına qeydiyyat vəsiqəsi verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinə şifahi şəkildə müraciət etsə də, onlar bunun mümkün olmadığını bildirmişlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2007-ci il tarixli, 2-514/2007 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək Sumqayıt şəhəri, Corat qəsəbəsindəki 259 saylı evin miras əmlak kimi Ərizəçi1 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və Sumqayıt şəhəri, Corat qəsəbəsindəki 259 saylı evə Ərizəçi1 adına qeydiyyat vəsiqəsinin verilməsi qət edilmişdir (hakim Teymur Qurbanov). İş materiallarından görünür ki, həmin qətnamənin surəti qətnamənin nəticə hissəsində adı göstərilən Sumqayıt şəhəri DTİ və MHQİ-nə göndərilməmişdir. İş materiallarından görünür ki, həmin qətnamənin surəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə alınmışdır. Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2007-ci il tarixli, 2-514/2007 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ərizəçi1 məhkəmə iclasında verdiyi izahatında qeyd edir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsindəki 259 saylı ev mərhum atası Rizvan Pelvan oğluna məxsus olmuşdur. Mərhum atası Rizvan Pelvan oğlu xx.xx.1990-cı ildə və anası Züleyxa Bafadar qızı xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Valideyinlərinin vəfatından sonra miras evi faktiki olaraq o qəbul etmiş, onun sahibliyindədir və hazırda uşaqları ilə birlikdə həmin evdə yaşayırlar. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Sumqayıt şəhəri, Corat qəsəbəsindəki 259 saylı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Ərizəçi1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi1 məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, o, xx.xx.1954-cü il tarixdə anadan olmuş, ata qrafasında Rizvan Pelvan oğlu, ana qrafasında Züleyxa Bafadar qızı qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən verilmiş V-ЖГ seriyalı, 275423 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Rizvan Pelvan oğlu xx.xx.1990-cı il tarixdə vəfat etmiş və bu barədə xx.xx.1998-ci il tarixdə 23 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 065749 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Züleyxa Vəfadar qızı xx.xx.2003-cü il tarixdə vəfat etmiş və bu barədə xx.xx.2003-cü il tarixdə 1208 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Sumşayıt şəhər İHB-nin Corat qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli arayışdan görünür ki, Ərizəçi1 Sumqayıt şəhəri, Corat qəsəbəsindəki 259 saylı evdə daimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş noyabr 1987-ci il tarixli Texniki Pasportun surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsindəki 259 saylı evin sahibi Rizvan Pelvan oğludur. Sadalananlara əsasən, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, həqiqətən miras əmlak kimi qalan Sumqayıt şəhəri, Corat qəsəbəsindəki 259 saylı ev ərizəçinin atası Rizvan Pelvan oğluna məxsus olmuş, xx.xx.1990-cı ildə o, vəfat edəndən sonra ərizəçi vərəsə olaraq həmin evi miras mülk kimi qəbul edərək faktiki idarə etmiş və indiyədək həmin evdən istifadə edir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi Sumqayıt şəhəri, Corat qəsəbəsindəki 259 saylı evin miras əmlak kimi Ərizəçi1 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və Sumqayıt şəhəri, Corat qəsəbəsindəki 259 saylı evə Ərizəçi1 adına qeydiyyat vəsiqəsinin verilməli olması qənaətinə gəlmişdir. Maraqlı şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ərizənin təmin edilməməsini xahiş edərək şikayətini – Sumqayıt şəhəri, Corat qəsəbəsindəki 259 saylı evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi yolu ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, Corat qəsəbəsindəki 259 saylı ev 1987-ci il tarixdə verilmiş texniki pasporta əsasən Rizvan Pelvan oğluna məxsus olmuş, Rizvan Pelvan oğlu xx.xx.1990-cı il tarixdə vəfat edəndən sonra həmin evdə yaşayan ərizəçi vərəsə olaraq həmin evi miras əmlak kimi qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin atasının adına həmin daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsini təsdiq edən dövlət reyestrindən çıxarış alınmamış, onun ölümündən sonra isə texniki pasporta əsasən vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış alınmamış və bununla da daşınmaz əmlak üzərində vərəsəlik hüququ rəsmiləşdirilməmişdir. “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” təlimatın 7-ci bəndindən görünür ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir (7.1). Müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir (7.2). Hüququn ölmüş şəxsə aid olması barədə arayışın ilk qrafasında hüquq sahibinin adı hissəsində ərizəçinin adı qeyd edilir (7.3). Arayışın xüsusi qeydlər hissəsində daşınmaz əmlaka hüquq sahibinin ölməsi və bu arayışın vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün verildiyi qeyd edilir (7.4). Hüququn ölmüş şəxsə aid olması barədə arayış almaq üçün müraciət edən şəxsin vərəsə olması mirasın açıldığı yerin notariusunun yazılı məlumatı ilə müəyyən edilir (7.5). Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2007-ci il tarixli, 2-514/2007 nömrəli qətnaməsi ləğv edilməli, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2007-ci il tarixli, 2-514/2007 nömrəli qətnaməsi ləğv edilsin. Ərizə təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-578/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-578/2023
16.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver