Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-582/2022 22.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi, Ərizəçi, maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsin 1 saylı Regional Ərazi Filialına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(060)- 6137/2021 saylı qətnaməsindən maraqlı tərəf Dövlət Sosial Müdafiə X18 Şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(060)-6137/2021 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi oğlunun 01 aprel 1972-ci il tarixdən 30 noyabr 1974-cü il tarixədək və 22 noyabr 1976-cı il tarixdən 01 may 1992-ci tarixədək olan dövrdə Laçın rayonunun Alxaslı kəndində yerləşən "Qızıl Ordu" kolxozunda kolxozçu vəzifəsində işləməsi faktının müəyyən edilməsi qət edilmişdir (hakim Aynur Behbudova). Qətnamədən maraqlı tərəf "Dövlət Sosial Müdafiə Fondu" X19 tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(060)-6137/2021 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İ Ş İ N H A L L A R İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Şəhər Şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 01 aprel 1972-ci il tarixdən 01 may 1992-ci il tarixədək olan dövrdə Laçın rayonunun Alxaslı kəndində yerləşən "Qızıl Ordu" kolxozunda kolxozçu işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə maraqlı şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 01 aprel 1972-ci il tarixdən 30 noyabr 1974-cü il tarixə qədər və 22 noyabr 1976-cı il tarixdən 01 may 1992-ci tarixədək olan dövrdə Laçın rayonunun Alxaslı kəndində yerləşən "Qızıl Ordu" kolxozunda kolxozçu işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və P R O S E Sİ Ş T İ R A K Ç İ L A R İ N İ N İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında maraqlı tərəf "Dövlət Sosial Müdafiə Fondu" X14 nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, Ərizəçi 01.04.1972-30.11.1974 və 22.11.1976-01.05.1992-ci illər ərzində Laçın rayonu, Alxaslı kənd “Qızıl Ordu adına kolxoz”da işlədiyini iddia edir. Məhkəmə iclası zamanı iki şahid dindirilmişdir. X5 ifadə verərək ərizəçi ilə birgə işlədiyini, ərizəçinin 1972-ci ildə işə qəbul edildiyini, əsgərliyə gedib qayıtdıqdan sonra yenidən orada işlədiyini bildirmişdir. X1 ifadə verərək ərizəçini uşaqlıqdan tanıdığını, bir kənddə böyüdüklərini, ərizəçi ilə birgə həmin kolxozda işlədiyini, ərizəçinin 1972-ci ildə işə qəbul edildiyini, əsgərliyə gedib qayıtdıqdan sonra yenidən orada işlədiyini bildirmişdir. Məhkəmə prosesi gedişində hər iki şahidin əmək kitabçalarına baxış keçirilmiş, X5nun həmin kolxoza 18.12.1979-cu il tarixdə, X1nun isə 16.11.1979-cu il tarixdə işə qəbul edildiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş şəxslərin ərizəçi ilə işlədiyi illərin üst-üstə düşməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndinə əsasən ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda eyni dövrdə işləməsi zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilməlidir. Lakin şahidlərin əmək kitabçalarına nəzər yetirildikdə onların 1979-cu il tarixdən həmin kolxozda işlədikləri müəyyən edilmişdir. Ərizəçi isə 1972-ci il tarixdə həmin kolxoza işə qəbul edildiyini iddia edir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(060)-6137/2021 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayətini qəbul etməyib onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(060)- 6137/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinəəsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, ərizəçi və maraqlı şəxsin nümayəndəsini dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(060)-6137/2021 saylı qətnaməsi dəyişdrilmədən saxlanılmalıdır. Məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə bir yerdə işləmişlər. Ərizəçi fəhlə kimi işə 1972-ci ildə qəbul olunub, sonra əsgərliyə gedib, qayıdandan sonra yenə orda işləyib. Hər ikisi traktorçu işləmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Ərizəçi uşaqlıqdan tanıyır. Bir kənddə böyümüş, sonra da bir yerdə “Qızıl Ordu” kolxozunda işləmişlər. Ərizəçi 1972-ci ildə işə qəbul olmuş, 1974-cü ildə əsgərliyə getmişdir. Əsgərlikdən qayıtdıqdan sonra yenidən bir yerdə işləmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialı tərəfindən Ərizəçi ünvanlanmış 21.06.2021-ci il tarixli, **********7 saylı məktubdan görünür ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1 bəndinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən ərizədə qeyd edilən 1972-ci il tarixdən 1999-cu il tarixədək olan dövrün sosial sığorta stajının hesablanması zamanı nəzərə alınması qaydalara ziddir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Laçın Rayon İcra Hakimiyyəti Laçın Rayon Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş 19.03.2021-ci il tarixli, 06 saylı arxiv arayışından görünür ki, Ağdam rayon X3 "Qızıl Ordu" kolxozunun arayış xarakterli arxiv sənədlərinə əsasən Ərizəçi 1992-1999-cu illər ərzində Laçın rayonunun Alxaslı kəndində yerləşən "Qızıl Ordu" kolxozunda mexanizator işləmişdir. İş materiallarında olan şahidlər X11 və X6 məxsus əmək kitabçalarının surətindən görünür ki, onların hər ikisi 1979-cu il tarixdə "Qızıl Ordu" kolxozunda fəaliyyət göstərmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Ərizəçi 01 aprel 1972-ci il tarixdən 30 noyabr 1974-cü il tarixədək və 22 noyabr 1976-cı il tarixdən 01 may 1992-ci tarixədək olan dövrdə Laçın rayonunun Alxaslı kəndində yerləşən "Qızıl Ordu" kolxozunda kolxozçu vəzifəsində işləməsi faktı məhkəmə araşdırması zamanı həmin müəssisədə işləmiş şahidlərin ifadələri ilə tam təsdiq olunmuşdur. Həmçinin bu fakt iş materiallarına əlavə edilmiş şahidlər X11 və X6 məxsus əmək kitabçaları ilə də öz təsdiqini tapır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Plenum həmçinin əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı olduğunu qeyd etməklə, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməli olduğunu nəzərə çatdırmışdır. Məhkəmə hesab etmişdir ki, Ərizəçi 01 aprel 1972-ci il tarixdən 30 noyabr 1974-cü il tarixədək və 22 noyabr 1976-cı il tarixdən 01 may 1992-ci tarixədək olan dövrdə Laçın rayonunun Alxaslı kəndində yerləşən "Qızıl Ordu" kolxozunda kolxozçu vəzifəsində işləməsi faktı tam təsdiq olunduğundan və əmək fəaliyyəti barəsində sənədləri üzrlü səbəbdən təqdim edə bilmədiyindən, eləcə də ərizəçinin pensiya hüququnun əmələ gəlməsi bu faktın müəyyən edilməsindən asılı olduğundan, faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə kolegiyası hesab edir ki, birinici instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə əsaslıdır. Belə ki, ARƏƏSMN-nin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Həmin Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının 6 nömrəli, 24 sentyabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları»nın 2.5-ci bəndinə görə də əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların o cümlədən qaçqın və məcburi köçkünlərin sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, qeyd edilən qərara görə əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbinə görə məhkəmə qaydasında müəyyən edilməli fakt hər şeydən əvvəl mövcud olmalı və həmin faktın təsdiqi üçün ərizəçi lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasn iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan Sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, ərizə təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, apelyant apelyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də şikayətini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Belə ki, apelyasiya şikayətində maraqlı tərəf birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ərizəçinin işlədiyi müəssisədə 1979-cu ildən, ərizəçinin isə 1972-ci ildən işləməsini qeyd edərək onların ifadələrinə tənqidi yanaşmışdır. Məhkəmə kollegiyası apellyasiya şkayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iş üzrə dindirilmiş şahidlərdən X4 əmək kitabçasının surətindən görünür ki, o, 16 noyabr 1979-cu ildən “Qızıl Ordu” kolxozu yuxarı təşilatın əmri əsasında həmin adda sovxoza çevrildiyinə görə 5 (beş) il əmək stajı ilə sovxoza mühasib təyin edilmişdir. Yəni buradan belə müəyyən olunur ki, şahid təxminən 1974-cü ildən “Qızıl Ordu” kolxozunda işləmişdir ki, ərizəçi də həmin dövrdə orada işlədiyini bildirir. Apellyasiya şikayətində eləcə də qətnamənin ləğv edilərək işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qeyd olunmuşdur ki, bu da qanunvericiliyin tələblərində nəzərdə tutulmamışdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, ərizəçi Laçın rayonundan məcburi köçkündür. Onun isə faktın təsdiqi üçün lazımi sənədləri başqa qaydada ala bilməsi mümkün deyildir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, maraqlı tərəfin apelyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(060)-6137/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-582/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-582/2022
22.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver