Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-585/2021 11.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X3 və X4 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı doğum akt qeydinin bərpa edilməsi tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim E.A.Abdullayev) Ərizəçi onun xx xxxx 1962-ci ildə Ermənistan SSR-nin Krasnoselo rayonunun Çaykənd kəndində doğulması, atasının X2, anasının isə X1 olmasına dair doğum haqqında akt qeydinin bərpa olunması barədə ərizəsinin qəbulundan onun yolverilməzliyinə görə imtina olunması, ərizə və ona əlavə edilmiş sənədlərin ərizəçiyə qaytarılması qərara alınmışdır. İŞİN H A L L A R İ: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (maraqlı şəxs kimi Sumqayıt şəhər Qeydiyyat şöbəsini göstərməklə), onun xx xxxx 1962-ci ildə, Ermənistan SSR-nin Krasnoselo rayonunun Çaykənd kəndində doğulması, atasının X2, anasının isə X1 olmasına dair doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Ərizəçi verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Doğum haqqında akt qeydinin bərpası ona doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, o, doğum faktının müəyyən olunmasını deyil, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmişdir. Onun doğumu xx xxxx 1962-ci il tarixdə qeydə alınıb. Bundan sonra ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Məhkəmə ərizəni geri qaytarmaqla düzgün nəticəyə gəlməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(060)-6223/2020 saylı qərardadını ləğv edərək, iş üzrə sonrakı prosessual hərəkətləri yerinə yetirilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli Qərarı ilə təstiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası»nın 1.4-cü bəndində göstərilmişdir ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlıga götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. «Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli Qərarının 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlıga götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yangın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Qeyd edilənlərdən görünür ki, doğum akt qeydinin bərpası səlahiyyəti qeydiyyat şöbəsi və konsulluq idarəsinin səlahiyyətlərinə aiddir. Lakin, həmin orqanlarda itirilmiş akt qeydlərinin bərpası mümkün olmadıqda şəxs həmin hüquqi faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. Hazırki ərizədə ərizəçi doğum faktının müəyyən edilməsini deyil, doğum akt qeydinin bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1). Odur ki, məhkəmə kollegiyası hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığına görə ərizənin qəbulundan onun yolverilməzliyinə görə imtina olunması və sənədlərin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Ərizəçi şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(060)-6223/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Elman Əhmədov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-585/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-585/2021
11.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver