Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-585/2022 10.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddia tələbinin təmin edilməsi, Cavabdeh Sumqayıt şəhəri, 34-cü məhəllə, 16/15 saylı evin, 36 nömrəli mənzilindən çıxarılması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 34-cü məhəllə, 16/15 saylı evin, 36 nömrəli mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04.02.2016-cı il tarixdən Sumqayıt şəhəri, 34-cü məhəllə, 16/15 saylı evin bir otaqlı, 30.2 kv.metr sahəsi olan 36 saylı mənzilinin xüsusi mülkiyyətçisidir. Həmin mənzil ona anası X1 miras qalmışdır. O və qardaşı X5 Sumqayıt şəhərində böyüyüb boya-başa çatmış və orta məktəbi Sumqayıt şəhərində bitirmişlər. O, ailə qurub hal-hazırda Şimali Osetiya-Alaniya Respublikası, Alaqirskiy rayonu, Mayramadaq kəndi, Dzuseva küçəsi 45 nömrəli evdə yaşayır. Qardaşı Vitaliy isə Vladikafqaz şəhərində yaşayır. Cavabdeh rəsmi nikah qeydiyyatı olmadan onun anası ilə Sumqayıt şəhəri, 34-cü məhəllə, 16/15 saylı evin 36 saylı mənzilində yaşamışdır. 2015-ci ildə anası vəfat etdikdən sonra bu günə kimi həmin mənzildə yaşamaqda davam edir. Anası öləndən sonra bir neçə il mənzili tərk etməsi barədə ona heçnə deməmiş, düşünmüşlər ki, cavabdeh özü könüllü mənzili tərk edəcəkdir. 2019-cu ildə analarının məzarını ziyarət etmək üçün qardaşı ilə Sumqayıt şəhərinə gəlmiş və qardaşı həmin vaxt Cavabdeh mənzili boşaldıb ona təhvil verməsini xahiş etmiş cavabdeh bundan imtina etmişdir. Mənzilin israrla satılmasını və onun payının verilməsini tələb etmiş və özünə yataqxana alacağını bildirmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. O, iddiaçının anası S.E.Qədəşova ilə 1991-ci il tarixdə faktiki nikaha daxil olmaqla ailə qurmuşlar və Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən yaşayış binasının 5-ci mərtəbəsində bir otaqlı mənzildə ər-arvad kimi yaşayıb, birgə təsərrüfat aparmışdır. Bir müddət bu mənzili 8000 manata satıb əlavə 5000 manat da üstünə qoyud 13.000 manata elə həmin məhəllədə 15/16 saylı evin 2-ci mərtəbəsində yerləşən bir otaqlı 36-cı mənzili almışlar. 10 iyul 2015-ci ilədək mərhumə ilə birlikdə bu mənzildə yaşamışlar. 10 iyul 2015-ci il tarixdə qaz sızması nəticəsində mənzildə partlayış baş vermiş, hadisə nəticəsində S.Qədəşova 13 iyul 2015-ci tarixdə Bakı şəhərində dünyasını dəyişmiş, o, iddiaçı və onun azyaşlı uşaqları müxtəlif dərəcəli yanıq xəsarətləri almışlar. Bu hadisə nəticəsində ona maddi ziyan dəymişdir və 5000 manat məbləğində o vəsait xərcləmişdir. Onun bu əzəb-əziyyətinin, qaygısının və çəkdiyi xərclərin müqabilində iddiaçı anasının varisi kimi bu mənzilə yiyənlənmiş və ona qarşı belə bir iddia qaldırmışdır. Məhkəmə bunları nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 2(060)-8382/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdeh Ə.C.Pənaliyev məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdehin iddiaçının mülkiyyətində olduğu mənzildə qanunsuz yaşamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ona görə məhkəmə kollegiyası hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilməsini düzgün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 34-cü məhəllə, 16/15 saylı saylı evin, 36 nömrəli mənzili İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat Birliyi 18 saylı MKS tərəfindən verilmiş 28.09.2021-ci il tarixli, 562 nömrəli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 34-cü məhəllə, 16/15 saylı evin, 36 nömrəli mənzilində qeydiyyatsız yaşayır. Məhkəmə kollegiyası cavabdehin həmin mənzildə uzun müddət yaşamasının məhkəmə tərəfindən nəzərə almaması barədə gətirdyi dəlili qəbul etmir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mənzil hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehin həmin mənzildə yaşaması ilə məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdeh maneçilik törədir. Məhkəmə, hesab edir ki, qeyd edilən halda tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4cü maddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə mənzil üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, 28.11.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyrimümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 10 noyabr 2021-ci il tarixli 2(060)-8382/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-585/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-585/2022
10.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver