Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-592/2022 06.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X7, İddiaçı iştirakı ilə Qusar Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(029)-714/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qusar Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(029)-714/2021 nömrəli qətnaməsi ilə (hakim A.Y.Vəliyev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(029)-714/2021 nömrəli qətnaməsinin qismən ləğv edilərək Cavabdeh1 Qusar şəhəri M.Vəliyev küçəsi ev 14 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar şəhəri M.Vəliyev küçəsi ev 14 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Onun həmin evə dair xüsusi mülkiyyət hüququ 22.10.2013-cü il tarixli, Seriya RX, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Sonradan ona məlum olmuşdur ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 formal olaraq həmin evdə qeydiyyatda qalmışlar. Hər iki cavabdeh onun qohumları olmaqları çoxdan həmin evdə yaşamırlar, hər ikisinin başqa ünvanlarda fərdi yaşayış evləri vardır və hazırda ona məxsus qeyd olunan evdə cavabdehlərə aid heç bir əşya yoxdur. Cavabdehlərin formal olaraq ona məxsus evdə qeydiyyatda qalmaları isə mülkiyyətçi kimi onun hüquqlarını pozur və məhdudlaşdırır, evə dair sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Həmin şəxslərə görə o, həmin evə dair əlavə kommunal və digər xərclər ödəyir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsi 03 noyabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmənin sözügedən qətnaməsində göstərilmişdir ki, iş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Lakin məhkəmə iclasında iclas katibi məruzə edərək bildirmişdir ki, iş üzrə Cavabdeh1lə 077 *** ** ** nömrəli telefonla əlaqə saxlanmış, sonuncu məhkəmə iclasına çağırılmasından xəbərdar olduğunu bildirmiş, lakin rayon ərazisində olmadığına görə gələ bilmədiyini, özünün valideynləri ilə birlikdə ünvan 2 ünvanda yaşadığını, mübahisəli ünvan 3 ünvanda yerləşən və İddiaçı məxsus fərdi yaşayış evində yaşamadığını və həmin yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə etiraz etmədiyini bildirmişdir. Lakin məhkəmənin sözügedən qətnaməsində bu barədə heç nə göstərilməmiş, digər Cavabdeh2 nümayəndəsi X2 verdiyi izahatında Cavabdeh1 mübahisəli evdə qeydiyyatda olmasını və onun da həmin evdən çıxarılmasına razı olmadığını qətnamədə qeyd etmiş, lakin Cavabdeh1 mübahisəli ünvanda yaşamamasını və valideynləri ilə birlikdə başqa ünvanda yaşamasını göstərməsini qeyd etməmişdir. Halbuki, X4 yalnız iş üzrə Cavabdeh2 nümayəndəsi kimi çıxış etmiş və digər Cavabdeh1lə əlaqədar fikrini ifadə etmək və onun yerinə məhkəmədə izahat vermək səlahiyyətində olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək Cavabdeh1 Qusar şəhəri M.Vəliyev küçəsi ev 14 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh2 nümayəndəsi X4 apellyasiya şikayətinin qanuni həll olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh1 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti verib, Cavabdeh1 Qusar şəhəri M.Vəliyev küçəsi ev 14 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsində mübahisələndirmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız Cavabdeh1 aid hissədə araşdırılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən Cavabdeh1 aid hissədə ləğv edilərək iddianın həmin hissədə təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan 22 oktyabr 2013-cü il tarixli, Seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar şəhəri M.Vəliyev küçəsi ev 14 ünvanda yerləşən fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Qusar rayon Polis Şöbəsi tərəfindən verilmiş 29.09.2021-ci il tarixli, 149- 22095-1221 nömrəli məktubun surətindən görünür ki, xx.xx.1992-ci ildə Qusar şəhərində anadan olmuş Cavabdeh1 27.06.2012-ci il tarixdə ona məxsus XVİİJQ 288166 nömrəli, 04.08.1992-ci ildə Qusar VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamə əsasında ünvan 4 ünvana qeydiyyata alınaraq AZE 09131869 nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmişdir. 27.06.2012-ci ildə Cavabdeh1 M.Vəliyev küçəsi ev 14 ünvanına qeydiyyata alınmasına əsas olmuş sənədlər qanunvericiliyə müvafiq olaraq aktlaşdırma yolu ilə məhv edilmişdir. xx.xx.2000-ci ildə anadan olmuş Cavabdeh2 06.07.2015-ci il tarixdə Səyyar-Asan 6 tərəfindən sənədləşdirilərək Qusar şəhəri M.Vəliyev küçəsi ev 14 ünvanına qeydiyyata alınmaqla AZE 12948028 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən vəkil Nümayəndə ünvanlanmış 01.10.2021-ci il tarixli, 018-15362-1221 nömrəli məktubdan görünür ki, Cavabdeh1 və X9 Qusar şəhəri M.Vəliyev küçəsi ev 14 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün olmamışdır. İşdə olan “elektron notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan 27.07.2021-ci il tarixli Çıxarışdan və Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 18 mart 2021-ci il tarixli, 703 nömrəli arayışdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh2 Qusar şəhəri M.Vəliyev küçəsi ev 14 ünvanda qeydiyyatdadırlar. Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 18 mart 2021-ci il tarixli, 711 nömrəli arayışdan görünür ki, Cavabdeh1 Qusar şəhəri, M.Vəliyev küçəsi 14 saylı evdə qeydiyyatda olmaqla Qusar şəhəri Şarvili küçəsi 93 saylı evdə yaşayır. İddiaçı tərəfindən təqdim olunmuş Qusar Rayon Məhkəməsinin 11 yanvar 2010-cu il tarixli, 2(029)-41/2010 nömrəli qətnaməsi ilə müəyyən olur ki, iddiaçı X5 cavabdeh X6 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma tələbinə dair iddiası təmin edilib, X5 Qusar şəhəri, M.Vəliyev küçəsindəki 14 nömrəli evdən istifadə hüququ itirilmiş hesab edilmiş və X3 Qusar şəhəri, M.Vəliyev küçəsindəki 14 nömrəli evdən qeydiyyatdan çıxarılmasının Qusar rayon Polis şöbəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilir ki, məhkəmə iclasında iştirak etmiş cavabdeh X10 (hazırki iş üzrə Cavabdeh1 atası) izahatında göstərmişdir ki, Qusar şəhəri, M.Vəliyev küçəsindəki 14 nömrəli ev mülkiyyət hüququ əsasında atası X8 məxsusdur. O, ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Lakin darısqallıq olduğuna görə o, 1998-ci ildə bu evdən çıxaraq ailəsi ilə birlikdə kirayədə yaşamağa başlamışdır. Sonradan Qusar bələdiyyəsinin qərarı ilə yaşayış evinin tikintisi üçün 0,04 ha torpaq sahəsi alaraq orada ev tikmişdir. Ev istifadə üçün yararlıdır və 5 ildən çoxdur ki, ailəsi ilə birlidə daimi olaraq orada yaşayır. Lakin ev mülkiyyət hüququ əsasında onun adına dövlət qeydiyyatına alınmamışdır. Qeyd olunan qətnamədən görünür ki, Cavabdeh1 Qusar şəhəri, M.Vəliyev küçəsindəki 14 nömrəli evi 1998-ci ildə valideynləri ilə birlikdə tərk edən zaman onun 4 yaşı olmuşdur. İşin faktiki halı ondan ibarətdir ki, Cavabdeh1 1998-ci ildə sözügedən yaşayış evində pasport qeydiyyatında olmasına baxmayaraq həmin yaşayış sahəsindən sahiblik və istifadə etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (MM-nin 152-ci maddəsi). Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (MM-nin 178.1-ci maddəsi). “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (Mənzil Məcəlləsi 30.1, 30.2). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi. Beləliklə, məhkəmə kollegiyası tədqiq olunmuş sübutları müqayisəli surətdə araşdıraraq hesab edir ki, İddiaçı mübahisəli yaşayış evinin mülkiyyətçisi olmaqla Cavabdeh1 onun ailə üzvü deyildir. Cavabdehin yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Onun mübahisəli ev üzərində dövlət tərəfindən tanınan və qorunan heç bir hüquqları və yaşayış sahəsindən istifadə etmək səlahiyyəti olmadığından iddiaçının mülkiyyətində olan yaşayış evinə istifadə hüququna da xitam verilməlidir. Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1 və 217.4-cü maddələrinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır və məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.1.1-385.1.3-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh1 aid hissəsində işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da MPM-nin 384.0.2ci maddəsinə görə məhkəmə qətnaməsinin Cavabdeh1 aid hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən- Cavabdeh1 aid hissədə ləğv olunaraq Cavabdeh1 Qusar şəhəri M.Vəliyev küçəsi ev 14 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(029)-714/2021 nömrəli qətnaməsi qismən - Cavabdeh1 aid hissədə ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1 Qusar şəhəri M.Vəliyev küçəsi ev 14 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə - «İddiaçı Cavabdeh2 qarşı Qusar şəhəri M.Vəliyev küçəsi ev 14 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin» hissəsində mübahisələndirilməmişdir. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-592/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-592/2022
06.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver