Məhkəmə qərarları › İş №2(105)-592/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-592/2023

11.04.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-592/2023 11.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə (Açar sözlər: şəxsin ölmüş elan edilməsinə dair) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi, Ərizəçi nümayəndə və vəkili Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(060)-5802/2022 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1976-cı ildə Naxçıvan şəhərində anadan olmuş Maraqlı şəxs2 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs2 ilə xx.xx.2004-cü il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2006cı il təvəllüdlü Şəms, xx.xx.2007-ci il təvəllüdlü Ömər və xx.xx.2008-ci il təvəllüdlü Osman adlı 3 övladları olmuşdur. Sonradan əri evdə Türkiyə Respublikasına getdiyini bildirərək, özünə aid şəxsi əşyaları götürüb xx.xx.2016-ci il tarixdə çıxıb getmişdir. O, bununla bağlı Maraqlı şəxs1nə ərininitkin elan edilməsi üçün müraciət etsə də bundan imtina edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmiş, şəxs xəbərsiz itkin düşmüş elan edilmişdir. Onun bu tələblə məhkəməyə müraciət etməsində məqsədi uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün müavinət almaqdır. Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(060)-5802/2022 nömrəli qətnaməsi ilə ərizə təmin edilməmişdir (hakim Əfqan Ələkbərov). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizəçinin əri Maraqlı şəxs2 xx.xx.2016-cı il tarixdə ölkə sərhəddindən keçərək Gürcüstan Respublikasına getmiş və bundan sonra geri qayıtmamışdır. O, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xəbərsiz itkin düşmüş hesab edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs2 barəsində xx.xx.2020-ci il tarixdə axtarış işi açılmış, axtarışda olan Maraqlı şəxs2 yerinin müəyyən olunması istiqamətində tədbirləri davam etdirilir. Maraqlı şəxs2 ölmüş elan edilməsi üçün iş materiallarında həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələrin tükənməsi, eləcə də ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi barədə məlumatlar yoxdur. Göründüyü kimi, Maraqlı şəxs2 ölmüş elan edilməsi üçün məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 41.1, 41.2, MPM-nin 305.1.2, 313, 315.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Ərizəçi apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(060)-5802/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə AR MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88, AR Ailə Məcəlləsini 58, 59, 60, 61, 63-cü maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. Məhkəmə işi düzgün araşdırmamış, işin hallarını düzgün qiymətləndirməmişdir. Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnaməni qanunsuz və əsassız hesab edir. Maraqlı şəxs2 ilə xx.xx.2004-cü il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X4 adlı övladı olmuşdur. Sonradan əri evdə Türkiyə Respublikasına getdiyini bildirərək, özünə aid şəxsi əşyalarını götürərək xx.xx.2016-cı il tarixdə çıxıb getmişdir. Bununla bağlı Maraqlı şəxs1nə qarşı “itkin elan etmə faktının müəyyən edilməsi”, tələbinə dair iddia ərizəsi il Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7125/2021 saylı xx.xx.2021 tarixli qətnaməsi ilə (hakim G.C. Tanrıverdiyeva) ərizə təmin edilmiş, xx.xx.1976-cı il tarixdə Naxçıvan şəhərində anadan olmuş Maraqlı şəxs2 xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir. Ərinin itkin düşmüş hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən ərizədə də bunu ətraflı şəkildə əsaslandırmışdır. Bütün bunlar məhkəmə gedişatı zamanı dərindən araşdırılmışdır. Belə ki, himayəsində olan azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün dövlət tərəfindən ailə başçısını itirilməsinə görə müavinət almaq fikrindədir. Lakin həmin müavinəti düzəltmək üçün cavabdehin ölüm şəhadətnaməsinin olması şərtdir. Qanunvericilikdə də qeyd olunmuşdur ki, şəxsin xəbərsiz itkin düşmüş hesab edildiyindən altı ay ərzində xəbər çıxmazsa, o. məhkəmə qaydasında ölmüş elan edilə bilər. Uşaqları böyüyür, gələcəkdə də uşaqlarının bəzi sənədləşmə işlərində də bu sənədə ehtiyac duyulacaq.Əlavə olaraq qeyd edir ki, özü heç bir yerdə işləmir. Bu müavinətə çox ehtiyacı var. Hesab edir ki, hakim işə ədalətli yanaşsa şikayəti təmin oluna bilər. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında ərizəçi i Ərizəçi nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ölmüş elan olunmasını istənilən şəxs ərizəçinin əridir. 2016-cı ildə Azərbaycan Respublikasından Gürcüstan Respublikasına gedib. Bu barədə sorğular var. Ordan Türkiyə Respublikasına, daha sonra isə Suriyaya gedib. Hansısa təriqətlərə üzv olub. Hətta ərizəçini də məcbur edib aparmaq istəyib. Amma ərizəçi onunla getməyib. Bunu məhkəmədə qeyd etsə də nəzərə alınmayıb. Şəxsin ölmüş elan olunmasını istənilməsində məqsəd ərizəçinin tək ana kimi tanınması və müavinət almasına nail olmaqdır. Çünki əri yanında deyil, uşaqlara baxan yoxdur. Boşanma yoxdur və ərinin yeri məlum deyil ki, aliment məsələsi qoyulsun. Aidiyyatı qurumlarla əlaqə saxlanılıb. Bildrilib ki, müavinət almaq üçün atanın itkin düşmüş hesab olunması kifayətdir. Bu barədə məhkəmə qətnaməsi var. Lakin sonradan Dövlət Sosial Müdafiə Fondundan bildirdilər ki, müavinət alınması üçün şəxsin ya bioloji ölüm faktı baş verməli, ya da bu məhkəmə qaydasında hüquqi fakt kimi təsdiq olunmalıdır. Ərizəçi üç övladı ilə çox acınacaqlı vəziyyətdə yaşayır. Ərindən ərizəçiyə heç bir əmlak qalmayıb. Tək məqsəd ərizəçinin müavinət almasına nail olmaqdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2022ci il tarixli, 2(060)-5802/2022 saylı qətnaməsinin ləğv edilməsini və əizənin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1 maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2-ci maddəsinə görə hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(060)-5802/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7125/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.1976-cı ildə Naxçıvan şəhərində anadan olmuş Maraqlı şəxs2 xəbərsiz itkin düşmüş hesab edilmişdir. Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi əri Maraqlı şəxs2 ölümünün qeydiyyata alınması barədə ərizəsinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. AZ-İ 132153 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs2 ilə X1 xx.xx.2004-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və bu nikah 1512 saylı akt qeydilə rəsmiləşdirilmiş, arvada Seyidova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X4 adlı üç yetkinlik yaşına çatmayan uşaqları var. Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Sumqayıt şəhər Pİ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1976-cı il tarixdə Naxçıvan MR-da anadan olmuş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 61, mənzil 47-də qeydiyyatda olan Maraqlı şəxs2 barəsində xx.xx.2020-ci il tarixdə qohumları ilə əlaqəsini itirmiş şəxs kimi 731321 nömrəli axtarış işi açılmışdır və hal-hazırda 5-ci PB-nin icraatındadır. Həmçinin, araşdırma zamanı müəyyən olunmuşdur ki, Maraqlı şəxs2 xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk edərək Gürcüstan Respublikasına getmişdir. Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli, 33/4336 nömrəli məktubundan görünür ki, dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında Maraqlı şəxs2 sonuncu dəfə xx.xx.2016-cı il tarixdə Gürcüstan istiqamətinə çıxışı qeydə alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ərizəçinin əri Maraqlı şəxs2 xx.xx.2016-cı il tarixdə ölkə sərhəddindən keçərək Gürcüstan Respublikasına getmiş və bundan sonra geri qayıtmamışdır. O, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xəbərsiz itkin düşmüş hesab edilmişdir. Maraqlı şəxs2 ölmüş elan edilməsi üçün iş materiallarında həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələrin tükənməsi, eləcə də ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi barədə məlumatlar yoxdur. Maraqlı şəxs2 ölmüş elan edilməsi üçün məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, qanunvericiliyin tələbinə görə fiziki şəxs üç halda məhkəmə tərəfindən ölmüş elan edilə bilər. Əvvəla, şəxsin ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğu güman edilən bir şəraitdə xəbərsiz itkin düşməsidir. Bu halda həmin şəxsin haqqında cəmi altı ay ərzində xəbər çıxmaması onun ölmüş elan edilməsinə əsas verir. Bu halda şəxsin haqqında müəyyən müddət ərzində məlumat olmaması ilə yanaşı onun həlak olması üçün real ölüm təhlükəsi yaradan şəraitin də mövcudluğu tələb olunur. Şəxsin ölmüş elan edilməsinin qanunvericiliyin normasına əsasən digər əsası hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş şəxsin haqqında hərbi əməliyyatlar qurtardığı gündən azı iki il keçdikdən sonra məlumat alınmamasıdır. Bu halda da, şəxsin həlak olduğunu güman etməyə əsas vardır. Şəxsin ölmüş elan edilməsinin digər əsası isə şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, məhkəmə onu ölmüş elan edə bilər. Bu halda, şəxsin ölümünü güman etməyə başqa əsaslar tələb olunmur, ancaq beş il ərzində onun barəsində məlumat olmaması onun ölmüş elan edilməsi üçün kifayətdir. Lakin, bu o demək deyil ki, şəxsin sağ olub-olmaması şübhəli olduqda o, ölmüş elan edilə bilər. Qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra edilə bilər. Hazırki işdən görünür ki, Maraqlı şəxs2 ölmüş elan edilməsi üçün iş materiallarında həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələrin tükənməsi, eləcə də ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi barədə hər hansı sübut- məlumat işə əlavə edilməmişdir. Bununla da müəyyən edilir ki, Maraqlı şəxs2 ölmüş elan edilməsi üçün ərizəçi tərəfindən mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa iş materiallarından görünür ki, Maraqlı şəxs2i xx.xx.2016-cı ildə ölkə sərhəddindən keçərək gürcüstan Respubliksaına, oradan da Türkiyə Respublikasına, sonradan isə Suriya Ərəb Respublikasına getmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də ilkin olaraq ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli idi. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X8 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68) Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X8 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi öz tələbini sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməklə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(060)-5802/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(060)-5802/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın Ərizəçi apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar