Məhkəmə qərarları › İş №2(105)-596/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-596/2022

27.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-596/2022 27.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Sumqayıt şəhər 3 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı müqavilənin bağlanmamış hesab edilməsi, etibarnamənin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və pul tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(060)-3044/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30.10.2009-cu il tarixli AN-1 № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş Sumqayıt şəhəri,1-ci mikrorayon, 7/10 saylı evin 42 saylı mənzilinə dair çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 30000 manatın tutularaq İddiaçı verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Sumqayıt şəhər 3 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsinə qarşı müqavilənin bağlanmamış hesab edilməsi, etibarnamənin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışa əsasən Sumqayıt şəhəri,1-ci mikrorayon, ev 7/10, mənzil 42 iddiaçının mülkiyyətində olmuşdur. ƏMDK yanında DƏDRX tərəfindən Cavabdeh2 adına verilmiş ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllədə yerləşən 0,0774 ha torpaq sahəsi və üzərindəki 2 mərtəbəli, yaşayış sahəsi 206,64 m2, yardımçı sahəsi 107,43 m2 olan fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətinə verilmişdir. İddiaçı cavabdehlərdən Cavabdeh2 əri Cavabdeh1 ilə razılığa gəlmişdir ki, onun tərəfindən 30000 manat verməklə evlərini dəyşdirsinlər. İddiaçı kürəkəni X1 bu işləri görmək üçün etibarnamə və cavabdehlərə vermək üçün 30000 manat vermişdir. X2 da, iddiaçının ona verdiyi etibarnamə üzrə səlahiyyətləri və 30000 manatı Cavabdeh2 və Cavabdeh1 vermişdir. Onlar faktiki olaraq evləri dəyişdirmişlər. Cavabdehlər öz evlərini sənədləri ilə birlikdə ididaçıya, ididaçı da evini sənədləri ilə birlikdə onlara vermişdir. İddiaçı ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşadığı üçün evi öz adına vaxtında sənədləşdirə bilməmişdir. Cavabdeh2 isə ona verilmiş etibarnamə əsasında evi 30.10.2009-cu il tarixdə digər cavabdeh olan əri Cavabdeh1 satmışdır. Bu alqı-satqı Sumqayıt şəhəri 3 saylı notariat kontorunda baş tutmuşdur və müqavilə notarius tərəfindən təsdiq olunmuşdur. İddiaçının təxminən 2-3 ay olar ki, bu müqavilənin bağlanmasından məlumatı olmuşdur. Belə ki, iddiaçı Cavabdeh1 ilə telefon vasitəsilə danışıqlar aparanda ona məlumat vermişdir. Belə olan təqdirdə iddiaçı onun Saray qəsəbəsində iddiaçıya verdiyi ev və torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsinə köməklik etməsini xahiş edəndə o iddiaçıya bildirmişdir ki, iddiaçı ona əlavə pul verməlidir. İddiaçı ona bildirmişdir ki, onların danışığında 30000 manatdan artıq pul olmayıb. O, isə guya belə danışıq olub və bu səbəbdən də o, iddiaçıya verdikləri etibarnaməni ləğv etdirdiklərini bildirmişdir. Belə olan halda iddiaçı da, bildirmişdir ki, o da etibarnaməni ləğv etdirəcəkdir, həmin vaxtı o iddiaçıya iddiaçının ona verdiyi etibarnamənin artıq əhəmiyyəti olmadığını bildirmiş, çünki onlar artıq mənzili mülkiyyətlərinə keçirmişlər. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, iddianın digər hissə də təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansya məhkəməsinin qətnaməsi maddi və prossesual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında barışıq əldə edildiyindən, ərizələri təmin edilməli, barışıq sazişi təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Apelyasiya icraatı zamanı tərəflər, hazırkı iş üzrə iddia tələbini 70.000(yetmiş min) manat məbləğində dəyərləndirdiklərini, cavabdeh tərəf həmin 70.000(yetmiş min) manatı 35.000 (otuz beş min) manat- barışıq sazişi imlazalanarkən, 35.000(otuz beş min) manat- 30.09.2022-ci il tarixədək iddiaçıya ödəməsi, iddiaçı bir daha bu tələblə məhkəməyə müraciət etməyəcəyi barədə öhdəlik götürməsi barədə barışıq sazişinin təstiq edilməsi və bununla əlaqədar olaraq iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılması barədə razılığa gəldiklərini bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 370.1. maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Mülki Prosessual Məcəllənin 370.2. maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Mülki Prosessual Məcəllənin 191.2. maddəsinə əsəsən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, barışıq sazişi İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh1 tərəfindən şəxsən imzalandığından, bununla da qeyd edilən barışıq sazişi iddiaçı və cavabdehlərin iradə ifadəsi ilə verildiyindən təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5. maddəsinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilə bilər. Azərbaycan Respublikası MPM-nin 262.4. maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağlamış olduqları barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(060)-3044/2021 saylı qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 370.1., 384.0.5,402.2.4 və 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh1 tərəfindən verilmiş barışıq sazişi qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(060)-3044/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Sumqayıt şəhər 3 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsinə qarşı müqavilənin bağlanmamış hesab edilməsi, etibarnamənin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və pul tələbinə dair mülki iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 arasında bağlanmış 27 aprel 2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Tərəflər hazırkı iş üzrə iddia tələbini 70.000 (yetmiş min) manat məbləğində dəyərləndirirlər.

2. Cavabdeh tərəf həmin 70.000 (yetmiş min) manatı aşağıdakı qaydada iddiaçıya ödəyir: 2.1. 35.000 (otuz beş min) manat - barışıq sazişi imzalanarkən. 2.2. 35.000 (otuz beş min) manat – 30.09.2022-ci il tarixədək.

3. İddiaçı bir daha bu tələblə məhkəməyə müraciət etməyəcəyi barədə öhdəlik götürür.

4. Barışıq sazişinin məzmunu və şərti tərəflərə aydındır.

5. AR MPM-nin 261 və 262-ci maddələrinin məzmunları, mənası və nəticələri tərəflərə izah edilmişdir, məzmun, tələb və nəticələr aydındır və tərəflər bu şərtləri və baş verəcək nəticələri qəbul etmişlər. Barışıq sazişinin şərtlərinə əməl edilməyəcəyi təqdirdə, bu şərtlərin təsdiq edilməsi ilə qəbul edilmiş məhkəmə qərardadı icra sənədi kimi icraya yönəldiləcəyi tərəflərə izah edilmişdir. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Sumqayıt şəhər 3 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsinə qarşı müqavilənin bağlanmamış hesab edilməsi, etibarnamənin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar