Məhkəmə qərarları › İş №2(106)-326/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-326/2023

12.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-326/2023 12.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 Namazalı oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Beyləqan rayon 1 saylı Notariat Ofisi və Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125.5 kv.m olan bir mərtəbəli, dörd otaqlı, 100.kv.m yaşayış, 24.7 kv.m köməkçi sahədən, 13.3 kv.m açıq eyvandan ibarət 103 nömrəli fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin alqı-satqısına dair 11 fevral 2021-ci il tarixli daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsızlığı (yalan əqd) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X18, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X11 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 nümayəndəsi İddiaçı1 Namazalı oğlunun, onun vəkili Quliyev Vəkil Yelmar oğlunun, iddiaçılar İddiaçı3, İddiaçı5 və İddiaçı6, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 Namazalı oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Beyləqan rayon 1 saylı Notariat Ofisi və Cavabdeh2 qarşı “ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125.5 kv.m olan bir mərtəbəli, dörd otaqlı, 100.kv.m yaşayış, 24.7 kv.m köməkçi sahədən, 13.3 kv.m açıq eyvandan ibarət 103 nömrəli fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin alqı-satqısına dair 11 fevral 2021-ci il tarixli daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-1110/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsindən (hakim R.Nurullayev) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1 Namazalı oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 0.1310 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125.5 kv.m olan bir mərtəbəli dörd otaqlı, 100.kv.m yaşayış, 24.7 kv.m köməkçi sahədən, 13.3 kv.m açıq eyvandan ibarət 103 nömrəli fərdi yaşayış evinin alqı-satqısına dair 11 fevral 2021-ci il tarixli daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılardan X8 Namazəliyevin və Beyləqan rayonu Əlinəzərli kənd sakini X1 Qazax şəhəri, Səməd Vurğun küçəsi ev-144-də pasport qeydiyyatında olan cavabdeh- Cavabdeh2 birlikdə işlədikləri vaxtı ümumilikdə 39.000 manat borcları olmuşdur. Həmin borclar da qızılın alqı-satqısı zamanı yaranmışdır. Oğluna görə bu işə qarışmış və özünə məxsus olan “Vita” markalı **-RF-*** dövlət nömrə nişanlı avtomaşını cavabdeh- Cavabdeh2 göstərişi və tapşırığı əsasında onun dostu və tanışı, 39.000 manat olan borcun 13.000 manatının aid olduğu X3 Füzuli rayon dövlət Notariat kontoru vasitəsi ilə bir illik etibarnamə əsasında vermişdir. Həmin avtomaşının qiyməti aralarındakı razılaşmadan sonra 26.000 manata qiymətləndirilmişdir. Hətta həmin danışıqlar zamanı avtomaşını qaytarıb özünə verəcəkləri, onların da hər ay 1500 manat pul verəcəkləri barədə qərarlaşdırmışlar. Bundan başqa aralarında olan razılığa əsasən evin satılması üçün sənədləşmə vaxtı banka köçürülən 26.000 manat pulu cavabdeh- Cavabdeh2 köçürmüşdür. Həmin məbləğdə olan pul bankdan çıxardılaraq bütövlükdə də cavabdeh X12 qaytarılıb verilmişdir. Bundan başqa evin sənədləşdirilməsi zamanı da 3000-4000 manat pul xərclənmişdir. Həmin xərc də onlar tərəfindən çəkilmişdir. Bundan sonra o, qohumu Təşkilat və digər adamlarla Qazax rayonuna getmiş və cavabdehin ata evini tapmışlar. Həmin vaxtı onlara məlum olmuşdur ki, Cavabdeh2 avtomaşını müxtəlif adamların adına etibarnamə əsasında keçirərək, öz adına sənədləşdırmiş və satmışdır. Cavabdeh2 fərdi yaşayış evini onun adına keçirilməsindən sonra aralarında olan razılığa əsasən ev satılmalı və cavabdehə olan borcları 26.000 manat pul ödənilməli idi. “Vita” markalı **-RF-*** dövlət nömrə nişanlı avtomaşını Cavabdeh2 tərəfindən satıldıqdan sonra onların İlkinə borcu qalmamışdır. Evin sənədləşdirilməsi avtomaşının satılmasından əvvəl həyata keçirilmişdir. Evin sənədləşdirilməsi zamanı 26.000 manat pul cavabdeh tərəfindən həyata keçirilmiş və pul bankdan çıxarılaraq cavabdehin özünə qaytarılmışdır. Cavabdeh onlara pul verməmişdir. İddiaçı kimi adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət reyestri Xidməti 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən reyestr nömrəsi **********07-10301 olan Texniki pasport 01 fevral 2021-ci il tarixində tərtib edilmişdir. ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125.5 kv.m olan bir mərtəbəli dörd otaqlı, 100.kv.m yaşayış, 24.7 kv.m köməkçi sahədən, 13.3 kv.m açıq eyvandan ibarət 103 nömrəli fərdi yaşayış evinin cavabdeh- Cavabdeh2 adına olan daşınmaz əmlakın alqısatqısıına dair 11 fevral 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi formal xarakter daşımışdır. Aralarında olan borc pulun təminatı kimi cavabdehin adına sənədləşdirilmişdir. Bu mənzildə bir ildən artıq olan müddətdə ailəlikcə yaşamaqlarına imkan verilməsi, müqavilənin predmeti olan fərdi yaşayış evinin real dəyəri müqavilədən göstəriləndən xeyli yüksək olması, yəni evin hazırkı bazar qiyməti 80.000 manat olması mübahisəli müqavilənin alqı-satqı məqsədi ilə bağlanılmadığını göstərən hallardır. Yaşayış evinin alqı-satqı müqaviləsi alqı-satqı niyyəti olmadan bağlanılmış əhəmiyyətsiz əqddir. Odur ki, ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 0.1310 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125.5 kv.m olan bir mərtəbəli dörd otaqlı, 100.kv.m yaşayış, 24.7 kv.m köməkçi sahədən, 13.3 kv.m açıq eyvandan ibarət 103 nömrəli fərdi yaşayış evinin alqısatqısına dair 11 fevral 2021-ci il tarixli daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddialarını müdafiə edərək, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsində Cavabdeh2 vəkalətli nümayəndəsi və vəkili Vəkil məhkəməyə etiraz ərizəsi göndərərək ərizəsində göstərmişdir ki, nümayəndəsi olduğu Cavabdeh2 cavabdehlər İddiaçı2, İddiaçı3, İddiaçı1 Namazalı oğlu, İddiaçı4, İddiaçı5 və İddiaçı6 qarşı mənzilindən çıxarılma və mənzildən əşyalarının boşaldılması barədə iddiası Beyləqan rayon məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(020)64/2022 saylı qətnaməsi ilə təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, hazırda tam olaraq icra olunmuşdur. Cavabdehlər mənzildən əşyaları ilə birlikdə çıxarılmışlar. İddiaçının iddiası tam əsassızdır, iddia müddəti bitmişdir. İddia əsassız olduğundan və iddia müddəti bitdiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin cavabdehin vəkalətli nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclasında iştirak etmiş, iddia əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdehlər cavabdeh Beyləqan rayon 1 saylı Notariat Ofisi və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1110/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçılar birgə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanılmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanılmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər arasında başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır. İş materiallarından göründüyü kimi, onlar cavabdehlərin İddiaçı1 Namazalı oğlunun, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 11 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış yaşayış evindən çıxarılmaları Beyləqan Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(020)-1110/2022 saylı qətnaməsinə əsasən həyata keçirilmişdir. 11 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia isə onlar tərəfindən 2022-ci ilin iyun ayında qaldırılmış və Beyləqan Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən təmin olunmamışdır. İş materiallarından göründüyü kimi, qətnamənin qəbul edildiyi vaxtı iddia ərizəsində qeyd olunmuş halların heç birinə əhəmiyyət verilməmiş, iş üzrə tam və obyektiv araşdırılma aparılmadan qətnamə qəbul edilmişdir. Onlar cavabdehlərin- İddiaçı2, X4inin, X5, İddiaçı4, X6 və İddiaçı6 Namazali oğlunun 11 fevral 2021-ci il tarixli Daşınmnaz Əmlakın Alqı-satqı müqaviləsinin bağlanılması zamanı yaşayış evindən çıxarılmaları barədə hər hansı bir öhdəlik götürməmələri, Beyləqan rayonu Əlinəzərli kənd sakini X3 Füzuli rayon dövlət Notariat kontoru vasitəsi ilə 1-illik etibarnamənin hansı səbəbdən verilməsi, mülkiyyətində olan “Vita“ markalı **-RF-*** dövlət nömrə nişanlı avtomaşını hansı səbəbdən cavabdeh- Cavabdeh2 tərəfindən əldə olunması və öz adından satılması, bu səbəbdən də onlar cavabdehlərin qohumları olan Təşkilatla Qazax rayonuna cavabdeh-Cavabdeh2 ata evində olmaları, onun atası, anası və yeznəsi ilə görüşmələri kimi, yaşayış evilərinin və 0.06 ha həyatyanı torpaq sahəsinin satılmasından sonra yaşayış evindən çıxmamaları, yaşayış evindən məhkəmə qaydasında çıxmaları barədə qətnamənin qəbul edilməsi, həmin qətnamədən apellyasiya şikayətinin verilməsi və həmin vaxt müddətində də alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi kimi hallar iddia ərizəsində qeyd olunmasına baxmayaraq bu hallar məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv olaraq məhkəmə tərəfindən araşdırılmamışdır. Beyləqan Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(020)-1110/2022 saylı qətnaməsinin qəbul edildiyi vaxtı onlar cavabdehlərin yaşayış evindən məhkəmə qaydasında çıxarılmaları və həmin iş üzrə qəbul olunmuş Beyləqan Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qətnaməsində borca görə “Vita“ markalı **-RF-*** dövlət nömrə nişanlı avtomaşını cavabdeh- Cavabdeh2 razılığı ilə dostu və tanışı (qızıl alveri edirlər.) Beyləqan rayonu Əlinəzərli kənd sakini X2 Füzuli rayon Dövlət Notariat Kontoru vasitəsilə 1 illik etibarnamə əsasında verilməsi və öz yaşayış evlərini də həmin borca görə xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh2 adına sənədləşdirmələri kimi hallar nəzərə alınmamışdır. Beyləqan Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(020)-1110/2022 saylı qətnaməsinin qəbul edildiyi vaxtı bazar qiyməti 80000 manat olan yaşayış evlərinin şərtlə sənədləşdirilməsi halına məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməmişdir. Beyləqan Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(020)-1110/2022 saylı qətnaməsinin qəbul edildiyi vaxtı 11 fevral 2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair iddia ümumiyyətlə araşdırılmamışdır. Beyləqan Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(020)-1110/2022 saylı qətnaməsinin qəbul edildiyi vaxtı alqı-satqı müqaviləsinin başqa əqdi, o cümlədən 26000 manat borcun qaytarılmasının qarantı olaraq “Vita” markalı, **-RF-*** dövlət nömrə nişanlı avtomaşının və yaşayış evlərinin Qazax şəhəri, Səməd Vurğun küçəsiev 144-də passport qeydiyyatında olan Cavabdeh2 adına alqı-satqı yolu ilə sənədləşdirilməsinə heç bir hüquqi qiymət verilməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iştirak edən iddiaçı və iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 nümayəndəsi İddiaçı1 Namazalı oğlu birgə apellyasiya şikayətində qeyd olunan xüsusatları təsdiq etdi və apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin göstərmişdir ki, oğlu Hümmətlə Cavabdeh2 arasında qızıl alqı-satqısından yaranan borc mövcud olmuşdur. Həmin borc məbləği 39000 manat olmuşdur. İlkinlə dəfələrlə həmin borcun ödənilməsində müəyyən razılığa gəlməyə razılaşmışlar. Lakin hər hansı yekun nəticəyə gələ bilməmişlər. Sonradan İlkinlə belə razılığa gəlmişlər ki, həmin borcun 13000 manatının qarşılığında özünə məxsus “Vita” markalı avtomaşını etibarnamə əsasında İlkinə verir. Yerdə qalan 26000 manat qarşılığında isə mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125.5 kv.m olan bir mərtəbəli dörd otaqlı, 100.kv.m yaşayış, 24.7 kv.m köməkçi sahədən, 13.3 kv.m açıq eyvandan ibarət 103 nömrəli fərdi yaşayış evini borcun təminatı kimi Cavabdeh2 adına alqı-satqı etdirərək onun adına keçirirlər. Belə də etmişlər, yəni mübahisəli fərdi yaşayış evini notarial qaydada Cavabdeh2 adına alqı-satqı etdirmişlər və ev cavabdehin adına keçmişdir. Hətta evin alqı-satqısı üçün notariusun depozitinə keçirilməli olan pul vəsaitini də İlkin özü keçirmiş və həmin pul məbləği depozitdən çıxarılaraq İlkinin özünə qaytarılmışdır. Bildirmişdir ki, həmin alqı-satqı müqaviləsi formal olaraq İlkinin təkidi ilə oğlu Hümbətin İlkinə olan borcunun təminatı kimi bağlanmışdır. Onlar İlkinə inanmış və böyük etimad göstərmişlər. Lakin sonradan İlkin məhkəmədə onlara qarşı evdən çıxarılma tələbinə dair iddia qaldıraraq onları evdən çıxarılması barədə qətnamə qəbul etdirmişdir. Hazırda onlar fərdi yaşayış evindən çıxarılsalar da həmin evin həyətindən çıxarılmamışlar. Onlar hazırda mübahisəli evin həyətində inşa edilmiş yardımçı tikililərdə yaşayırlar. Göstərmişdir ki, evi satarkən müqavilədə evi təhvil vermələri və ya evdən çıxmaları barədə öhdəlik götürməmişlər. Əgər onlar vəziyyətin bu istiqamətdə inkişafını öncədən ehtimal etsəydilər heç vaxt evlə bağlı alqı-satqı müqaviləsi bağlamazdılar. Onların niyyəti əslində evi satmaq yox, oğlu Hümbətin borcunun qaytarılmasının təminatı kimi evə müvəqqəti İlkinə vermək olub. Həmin evin hazırda bazar dəyəri 80000 min manatdır. İşdə müstəqil qiymətləndiricinin rəyinə əsasən ev 56475 manat məbləğində qiymətləndirilmişdir. Bütün bunlar onu göstərir ki, onlar arasında yalan əqd bağlanmışdır. Bütün bunları nəzərə alaraq apellyasiya şikayətini təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 Namazalı oğlunun vəkili Quliyev Vəkil Yelmar oğlu apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçılar İddiaçı3, İddiaçı5 və İddiaçı6 da apellyasiya şikayətini müdafiə edərək İddiaçı1 Namazalı oğlunun izahatına oxşar izahat vermişlər. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında göstərmişdir ki, iddiaçılardan Hümbət Namazəliyevin cavabdehə borcunun olması, həmçinin cavabdehin Qazax rayonunda qeydiyyatda olub Bakı şəhərində işləməklə hansı səbəbdən Beyləqan şəhərində ev alması barədə hər hansı sualı cavablandıra bilməyəcəyini göstərmişdir. Həmin suallara cavab verməsi üçün cavabdehin vəkilinə Cavabdeh2 iştirakının zəruriliyi bildirilmiş və məhkəmə iclası həmin məqsədlə təxirə salınmışdır. Növbəti məhkəmə iclasında Vəkil bildirmişdir ki, cavabdeh ona demişdir ki, əgər iddiaçılar evlərinin qaytarılmasını istəyirlərsə 26000 manat ona versinlər. Əgər iddiaçılar 26000 manatı ona versələr o, evi onlara qaytarar. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək, Cavabdeh2 ünvan 1 ev 103 nömrəli daşınmaz əmlakı xx.xx.2021-ci il tarixində Beyləqan 1 saylı notariat xidmətdə alğı-satqı müqaviləsinə əsasən 26000 (iyirmi alti min) manata iddiaçılardan almışdır. Alqı-satqı Beyləqan 1 saylı notariat orqanında qanuni formada olmuş heç bir qanun pozuntusu olmamışdır. İddiaçıların narazılığı olsaydı 11 fevral 2021-ci ildə alqı-satqı olmasına baxmayaraq uzun müddət ərzində nə hüquq mühafizə orqanlarına nə də məhkəməyə müraciət etməmişlər. Ona görə də iddia ərizəsində qeyd olunanlar tamamilə əsassız hesab edir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçılar apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıların apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçıların və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə nəticəyə gələrkən maddi hüquq normalarını düz tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş 11 fevral 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı2, İddiaçı3, İddiaçı1 Namazalı oğlu, İddiaçı4, İddiaçı5 və İddiaçı6 mülkiyyətlərində olan ünvan 1ndə yerləşən 103 nömrəli, ümumi sahəsi 125.5 kv metr olan fərdi yaşayış evini 26000 manata Cavabdeh2 satmışlar. Alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 16 iyun 1949-cu ildə anadan olmuş, Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsi ev 52-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Namazalı oğlu xx.xx.1969-cu ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı5 xx.xx.1975-ci ildə anadan olmuş, Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsi ev 52-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.1996-cı ildə anadan olmuş, Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsi ev 52-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı6 xx.xx.1970-ci ildə ildə anadan olmuş, Beyləqan şəhəri, Mikayıl Müşfiq küçəsi ev 52-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin 2(020)-64/2022 saylı 10 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdehlər İddiaçı1 Namazalı oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 əmlakları ilə birlikdə Azərbaycan Respublikssı Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışla iddiaçı Cavabdeh2 mülkiyyətinə verilmiş ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 125.50 kv.m. olan fərdi yaşayış mənzilindən (evindən) çıxarılmaları və cavabdehlərə məxsus əmlaklar iddiaçıya məxsus həmin mənzildən (evdən) çıxarılmaları qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 125,50 m2 olan fərdi yaşayış evi Cavabdeh2 adına rəsmişdirilmiş və fərdi yaşayış evinin Texniki Pasportu verilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC tərəfindən 28 mart 2022-ci il tarixdə verilmiş qiymətləndirmə rəyindən görünür ki, ünvan 1ndə yerləşən 103 nömrəli, ümumi sahəsi 125.5 kv metr olan fərdi yaşayış evinin qiyməti 56 475 manat təşkil edir. İş materiallarına əlavə edilmiş AR "xxxx" MMC-nin 28 mart 2022-ci il tarixli 12 nömrəli X7 istifadəsində olan, Azərbaycan Respublikası, Beyləqan şəhəri, M.Müşviq küçəsi ünvanında yerləşən faktiki 0,1310 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125,5 kv.m olan bir mərtəbəli dörd otaqlı, 100,8 kv.m yaşayış, 24,7 kv.m köməkçi sahədən, 13,3 kv.m açıq eyvandan ibarət 103 nömrəli fərdi yaşayış evinin infrastfukturlarla birlikdə bazar dəyərilə qiymətləndirilməsinə dair rəyindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qiymətləndiricisi, Əmtəəşünas(Diplom İVNo 035795,25 iyun 1985-ci il Azərbaycan İqtisad Universiteti) Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü (vəsiqə No 074.xx.xx.2008-ci il) X14(şəxsiyyət vəsiqəsi AZE No 07544177 xx.xx.2009-cu il Beyləqan rayonu Polis şöbəsi), X7 istifadəsində olan, Azərbaycan Respublikası, Beyləqan şəhəri, M.Müşviq küçəsi ünvanında yerləşən faktiki 0,1310 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125,5 kv.m olan bir mərtəbəli dörd otaqlı, 100,8 kv.m yaşayış, 24,7 kv.m köməkçi sahədən, 13,3 kv.m açıq eyvandan ibarət 103 nömrəli fərdi yaşayış evinin infrastrukturlar (sahəsi 28 kv.m toyuq hini və qaraj, sahəsi 16,9 kv.m.olan təsərrüfat evi, çardax, dəmir darvaza torpaq sahəsinin perimetri boyunca mişar daşından hasar və digər həyati əhəmiyyətli infrastrukturlar), meyvə ağacları (məhsuldar meyvə ağaclarr və bəzək kólları) və s. infrastrukturlarla birlikdə bazar dəyərilə qiymətləndirilməsini aparmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan halların kifayət qədər araşdırılmaması mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti təmin olunaraq qətnamə ləğv olunmalı, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Kollegiya işin müəyyən olunan faktiki hallarını yuxarıda sadalanan qanunvericilik aktı normaları və Konstitusiya Məhkəməsi Plenumunun Qərarında formalaşan hüquqi mövqe baxımından təhlil edərək belə nəticəyə gəlir ki, iddiaçılar tərəfindən satılan mübahisəli fərdi yaşayış evinin cavabdehin adına rəsmiləşdirilməsinə baxmayaraq, həmin müqavilə iddiaçıların həqiqi və real iradə ifadəsini əks etdirməmişdir. Odur ki, iddiaçı ilə Xalıq Ağayev arasında bağlanan əqd yalan əqd olmaqla, əhəmiyyətsizdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni aşağıdakı bəndlər üzrə əsaslandırmışdır. Birinci hal fərdi yaşayış evinin satış qiyməti ilə bağlıdır. Belə ki, alqı-satqı müqaviləsindən görünür ki, həmin ev 26000 manata satılmışdır. İşin halları ilə müəyyən olunur ki, mübahisə predmeti olan yaşayış evi ünvan 1ndə 0.06 ha (faktiki 0.1310) torpaq sahəsində yerləşən ümumi sahəsi 125,5 kv.m olan bir mərtəbəli dörd otaqlı, 100,8 kv.m yaşayış, 24,7 kv.m köməkçi sahədən, 13,3 kv.m açıq eyvandan ibarətdir. İddiaçılar bildirirlər ki, onlara məxsus evin bazar qiyməti 80 000 manatdır. "xxxx" MMC tərəfindən müqayisəli satışlar və dəyər metodundan istifadə etməklə aparılmış qiymətləndirmə nəticəsində Azərbaycan Respublikası, Beyləqan şəhəri, M.Müşviq küçəsi ünvanında yerləşən faktiki 0,1310 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125,5 kv.m olan bir mərtəbəli dörd otaqlı, 100,8 kv.m yaşayış, 24,7 kv.m köməkçi sahədən, 13,3 kv.m açıq eyvandan ibarət 103 nömrəli fərdi yaşayış evinin infrastrukturlarla birlikdə 28 mart 2022-ci il tarixə bazar qiymətini 56 475.00 manat müəyyən edilmişdir. Göründüyü kimi mübahisəli evin 26000 manat olan satış qiyməti reallığa uyğun deyildir. İkinci hal iddiaçıların ötən müddət ərzində mübahisəli evdə yaşamağa davam etməsi, evdən çıxarılma barədə qətnamə icra olunduqdan sonra isə hələ də həmin evin yerləşdiyi torpaq sahəsində yerləşən yardımçı tikililərdə yaşamağa davam etməsidir. Üçüncüsü Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında suallar ünvanlanılaraq cavablandırılması xahiş olunmuşdur. Belə ki, ondan Hümbət Namazəliyevin cavabdehə borcunun olması, onlar arasında hər hansı borc münasibətinin olub-olmaması, evin həmin borcun təminatı müqabilində alqı-satqı olunması və s, suallar verilməsinə baxmayaraq nümayəndə həmin suallara cavab verə bilməyəcəyini göstərmişdir. Həmin suallara cavab verməsi üçün məhkəmə kollegiyası cavabdehin vəkilinə Cavabdeh2 növbəti məhkəmə iclasında iştirakının zəruriliyini bildirilmiş və məhkəmə iclası həmin məqsədlə təxirə salınmışdır. Lakin növbəti məhkəmə iclasında cavabdehin özü iştirak etməmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Vəkil bildirmişdir ki, cavabdeh ona demişdir ki, əgər iddiaçılar evlərinin qaytarılmasını istəyirlərsə 26000 manat pulu ona versinlər. Əgər iddiaçılar 26000 manatı ona versələr o, evi onlara qaytarar. Dördüncü mühüm haldan biri cavabdehin Beyləqan şəhərində ev almasıdır. Belə ki, müəyyən edilir ki, cavabdeh Qazax şəhərində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır və işləyir. Yəni, cavabdehi Beyləqan şəhəri ilə bağlayacaq hər hansı hal yoxdur. Buna görə də məhkəmə kollegiyası müqavilənin daha çox yalan əqdə əsaslanması qənaətinə gəlir. Bütün yuxarıda şərh olunanlara əsasən kollegiya qeyd edir ki, evin alqı-satqısı tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində bağlanmamışdır. Tərəflərin iradə ifadəsi başqa əqdi pərdələməyə yönəlmiş və yalnız görünüş üçün bağlanmışdır. Tərəflər eyni əslində eyni anda iki ayrı əqd bağlanmış olmuşdur. Alqı-satqı müqaviəsi tərəflərin əsl hüquqi niyyətlərini əks etdirməmişdir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları alqı-satqı müqaviləsini pərdələmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (385.1.1), məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması (385.1.2) məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti təmin olunaraq qətnamə ləğv olunmalı, iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Kollegiya belə qərara gəlir ki, iddiaçılar İddiaçı1 Namazalı oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 birgə apellyasiya şikayəti təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1110/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv olunmalı. iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməklə İddiaçı1 Namazalı oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 ilə Cavabdeh2 arasında bağlanmış “ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125.5 kv.m olan bir mərtəbəli, dörd otaqlı, 100.kv.m yaşayış, 24.7 kv.m köməkçi sahədən, 13.3 kv.m açıq eyvandan ibarət 103 nömrəli fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin alqı-satqısına dair 11 fevral 2021-ci il tarixli daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsi etibarsız hesab edilməli və bu müqavilənin hüquqi nəticəsi kimi Azərbaycan Respublikssı Əmlak Komitəsi yanında DƏDRX-i tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1.1, 385.1.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1 Namazalı oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 birgə apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1110/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı1 Namazalı oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 ilə Cavabdeh2 arasında bağlanmış “ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125.5 kv.m olan bir mərtəbəli, dörd otaqlı, 100.kv.m yaşayış, 24.7 kv.m köməkçi sahədən, 13.3 kv.m açıq eyvandan ibarət 103 nömrəli fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin alqı-satqısına dair 11 fevral 2021-ci il tarixli daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsi etibarsız hesab edilsin və bu müqavilənin hüquqi nəticəsi kimi Azərbaycan Respublikssı Əmlak Komitəsi yanında DƏDRX-i tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarış ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar