Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-599/2024 14.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı işə bərpa və məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3120/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı işə bərpa və məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı işə bərpa və məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-ci il tarixindən etibarən 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində çalışmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixli “hamiləliyə və doğuşa görə sosial məzuniyyətin verilməsi” haqqında müvafiq əmrə əsasən məzuniyyətdə olmuşdur. Məzuniyyətdə olduğu dövrdə onunla bağlanmış əmək müqaviləsinə xəbəri olmadan xitam verilmişdir. İşdən azad olunması barədə əmrin surəti və digər sənədlər iddiaçıya təqdim edilməmişdir. Bu səbəbdən əmri mübahisələndirə bilməmişdir. Onunla əmək müqaviləsinin tərəfi olan işəgötürən ləğv edilmiş və səlahiyyətlərinin icrası digər qurum tərəfindən həyata keçirilir. Bu səbəbdən hüquqlarının pozulmasının aradan qaldırılması məqsədilə müvafiq olaraq X1 Xidmətinə müraciət etmişdir. Həmin müraciətə verilmiş 06 fevral 2023-cü il tarixli cavabda onunla 1 saylı Ərazi Ərazi Maliyyə Hesablaşma Mərkəzi arasında olan müqaviləyə K-23 saylı, xx.xx.2022-ci il tarixli əmrlə xitam verildiyi qeyd edilmişdir. Bu səbəbdən dərhal mediasiya prosesinin keçirilməsi məqsədilə aidiyyəti üzrə işəgötürənin hüquqi varisi X4 Təhsil İdarəsinə müraciət etmişdir, daha sonra ərazi üzrə mediasiya təşkilatına müraciət etmişdir. Buna müvafiq olaraq Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli müvafiq arayış tərtib edilmiş və xx.xx.2023-cü il tarixdə ona təqdim edilmişdir. Hazırkı halda 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin K-23 saylı xx.xx.2022-ci il tarixli əmri tamamilə qanunsuz və əsassızdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çıxarılmış qərar tamamilə qanunsuz və əsassızdır. İddiaçı nə özünün işdən azad edilməsi ilə bağlı, nə də məzuniyyətdən geri çağırılması ilə əlaqədar ərizə ilə heç kimə müraciət etməmiş, hər hansı sənədə qol çəkməmişdir. Hətta işəgötürənin bu iddiasını təsdiq edən hər hansı sənəd olmadığından ekspertiza keçirilməsi də mümkün olmamışdır. Həmçinin, həmin iş üzrə məhkəmə iddia müddətinin ötməsini əsas gətirərək iddianı təmin etməmişdir. Lakin hakim iddia müddətinin nə vaxtdan başlaması məsələsinə ümumiyyətlə münasibət bildirməmişdir. Necə ola bilər ki, hakim bu məsələni aydınlaşdırmadan iddia müddətinin ötməsini əsas gətirərək iddianı təmin etmir?! Qanunvericiliyə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşçinin bu hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün hesab olunur. Lakin hüquqlarını müdafiə etdiyi şəxsə nə işdən azad olunmağı barədə əmrin surəti təqdim olunmuş, nə də əmək kitabçası verilmişdir. Belə olduğu halda məhkəməyə müraciət üçün iddia müddətinin axımı mediasiya arayışının verildiyi tarixdən hesablanmalıdır ki, həmin müddəti ötürmədən məhkəmə müraciət edilmişdir. İşin hallarından da aydındır ki, iddiaçının işdən azad edilməsi onun analıq məzuniyyətində olduğu dövrdə olmuşdur. Guya həmin dövrdə iddiaçı məzuniyyətdən geri çağırılması ilə bağlı ərizə ilə müraciət etmiş və işdə olduğu müddətdə işdən azad olunması barədə işəgötürənə müraciət etmişdir ki, belə hadisə baş verməmiş, iddiaçı istinad edilən sənədlərin heç birini imzalamamışdır, ümumiyyətlə həmin sənədlərdən xəbəri belə olmamışdır. İddiaçıya işdən azad olunması barədə hər hansı xəbərdarlıq edilməmiş, işdən azad olunması barədə əmrin surəti təqdim edilməmiş, hər hansı sənəd və ya məlumat verilməmişdir. O halda hansı müddətin başlanmasından danışmaq olar. İddiaçı onun işdən azad edilməsi barədə əmr barədə məlumatları yalnız X1 Xidmətindən gələn məktubdan sonra əldə etmişdir. Hazırkı tarixədək də əmr və əmək kitabçası təqdim edilməmişdir. Lakin qeyd edildiyi kimi, iddiaçının bu barədə hüququnun pozulmasının aşkar olunduğu günü müəyyən etmək üçün yuxarıda qeyd edilən sənədlərin ona təqdim olunması vacibdir ki, iddiaçının bu hüququ təmin olunmadığından iddia müddətinin keçməsinə istinad edilə bilməz. İddiaçı deyil, onun əri aidiyyəti orqanlara müraciət etmiş, bunun səbəbi isə iddiaçının həmin vaxtda ümumiyyətlə hər hansı yerə getmək iqtidarında olmamasıdır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş tibbi sənədlərdən də görünür ki, iddiaçı işdən azad edildiyi dövrdə xəstəliklə bağlı müalicədə olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti X4 şöbəsinə əmək hüquqlarının pozulması ilə bağlı müraciətə ünvanlanmış cavabdan sonra iddiaçının işdən azad olunması barədə əmrin mövcudluğundan məlumatı olmuşdur. Yalnız X1 Xidmətinin cavab məktubunun rəsmi əldə edildiyi vaxtdan lazımi müddət və qaydada dərhal mediasiya təklifi verilmiş, qanunvericilikdə müəyyən edilmiş 10 (on) iş günü müddət gözlənilmiş, daha sonra mediasiya təşkilatına müraciət edilmiş, yekunda xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib olunmuş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və beləliklə iddia müddəti ötməmişdir. Ancaq məhkəmə iş üçün əhəmiyyətli hesab olunan iddia müddətinin axımının başlaması məsələsinə heç bir münasibət bildirmədən, iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Abşeron-Xızı Regional şöbəsinin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının iddia müddətini ötürməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, bu nəticəni mübahisələndirmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdə 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində fəhlə işinə təyin olunması, xx.xx.2022-ci il tarixli “hamiləliyə və doğuşa görə sosial məzuniyyətin verilməsi” haqqında müvafiq əmrə əsasən məzuniyyətdə olması və işəgötürənin xx.xx.2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad olunması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 300-cü maddəsi təşkil edir. Əmək Məcəlləsinin 300-cü maddəsinin dispozisiya şərtlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri nəzərdə tutulmuşdur. Bura Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilmənin əsaslarının pozulması və ya Məcəllənin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməməsi, habelə 79-cu maddədə nəzərdə tutulmuş hallara əhəmiyyət verilməməsi daxildir. Lakin hazırkı işdə işəgötürən tərəfindən qeyd olunan halların pozulması ilə müqaviləni ləğv etməsi müəyyən edilmir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İddiaçı xx.xx.2022-ci il tarixli əmrlə xx.xx.2022-ci il tarixdən işdən azad olunmuş, lakin məzuniyyətdə olduğu dövrdə onunla bağlanmış əmək müqaviləsinə xəbəri olmadan xitam verildiyini əsas gətirərək, hazırkı tələblə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə iddia müddətini ötürməsi əsası ilə iddia tələbini rədd etmişdir. İşdən görünür ki, iddiaçı işdən azad olunması barədə əmrin surəti və digər sənədlərin ona təqdim edilmədiyini, X1 Xidmətinə müraciət etdikdən sonra onun müraciətinə cavab verildikdən sonra əmək müqaviləsinə xitam verildiyinin ona məlum olduğunu bildirmiş, bu səbəbdən müddəti ötürmədiyini qeyd etmişdir. Lakin iş materiallarına əlavə edilmiş iddiaçının əri X2-Xızı Regional Təhsil İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədə arvadı İddiaçı məlumatlandırılmadan işdən azad edildiyini və onun işə bərpa edilməsini xahiş etmiş, həmçinin Abşeron-Xızı Regional Təhsil İdarəsinin Habil Budaqlıya ünvanladığı 23 noyabr 2022-ci il tarixli cavab məktubunda da iş yerinin bərpa olunması ilə bağlı müraciətinə həmin orqanda baxıldığını, xx.xx.2022-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verildiyini və Əmək Məcəlləsinə əsasən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Göründüyü kimi iddiaçıya hələ 2022-ci ilin noyabr ayında onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi məlum olmuşdur. Buna baxmayaraq iddiaçı xx.xx.2023-cü il tarixdə mövcud tələblə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və bununla da qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Əmək Məcəlləsinin 296-ci maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). İşdən göründüyü kimi iddiaçı mövcud qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbini müddətin ötürülməsi əsası ilə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-599/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-599/2024
14.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver