Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-601/2023 25.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmək stajının olması faktı) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X1 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili X2 və maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli 2(060)-986/2015 nömrəli qətnaməsindən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Ərizəçi xx.xx.2015-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.1975ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Ermənistan Respublikası Qafan rayonunda fəaliyyət göstərmiş “Mismolibden” kombinatında partladıcı işləməklə, həmin dövr üçün əmək stajının olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli 2(060)-986/2015 nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir. Hazırda maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu tərəfindən apellyasiya şikayəti verilmişdir. Birinci instansiya məhkəməsində icraat Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.1975-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Ermənistan Respublikası Qafan rayonunda fəaliyyət göstərmiş “Mismolibden” kombinatında partladıcı işləməklə, həmin dövr üçün əmək stajının olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi əlavə ərizə ilə məhkəməyə müraciət edərək tələbində dəqiqləşmə aparmış, onun, xx.xx.1975-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Ermənistan Respublikası Qafan rayonunda fəaliyyət göstərmiş “Mismolibden” kombinatında partladıcı işləməklə, həmin dövr üçün əmək stajının olması faktının müəyyən olunması və bu qətnamənin ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün əsas hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-ci ildə Ermənistan Respublikasının Sisyan şəhərində anadan olmuş, erkən yaşlarından iş fəaliyyətinə başlamış, müxtəlif müəssisələrdə işləmiş, eləcə də xx.xx.1975-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Ermənistan Respublikası Qafan rayonunda fəaliyyət göstərmiş əmək şəraiti çox ağır olan “Mismolibden” kombinatında partladıcı işləmişdir. Hal-hazırda təqaüdə çıxması ilə əlaqədar DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət etmiş, lakin xx.xx.1975-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi əmək stajını təsdiq edən sənədlər olmadığından, həmin qurum tərəfindən onun sosial sığorta stajının hesablanması mümkün olmur. Həmin sənədləri o, əldə edə bilmir. Belə ki, azərbaycanlıların Ermənistan Respulikasından deportasiya olunması ilə əlaqədar olaraq onun həmin illərə dair əmək fəaliyyətini əks etdirən sənədləri Qafan rayonunda qalmışdır. Ona görə də, o, əmək stajının olması faktının müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli 2(060)-986/2015 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi xx.xx.1975-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Ermənistan Respublikası Qafan rayonunda fəaliyyət göstərmiş “Mismolibden” kombinatında partladıcı işləməklə əmək stajının olması faktının müəyyən edilməsi, qətnamənin Ərizəçi güzəştli şərtlərlə pensiya təyin olunması üçün əsas hesab edilməsi qət edilmişdir. (hakim İlyas Mahmudov) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında ərizəçinin özünün və şahidlərin ifadələri ilə müəyyən olundu ki, həqiqətən Ərizəçi xx.xx.1975-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Ermənistan Respublikası Qafan rayonunda fəaliyyət göstərmiş “Mismolibden” kombinatında partladıcı işləməklə əmək stajı vardır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni "Əmək pensiyaları haqqında" AR Qanunun 9.1, 9.8-ci, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1, 308, 311-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Maraqlı tərəf Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli 2(060)-986/2015 nömrəli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Ərizəçi 2015-ci ildə “xx.xx.1975-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Ermənistan Respublikası ərazisindəki iş stajının olması faktının nəzərə alınaraq orta aylıq əməkhaqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əməkhaqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq tikinti sənayesi üzrə 846 manat olmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2008-ci il tarixdən yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin Fondun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması”na dair iddia tələbi ilə Sumqayıt İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2-1(85)-983/2015 saylı qərarı əsasında Ərizəçi iddia tələbi təmin edilmişdir. Tərəflərindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015ci il tarixli 2-1(105)-157/2015 saylı qərarı ilə təmin edilməmişdir. Sözügedən məhkəmə qərarlarına əsasən Ərizəçi xx.xx.2008-ci il tarixdən - 53 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək yenidən hesablanmasına, habelə 2015-ci ilin iyul ayında aylıq pensiya məbləğinin 265,31 manatdan 1403,38 manata çatdırılmasına, növbəti 2 ay ərzində 99817,20 manat məbləğin birdəfəlik ödənilməsinə nail olunmuşdur. Ərizəçi yüksək məbləğdə əmək pensiyasının təyin edilməsinə nail olunmasında aşkar edilmiş hallar üzrə aparılmış araşdırma nəticəsində Ərizəçi ona hüququ olmadığı halda xx.xx.2010-cu il tarixdən İİ dərəcə ümumi səbəbdən, xx.xx.2012-ci il tarixdən isə İ dərəcə gözdən əlilliyə görə əmək pensiyasının təyin edildiyini xx.xx.2022-ci il tarixli ərizəsi ilə qəbul etmiş və həmin məbləğin ona qanunvericiliklə təyin ediləcək müavinətdən tutulmasına razılıq vermişdir. 27 yanvar 2015-ci il tarixli 2(060)-986/2015 nömrəli qətnamənin məzmunu ilə bağlı araşdırılma aparılaraq tərəflərindən müəyyən edilmişdir ki, Ərizəçi“hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki mübahisəyə sabiq hakim İlyas Mahmudov tərəfindən baxılmışdır. Zərurət yarandığından həmin qətnamə üzrə arxivdə olan iş materialları ilə tanış olmaq məqsədilə tərəflərindən xx.xx.2021-ci il tarixli **********3 nömrəli məktubla Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. xx.xx.2022-ci il tarixdə qətnamə üzrə iş materialları ilə tanış olarkən həmin qətnamənin qəbul edilməsində ciddi pozuntulara yol verildiyi aşkar edilmiş və işin digər faktiki hallarına dair əsaslı şübhələr yaranmışdır. Sözügedən qətnamədə məhkəmə prosesində X5 və X4 şahid qismində dindirildiyi göstərilmişdir. Məhkəmə prosesində şahid qismində dindirilmiş Əhmədov Alış Ərizəçi yaxından tanıdığını və onunla birlikdə xx.xx.1975-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Ermənistan Respublikasının Qafan rayonunda fəaliyyət göstərmiş “Mismolibden” kombinatında işlədiyini təsdiq etmişdir. Eyni zamanda həm özünün, həm ərizəçinin əmək stajını təsdiq edən sənədlərin Qafan şəhərinin arxivində qaldığını bildirmişdir. Şahid qismində dindirilmiş X9 Alışla eyni məzmunlu izahat verərək onun dediklərini təsdiqləmişdir. Həmin şahidlərin verdiyi ifadələr heç bir mötəbər sübuta əsaslanmır. Belə ki, A.M.Quliyev və A.M.Əhmədovun əmək kitabçasının olub-olmaması, Ərizəçi ilə bir yerdə işləmələrinə dair hər hansı sənədin təqdim edilib-edilməməsi Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsində öz əksini tapmamışdır. Bundan başqa A.M.Əhmədovun Ermənistan Respublikası ərazisindəki iş stajını təsdiqləyən hər hansı sənəd təqdim edilməmişdir. Eyni zamanda araşdırma zamanı A.M.Quliyevin xx.xx.2015-ci il tarixdə ona təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdiyi aşkar edilmişdir. Nəticədə məhkəmənin xx.xx.2015-ci il tarixli 2-1(81)1563/15 saylı qərarına əsasən A.M.Quliyevə Ermənistan Respublikası ərazisindəki iş stajı dövrü nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmış və xx.xx.2008-ci il tarixdən yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi Fondun Yasamal rayon şöbəsinin üzərinə qoyulmuşdur. Əlavə olaraq bildirilir ki, həmin məhkəmə qərarında A.M.Quliyevin xx.xx.1968ci il tarixdən xx.xx.1970-ci il tarixədək və xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan Respublikası Zəngəzur mis-mobidilen kombinatının Qafan mədənindəki nəzərə alınan iş stajı dövrü sadəcə Ərizəçi işlədiyini iddia etdiyi 1983-1985-ci illər arasındakı dövrlərlə üst-üstə düşür (2 il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Lakin hazırkı iş üzrə şahid X4 əmək fəaliyyətini təsdiq edən sənədlər mövcud deyil. Ərizəçi öz tələbini yalnız şahidlər əsasında təsdiq edə bilir ki, həmin izahatlarda X7 və X3 Ərizəçilə birgə işlədikləri bildirilsə də, həmin şahidlərin onunla birlikdə işləməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Lakin məhkəmə həmin şahid ifadələrin sübut kimi qiymətləndirdiyi zaman şahidlərin həmin dövrdə ərizəçi ilə birlikdə işləməsini təsdiq edən hər hansı sənəd tələb etməmişdir. Nəticədə işin faktiki hallarının birinici instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmadığını qeyd etmək olar. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Ərizəçi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Ərizəçi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli 2(060)- 986/2015 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ərizəçinin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il 175 №-li qərarının 4.1-ci bədinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Verilmiş apellyasiya şikayətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli 2(060)-986/2015 nömrəli qətnaməsi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən tam mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, ərizə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə iclasında ərizəçinin özünün və şahidlərin ifadələri ilə həqiqətən Ərizəçi xx.xx.1975-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Ermənistan Respublikası Qafan rayonunda fəaliyyət göstərmiş “Mismolibden” kombinatında partladıcı işləməklə əmək stajı olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, ərizəçi ərizəsində bu faktın tanınmasının ona pensiya təyin edilməsi üçün lazım olduğunu qeyd etmişdir. Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. İşçinin əmək fəaliyyətini təsdiq edən sənəd isə əmək qanunvericiliyinə əsasən əmək kitabçasıdır. Həmin sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilməlidir. Lakin hazırkı işdə ərizəçi və maraqlı şəxs ərizəçinin göstərdiyi 1975-1985-ci illərdə əmək fəaliyyəti ilə məşğul olması faktını təsdiq edən əmək kitabçasının əslini və ya notariat qaydasında təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmişdir. Ərizəçinin tələbini əsaslandırmaq üçün istinad etdiyi yeganə sübut iki şahid ifadəsidir ki, həmin şahidlərdə biri – X3 qeyd edilən müəssisədə işləməsini təsdiq edən mötəbər sənədlər iş materiallarında mövcud deyildir. Digər şahid X4 isə ərizəçinin ərizəsində istinad etdiyi dövrlər üzrə həmin müəssisədə işləməsi öz təsdiqini tapmır. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli Qərarı ilə təstiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 17-ci bəndinə əsasən 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi iddianı təmin edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tam aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Bununla da, birinci instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-in 80, 88, 217.1 və 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, ərizəçi tərəfindən dəlillərinin təsdiqi üçün tutarlı əsas gətirilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlilləri iş materialları ilə birgə hüquqi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tələb edildiyi kimi tam ləğvi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli 2(060)-986/2015 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli 2(060)-986/2015 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın, ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-601/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-601/2023
25.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver