Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-601/2025 14.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh3 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4540/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyаsiyа Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. Dövlətqaçqınkom Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh2 arasında bağlanmış 19 avqust 2013-cü il tarixli, 11/56 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, kirayəyə verən dövlət mənzil fonduna aid olan Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” 11 saylı binada yerləşən 56 nömrəli mənzilini müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 2.3-cü bəndinə əsasən, kirayəçi öz ailə üzvlərini (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşadığı yaşayış sahəsinə köçürmək hüququna malikdir.
3. Müqavilənin 2.4.2-ci bəndinə əsasən, kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə, digər şəxslərin icarəsinə, istifadəsinə verməmək kirayəçinin əsas vəzifələrindən biridir.
4. Müqavilənin 5.2-ci bəndinə əsasən, aşağıdakı hallarda bu müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 5.4.1. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; 5.4.2. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla); 5.4.3. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 5.4.4. kommunal mənzildə birgə yaşayışı qeyrimümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 5.4.5. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə.
5. Müqavilənin 5.7-ci bəndinə əsasən, kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.7.1. Kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; 5.7.2. Kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; 5.7.3. Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə.
6. Abşeron rayon Masazır qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Ə.Abdullayev, sahə nəzarətçisi E.Yaqubov, fəhlələr S.Abbasov və E.Musayev tərəfindən tərtib olunmaqla imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, ünvan 1 ünvanı xx.xx.2013-cü ildə Cavabdeh2 müvəqqəti yaşamaq üçün verilmişdir. Cavabdeh2 həmin mənzildən könüllü olaraq imtina etmişdir. Hal-hazırda həmin mənzildə Cavabdeh3 ailə üzvləri ilə birlikdə qanunsuz qeydiyyatsız yaşayır.
7. ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan vətəndaş Cavabdeh2 ünvanlanmış 06 iyun 2024-cü il tarixli, 3 №-li xəbərdarlıqlardan görünür ki, ünvan 1 ünvanı xx.xx.2013-cü ildə Cavabdeh2 müvəqqəti yaşamaq üçün verilmişdir. Cavabdeh2 hazırda həmin mənzildən könüllü imtina etmişdir. Odur ki, onlardan 10 gün müddətində həmin evin təhvil verilməsi xahiş xahiş olunmuşdur.
8. Bakı Şəhəri 48 saylı Notariat Ofisində Cavabdeh2 tərəfindən yazılmış 06 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” 11 saylı binada yerləşən 56 nömrəli mənzili könüllü olaraq Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə təhvil vermək istəyir. Gələcəkdə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı heç bir iddiası olmayacaqdır.
9. Bakı Şəhəri 48 saylı Notariat Ofisində Cavabdeh1 tərəfindən yazılmış 06 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” 11 saylı binada yerləşən 56 nömrəli mənzili könüllü olaraq Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə təhvil vermək istəyir. Gələcəkdə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı heç bir iddiası olmayacaqdır.
10. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Zəngilan rayonundan məcburi köçkün olan - Cavabdeh2, Cavabdeh1 Baki şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 103, M18, mənzil 5, Cavabdeh3 isə ünvan 2i ünvanında qeydiyyatdadır
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadəsinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” 11 saylı binada yerləşən 56 nömrəli mənzilə dair 19 avqust 2013-cü il tarixli “11/56" nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 “11/56” nömrəli mənzildən çıxarılması və “11/56” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia onunla əsaslanıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasi” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 19 avqust 2013-cü il tarixli, “11/56” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh2 və Cavabdeh1 ailə üzviləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Masazır qəsəbəsi “Zəngilan şəhərciyi” 11 saylı binada 56 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan Departamentin Abşeron rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh2 və Cavabdeh1 və ailə üzvünün həmin mənzildə yaşamadığı, 11/56 nömrəli mənzildə Cavabdeh3 qeyri qanuni yaşadığı məlum olmuşdur. Sahə rəisi tərəfindən Cavabdeh2 mənzildə yaşamadığı, mənzilində müqavilədə adı keçməyən kənar şəxs Cavabdeh3 yaşamasının qanunsuz olduğu bildirilmişdir. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
13. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4540/2024 nömrəli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia təmin edilmişdir.
14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə bağladığı 19 avqust 2013-cü il tarixli 11/56 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, kirayəyə verən dövlət mənzil fonduna aid Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” 11 saylı binada yerləşən 56 nömrəli mənzilini cavabdehə, yəni Cavabdeh3 müvəqqəti yaşamaq üçün sahibliyinə və istifadəsinə vermişdir. Qeyd olunan müqaviləyə əsasən, müvəqqəti sahibliyə və istifadəyə verilmiş mənzili kirayəyə verəndən təhvil almaq, yaşayış sahəsindən təyinatı üzrə istifadə etmək, yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, digər şəxslərin icarəsinə, istifadəsinə verməmək, yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək, yararlı vəziyyətdə saxlamaq, eyni zamanda, cari təmirini aparmaq öhdəliyini öz üzərinə götürmüş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildə yaşamadığı, digər Cavabdeh3 isə qeyri qanuni yaşadığı məlum olmuşdur. Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
15. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iş materiallarında olan Bakı Şəhəri 48 saylı Notariat Ofisində Cavabdeh2 və Cavabdeh1 tərəfindən yazılmış 06 iyun 2024-cü il tarixli ərizədən göründüyü kimi Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” 11 saylı binada yerləşən 56 nömrəli mənzili könüllü olaraq Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə təhvil vermək istəyirlər. Beləliklə cavabdehlərin ərizələrini, həmçinin tərəflər arasındakı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müaviləsinin 5.7.1-ci maddəsini, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 sözügedən mənzildə 3 aydan artıq yaşamamaqlarını və həmin mənzildə qanunsuz olaraq digər Cavabdeh3 yaşadığını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə, “Qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1993-cü il tarixli № 32 saylı Qərarının 10-cu bəndinə, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3,4,5-ci maddələrinə, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli, № 65 saylı Qərarının 1.2, 1.4, 1.5, 2.5, 3.1, 3.2, 3.3, 3.7-ci bəndlərinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.3.2, 91.1.15, 91.3, 99.3, 99.4, 100.3 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 17.4, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4540/2024 saylı qətnaməsinin ləğv edilməsi və onun ünvan 3 ünvanında müvəqqəti məskunlaşması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə qəbul edildiyindən ləğv olunmalıdır. O, artıq 9 aydan çox müddətdir ki, mübahisəli ünvanda yaşayır. Bu ünvanda yaşamaq üçün Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin keçmiş nümayəndəsi ilə razılığa gəlmiş və bunun müqabilində 2500 manat pul ödəmişdir. Birinci instansiya məhkəməsində verdiyi izahatdan da bəlli olur ki, onun qaldığı ev yanmışdır və hal – hazırda ünvan 4 ünvanında müvəqqəti məskunlaşmışdır. Əgər bu mənzildən çıxarılsa, faktiki olaraq yaşamağa heç bir yeri yoxdur. Mübahisəli mənzildən çıxarıldığı təqdirdə qeyd olunan müvafiq icra hakimiyyəti orqanları ona alternativ olaraq müvəqqəti məskunlaşma yeri verməlidir. Çünki ondan əlavə ailəsi 4 nəfərdən ibarətdir ki, mənzildən çıxarılacağı təqdirdə yaşamağa heç bir yerləri yoxdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazı
19. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, o, əvvəllər Sumqayıt şəhərində 1 otaqlı yataqxanada yaşamışdır. Lakin həmin yataqxanada yanğın baş verdikdən sonra oranı təhvil verib, Masazırda yerləşən Zəngilan şəhərciyindəki hazırkı mənzilə köçmüşdür. Hazırda təxminən 1 il 3 aydır ki, mübahisəli mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Həmin mənzilə dair Mənzil Kommunal Sahəsinin rəisi Elnur Nəcəfovla razılaşmışdır. Belə ki, Elnur ona mənzilin hazırda boş olduğunu bildirmiş və müvafiq sənədlərin düzəldilməsi məqsədi ilə Elnura 2500 manat pul vermişdir. Daha sonra həmin şəxs işdən çıxmış, onun yerinə gələn şəxs isə ona mənzildə yaşayışlarının qeyri-qanuni olduğunu bildirmişdir. Onun başqa yaşayış yeri yoxdur. Hazırda ailə üzvləri ilə birlikdə bu mənzildə yaşayır. Övladları Sumqayıt şəhərində məktəbə getdiyindən onun başqa yerdə məskunlaşması uyğun deyildir. Zəngilan rayonu işğaldan azad edilmişdir, orada evləri hazır olan kimi onsuzda köçəcəklər. Lakin hazırda bu mənzili tərk edəcəkləri təqdirdə yaşamağa yerləri yoxdur. Ona görə də cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh1 səbəbini bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin İ bəndinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
24. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 2. Mənzil hüquqlarının əsasları 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə 17. Mənzil fondu 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. Maddə 68. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələri 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Maddə 70. Müvəqqəti başqa yerə getmiş yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və onun ailə üzvlərinin hüquq və vəzifələri Yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur.
Maddə 91. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.
Maddə 98. Xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi üçün əsaslar
98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.
Maddə 99. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Maddə 101. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. 101.2. Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.
25. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası”: 3.2-ci bəndinə görə məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3-cü bəndinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qovmaqla və digər vasitələrlə evləri özqəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4-cü bəndinə əsasən məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5-ci bəndinə əsasən məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6-cı bəndinə görə məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7-ci bəndinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.
26. 19 avqust 2013-ci il tarixli, 11/56 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə əsasən kirayəçinin vəzifələri:
Kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək; yaşayış sahəsindən təyinatı üzrə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə 10 iş günündən gec olmayaraq, kirayəyə verəni məlumatlandırmaq; Kirayəyə verən və Kirayəçi bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar; kirayəçinin mülki-hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri bu Müqavilədən irəli gələn öhdəliklər üzrə Kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Müqavilənin 5.1-ci maddəsinə tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edil bilər. Müqavilənin 5.3-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu Müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. Müqavilənin 5.4–cü maddəsinə əsasən bu Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Müqavilənin 5.7-ci maddəsinə əsasən kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: Müqavilənin 5.7.1-ci Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Madə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətindən görünür ki, apellyator (Cavabdeh3) birinci instansiya məhkəməsinin qətnaməsinin ona münasibətdə ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir.
29. Buna görə də apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız apellyatorun (Cavabdeh3) apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4540/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Apellyatorun yeganə dəlili ondan ibarətdir ki, hazırkı iş üzrə ünvan 3 ünvanında yaşamaq üçün Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin keçmiş nümayəndəsi ilə razılığa gəlmiş və bunun müqabilində sonuncuya ödəniş də etmişdir.
32. Kollegiya şikayətin həmin dəlilini əsassız sayır və mövqeyini aşağıdakı şəkildə əsaslandırır.
33. Baxılan iş üzrə apellyatorun mübahisə predmeti olan mənzildən istifadə etmək hüququnun olub-olmamasının müəyyənləşdirilməsi işin düzgün həlli üçün əhəmiyyətli olmuşdur.
34. Həmin mənzilin xüsusi təyinatlı yaşayış sahəsi olması, mənzilə dair iddiaçı tərəflə digər Cavabdeh2 arasında 19 avqust 2013-cü il tarixli, 11/56 saylı kirayə müqaviləsinin bağlanması, sonradan Cavabdeh2 və onun ailə üzvlərinin yazılı qaydada həmin mənzildən imtina etmələri işin müəyyən edilmiş, eləcə də mübahisə olunmayan hallarıdır.
35. Mənzil Məcəlləsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.
37. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər.
38. Göründüyü kimi, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə ilə bağlı münasibətləri tənzimləyən normalara əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri (kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri) ilə yanaşı, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan şəxslərin də kirayəçi ilə bərabər hüquq və vəzifələrə malik olduğu qanunda nəzərdə tutulmuşdur.
39. Baxılan iş üzrə kollegiya bu istiqamətdə hüquqi dəyərləndirmə aparmış, və müəyyən edilmişdir ki, Cavabdeh3 Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə göstərilən şəxslər sırasına aid deyil. Belə ki, apellyator (Cavabdeh3) iddiaçı ilə kirayə müqaviləsi bağlamış şəxslərin ailə üzvü və ya qohumu olmamaqla, sözügedən mənzilə heç bir hüquqi əsas olmadan yiyələnmişdir. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən, cavabdehin həmin mənzildən çıxarılması barədə iddiaçının iddia irəli sürməyə müvafiq subyektiv hüququ vardır.
40. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılarkən həmçinin müəyyən edilmişdir ki, Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehə digər ərazidə (Qaradağ rayonunda) inşa edilmiş şəhərcikdə mənzil təklif olunmuş, lakin sonuncu həmin mənzildən imtina etmişdir. Araşdırma zamanı iddiaçının nümayəndəsi həm də xüsusi təyinatlı mənzillərin boşaldığı andan şəhid və qazi ailələrinə verilməsinin zəruriliyini qeyd etmişdir.
41. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, Cavabdeh3 apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4540/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4540/2024 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.