Məhkəmə qərarları › İş №2(105)-602/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-602/2023

25.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-602/2023 25.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququnun itirilməsi) X10 Süleymanovanın sədrliyi və məruzəsi, X6 Qafari və X2 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli e-2(012)-5333/2022 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, 25 aprel 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mülkiyyətçiyə məxsus ünvan 1 ünvanında yerləşən 04 saylı evə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1, yaşayış sahəsi 64 kv.m, köməkçi sahəsi 23.2 kv.m olan 3 otaqlı 04 saylı ev xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin mənzildə qeydiyyatda olan Cavabdeh mülkiyyətçinin oğludur. Cavabdeh ailə qurmuş, ailəsi ilə birlikdə daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Belə ki, iddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsinin 0.05 ha sahəsini Cavabdeh bağışlamışdır. Həmin torpaq sahəsində tikilmiş evdə cavabdeh ailəsi ilə birlikdə yaşamış, bir müddət keçdikdən sonra isə həmin evi sataraq başqa ünvana köçmüşdür. Tərəflər öz aralarında belə razılığa gəlmişlər ki, iddiaçı cavabdehə mülkiyyətində olan torpaq sahəsinin 0.05 ha sahəsini bağışlayacaq, cavabdeh isə iddiaçıya məxsus olan evdən qeydiyyatdan çıxacaqdır. Cavabdeh həmin mənzildə yaşamasa da pasport qeydiyyatında qalmışdır. Cavabdehin həmin mənzildə formal qeydiyyatda qalması mülkiyyətçinin mülkiyyət hüququna əsassız müdaxilə edir. Mübahisənin məhkəmədən kənar qaydada həlli mümkün deyildir. Belə ki, bağışlama müqaviləsi bağlandıqdan sonra qeydiyyatdan çıxması ilə bağlı dəfələrlə cavabdehə müraciət edilsə də, cavabdeh iddiaçının müraciətini nəzərə almamışdır. Cavabdehin hər gün bir bəhanə ilə ailədə söz-söhbət yaratması iddiaçını təngə gətirmişdir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və hesab edir ki, cavabdehin hər hansı bir kompensasiya tələbi də ola bilməz, çünki iddiaçının cavabdehə ödəməli olduğu kompensasiya verdiyi torpaq sahəsi ilə əvəz edilməli və cavabdehin mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Hədiyyə verən İddiaçı ilə hədiyyə alan Cavabdeh arasında bağlanmış, 4Ə- 707 reyestr nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, hədiyyə verən Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus olan 0.05 ha hissəsini oğlu olan Cavabdeh mülkiyyətinə vermişdir.

5. Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsi E.Hümbətov küçəsində yerləşən 3 otaqlı 4 saylı yaşayış sahəsi İddiaçı Nəcmətdin oğlunun adına 10968 saylı reyestr kitabında 1459 nömrəsi ilə qeydə alınmış və qeydə alınmasına əsas Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə Nümayəndəsinin xx.xx.1992-ci il tarixli 20 saylı Qərarı olmuşdur.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.05 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********18 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı, X5, Cavabdeh və X1 rayonu Saray qəsəbəsi E.Hümbətov küçəsi 4 saylı evdə qeydiyyatdadırlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli e-2(012)- 5333/2022 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsindən isə göründüyü kimi, iddiaçı ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan 0.1 ha torpaq sahəsinin 0.05 ha hissəsini cavabdehə bağışlamaqla və cavabdehin həmin torpaq sahəsini sataraq başqa yerə köçdüyünü iddia etməklə onun istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, Abşeron rayonu Saray qəsəbəsində 0.05 ha torpaq sahəsi iddiaçı tərəfindən cavabdehə bağışlanmış və bu bağışlama hər hansı bir qarşılıq olmadan cavab xidməti ilə şərtləndirilməmişdir. Başqa sözlə, bağışlama qanunun tələblərinə əsasən, hədiyyəni qəbul edən şəxsi zənginləşdirdiyindən və bu hal, iddiaçını cavabdeh qarşısında istifadə hüququna xitam verərkən kompensasiya ödəmək vəzifəsindən azad etmədiyindən iddia tələbi əsaslı deyildir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunvericilik mülkiyyətçinin ailə üzvü hesab olunan şəxsin qanunvericiliklə müəyyən edilmiş müddətdən artıq daimi yaşamaq üçün başqa ünvana köçməsi sübuta yetirildiyi təqdirdə istifadə hüququna xitam verilməsini nəzərdə tutmuşdur. Lakin hazırki iş üzrə iddiaçı cavabehin uzun müddətdir ki, onun mülkiyyətində olan mənzildə deyil, başqa ünvanda yaşadığını qeyd etsə də, sonuncunun daimi olaraq başqa yerə köçməsini sübuta yetirəcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, yalnızca mənzilin onun mülkiyyətində olmasını təsdiq edən çıxarışı və cavabdehin həmin mənzildə qeydiyyatda olmasına dair arayışı təqdim etməklə kifayətlənmişdir. Halbuki, sübutetmə yükü iddiaçının öz üzərinə düşdüyü halda, iddiçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 666.1 və 666.2-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 217.2, 77.1, 119.1, 124.2, 14.2, 217.4, 218.3, 216-220, 227, 233, 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

12. İddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-5333/2022-saylı qətnaməsini ləğv edərək, iş üzrə iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, qanunsuz və əsassız qətnamənin qəbul olunmasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı oğluna pay torpaq sahəsinin bağışlanması müqabilində oğlunun fərdi yaşayış evinə istifadə hüququnun itirilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunvericiliyi tələblərindən göründüyü kimi, Abşeron rayonu Saray qəsəbəsində 0.05 ha torpaq sahəsi iddiaçı tərəfindən cavabdehə bağışlanmış və bu bağışlama hər hansı bir qarşılıq olmadan cavab xidməti ilə şərtləndirilməmişdir. Başqa sözlə, bağışlama qanunun tələblərinə əsasən, hədiyyəni qəbul edən şəxsi zənginləşdirdiyindən və bu hal, iddiaçını cavabdeh qarşısında istifadə hüququna xitam verərkən kompensasiya ödəmək vəzifəsindən azad etmədiyindən iddia tələbi əsaslı deyildir. Məhkəmə qanunvericiliyin, həmçinin, Plenum Qərarının tələblərinə istinad edərək qeyd edir ki, göründüyü kimi, qanunvericilik mülkiyyətçinin ailə üzvü hesab olunan şəxsin qanunvericiliklə müəyyən edilmiş müddətdən artıq daimi yaşamaq üçün başqa ünvana köçməsi sübuta yetirildiyi təqdirdə istifadə hüququna xitam verilməsini nəzərdə tutmuşdur. Lakin hazırkı iş üzrə iddiaçı cavabehin uzun müddətdir ki, onun mülkiyyətində olan mənzildə deyil, başqa ünvanda yaşadığını qeyd etsə də, sonuncunun daimi olaraq başqa yerə köçməsini sübuta yetirəcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, yalnızca mənzilin onun mülkiyyətində olmasını təsdiq edən çıxarışı və cavabdehin həmin mənzildə qeydiyyatda olmasına dair arayışı təqdim etməklə kifayətlənmişdir. Halbuki, sübutetmə yükü iddiaçının öz üzərinə düşdüyü halda, iddiçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə belə nəticəyə gəlib ki, hazırkı mübahisə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qanunverciliyin tələbindən belə məlum olur ki, belə olan halda iddiaçı cavabdehə kompensasiya verməklə onun istifadə hüquqlarına xitam verilməsini tələb etməlidir. Məhkəmə maddi hüquq normasını düzgün tətbiq etsə də, düzgün təfsir etməmişdir. Belə ki, iş materiallarında olan çıxarışa əsasən Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı məxsus olmuş, iddiaçı iki övladı olduğundan həmin torpaq sahəsini yarı şəkildə olmaqla övladlarına vermək istəmışdir. Belə ki, iddiaçı sağlığında miras əmlak olaraq torpaq sahəsini övladlarının arasında bölmək istəmişdir. Başqa sözlə, torpaq sahəsində iki tikili mövcud olmuşdur. İddiaçı cavabdeh olan oğlu ilə aralarında razılaşaraq torpaq sahəsinin 0.05 ha -yarı hissəsini cavabdehə bağışlanma etdikdən sonra sözü gedən mübahisəli mənzildən köçmüşdür. Cavabdeh sonradan mənzili sataraq Sumqayıt şəhəri Kotec qəsəbəsində yerləşən Bağlar massivində yerləşən sənədsiz evə köçmüş və hal-hazırda da ailə üzvləri ilə birlikdə həmin ünvanda yerləşən sənədsiz evdə yaşayır. Lakin cavabdeh hazırkı evdə formal olaraq qeydiyyatdadır. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh iddiaçıya məxsus mənzildə yaşamır. Cavabdeh iddiaçının ona evi bağışladıqdan sonra mübahisəli mənzili daimi olaraq tərk etdiyi halda, məhkəmə belə nəticəyə gəlmişdir ki, bağışlama qanunun tələblərinə əsasən, hədiyyəni qəbul edən şəxsi zənginləşdirdiyindən və bu hal, iddiaçını cavabdeh qarşısında istifadə hüququna xitam verərkən kompensasiya ödəmək vəzifəsindən azad etmədiyindən iddia tələbi əsaslı deyildir. Halbuki, kompensasiyanın verilməsi yalnız mənzildən istifadə edildiyi təqdirdə mümkündür. Hazırkı işdə müəyyən edilmişdir ki, mənzilə istifadə hüququnu əldə etmiş şəxs uzun müddət həmin mənzildən istifadə etməmiş və başqa yerdə yaşayır. Cavabdeh könüllü olaraq mübahisəli mənzildən çıxıb gedib və həmin mənzillə bağlılıqlarını itirirmişdir. Onu mübahisəli mənzilə bağlayan hər hansı əlamət mövcud deyil, həmin mənzildə ona məxsus olan əşyalar da yoxdur. Buna görə də onlar mübahisəli mənzilə formal qeydiyyatda olaraq qalıblar və onun mənzilə olan hüquqlarına kompensasiya ödənilmədən xitam verilməlidir. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Göründüyü kimi, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Hazırkı vəziyyətdə cavabdehin həmin mənzildə yaşmasına heç kim mane olmayıb, o, həmin mənzilə köçürülmə ilə bağlı nə vaxtsa məhkəməyə müraciət etməmişdir. İşin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri məhkəmə tərəfindən dəqiq və hərtərəfli araşdırılmamışdır. Ona görə də məhkəmə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 29 mart 2016-cı il tarixli qərarında vurğulamışdır ki, keçmiş ailə üzvünün digər daim yaşayış sahəsinə könüllü surətdə köçməsi istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun qalxdığı hallara aiddir. Məhkəmə kollegiyasının bir daha nəzərinə çatdırır ki, cavabdeh mənzili könüllü şəkildə tərk etmişdir. Bu hallar iş materilları ilə də öz təsdiqini tapır. Lakin nədənsə məhkəmə bu hala düzgün qiymət verməmişdir. Məhkəmə qanunu səhv təfsir etmiş və qanunsuz qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

16. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçının nümayəndəsi verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

20. Azərbaycan Respublikası Mənzil Məcəlləsi (1982): Maddə 123.1 Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

21. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanun:

Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Maddə 2. Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, iddia təmin olunmalıdır.

24. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

25. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamış, iddianı əsassız olaraq təmin etməmişdir.

27. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.1 ha torpaq sahəsində inşa edilmiş 4 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmaqla bu barədə ona Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh iddiaçının ailə üzvü, oğludur. Hazırda, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin yarısını hədiyyə şəklində cavabdehə verdiyindən, eləcə də cavabdeh həmin yaşayış sahəsini tərk edərək başqa yerə köçdüyünü iddia edərək Cavabdeh istifadə hüququnun itirilməsi tələbini irəli sürmüşdür.

28. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, şəxsin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac vardır.

29. Bundan başqa kollegiya hesab edir ki, əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib- göstərmədiyidir.

30. Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin 14 mart 2023-cü il tarixli 444 saylı ailə tərkibi haqqında arayışından görünür ki, Cavabdeh həqiqətən “Xəzər” Bağçılıq Cəmiyyəti Qaladərəsi adlandırılan küçədə 200b/1 saylı bağ evində qeydiyyatsız yaşayır, X8 və X11 adlı ailə üzvləri var.

31. Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin 14 mart 2023-cü il tarixli 444 saylı arayışdan görünür ki, Cavabdeh həqiqətən “Xəzər” Bağçılıq Cəmiyyətinin ərazisində, Qaladərəsi adlandırılan küçədə sahəsi 170 kv.m olan 200b/1 saylı bağ evində qeydiyyatsız yaşayır.

32. Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 14 mart 2023-cü il tarixli 444 saylı xasiyyətnamədən görünür ki, Cavabdeh yaşadığı “Xəzər” Bağçılıq Cəmiyyəti Qaladərəsi küçəsində özünü nümunəvi aparmış, qonşularla münasibəti həmişə normal olmuşdur. Onun barəsində “Xəzər” Bağçılıq Cəmiyyətinə heç bir şikayət ərizəsi daxil olmayıb.

33. Göründüyü kimi şərh edilən sübutlar təsdiq edir ki, cavabdehin həqiqətən də özünə məxsus mənzili var, hazırda ailəsi ilə birlikdə orada yaşayır. Belə olduğu təqdirdə cavabdehin mübahisə predmeti olan fərdi yaşayış evindən istifadə hüququnun saxlanılmasını zəruri edən hal aradan qalxmış olur.

34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının ailə üzvü olan cavabdehin 2021-ci ildən bu evdən köçüb getməsi, həmin vaxtdan mübahisəli evdə yaşamaması və istifadə etməməsi ilə bağlı dəlilini inandırcı və əsaslı hesab edir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

36. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır.

37. Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edir. Lakin bu maddədə həmin istifadənin qaydası, o cümlədən onun hansı şərtlər və hüdudlar daxilində həyata keçirilməsi müəyyən olunmamışdır.

38. Eyni zamanda bu maddə və ümumiyyətlə, Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur.

39. Konstitusiya Məhkəməsinin qərarlarından irəli sürülmüş hüquqi mövqeyə görə belə vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunması vacibdir.

40. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

41. Hüquq normasının məzmunundan göründüyü kimi şərh olunan Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi kompensasiya verməklə istifadə hüququna xitam verilməsini tələb edə bilər.

42. Hazırkı halda iddiaçı kompensasiya təklif etmədən cavabdehin istifadə hüququna xitam verilməsini xahiş etmişdir.

43. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur.

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar.

45. Məhkəmənin həmin Qərarında həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.

46. Məhkəmə qeyd olunan Qərarda göstərmişir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

47. Məhkəmə araşdırması zamanı işin faktiki halları ilə müəyyən olundu ki, cavabdeh mübahisəli evdən köçüb getmiş və davamlı olaraq başqa yaşayış sahəsində yaşayır, könüllü olaraq mübahisəli evdən istifadə etmir.

48. Məhkəmə kollegiyası işin hallarına şərh olunan qanunvericiyin tələbinə əsasən qiymət verərək bu nəticəyə gəlir ki, hüququn əldə edilməsini zəruri edən əsaslar aradan qalxdığından iddiaçının cavabdehin istiafdə hüququna xitam verilməsi ilə bağlı iddia tələbi əsaslıdır.

49. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalması onun həmin ünvana istifadə hüquqlarının itirilməməsinə əsas vermir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”.

50. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarına hüquqi qiymət verərək, hesab edir ki, hazırki işdə iddia predmetini təşkil edən fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququ vardır. İddiaçı mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olduğundan, o, öz mülkiyyətində olan evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. İddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan, o, öz əmlakı olan yaşayış sahəsinə cavabdehin istifadə hüququnun itirilməsini tələb etməkdə haqlıdır.

51. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli e-2(012)-5333/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli e-2(012)-5333/2022 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin olunsun. Cavabdeh, İddiaçı məxsus ünvan 1, 04 saylı evə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar