Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-603/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələb, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(012)-987/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1100 manat pul, cavabdehin pulu gecikdirməsi nəticəsində vurduğu 1000 manat maddi və 400 manat da mənəvi zərərin cavabdehdən tutularaq İddiaçı ödənilməsi və iddia təmin olunacağı təqdirdə məcburi köçkün olaraq azad olduğu 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət nəfinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə münasibətləri normal olduğundan cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçıdan üç aya qaytaracağı adı ilə 1100 manat borc pul götürmüşdür. Həmin vaxtdan 30 ay keçməsinə baxmayaraq cavabdeh bu günə qədər borc adı ilə götürdüyü həmin pulu qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehə özünə pul lazım olduğunu, müalicə xərclərinə ehtiyac yarandığını bildirsə də cavabdeh həmin pulun geri ödənilməsi ilə bağlı müxtəlif bəhanələr gətirərək, pul borcunu geri qaytarmaqdan yayınmışdır. Ona görə də iddiaçı cavabdehin ona olan aşkar borcunu ödəmədiyini görüb, məhkəməyə pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı cavabdeh xx.xx.2019-cu il tarixdə qaytaracağı adı ilə 1100 manat pulu iddiaçıdan borc adı ilə götürməsi barədə öz xətti ilə yazıb, imzasını çəkərək tarix yazdığı qəbz də mövcuddur. Lakin cavabdeh xeyli vaxt keçməsinə baxmayaraq borcunu qaytarmaqdan yayınmış və artıq iddiaçıdan gizlənməklə, telefon zənglərinə cavab verməmişdir. Cavabdehin gecikdirməsi nəticəsində iddiaçıya 1000 manat maddi və 400 manat da mənəvi zərər vurulmuşdur. Belə ki, iddiaçı həmin məbləği ticarət sahəsində dövriyyə etdirsəydi, ən azı 30 aya 1100 manat pulu 1000 manat da artırıb 2100 manat etmək iqtidarında olardı. Həmçinin bu müddət ərzində cavabdehi axtarmağı, etdiyi zənglərə görə sərf etdiyi konturlara və onun ünvanına getmək üçün taksilərə xərclənmiş pulları da 400 manat mənəvi zərər olaraq dəyərləndirir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.
3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(012)-987/2022 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh 1100 (min yüz) manat pul vəsaitinin alınaraq İddiaçı xeyrinə tutulması, Cavabdeh dövlət rüsumuna görə 31 (otuz bir) manat pul vəsaitinin tutularaq dövlət nəfinə ödənilmsi qət edilmişdir (hakim Habil Əhmədov).
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh Cavabdehm qızı tərəfindən xx.xx.2019-cu il tarixdə əlyazma formasında yazılaraq və imzalanaraq iddiaçıya verdiyi qəbz işin həqiqi hallarına uyğundur və tərəflərin hüquqlarını pozmur, ona görə də etiraf kimi qəbul olunmalıdır.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 325, 326-cı, MPM-nin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(012)-987/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, instansiya məhkəməsi iddia tələbini təmin etməsinə əsaslandığı hallar olaraq onunla iddia tərəf arasında olan yazılı qəbzə istinad edib. Halbuki, onun bu şəxslə heç bir tanışlığı olmayıb və yoxdur. Onun iddiasını da rədd edir və bunu onu tanımadığı ilə, onunla hər hansı pul öhdəliyni imzalamadığı ilə əsaslandırır. Şərh olunanlardan çıxış edərək də hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-987/2022 saylı iş üzrə 28 iyun 2022-ci il tarixli qətnamsi iş üzrə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamaqla yanaşı, həqiqi halları əks etdirmir. Eləcə də qətnamə maddi və prosessual hüquq normaları baxımından da düzgün qəbul edilən qətnamə sayıla bilməz. Birinci instansiya məhkəməsi iddiaçı ilə aralarında olan müqavilə şərtlərini və qarşılqlı öhdəliklərinii düzgün qiymətləndirməyib. Onun məhkəmədə iştirakını təmin olunmasına səy göstərməmiş, çəkişmə prinsipinə riayət etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, cavabdeh ondan aldığı pulu qaytarmağı ləngidir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(012)-987/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahis edir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi iddianın sübutu kimi iş materiallarında olan yazılı qəbzə istinad edib. Halbuki, cavabdehin iddiaçı ilə heç bir tanışlığı yoxdur. O, iddiaçını tanımır. Sözügedən qəbzi o imzalamamışdır. Məhkəmə işə birtərəfli qaydada yanaşmışdır. İşin faktiki halları tam araşdırılmamış və əsassız qətnamə qəbul edilmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, idia tələbinin rədd edilməsi barədə əsaslı qətnamə qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbərləri barədə məlumat verməmişdir.
12. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 324.1. maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.5. maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 325.1. maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.
326. maddəsinə əsasən birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
14. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
17. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətindən görünür ki, cavabdeh qətnamənin iddia tələbinin qismən təmin edilən, ondan 1100 manat pulun tutulması hissəsində mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini qeyd edilən hissədə müzakirə edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(012)-987/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
19. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilməklə xx.xx.2019-cu il tarixdə imzası ilə təsdiq edilmiş qəbzdən görünür ki, Cavabdeh ona məxsus olan pensiya kartını qoyaraq İddiaçı 1100 manat pulu borc şəklində götürmüşdür.
20. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə əlyazma formasında yazılaraq və imzalanaraq iddiaçıya verdiyi qəbz işin həqiqi hallarına uyğundur və tərəflərin hüquqlarını pozmur, ona görə də etiraf kimi qəbul olunmalıdır. 21.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən hissədə gəldiyi nəticəni əsaslı hesab edir.
22. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli əlyazmadan görünür ki, cavabdeh iddiaçıdan 1100 manat borc pul almışdır.
23. Cavabdeh qeyd edilən qəbzin onun tərəfindən imzalanmaması, iddiaçıdan borc almamasını bildirmiş, qeyd edilən qəbzi mübahisələndirmişdir.
24. Məhkəmə kollegiyasının qərardadı ilə qeyd edilən qəbzdə cavabdehin adı qarşısındakı imzanın kim tərəfindən icra edilməsinin araşdırılması ilə əlaqədar məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir.
25. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3- 16-16/2-4/1236 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarının 6-cı səhifəsində olan xx.xx.2019-cu il tarixli iltizamda “xx.xx.2019-cu il” yazısının qarşısındakı imza Cavabdeh tərəfindən icra edilmişdir.
26. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən əlyazmanın cavabdeh tərəfindən imzalanması ekspert rəyi ilə sübut edildiyindən iddiaçının da istinad etdiyi hallar sübut edilmiş olur.
27. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir.
29. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə 1100 manat borc verməsini sübut etdiyi halda cavabdehin iddiaçıdan borc almaması, qəbzə imza atmaması təsdiqini tapmamış, ekpert rəyi ilə təkzib edilmişdir. 30.Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə haqlı olaraq iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumuna görə ödənilmiş 31 manat pulun cavabdehdən tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, şikayətin dəlilləri ekspert rəyi ilə təkzib edilmişdir. Eyni zamanda cavabdehin iştirakının təmin edilməməsi barədə dəlilə qiymət verərək qeyd edir ki, məhkəmə iclasları barədə cavabdehə xx.xx.2021-ci il (i.v.13), xx.xx.2022-ci il (i.v. 19), xx.xx.2022-ci il (i.v. 26), xx.xx.2023-cü il (i.v. 36), xx.xx.2022-ci il (i.v. 51), xx.xx.2022-ci il (i.v. 59), xx.xx.2022-ci il (i.v. 68) tarixlərdə bildiriş göndərilmişdir.
32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsində cavabdehin məhkəmə iclasında iştirakı təmin edilmiş, cavabdehin dəlilləri təkzib edilmiş, sübuta yetirilməmişdir.
33. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(012)-987/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Abşeron Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(012)-987/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 126 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesab- AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən şikayət verilə bilməz.