Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-605/2024 11.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh mülki iş üzrə (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə borcun qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 dekabr 2023- cü il tarixli, 2(060)-6838/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.
1. İşdə olan xx.xx.2015-ci il tarixli qaimə fakturadan görünür ki, Cavabdeh İddiaçı hissə-hissə qaytarmaq şərti ilə 3250 manat dəyərində mal-material almışdır. Bu qaimə faktura hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3200 (üç min iki yüz) məbləğində pulun və ödənilmiş 52 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən keçmiş şərq bazarı yaxınlığında tikinti materiallarının satışı ilə məşğul olur. xx.xx.2015-ci ildə Cavabdeh iddiaçıdan 3250 (üç min iki yüz əlli manat) dəyərində müxtəlif məhsullar gotürərək pulunu hissə-hissə ödəyəcəyinə söz vermişdir. O hətta bu barədə ******* nomrəli Qaimə Faktura vərəqinin üzərində öz xətti ilə müvafiq qeydlər apararaq sadə yazılı formalı qəbz də vermişdir. Lakin buna baxmayaraq, cavabdeh həmin məbləğdən 1 manat da olsun ödəniş etməmişdir. Dəfələrlə cavabdehdən pul tələb olunsa da, cavabdeh hər dəfə bir bəhanə gətirməklə aldığı tikinti materiallarının pulunu ödəməkdən yayınmışdır. Qeyd edir ki, təxminən bir ay bundan əvvəl cavabdeh cəmi 50 manat pul ödəmişdir. Cavabdehin bu qədər müddət keçdikdən sonra 1 ay əvvəl cəmi 50 manat pul ödəməsi ona dəlalət edir ki, cavabdehin pulu tam ödəmək niyyəti yoxdur. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(060)-6838/2023 nömrəli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddia təmin edilmiş, Cavabdeh 3200 (üç min iki yüz) manat məbləğində pulun və 52 (əlli iki) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər arasında borc müqaviləsi imzalanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, Cavabdeh müqavilə üzrə borcundan 50 manat ödəmiş, borcun qalan hissəsini ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edib ki, Cavabdeh borc müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməməklə həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və cavabdehdən 3200 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 442, 443.1, 445.2.1, 739.1, 740.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
7. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini təmin edən məhkəmə əsassız və qanunsuz qətnamə qəbul etməklə yanaşı eyni zamanda maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsi MPM-nin 9-cu maddəsinin tələblərini pozmuşdur. Tərəflərin məhkəmə iclasında iştirakını təmin etməmiş, çəkişmə prinsipinə riayət etməmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh 3250 manat borclu olduğu puldan 50 manat ödəmiş, qalan 3200 manatı ödəməmişdir. Halbuki, o, 2015-ci il tarixdə iddiaçıya butün borcunu ödəmişdir. Bundan əlavə iddia ərizəsinin məhkəməyə verilməsindən 1 ay əvvəl 50 manat iddiaçıya cavabdehin ödəniş etməsi tamamilə yalandır. İddiaçı bunu ona görə göstərib ki, hazırkı tələb üzrə iddia müddətini ötürməsin. İddiaçı hazırkı tələb üzrə AR MM-nin 372-ci maddəsində nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Məhkəmə iclasında iştirakı təmin edilmiş olsaydı, iddia müddətinin tədbiqi barədə ərizə verəcəkdi. Ona görə də hazırkı ərizəni apellyasiya şikayətinə əlavə etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(060)- 6838/2023 nömrəli qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər səbəb və mümkünsüzlüyü barədə məlumat verməməklə məhkəmə iclasında iştirak etməmişlər.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
13. Mülki Prosessual Məcəllə
372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(060)-6838/2023 nömrəli qətnaməsini Cavabdeh tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
15. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməklə, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
17. İddia tələbinin ifadə tərzindən və mahiyyətindən belə görünür ki, iddiaçı nisyə alqısatqı müqaviləsi əsasında satılmış malın dəyərini (razılaşdırılmış məbləğdə pulun geri qaytarılmasını) tələb edir .
18. İlk olaraq qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verərək, mübahisələndirilən pulun cavabdeh tərəfə borc olaraq verildiyini, hazırda həmin pulun cavabdeh tərəfindən geri qaytarılmamasını müəyyən etmişdir.
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən olunan həmin halına münasibətdə maddi hüquq normaların tətbiqində səhvə yol vermişdir.
20. Belə ki, öyrənilən işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı cavabdehə nisyə qaydada verdiyi tikinti materiallarının pulunu tələb edir. Belə olan halda, məhkəmə kollegiyasının mövqeyinə görə mübahisəyə kredit (borc) müqaviləsinin tələblərindən irəli gələn maddi hüquq norması deyil, nisyə alqı-satqı müqaviləsindən irəli gələn maddi hüquq normaları tətbiq edilməlidir.
21. İddiaçı tələbinin əsası kimi ona istinad edir ki, o, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən keçmiş şərq bazarı yaxınlığında tikinti materiallarının satışı ilə məşğul olur. xx.xx.2015-ci ildə Cavabdeh iddiaçıdan 3250 (üç min iki yüz əlli manat) dəyərində müxtəlif məhsullar gotürərək pulunu hissə-hissə ödəyəcəyinə dair aralarında razılaşma əldə edilmişdir. Bu barədə ******* nomrəli Qaimə Faktura vərəqinin üzərində cavabdeh öz xətti ilə müvafiq qeydlər apararaq sadə yazılı formalı qəbz tərtib etmişdir. Keçən müddət ərzində cavabdeh borcunu ödəməmiş, yalnız son aylarda cəmi 50 manat ödəniş etmişdir. Nəticədə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə mübahisəni yuxarıdakı formada həll etmiş, narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.
22. Cavabdeh isə apellyasiya şikayətində iddiaya, o cümlədən qətnaməyə etiraz edərək bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən iş obyektiv araşdırılmamışdır. O, iddiaçıya olan borcunu elə 2015-ci ildə ödəmişdir. Hazırkı iddia tələbi tam əsassızdır. Onun iddiaçıya hal-hazırda borcu yoxdur. Eyni zamanda cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizənin tətbiqini xahiş edərək göstərmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət üçün iddia müddətini ötürmüşdür və məhz bu səbəbdən iddiaçı iddia ərizəsində ona cavabdeh tərəfindən 50 manat ödənişin edildiyini bildirmişdir.
23. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında nisyə-alqı satqı müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcudluğu işin mübahisəsiz halıdır.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, aşağıdakları qeyd edir.
25. Belə ki, izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
26. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
27. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmalı və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmalıdır.
28. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarını araşdırmaqla iddiaçı ilə cavabdeh arasında öhdəlik münasibətinin yaranmasına, iddiaçının cavabdehə nisyə qaydada mal verməsinə, cavabdehin iddiaçıya borcunun qalmasını və qaytarılmamasının sübut edilməsi vəzifəsini iddiaçının üzərinə qoyulmalıdır. Məhz bu kontekstdən yanaşıldıqda iddiaçı qeyd olunanlarla bağlı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etmiş, cavabdeh isə etirazının dəlillərini dəstəkləyən sübutları məhkəmə nə birinci, nə də ki apellyasiya icraatında təqdim etməmiş, dəlillərini yalnız öz izahatı ilə əsaslandırmağa çalışmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, hazırki işdə alınan malın dəyərinin ödənilməsini sübutetmə yükü cavabdehin üzərinə düşür. Yəni, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması cavabadehin birbaşa vəzifəsidir.
29. Bundan əlavə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin obyektiv araşdırılmasına şübhə ilə yanaşdığını qeyd etsə də, bu dəlilləri təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin izahatına münasibətdə isə kollegiya bildirir ki, onun izahatı Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir
30. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir.
31. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
32. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
33. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər (mülki Məcəllənin 600-cü maddəsi).
34. Məhkəmə kollügiyası belə nəticəyə gəlir ki, cavabdeh mülki qanunvericiliyin istinad edilən normalarını, habelə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtlərini pozmuş və bu səbəbdən iddiaçının yaranmış borcu tələb etmək hüququ yaranmışdır
35. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı Cavabdeh dəyəri 3250 manat olan mal-materialı nisyə satmış, cavadbeh həmin pulu hissə-hissə iddiaçıya ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh keçən müddət ərzində qeyd edilən pulu iddiaçıya qaytarmamışdır.
36. Apellyasiya şikayətinin digər dəlili, yəni “cavabdehin məhkəmə iclasının yeri və vaxtı barədə məlumatsız olması” ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, sonuncu rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 070 205 25 12 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.
37. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7)
38. Göründüyü kimi işin müəyyən edilən halları ilə apellyasiya şikayətinin dəlillərində göstərilənlər ziddiyət təşkil edir.
39. Sonda kollegiyanın gəldiyi qənaətə görə əşyanı təhvil almış alıcı onu razılaşdırılmış müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər ki, hazırkı halda cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında aldığı mal-materialın dəyərini müəyyən olunmuş müddətdə ödəməklə bağlı vəzifəsini icra etmədiyi üçün iddiaçı tələbin subyektiv daşıyıcısıdır. Çünki qanunvericiliyə görə, satıcı satdığı əşyanın dəyərinin ödənilməsini və ya ödənilməmiş malın geri qaytarılmasını, yəni bunlardan birini alıcıdan tələb edə bilər, satıcının bunların hər ikisini birlikdə alıcıdan tələb etmək hüququ yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməklə, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
40. Kollegiya onu da qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(060)-6838/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh 3200 (üç min iki yüz) manat məbləğində pul və 52 (əlli iki) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.