Məhkəmə qərarları › İş №2(105)-607/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-607/2025

29.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-607/2025 29.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2(012)-4020/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ İddiaçı cavabdehə qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 01, 15d saylı ünvanda yerləşən fərdi yaşayış evi 2015-ci il tarixdən etibarən ona məxsusdur. Həmin evi qardaşı X4 məxsus Abşeron rayonu, Quşçuluq yaşayış massivi 6-cı küçə, 6A ünvanında yerləşən fərdi yaşayış evi satılmamışdan əvvəl özü üçün almışdır. Cavabdeh qardaşının keçmiş həyat yoldaşı olmuşdur, əslən Göyçay rayonundandır və həmin ünvana qeydiyyatdadır. Cavabdeh (Naqornova) qardaşına məxsus Abşeron rayonu, Quşçuluq yaşayış massivi 6-cı küçə, 6A ünvanında yerləşən evə gəlin gəlmişdir. Cavabdehin hərəkətlərinə görə qardaşına məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evi 2018-ci il tarixdə 10.000 manata satmışlar. Həmin pulu Göyçay rayonunda torpaq almaq və ev tikib köçüb orada yaşamaq məqsədilə qardaşına vermişdir. Daha sonra Naqornov Oleq ailəsi ilə 7-8 ay Göyçay rayonunda yaşamışdır. 2019-cu ildə cavabdeh və onun qardaşı verdiyi pulları xərclədikdən sonra qayıdıb onun yanına gəlmişlər. Körpə uşaqları olduğuna görə onlara özünə məxsus evdə müvəqqəti yaşamağa razılıq vermişdir. Razılığıa əsasən onlar daha sonra kirayə ev tutub köçməli idilər. Qardaşı Cavabdeh (Naqornovadan) məhkəmə qaydasında boşanmışdır. X6 fevral ayının 14-dən ona məxsus evi tərk etsə də, onun keçmiş həyat yoldaşı Cavabdeh (Naqornova) oğlu ilə birlikdə orada yaşamağa davam etmişdir. O, hal-hazırda da mübahisəli evdə qeydiyyatdadır. Lakin, həmin evdə yaşamamış, evi həmişə kirayə vermişdir. Həmin evdən aldığı kirayə ilə dolanmışdır. O, cavabdehə sözügedən evdə müvəqqəti yaşamaq üçün icazə vermişdir. Ev əşyaları onun pulu ilə alınıb. Hal-hazırda həmin evdə olan əşyaların yarısı onundur. O, mübahisəli fərdi yaşayiş evinin potensial mülkiyyətçisidir, evə dair bütün sənədlər onun adınadır. Cavabdehin bu qanunsuz hərəkətləri onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi onun yeganə qazanc mənbəyidir. Belə ki, Cavabdeh həmin fərdi yaşayış evini zəbt etmədən öncə həmin evi kirayə verərək müəyyən gəlir əldə edirdi. Hazirda bundan da məhrum olmuşdur, yeni əməliyyat olunmuş, ağır xəstədir. Cavabdehin hərəkətləri onun həyat şəraitinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olur. Mübahisəli ev isə 2015-ci ildən onun sahiblik və istifadəsindədir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, kod-1340 sayli daşinmaz əmlakın ekspert qiymətləndirmə rəyində tikinti sahibi kimi o göstərilmişdir. Həmçinin o, fərdi yaşayış sahəsinə görə vergi ödəyicisi kimi Xırdalan bələdiyyəsində qeydiyyata alınmışdır, onun əmlak və torpaq vergisi borcu yoxdur. Cavabdeh onun ailə üzvü deyildir. Mübahisəli evdə təbii qazdan, elektrik enerjisindən və sudan istifadəyə dair sənədlərdə isteklakçı qismində o qeyd edilmiş və bu xidmətlərdən cavabdeh istifadə etsə də, heç bir ödəniş etmir. Səlahiyyətli şəxslər də məcbur qalaraq pulu ondan tələb edirlər. Mövcud vəziyyət də onun halını daha da pisləşdirir. Buna görə də o, hal-hazırda cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, Cavabdeh azyaşlı uşağı X3 ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin cavabdehin hesabına boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh azyaşlı uşağı X3 ilə birlikdə onlara (özlərinə) məxsus əmlakları ilə birgə Cavabdeh hesabına İddiaçı sahiblik və istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 01, ev 15d ünvanında yerləşən evdən çıxarılması və həmin fərdi yaşayış evinin İddiaçı təhvil verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin məzmununa istinad edilməklə göstərilir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2528/2021 saylı digər qətnaməsi ilə İddiaçı cavabdehlər X5 və Rizvanova (Naqornova) Aygün Aydın qızına qarşı fərdi yaşayış evindən çıxarılma və onlara məxsus əşyaların həmin fərdi yaşayış evindən boşaldılması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik deyildir. Sözügedən mübahisəli özbaşına tikili olan fərdi yaşayış evində 2018-ci il tarixdən cavabdehlər X5 və Rizvanova (Naqornova) Aygün Aydın qızı yaşamışlar. Cavabdehlərin həmin tikilidə yaşamaq hüquqları vardır. Cavabdeh Oleq Naqornovun 2021-ci ilin fevralından mübahisəli tikilidə yaşamaması halına münasibətdə, məhkəmə bunu digər cavabdehə münasibətdə iddianın təmin edilməsi üçün iddiaçı ilə razılaşma kimi qiymətləndirir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3236/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2791/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 dekabr 2021-ci il tarixli qətnaməsinin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutlara düzgün qiymət vermədən, iddiaçının gətirdiyi dəlilləri isə araşdırmadan qətnamə çıxarmışdır. Məhkəmənin gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, onun məhkəmə iclasında iştirakım təmin edilməmiş, heç bir rəsmi məlumat verilməmiş və ya hər hansı bildiriş göndərilməmiş, bununla da hüquqları kobud şəkildə pozulmuş, qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. Belə ki, hazırkı işdə iddiaçı özbaşına tikilinin ona məxsus olması, onun vəsaiti hesabına alınması, inşa edilməsi halını sübuta yetirə bilməmişdir. İddiaçının təqdim etdiyi bütün sənədləşmələr, kommunal xidmət haqlarının ödənilməsinə dair müqavilələr, qiymətləndirmə hesabatı və.s hamısı mübahisə başlandıqdan sonra, yəni 2019-cu ildən sonraya təsadüf edir. Hansı ki, iddiaçı evin 2015-ci ildən ona məxsus olduğunu israr edir. Mübahisəli evin bizim əvvəl yaşadığımız evin satılmasından əldə edilən pul vəsaiti də daxil olmaqla 18.000 manata satın aldığını bildirir. Məhkəmə qətnamə qəbul edərkən qətnaməni formal əsaslandırmaqla kifayətlənmiş, iş üzrə əvvəllər qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qərarlarını ümumiyətlə nəzərə almamışdır. İş üzrə iddiaçı eyni tələb üzrə ona qarşı müvafiq instansiya məhkəmələrinə müraciət etmiş, tələbi rədd edilmiş, məhkəmə qərarı qanuni qüvvəsini almasa da işə baxan hakim qeyd olunan məhkəmə qərarlarını görməzdən gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Abşeron Rayon Məhkəməsindən sorğu ilə tələb edilərək öyrənilmiş 2(012)- 2528/2021 saylı mülki işin materiallarından görünür ki, həmin iş üzrə xx.xx.2021-ci il tarixli qətnamə ilə İddiaçı cavabdehlər X5 və Rizvanova (Naqornova) Aygün Aydın qızına qarşı “fərdi yaşayış evindən çıxarılma və onlara məxsus əşyaların həmin fərdi yaşayış evindən boşaldılması” barədə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2791/2022 nömrəli, 31 may 2022-ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 dekabr 2021-ci il tarixli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi həmin məhkəmə qətnamələri ilə İddiaçı cavabdeh Rizvanova (Naqornova) Aygün Aydın qızına qarşı fərdi yaşayış evindən çıxarılma və onlara məxsus əşyaların həmin fərdi yaşayış evindən boşaldılması barədə iddiası təmin edilməsə də, iddiaçı təkrərən hazırkı iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək cavabdehin yaşayış sahəsindən çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdeh Rizvanova (Naqornova) Aygün Aydın qızına qarşı hazırkı iş üzrə irəli sürdüyü tələb Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2(012)-2528/2021 nömrəli qətnaməsi ilə təmin edilməmiş tələblə nəticə etibarı ilə eynidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında “yaşayış sahəsindən çıxarılma” tələbinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, həmin tələbə iddia icraatı qaydasında baxılmasını istisna edildiyi halda, birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmaqla prosesual hüquq normalarının tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində, eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Məhkəmə kollegiyası MPM-nin 119-cu maddəsinə əsasən hesab edir ki, iş üzrə icraata xitam verildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 372, 387, 384, 385 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2(012)-4020/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçı və cavabdehin özünə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar