Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-608/2021 15.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddianın rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh A.V.Məmmədovanın ünvan 1 ünvanından yaşayış istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2, 49 nömrəli mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh onun oğlunun keçmiş həyat yoldaşıdır. Cavabdeh 2014-cü il fevral ayından evi tərk edərək öz valideynlərinin yanına köçmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsinə əsasən oğlu ilə cavabdeh arasında xx xxxxxx 2002-ci il tarixdə bağlanmış nikah qeydi ləğv edilmişdir. Artıq 6 ildir ki, cavabdeh həmin mənzildə yaşamır, mənzildə heç bir əşyası qalmamışdır. Lakin formal olaraq mənzilin pasport qeydiyyatında qalır. Bu faktı qonşuları da təsdiq edə bilər. Həmçinin, oğlu ikinci dəfə 2018-ci il tarixdə ailə quraraq hazırda həmin mənzildə onunla birlikdə yaşayır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mülki Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də yaranmır. Mövcud olmayan hüquqa isə xitam verilə bilməz. Artıq 6 ildir ki, cavabdeh həmin mənzildə yaşamır. Onun sözügedən mənzildə heç bir əşyası qalmamışdır. Lakin formal olaraq mənzilin pasport qeydiyyatında qalır və bu isə, öz növbəsində onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir, o, cavabdehə görə adambaşına hesaba alınan kommunal xidmət haqları ödəməli olur. Oğlu ikinci dəfə 2018-ci il tarixdə ailə qurub. Hal-hazırda həmin mənzildə ailəsi ilə birlikdə onunla birlikdə yaşayırlar. Göründüyü kimi bu həm hüquqi, həm də mənəviyyat cəhətdən düzgün hesab edilə bilməz. Məhkəmə maddi hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş və qanunu səhv təfsir etmişdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(060)-5208/2020 saylı qətnaməsini ləğv edilməsini və iddianın təmin edilməsi tələbinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi G.İ.Axundova apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdeh A.V.Məmmədova məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, mübahisəli mənzilə istifadə hüququnun yaranması əsaslarının mövcud olmadığını müəyyən edildiyinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşə əlavə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 2, mənzil 49 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti MKTİB-nin 11 saylı MKS tərəfindən verilmiş №1434 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh mülkiyyətçinin gəlini olmaqla 2009-cu ildən ünvan 2, mənzil 49-da qeydiyyatdadır. Göründüyü kimi, mübahisə predmeti olan ev iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlu ilə ailə quraraq qeydiyyata götürülməklə həmin evə gəlin köçmüş və orada yaşamışdır. İddiaçı cavabdehin 2014-cü ildə evdən daimi olaraq başqa yerə köçüb getdiyini, orada yaşamadığını iddia edərək istifadə hüququnun itirilmiş hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Şərh olunan maddənin məzmunundan da göründüyü kimi mülki hüquqlar və vəzifələrin əmələ gəlməsi üçün qanunla nəzərdə tutulan əsaslar olmalıdır. Əgər belə bir əsas yoxdursa bu hüquq yaranmır, mövcud olmayan hüquq isə ləğv edilə və ya xitam verilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, ilk növbədə hazırkı məsələnin düzgün həlli üçün cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranması əsaslarının mövcud olub-olmaması məsələsi araşdırılmalı, yalnız bu huququnun mövcud olduğu müəyyən edildiyi halda onun xitamı üçün əsasların olub-olmadığına qiymət verilməlidir. İşin hallarından göründüyü kimi cavabdeh mübahisəli mənzilə xx xxxxxxx 2009-cu il tarixdən etibarən qüvvədə olan Mənzil Məcəlləsinin və xx xxxxxxxx 2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin qüvvədə olduğu vaxtda köçmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1dən sonra yarandığından məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ ilə bağlı (istifadə hüququnun yaranıb-yaranmaması, istifadə hüququnun xitam verilməsi üçün əsasların olub-olmaması) məsələləri hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, cavabdeh A.V.Məmmədova 2014-cü ildə mübahisəli mənzildən əşyalarını götürüb, daimi yaşamaq üçün valideynlərinin yaşadığı ünvana, yəni Agstafa şəhəri, Dag Kəsəmən kəndinə köçümşdür və hazırda iddiaçının ailə üzvü deyildir. Göründüyü kimi, cavabdehin mülkiyyətçiyə (İddiaçı) məxsus əmlakdan istifadə etmək imkanını təmin edən notariat qaydada təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış müqavilə yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsassızdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(060)-5208/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı mənzilə yaşayış hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən 49 nömrəli mənzilə yaşayış hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-608/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-608/2021
15.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver