Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-608/2025 22.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC-ni cəlb etməklə reqres qaydasında pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-577/2025 nömrəli, 07 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia tələbinin təmin edilməsi, Cavabdeh 1249,16 (bir min iki yüz qırx doqquz manat, on altı qəpik) manat məbləğində pul və 32,90 (otuz iki manat, doxsan qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC-ni cəlb etməklə reqres qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" ASC-dən kredit götürmüş və iddiaçı da ona zamin dayanmışdır. Cavabdeh kredit üzrə öhdəliklərini vaxtında yerinə yetirmədiyinə görə bank Sumqayıt Şəhər Məkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2009-cu il tarixli, 2(060)-2099/2009 nömrəli qətnaməsi ilə iddiaçıdan və Cavabdeh müştərək qaydada 2020 manat əsas və 335,30 manat faiz borcu cəmi 2355,30 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Daha sonra, xx.xx.2009-cu il tarixdə icra vərəqəsi icra edilməsi üçün Sumqayıt şəhər İcra Şöbəsinə göndərilmişdir. İcra vərəqəsindən uzun müddət keçməsinə baxmayaraq, əsas borclu Cavabdeh borc üzrə pullar tutulmamış və 2023-cü ilin axırlarında iddiaçının pensiyasından tutulmuşdur. Hazırda iddiaçının pensiyasından cavabdehin borcu ilə əlaqədar: xx.xx.2024-cü il tarixdə 234,1 manat, xx.xx.2024-cü il tarixdə 234,1 manat, xx.xx.2024-cü il tarixdə 260,32 manat, xx.xx.2024-cü il tarixdə 260,32 manat, xx.xx.2024cü il tarixdə 260,32 manat, ümumilikdə iddiaçıdan 1249,16 manat pensiyasından tutularaq cavabdehin "xxxx" ASC-yə olan borcuna ödənilmişdir. Cavabdehə iddiaçıdan tutulan pulun qaytarılması ilə bağlı dəfələrlə müraciətinə baxmayaraq, hazıradək heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin müvafiq qətnaməsi əsassızdır, mülki və mülki prossesual qanunvericiliyin tələblərinə cavab vermir. İş materiallarında olan hesabdan çıxarışlardan görünür ki, Cavabdeh kart hesabından xx.xx.2024-cü il tarixdə 234,10 manat, xx.xx.2024-cü il tarixdə 11,87 manat, xx.xx.2024-cü il tarixdə 234,10 manat, xx.xx.2024-cü il tarixdə 260,32 manat, xx.xx.2024-cü il tarixdə 260,32 manat, xx.xx.2024-cü il tarixdə 260,32 manat köçürülmələr həyata keçirilmişdir. Burdan görünür ki, iddiaçıdan və cavabdehdən eyni zamanda pul tutulmuşdur. Lakin, Cavabdeh İddiaçı 2024-cü ilin fevral ayında 200 manat, mart ayında 300 manat, ümumilikdə 500 manat ödəniş etmişdir. Belə olan halda hesab edir ki, məhkəmənin İddiaçı ilə Cavabdeh arasında olan borcdan irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığı qənaətinə gəlməsi əsassız və qanunvericiliyə zidddir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi iddiaçının (zamin) kart hesabından çıxarılmış pul vəsaitinin cavabdehdən (borcludan) geri tələb etməkdə haqlı olması ilə əsaslandırmış, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə Cavabdeh tərəfindən mübahisələndirilmişdir. İşdən görünür ki, iddia reqres qaydasında pul tələbi barədədir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 22 avqust 2008-ci il tarixli zəmanət müqaviləsinə əsasən "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış eyni tarixli kredit müqaviləsi üzrə zamin İddiaçı borclu Cavabdeh bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə, öhdəliklərin icrası üçün borclu ilə eyni həcmdə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 475-ci maddəsi təşkil edir. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur (Mülki Məcəllənin 475.1. və 475.2. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri də müqavilələrdir. Belə müqavilələrdən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. Borc müqavilə üzrə öhdəliyi müqavilə üzrə tərəf şəxsən daşıyır. Bəzən həmin öhdəliyin icrasının başqa şəxs tərəfindən icra edilə bilər. Belə hallardan biri də borc müqavilə üzrə öhdəliyin zaminlik müqaviləsi ilə təmin edilməsidir. Zaminlik müqaviləsi üzrə təmin edilən öhdəlik borclu tərəfindən icra edilmədikdə zamin olan şəxs tərəfindən realizə edilə bilər ki, edilmiş icra hərəkəti nəticəsində əldə çıxmış pul vəsaitini sonradan əsas borcludan tələb edə bilər. İddiaçı cavabdehin öhdəliyi üzrə yaranmış borc məbləğini ödəmişdir. Həmin pul vəsaiti ona cavabdeh tərəfindən ödənilmədiyinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, qətnamə qəbul edildikdən sonra cəmi 1249,16 manat borcun ödənilməsindən ötrü İddiaçı pensiyasından tutulmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-608/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-608/2025
22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver