Məhkəmə qərarları › İş №2(105)-610/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-610/2024

18.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-610/2024 18.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X13 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçı “Xırt” Birgə Təsərrüfatının nümayəndəsi X14, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı “Xırt” Birgə Təsərrüfatının Cavabdeh qarşı “torpağın özgənin sahibliyindən geri qaytarılması” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 14 dekabr 2023cü il tarixli, 2(027)-1245/2023 nömrəli qətnaməsindən iddiaçı “Xırt” Birgə Təsərrüfatı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “Xırt” Birgə Təsərrüfatı Cavabdeh qarşı torpağın özgənin sahibliyindən geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Xırt” Birgə Təsərrüfatına məxsus Quba rayonu Xırt kəndi ərazisində yerləşən 153 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Xırt” Birgə Təsərrüfatı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, “Təngə” sovxozunun AİK-nın Xırt kəndində “Xırt” birgə təsərrüfatının yaradılması ilə əlaqədar 14 oktyabr 1995-ci il tarixli, 07 saylı qərarı ilə “Xırt” birgə təsərrüfatı yaradılmış və Quba rayon Aqrar İslahat Komissiyasının qərarı ilə həmin qərar təsdiq edilərək, “Xırt” təsərrüfatının başçısı mərhum atası X7 tanınmışdır. O zaman “Xırt” birgə təsərrüfatının mülkiyyətinə Xırt kəndi ərazisindən faktiki 1980-ci ildən onların istifadəsində olan yaylaq sahəsindən 153 ha ərazi ayrılmışdır. O vaxt onlar “Xırt” birgə təsərrüfatına ayrılmış həmin torpaq sahəsinə dair 08 aprel 1996-cı il tarixli, 43 nömrəli akt və xəritə almışlar. Təsərrüfatları bir müddət rentabelli fəaliyyət göstərmiş, öz ailələrini kənd təsərrüfatı məhsulları ilə təmin etməklə yanaşı ölkə iqtisadiyyatına da öz tövhələrini vermiş, dövlət büdcəsinə və xalqa mənfəəti təmin edilmişdir. Bütün bəlaları bələdiyyə təsis edildikdən sonra konkret Güləzi Bələdiyyəsi yaradıldıqdan sonra başlamış və onların birgə təsərrüfatla bağlı qanunsuz hərəkətlər və qanuni rəsmi müraciətləri ilə bağlı bələdiyyənin hərəkətsizliyi hal-hazırda da davam edir. Belə ki, onların ailəsi 1999-cu ildən Güləzi Bələdiyyəsinin sabiq sədri X4 dövründən tamah üzündən artıq 20 ildən çoxdur ki, “Xırt” Birgə təsərrüfatına məxsus torpaq sahələrini faktiki itirmişlər. Onlar təsərrüfatlarına ayrılan sahədə qalıb işləməkləri üçün yaylaq evi tikərək yay mövsümünü orada yaşamış və təsərrüfatı idarə etmişlər. “Xırt” Birgə təsərrüfatının başçısı ataları vəfat etdikdən sonra vərəsələri kimi onlar birgə təsərrüfatı idarə etmişlər və vərəsələrdən X14 “Xırt” Birgə təsərrüfatının başçısı seçilmişdir. Güləzi Bələdiyyəsinin sədri olmuş Məhəmməd Balaqadaşov təsərrüfatın torpaq sahələrini qeyri-rəsmi olaraq oğlu Xıdır Ələsgərov vasitəsilə qeyri-qanuni kəndləri ilə heç bir əlaqəsi olmayan digər şəxslərin istifadəsinə vermiş, bundan sonrakı mübahisələrin səbəbkarı olmuşdur. Sonradan Güləzi bələdiyyəsinin sədri olmuş Xanəhməd Haşımov, Xıdır Ələsgərovla 24 sentyabr 2005-ci il tarixli, 10 saylı qərarla 15 il müddətinə qanunsuz müqavilə bağlayaraq onlara məxsus ərazini Xıdır Ələsgərovun vasitəçiliyi ilə həmin digər şəxslərin –Şamaxı rayon sakinlərinin istifadəsinə vermişdir. Bununla əlaqədar müxtəlif instansiyalara, o cümlədən Quba rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə, Torpaq Komitəsinə və bir neçə dəfə məhkəmələrə pozulmuş hüquqlarının bərpası üçün iddia ərizəsi ilə müraciətlər etsələr də, hüquqları çatan torpaqlarına de-fakto hüquqlarının bərpa etməyə müyəssər ola bilməmişlər. Çarəsiz qalıb Güləzi Bələdiyyəsinə məsələlərinin həll anınadək ərazilərinin 60 ha hissəsini icarəyə almaq üçün Bələdiyyə sədrinin vədlərinə inanaraq həmin bələdiyyə büdcəsinə 320 manat pul ödəsələr də, 25 may 2021-ci il tarixində “Xırt” birgə təsərrüfatına ayrılmış ərazidən 60 ha torpaq sahəsinə dair Güləzi bələdiyyəsilə mövsümi müqavilə bağlasalar da, onların heyvanları həmin əraziyə buraxılmamış və onlara qarşı cavabdeh öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdehin hərəkətlərindən Quba rayon İcra Hakimiyyətinə, Quba rayon Prokurorluğuna, Quba rayon Polis Şöbəsinə və Xaçmaz Regional Ədliyyə İdarəsinə köməklik göstərilməsi xahişi ilə müraciətlər etmişdir. Ədliyyə Nazirliyinin Xaçmaz Regional İdarəsinin xx.xx.2021-ci il tarixli, Quba rayon İcra Hakimiyyəti Başçısının müavini Ruslan Şahbalayevin xx.xx.2021-ci il tarixli onlara ünvanlanmış məktublardan aydın olduğu kimi yaranmış problemin həllində Güləzi bələdiyyəsinə ona köməklik göstərilməsi tapşırılmışdır. Quba RPŞ-nin TQ-nın baş təhqiqatçısı Famil Mirzəbəyovun xx.xx.2020-ci il tarixli, HK-1/43 saylı “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından görünür ki, Cavabdeh hərəkətlərində cinayət əlamətləri aşkar edilməsə də, onun mülki qaydada məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onların heyanlarının lazımi qaydada saxlanılmasına imkan verilməmiş, hətta heyvanları su və otlaq sahəsinə buraxılmamış, bu səbəbdən də heyvanlar tələf olmuş və onlara zərər vurulmuşdur. Beləliklə, cavabdeh özünün 2000-ə yaxın xırda buynuzlu və 100-ə yaxın iri buynuzlu heyvanatın onlara məxsus torpaq sahəsindən istifadə etmələrinə imkan vermir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Quba Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(027)-1245/2023 nömrəli qətnaməsi ilə İddiaçı “Xırt” Birgə Təsərrüfatının Cavabdeh qarşı torpağın özgənin sahibliyindən geri qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (hakim Rahim Həsənov). Qətnamədən narazı qalan iddiaçı “Xırt” Birgə Təsərrüfatı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(027)-1245/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “Xırt” Birgə Təsərrüfatı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin qətnaməsi ilə razılaşmırlar, hesab edirlər ki, bu qətnamə qəbul edilərkən məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyətli olan hallar tam və hərtərəfli araşdırılmamışdır. Hazırki işə baxılarkən müvəqqəti təminat tədbiri barədə qərardada əsasən torpaq sahəsinə Quba rayon İcra və probasiya şöbəsinin məmurları, DƏDKR publik hüquqi şəxsinin 5 saylı Əİ-nin mütəxəssisi, Yerli icra və bələdiyyə orqanlarının nümayəndələrinin, mübahisəli torpaq sahəsinin sərhəd qonşularının iştirakı ilə "Xırt" BT-nın mülkiyyətinə aid ərazinin koordinatları müəyyənləşdirilmişdir. Baxış tarixindən sonra qarşı tərəfin mübahisəli torpaq sahəsindən hansı əsasla istifadə etməsinə dair məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Halbuki o, həmin əraziyə aid xəritəni, torpaq aktını və s. sənədlərin surətlərini məhkəməyə və DƏDRK 5 saylı Əİ-nə təqdim etmişdir. Onda olan sənədin əslində həmin ərazi qırmızı xətlə işarələnsə də, Ərazi İdarəsinə xəritədən çıxarışın surəti təqdim olunmuşdur. Mütəxəssisin məhkəməyə verdiyi cavabda, təqdim etdiyi yerquruluşu xəritəsindən çıxarışda həmin təsərrüfata ayrılmış torpaq sahəsinin cizgiləri, koordinatları, yerləşməyə mövqeyi göstərilmədiyindən torpaq sahəsini naturada müəyyən etməyin mümkün olmaması qeyd olunmuşdur. Sonradan tərəflərindən xəritədən çıxarışın əsli məhkəməyə və 5 saylı ərazi idarəsinə təqdim edilmişdir. Bundan sonra mübahisəli əraziyə baxış keçirilməsi 08 sentyabr 2023-cü il tarixə təyin edilsə də, baxış barədə məktub ona baxış keçirilməsi tarixindən bir ay sonra verilmişdir. Tərəflərindən bu barədə məhkəməyə arayış təqdim olunmuşdur, amma bunlar nəzərə alınmadan və ekspertiza keçirilmədən əsassız qətnamə qəbul olunmuşdur. Güləzi bələdiyyəsi və Quba RİHB-nin Güləzi İƏD üzrə nümayəndəsi "Xırt" birgə təsərrüfatına ayrılmış torpaq sahəsi və əmlakı barədə əvvəlki məhkəmə proseslərində və hal-hazırki məhkəmə işində bir-birinə ziddiyyətli arayışlar vermişlər. Cavabdehin nümayəndəsi isə onların bundan əvvəlki məhkəmələrə müraciətlərində, "Xırt" birgə təsərrüfatına ayrılmış torpaq sahəsinin bələdiyyəyə verildiyi barədə yazdıqlarını bildirir ki, bu da əsassızdır, heç bir sübutu yoxdur. Eyni zamanda MTT barədə qərardad qəbul edilərək cavabdehə həmin ərazidən istifadə etmək qadağan edildiyi halda, cavabdeh istifadəni davam etdirmişdir, qərardadı icra etməmişdir. Mübahisənin predmeti olan torpaq sahəsinin “Xırt” birgə təsərrüfatının mülkiyyətində olması, həmin torpaq sahəsinin özgənin sahibliyində olması və bu sahibliyin qanunsuz olması məhkəmə araşdırması zamanı aydın olsa da, məhkəmə nəticədə səhv qənaətə gəlmiş və mülki qanunvericiliyin qeyd olunan maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə prosesində əldə olunmuş sübutlar düzgün qiymətləndirilməmişdir. Belə ki, torpaq sahəsinə dair Dövlət Aktını, Aqrar İslahat Komissiyasının qərarını, protokolunu, torpaq sahəsinin faktiki vəziyyəti ilə bağlı baxış aktını və s. sübutları məhkəməyə təqdim etsə də, həmin sənədlərə düzgün hüquqi qiymət verilməmişdir. Qətnamədə əsassız olaraq "Xırt" birgə təsərrüfatının subyektiv hüququnun olmaması qənaətinə gəlinmişdir. Mübahisələndirilən məsələnin obyektiv həll olunması və qərar qəbul edilməsi üçün ekspertiza təyin edilsə də, baxış keçirilməsi tarixi barədə baxış tarixindən bir ay keçdikdən sonra xəbərdar edilmişlər. Bundan sonra isə heç bir ekspertiza keçirilməmişdir. Hansı ki, torpaq sahəsinin onda olan xəritənin əslini, məhkəmənin ekspertiza keçirilməsi barədə məktubunu, ona göndərilən bildirişin gec təqdim edilməsi barədə arayışı məhkəməyə təqdim etmişdir. Amma ekspertiza keçirilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz verərək onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti tamamilə qanunsuz və əsassızdır. İddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Ona görə ki, verilmiş sorğulardan da aydın olur ki, iddiaçı “Xırt” birgə təsərrüfatı rəhbəri adından istifadə edən X14 ona və digər şəxslərə qarşı əsassız iddialarla məhkəməyə müraciət edərək, məhkəmənin vaxtını almaqla, məhkəmələri əsassız olaraq yükləməklə məşğuldur. Ona görə ki, “Xırt” birgə təsərrüfatının hal-hazırda heç bir torpaq sahəsi yoxdur. İddiaçının iddia etdiyi torpaq sahələri Quba rayonu Güləzi bələdiyyəsinin mülkiyyətinə aiddir. Ümumimiyyətlə birgə təsərrüfatda olan şəxslər Aqrar İslahat zamanı hər biri öz torpaq sahəsini (pay) almış, ayrıca təsərrüfatları ilə məşğuldurlar. “Xırt” birgə təsərrüfatı hal-hazırda mövcud deyildir. Bundan başqa iddiaçı ona qarşı dəfələrlə məhkəmələrdə iddia qaldırmış, iddia tələbi təmin edilməmişdir. Belə ki, “Elektron Məhkəmə İnformasiya” Sisteminə əlavə etdiyi Quba Rayon Məhkəməsinin 2(027)-136/2017 saylı, 06 yanvar 2017-ci il tarixli qətnaməsindən də görünür ki, iddiaçı özü qeyd etmişdir ki, birgə təsərrüfat bələdiyyələr yaranana kimi fəaliyyət göstərmiş, 2002ci ildə torpaq islahatı zamanı həmin sahələr bölgüyə salınmamış, bələdiyyə mülkiyyətinə verilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2012/2017 saylı, 22 iyun 2017-ci il tarixli qətnaməsilə apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 2(027)-136/2017 saylı, 06 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl barəsində Quba rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş, 12 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh və X9 Quba rayonu, Xırt kəndi ərazisində Güləzi bələdiyyəsinin müqaviləsi əsasında istifadə etdikləri yay-otlaq sahələri qonşuluq təşkil etdiyi üçün və hər hansı bir hasarlama işləri aparılmadığına görə zəbtin əlamətləri müşahidə edilməmişdir. X10 mübahisəli torpaq ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Beləliklə bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə bağlı hər hansı bir iddia tələbinin irəli sürülməsi üçün iddiaçının heç bir subyektiv hüququ yoxdur. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertiza zamanı mütəxəssis rəyinin alınması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisinin verdiyi arayışdan da göründüyü kimi “Xırt” birgə təsərrüfatına dair təqdim olunmuş yerquruluşu xəritəsindən çıxarışda həmin təsərrüfata ayrılmış torpaq sahəsinin cizgiləri göstərilmədiyindən, bu səbəbdən mütəxəssis qarşısına qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak iddiaçı “Xırt” Birgə Təsərrüfatının nümayəndəsi X14 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq üçüncü şəxslər Quba rayonu Güləzi bələdiyyəsi və Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Azərqaztəchizat” İB Quba rayon Təngə qoyunçuluq sovxozunun “Yerli Aqrar islahat komissiyasının iclasının 14 oktyabr 1995-ci il tarixli, 7 saylı protokolunun qərarına əsasən Xırt və Aydınkənd kənd sakinlərinin birgə təsərrüfat yaratmaq barədə 30 nəfərin ərizəsi nəzərə alınmaqla Xırt kənd birgə təsərrüfatının yaradılması haqqında 15 sentyabr 1995-ci il tarixli iclas qərarı təsdiq edilmiş, X19 adam başına 1,51 ha olmaqla 153 ha torpaq payı (ondan 40 ha əkin, 70 ha biçənək, 43 ha örüş) verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin arayışından görünür ki, Quba Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli 2(027)-1245/2023 saylı məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X23 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş Quba Rayon məhkəməsinin icraatında olan iş üzrə bildirilmişdir ki, məktubda göstərilən tarixdə iddiaçı, cavabdeh və digər şəxslərin iştirakı ilə mübahisəli torpaq sahəsində olmuşlar, sözügedən mübahisəli ərazinin ölçü və koordinatları GPS aləti vasitəsilə naturadan (yerdən) götürülmüşdür. Məktubda göstərilən 4-cü suala uyğun faktiki istifadə olunan və iddia olunan torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin tərəflər tərəfindən təqdim olunması bildirilmişdir. İddiaçı iddia olunan torpaq sahəsinə dair sənədlərin surətlərini təqdim etmişdir. Lakin cavabdeh və digər şəxslər sənədlərin surətlərini növbəti gün ərzində təqdim olunacağını bildirmişlər. Sözügedən mübahisəli torpaq sahəsinə dair tərəflər tərəfindən təqdim olunmuş sənədlər kameral şəraitdə araşdırılmışdır. Kameral araşdırma nəticəsində məlum olmuşdur ki, “X19 dair təqdim edilmiş yerquruluşu xəritəsindən çıxarışda həmin təsərrüfatda ayrılmış torpaq sahəsinin cizgiləri göstərilməmişdir. Bu səbəbdən də mütəxəssis qarşısına qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli, 2(027)-136/2017 saylı qətnaməsinə əsasən iddia tələbi rədd edilmiş, iddiaçı X9 Quba rayonu Güləzi bələdiyyəsi ilə X11 arasında 120 hektar örüş sahəsini 15 il müddətinə icarəyə verilməsi barədə bağlanmış 04 noyabr 2005-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Həmin qətnamədə məhkəmə müəyyən etmişdir ki, “icarəyəverən” Quba rayonu Güləzi Bələdiyyəsinin sədri X12 ilə “icarəçi” Quba rayon Künxırt kənd sakini X11 arasında 04 noyabr 2005-ci il Hüquqların Dövlət qeydiyyatı haqqında tarixdə icarə müqaviləsi bağlanmış, Quba rayonu Güləzi bələdiyyəsinin 24 sentyabr 2005- ci il tarixli 10 saylı qərarına əsasən Quba rayonu Güləzi bələdiyyəsinə məxsus 120 hektar örüş sahəsini 15 il müddətinə illik icarə haqqı 500 manat olmaqla X8 icarəyə vermiş və müqavilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin qeydiyyat kitabında 209 sayla 05 dekabr 2005-c il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 22 iyun 2017-ci il tarixli, 2(105)-2012/2017 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli, 2(027)-136/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədə hazırkı iddiaçı tərəfindən apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o və ailə üzvləri hal-hazırda mübahisələndirilən ərazi olan Güləzi bələdiyyəsinin “Qızıl-Qaya” adlı ərazisində yerləşən torpaq sahəsindən 1985-ci ildən mal-heyvanların yay mövsümündə saxlanılması üçün yaylaq sahəsi kimi istifadə etmişlər. Sonradan mərhum atası X5 rəhbərliyi altında “Xırt” birgə təsərrüfatı yaradılmış Quba rayon Aqrar İslahat Komissiyasının 08 aprel 1996-cı il tarixli 43 saylı qərarı ilə birgə təsərrüfatın üzvləri Xırt və Aydınkənd kəndlərinin sakinlərinə çatan 93 hektar örüş və 60 hektar ot çalğı sahəsi olmaqla ümumilikdə 153 hektar torpaq sahəsinə dair Akt və xəritə alınmışdır. Həmin torpaq sahələri 2005-ci ilədək təyinatı üzrə istifadələrində olmuşdur. Bununla yanaşı Respublikada aparılan torpaq islahatları və Bələdiyyələrin yaradılmasından sonra istifadələrində olan və hal-hazırda mübahisələndirilən həmin torpaq sahələrinə dair icarə müqaviləsi bağlanılaması üçün bələdiyyə rəhbərliyinə dəfələrlə rəsmi və şifahi etdikləri müraciətlər nəticəsiz qalmış, hər dəfə müxtəlif bəhanələrlə icarə müqaviləsinin bağlanılmasından imtina edilmişdir. Sonradan isə istifadələrində olan torpaq sahəsinə dair Güləzi bələdiyyəsi ilə X11 arasında icarə müqaviləsinin bağlanması məlum olmuşdur. Birinci instansiya məhkəməsində iddia tələbinin əsaslı olduğunu sübut edən çoxsaylı sənədlə iş materiallarına əlavə edilsə də, həmin sübutlara hüquqi qiymət verilməmiş, şahid ifadələri dinlənilməmiş, eyni zamnada qətnamədə iddia tələbinin təmin olunmalı olduğu qeyd edilsə də, nədənsə nəticə də əsassız hesab edilərək rədd edilmişdir. İş materiallarında olan Quba rayonu Güləzi bələdiyyəsinin 25 avqust 2023-cü il tarixli, 28 nömrəli arayışıdan görünür ki, Aqrar İslahat Komissiyasının xx.xx.1995-ci il tarixli iclas protokolu ilə “Xırt” birgə təsərrüfatına ayrılmış 153 ha torpaq sahəsi hal-hazırda mövcud deyildir. İş materiallarında olan Quba rayonu Güləzi bələdiyyəsinin 25 avqust 2023-cü il tarixli, 29 nömrəli arayışıdan görünür ki, , Aqrar İslahat Komissiyasının xx.xx.1995-ci il tarixli iclas protokolu ilə “Xırt” birgə təsərrüfatına ayrılmış 153 ha torpaq sahəsinin harada yerləşməsi barədə bələdiyyədə məlumat yoxdur. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının Güləzi kənd İƏD üzrə nümayəndəliyinin 25 avqust 2023-cü il tarixli, 5-61/2-41/2023 saylı arayışından görünür ki, X1 İƏD üzrə nümayəndəliyin Xırt kəndi qeydiyyatındadır, 2012-ci ildən Yeni Güləzi kəndində yaşayır. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının Güləzi kənd İƏD üzrə nümayəndəliyinin 25 avqust 2023-cü il tarixli, 5-61/2-42/2023 saylı arayışından göürünür ki, Güləzi kənd İƏD üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitablarında “Xırt” birgə təsərrüfatına aid heç bir iribuynuzlu və xırdabuynuzlu heyvan qeydə alınmamışdır. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının Güləzi kənd İƏD üzrə nümayəndəliyinin 25 avqust 2023-cü il tarixli, 5-61/2-43/2023 saylı arayışından göürünür ki, Güləzi kənd İƏD üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitablarında Xırt kənd sakini X9 adına son beş ildə iribuynuzlu və xırdabuynuzlu heyvanların qeydiyyatı aşağıdakı kimi olmuşdur: 2019-cu il üzrəxırdabuynuzlu 231 baş, 2020-ci il üzrə-xırdabuynuzlu 188 baş, at 1 baş 2021,2022,2023- cü illər üzrə heç bir iribuynuzlu və xırdabuynuzlu heyvan qeydə alınmamışdır. İş materiallarında olan Quba rayon Güləzi bələdiyyəsinin 25 avqust 2023-cü il tarixli 27 nömrəli arayışdan görünür ki, Aqrar İslahat Komissiyasının xx.xx.1995-ci il tarixli iclas protokolu ilə “Xırt” birgə təsərrüfatına ayrılmış 153 ha torpaq sahəsi Güləzi bələdiyyəsinin mülkiyyətinə aiddir. İş materiallarında olan Quba rayonu Güləzi bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş etirazdan görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. “Xırt” birgə təsərrüfatının adına bələdiyyə ərazisində dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi mövcud deyildir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respubliksı Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, “Xırt” birgə təsərrüfatına Quba rayon Aqrar İslahat Komissiyasının 08 aprel 1996-cı il tarixli 43 saylı qərarı ilə birgə təsərrüfatın üzvləri Xırt və Aydınkənd kəndlərinin sakinlərinə çatan 93 hektar örüş və 60 hektar ot çalğı sahəsi olmaqla ümumilikdə 153 hektar torpaq sahəsinə dair Akt və xəritə alınmışdır. X24 zamanı təsərrüfatın üzvləri olan kənd sakinlərinə Aqrar İslahatın qərarına əsasən pay torpaq sahələri verilmiş, vaxtilə “Xırt” birgə təsərrüfatına ayrılmış torpaq sahələrindən kənd sakinlərinə ayrılan torpaq sahələri çıxıldıqdan sonra yerdə qalan torpaq sahələri bələdiyyə mülkiyyətinə verilmişdir. İddiaçı “Xırt” birgə təsərrüfatının adından torpaq sahələrinin özgənin qanunsuz sahibliyindən geri tələb etsə də, təsərrüfata ayrılmasını iddia etdiyi torpaq sahəsinin müəyyən edilməsi üçün məhkəmə torpaqşunaslıq ekspertizası təyin edilmiş, iddiaçıya ayrılmış torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin birinci instansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, iddiaçı bundan əvvəl də məhkəmələrə eyni tələblərə müraciət etmiş, lakin həmin vaxtı da torpaq sahəsinin harada yerləşməsi müəyyən oluna bilməmiş, iddiaçının qanunu təmsilçisi öz izahatlarında və apellyasiya şikayətində “Xırt” birgə təsərrüfatına ayrılmış torpaq sahəsinin 2000-ci ildən sonra bələdiyyə mülkiyyətinə verildiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməsini bununla əsaslandırmışdır ki, iddiaçı “Xırt” birgə təsərrüfatının bələdiyyə ərazisində heç bir torpaq sahəsi mövcud deyildir. İddiaçının hazırkı iddianın qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bələdiyyə mülkiyyətində olan torpaq sahələri qanunauyğun olaraq icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə dair sərəncam verilməsi bələdiyyənin müstəsna səlahiyyətinə aiddir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İş materiallarında olan “Xırt” X2 3.6-cı bəndinə əsasən Rayon Aqrar İslahat Komissiyası birgə təsərrüfatın yaradılması haqqında yerli komissiyanın qərarını təsdiq etdikdən sonra onun adına dövlət aktı verir.Birgə təsərrüfatın adına dövlət aktı verilən andan torpaq sahəsi üzərində onun birgə mülkiyyət hüququ yaranmış olur. Yuxarıda qeyd olunanlara və iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının nümayəndəsi torpaq üzərində onun mülkiyyət hüququnu yaradan hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da müəyyən olunur ki, onun mübahisə predmeti olan torpaq sahəsinə dair hər hansı subyektiv hüququ yoxdur. Apellyasiya şikayətinin dəlillərində qeyd edilən cavabdehin mübahisə predmeti olan torpaq sahəsinə mülkiyyət hüququnun olmaması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin torpaq sahəsinə dair mülkiyyətini təsdiq edən hər hansı sübutları olmasa da, iddiaçının mübahisələndirilən torpaq sahəsinə hər hansı hüququ qeydə alınmadığından bunu mübahisələndirməyə subyektiv hüququ yoxdur. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakının dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarı). Bundan əlavə iş materiallarında olan ƏMDX DƏDKR publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texniki inventarlaşdırıcısı N.Nəbizadə tərəfindən verilmiş arayışdan da görünür ki, iddiaçı iddia olunan torpaq sahəsinə dair sənədlərin surətlərini təqdim etmişdir. Lakin cavabdeh və digər şəxslər sənədlərin surətlərini növbəti gün ərzində təqdim olunacağını bildirmişlər. Sözügedən mübahisəli torpaq sahəsinə dair tərəflər tərəfindən təqdim olunmuş sənədlər kameral şəraitdə araşdırılmışdır. Kameral araşdırma nəticəsində məlum olmuşdur ki, “Xırt” Birgə Təsərrüfatına dair təqdim edilmiş yerquruluşu xəritəsindən çıxarışda həmin təsərrüfatda ayrılmış torpaq sahəsinin cizgiləri göstərilməmişdir. Bu səbəbdən də mütəxəssis qarşısına qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır (i/v 68). Qeyd edilənlərə əsasən mütəxəssis rəyi verilmədiyindən ekspertizanın da aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “Xırt” Birgə Təsərrüfatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(027)-1245/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar