Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-617/2023 04.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, Ərizəçi maraqlı şəxs ƏMDX yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə Şamaxı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(074)- 1065/2022 saylı qətnaməsindən maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi barədə” xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı şəhəri, H.Mahmudbəyov küçəsi ev 2-də yerləşən nənəsi X2 adına olan 440 kv.m.torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət olan miras əmlakın tərəfindən bütövlükdə faktiki olaraq qəbul olunması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, nənəsi X4 xx.xx.1975-ci ıl tarixdə vəfat etmişdir. Vəfat edənə kimi Şamaxı şəhəri, Oktyabr küçəsi 4 saylı (hazırda H.Mahmudbəyov küçəsi 2)-də yaşamışdır. Həmin ev müəyyən vaxtlarda ünvan dəyişikliyi ilə əlaqədar Oktyabr küçəsi 2 ünvanı ilə də qeydiyyata alınmışdır. Atasından başqa nənəsinin 3 övladı da olmuşdur ki, onlar da hələ subaykən vəfat etmişlər, kimsələri qalmamışdır. Həmin vaxtdan evə atası yiyələnmiş və həmin evdə o yaşamışdır. Yəni faktiki olaraq miras əmlakı qəbul etmişdir. Hətta adına Texniki pasport da tərtib olunmuşdur. Lakin bu texniki pasport DƏDRX-də aşkar olunmamışdır. Anası Zəminə xx.xx.2009-cu il tarixdə, atası isə xx.xx.2017-ci il tarixdə vəfat etmişlər. Atası vəfat edərkən bacı qardaşlardan yalnız həmin evdə özü yaşamış və faktiki olaraq həmin əmlakı qəbul etmişdir. Digərlərinin isə hər birinin öz evləri var. Atası öləndən sonra onlar evdə yaşamamışlar və vərəsəliyi qəbul etmələri barədə ərizə də verməmişlər. Yeganə olaraq özü vərəsəliyi qəbul etmişdir. Evdə də xeyli tikinti abadlıq işləri aparmışdır. Ona görə də bu qədər xərcdən sonra öz əmlakını kiminləsə bölüşmək fikri də yoxdur. Sənədləşmə üçün Şamaxı regional “ASAN xidmət” mərkəzinə müraciət etmiş, orada da ona bildirilmişdir ki, mütləq məhkəməyə müraciət olunmalı məhkəmə miras əmlakın faktiki qəbul olunmasına dair qərar qəbul etməlidir. Göründüyü kimi nənəsindən miras qalmış əmlaka miras açıldığı gündən faktiki olaraq sahiblik edərək həmin əmlaklara faktikli olaraq yiyələnmişdir. Göstərilənlərə əsasən, Şamaxı şəhəri, H.Mahmudbəyov küçəsi ev 2-də yerləşən nənəsi X2 adına olan 440 kv.m.torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət olan miras əmlakın tərəfindən bütövlükdə faktiki olaraq qəbul olunması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(074)- 1065/2022 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Şamaxı şəhəri, H.Mahmudbəyov küçəsi ev 2-də yerləşən ərizçinin nənəsi X2 adına olan 440 kv.m.torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət olan miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir (hakim Etibar Hümbətov). Qətnamədən maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(074)-1065/2022 saylı qətnaməsinin ləğv edilməsini, ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamışdır. Mirasın qəbul etmə faktının müəyyən edilməsinə dair ərizələr Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən baxılmalıdır. Qeyd olunan maddəyə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər, lakin Şamaxı Rayon Məhkəməsi qanunun müddəalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında izah olunur ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Hazırkı iş üzrə məhkəmə tərəfindən miras qoyanın digər vərəsələrinin olubolmaması müəyyənləşdirilməmişdir. Bundan başqa ərizəçi notariat orqanına vərəsəlik hüququnun tanınması ilə bağlı müraciət etmiş, notariat orqanı isə bundan imtina etmişdir, buna baxmayaraq notariat orqanı işə cəlb edilməmişdir. Hazırkı formada qəbul edilən qətnamə isə Mülki Prosessual Məcəllənin 311-ci maddəsinin tələbinə ziddir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs ƏMDX yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, əmlak üzərində hüquqlar qeydiyyata alınmayıb. Yəni o miras əmlak kütləsinə qəbul oluna bilməz. İmtinanı notarius versə də, maraqlı şəxs qismində idarə cəlb olunub.Hüququn qeydiyyata alınması üçün notarius vərəsəlik haqqında şəhadətnamə verməlidir. O isə şəhadətnamə verməkdən imtina etmiş və tərəfə məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(074)- 1065/2022 saylı qətnaməsinin ləğv edilməsini və ərizənin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməməsini xahiş edir Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə əsaslı və işin faktiki halarına tam uyğundur. Mübahisəli əmlak uzun müddətdir ki, onun istifadə və sahibliyindədir. Miras əmlakı yeganə olaraq o qəbul etmişdir. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(074)- 1065/2022 saylı qətnaməsi ləğv edilməli, Ərizəçi miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Bu Məcəllənin 306.4-cü maddəsində qeyd olunur ki, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Eyni Məcəllənin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılır. Sadalanan maddi hüquq normalarını hazırkı işə tətbiq edən kollegiya qeyd edir ki, iş materiallarından aydın olur ki, mübahisə predmetini təşkil edən Şamaxı şəhəri, H.Mahmudbəyov küçəsi, ev 2-də yerləşən 440 kv.m.torpaq sahəsində yerləşən fərdi yaşayış evi, ərizəçinin nənəsi X1 miras qalmışdır. Ərizəçi sözügedən əmlakı faktiki qəbul etdiyini bildirmiş və bu faktın təsdiq edilməsi üçün məhkəməyə müraciət etmiş və məhkəmə onun ərizəsini təmin etmişdir. Ərizəçi mərhumun yeganə vərəsəsi kimi özünü qeyd etmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, ərizəçinin qardaşı X6 və bacısı X3 məhkəməyə ərizə ilə müraciət edərək, qeyd olunan miras əmlakda paylarının olmasını mübahisələndirmiş və iş üzrə maraqlı şəxs qismində cəlb olunmalarını xahiş etmişlər. Başqa sözlə hazırkı ərizədə təmin edilməsi xahiş edilən hüquq barədə tərəflər arasında mübahisə mövcuddur. Belə olan halda hazırkı ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı və qanuni hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından ödənilmiş dövlət rüsumu da ərizəçiyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinin tələblərinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılmışdırsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(074)- 1065/2022 saylı qətnaməsi ləğv edilməli, Ərizəçi miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 384.0.5 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(074)- 1065/2022 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi miras əmlakı qəbul etmə faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən "xxxx" ASC vasitəsi ilə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu (tarix xx.xx.2022, əməliyyat İD: 74608511, qəbzin nömrəsi: 25401, terminal kodu: K0173012, büdcə səviyyə kodu: 142213) geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-617/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-617/2023
04.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver