Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-618/2023 26.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X7 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, cavabdeh Xudat Mənzil Kommunal Təsərrüfatı İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Xudat Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə çıxarılmış Xaçmaz Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(067)-333/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim V.Qasımova) İddiaçı cavabdeh Xudat Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı işə bərpa və sair tələbə dair iddiasının təmin olunmaması qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xudat Mənzil Kommunal Təsərrüfat İdarəsinin xx.xx.2022-ci il tarixli 46 saylı əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ilk dəfə 2013-cü il tarixdə Xudat şəhərində yerləşən Xudat Yaşıllaşdırma İdarəsinə xadimə (süpürğəçi) vəzifəsinə əmək müqaviləsi ilə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli 46 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Aşağıda şərh olunanlara əsasən cavabdehin xx.xx.2022-- ci tarixli 46 saylı əmri ləğv edilməli, o öz işinə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqı ona ödənilməlidir. xx.xx.2022-ci il tarixdə səhər həmişəki qaydada işə gəldiyi zaman idarənin müdiri onu çağırmış və bildirmişdir ki, onu işdən çığartmaq istəyir. Əgər öz ərizənlə işdən çıxmasa Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə özü işdən çıxaracağını demişdir. O, isə ərizə yazmamış və səhərisi günü yenidən işə gəlmişdir. Lakin mühafizəçilər tərəfindən işə buraxılmamışdır. Bundan sonra müəssisəyə müraciət etmişdir ki, əmrin surəti ona verilsin, əmrin surəti ona verilmədi. Nəhayət dövlət orqanlarına şikayət edəndən sonra ona məlum oldu ki, həqiqətən də o, həmin maddəyə əsasən işdən çıxarılmışdır. Dəfələrlə Əmək və X5 Nazirliyi yanında X6 Xidmətinin Quba Regional Ərazi Şöbəsinə müraciətlər etmiş, müraciətə cavabda əmək haqqının və istifadə etmədiyi əmək məzuniyyətinin pul əvəzinin hesablanıb ödənilməsində Əmək Məcəlləsinin tələbləri cavabdeh tərəfindən pozulduğundan İXM-nin 192.4-cü maddəsinə və digər maddələrə əsasən işəgötürən inzibati məsuliyyətə cəlb edilərək cərimə olunmuşdur. O, heç vaxt işdən qalmamışdır. Onlar onu işdən qalmağını səbəb göstərib işdən çıxarıblar. Amma o, işdən qalmamışdır. Ona dedilər ki, işdən çıx, o, çıxmamış deyə onu 70-ci maddə ilə işdən çıxartdılar. Onun gecikmələri çox olub. Lakin rəhbərliklə bu barədə arasında problem olmayıb. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırlanan qətnamədə yuxarıda qeyd etdiyi maddələrin heç birinə istinad olunmayıb. İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən birinci növbədə onunla ləğv olunan əmək müqaviləsinin zəruriliyi əsaslandırılmamışdır. Məhkəmə işəgötürənin qanunazidd apardığı araşdırmanı əsas saymışdır. Məhkəmə onun yox cavabdehin təqdim etdiyi əsassız sübutlara qiymət verərək qətnamə çıxarmışdır. Hakim tərəfindən şahidlər məhkəməyə dəvət olunsa da cavabdehin ifadələrini təsdiq edəcək heç bir şahid məhkəməyə gəlməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh Xudat Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəisi X4 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh Xudat Mənzil Kommunal Təsərrüfatı İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni iddiaçı tərəfindən qeyd etdiyi halları təsdiq edən sübutların təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Baxılan iş üzrə iddia tələbi əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədədir. İddiaçı 2013-cü il tarixindən 22 iyul 2022-ci il tarixə kimi Xudat Yaşıllaşdırma İdarəsində işləməsi işin mübahisəsiz halıdır. İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 300-cü maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri nəzərdə tutulmuşdur. Bura Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilmənin əsaslarının pozulması və ya Məcəllənin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməməsi, habelə 79-cu maddədə nəzərdə tutulmuş hallara əhəmiyyət verilməməsi daxildir. Lakin hazırkı işdə işəgötürən tərəfindən qeyd olunan halların pozulması ilə müqaviləni ləğv etməsi müəyyən edilmir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranmış əmək münasibətləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından ləğv edildiyindən, iddiaçının əmrin ləğv edilərək işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətləri, eləcə də maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-618/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-618/2023
26.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver