Məhkəmə qərarları › İş №2(105)-619/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-619/2025

22.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-619/2025 22.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtomobilə dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2(059-148/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Siyəzən Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddianın təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 480 (dörd yüz səksən) manat məbləğində maddi zərərin və ödənilmiş 30 manat (otuz) manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı avtomobilə dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilinə vurulmuş 480 manat məbləğində maddi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 oktyabr 2024-cü il tarixdə, təxminən saat 18:00 radələrində, Mətbuat prospekti istiqamətində “Mercedes C 180” markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomaşın etibarnamə əsasında, İddiaçı oğlu Zöhrab Əmrahovun idarəçiliyində, hərəkətdə olarkən, Cavabdeh tərəfindən icarəyə götürülməklə, sonuncu tərəfindən etibarnamə əsasında idarə edilən “Mercedes Benz-Sprinter Mikroavtobus” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomaşının yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində vurulmuş, nəticədə, iddiaçının etibarnaməli idarəçiliyində olan avtomobilə zərər dəymişdir. Bundan sonra, Bakı şəhər BPİ-nin DYPİ-nin 04 noyabr 2024-cü il tarixli TP ******* nömrəli elektron qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin, “X6”dən alınan 15 noyabr 2024-cü il tarixli qüsur aktına əsasən, avtomaşına cəmi 480 manat ziyan dəyməsi müəyyən olunmuşdur. Məhz cavabdehin səhlənkarlığı və nəzarətsizliyi səbəbindən yolnəqliyyat hadisəsi nəticəsində əmlakına maddi zərər dəymiş və hazırda avtomobili istifadə üçün tam yararlı vəziyyətdə deyildir. Bundan başqa, cavabdehə dəfələrlə yazılı və şifahi müraciətlər etsə də, sonuncu, öz öhdəliyini yerinə yetirməkdən boyun qaçırmışdır. Habelə, yol-nəqliyyat hadisəsi baş verən zaman cavabdehin idarə etdiyi “Mercedes Benz-Sprinter Mikroavtobus” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomaşının icbari sığortası olmadığına görə dəymiş zərər sığorta şirkətlərindən tələb oluna bilmir. Ona görə də iddiaçıya dəymiş zərər ödənilməyərək qalmaqdadır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Zəkiyev X1 Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv olunması, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Lakin birinci instansiya məhkəməsi iş materiallarına nə icarə müqaviləsini, nə də etibarnaməni əlavə etmədən, heç bir hüquqi əsas olmadan qərar çıxarmışdır. Birinci instansiya məhkəməsi onun hadisəyə aid olub-olmadığını araşdırmamış, iş materiallarına nə icarə müqaviləsi, nə də etibarnamə əlavə etməmişdir. Məhkəmə maddi və prosessual normaları kobud şəkildə pozaraq, nə məntiqə, nə faktlara, nə də hüquqa söykənən bir qətnamə qəbul etmişdir ki, bu da yolverilməzdir. Sözügedən avtomaşın AC № 815082 saylı qeydiyyat şəhadətnaməsinə əsasən X2 məxsusdur. Sözügedən qəza ilə bağlı iddiaçı protokoldan şikayət etmiş, lakin müddəti ötürdüyünə görə inzibati qərar ləğv edilməmişdir. İşin hallarından göründüyü kimi çəkişmə prinsipinə riayət olunmamış, ona məhkəmə barəsində heç bir məlumat verilməmiş, heç bir aidiyyatı olmayan iş üzrə məhkəmə əsassız olaraq onu cavabdeh qismində işə cəlb etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarına nə icarə müqaviləsini, nə də etibarnaməni əlavə etmədən, heç bir hüquqi əsas olmadan qərar çıxarmışdır. Sübutlara düzgün qiymət verilməmiş, cavabdehin işə nə aidiyyatı olması belə araşdırılmamışdır. Məhkəmə sözügedən avtomaşının kimin adına olunması, etibarnamənin olub-olmaması, icarə müqavilənin olub-olmasını araşdırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən guya sözügedən avtomobili etibarnamə əsasında idarə etdiyi və icarəyə götürməyini məhkəmə müəyyən etmiş, lakin bunu təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, teleqram ünvanlayaraq məhkəmə iclasında iş çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehin səhlənkarlığı və nəzarətsizliyi səbəbindən yol-nəqliyyat hadisəsi nəticəsində əmlakına maddi zərər dəyməsi və hazırda avtomobili istifadə üçün tam yararlı vəziyyətdə olmaması, cavabdehə dəfələrlə yazılı və şifahi müraciətlər edilsə də, sonuncu, öz öhdəliyini yerinə yetirməkdən boyun qaçırması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 30 oktyabr 2024-cü il tarixdə, təxminən saat 18:00 radələrində, Mətbuat prospekti istiqamətində “Mercedes C 180” markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomaşın etibarnamə əsasında, İddiaçı oğlu Zöhrab Əmrahovun idarəçiliyində, hərəkətdə olarkən, Cavabdeh tərəfindən icarəyə götürülməklə, sonuncu tərəfindən etibarnamə əsasında idarə edilən “Mercedes Benz-Sprinter Mikroavtobus” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomaşının yolnəqliyyat hadisəsi törətməsi işin mübahisəsiz halıdır. Mövcud iş üzrə iddia tələbi maddi zərərin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1096.1., 1097.1, 1108.1-ci maddələri təşkil edir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (Mülki Məcəllənin 1108.1. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar