Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-622/2023 22.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Şamaxı rayon Dövlət Notariat Kontoru, Cavabdeh2, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəliyi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: ərizənin, torpaq sahəsinin alqı-satqısına dair müqavilənin və torpağa mülkiyyət hüququna dair Dövlət Aktının etibarsız hesab edilməsi) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X5 Qafari və X2 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi, İddiaçıların nümayəndəsi və İddiaçı2 vəkili Vəkil2, Cavabdeh1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Şamaxı rayon Dövlət Notariat Kontoru, Cavabdeh2, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəliyi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “ərizənin, torpaq sahəsinin alqı-satqısına dair müqavilənin və torpağa mülkiyyət hüququna dair Dövlət Aktının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Şamaxı rayon Dövlət Notariat Kontoru, Cavabdeh2, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəliyi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı « ərizənin, torpaq sahəsinin alqı-satqısına dair müqavilənin və torpağa mülkiyyət hüququna dair Dövlət Aktının etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 adından tərtib edilərək imzalanmış və Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 12 avqust 2005-ci il tarixli ərizənin, Cavabdeh2 ilə Cavabdeh1 arasında Şamaxı Rayon Dövlət Notariat Kontorunda bağlanmış 19 avqust 2005-ci il tarixli “torpaq sahəsinin alqı-satqısına dair” müqavilənin və Cavabdeh1 adına verilmiş “torpağa mülkiyyət hüququna dair” JN-1293, KOD 41001004 nömrəli xx.xx.2006cı il tarixli Dövlət Aktının iddiaçılara məxsus torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 16 aprel 2001-ci il tarixli 04 saylı qərarı əsasında Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 4,03 ha torpaq sahəsi torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh2 və onların mülkiyyətlərinə verilmişdir. Daha sonra torpaq sahəsi iki hissəyə bölünməklə DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən onlara xx.xx.2021-ci il tarixində iki ədəd: **********11 reyestr nömrəli, ********** qeydiyyat nömrəli (3,528 ha) və **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli (0,5009 ha) dövlət reyestrindən Çıxarışlar verilmişdir. 2021-ci ilin yay aylarında pula ehtiyacları olduğuna, eləcə də, torpaq sahəsindən istifadəyə zəruri ehtiyacı olmadığına görə, mülkiyyətlərində olan 3,528 ha torpaq sahəsini satmaq qərarına gəlmiş və xx.xx.2021-ci il tarixində Şamaxı regional “ASAN XİDMƏT”mərkəzində notariat ofisində bağlanmış AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi ilə torpaq sahəsini X1. Lakin təxminən 2021-ci ilin noyabr-dekabr aylarında Cavabdeh1 onlara və başqalarına qarşı Şamaxı Rayon Məhkəməsində qaldırdığı iddia üzrə məhkəmə araşdırmasının nəticələrində onlara məlum olmuşdur ki, Cavabdeh2 2005ci ildə saxta sənədlər əsasında torpaq sahəsini Cavabdeh1 satmışdır. Belə ki, Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 12 avqust 2005ci il tarixli ərizədə qeyd edilib ki, guya iddiaçılardan İddiaçı1, İddiaçı2 və İddiaçı4 mülkiyyətdə olan torpaq sahəsinin satılmasına etiraz etmirlər. Halbuki, adı çəkilən iddiaçılar belə bir ərizə yazmayıblar və imzalamayıblar. Bu ərizənin mövcudluğundan yalnız və yalnız Cavabdeh1 iddiası üzrə Şamaxı Rayon Məhkəməsində araşdırma aparılarkən məlumatlı olublar. İddiaçılardan İddiaçı2 xx.xx.2005-ci il tarixində X8 Aeroportundan təyyarə vasitəsilə Rusiya Federasiyasına getmiş və xx.xx.2005-ci il tarixində Azərbaycana geri qayıtmışdır. Yəni, nə Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə nümayəndəsi tərəfindən 12 avqust 2005-ci il tarixli ərizə təsdiq edilərkən, nə də Cavabdeh2 ilə Cavabdeh1 arasında Şamaxı Rayon Dövlət Notariat Kontorunda 19 avqust 2005-ci il tarixli “torpaq sahəsinin alqı-satqısına dair” müqavilə bağlanarkən İddiaçı2 ümumiyyətlə, Azərbaycan Respublikasında olmamışdır. Bu fakt Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 33/2376 saylı məktubla öz təsdiqini tapmışdır. Bundan başqa, Şəhriyar qəsəbəsi Şamaxı şəhərinə demək olar ki, bitişikdir və notariat kontorunun olmadığı yaşayış məntəqəsi hesab edilmir. Ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinin satılması məqsədi ilə iddiaçıların Şamaxı şəhərində yerləşən notariusa getməsinə heç bir maneə və çətinlik yox idi. Lakin iddiaçıların məlumatı və xəbəri olmadan Cavabdeh2 ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində sərəncam vermək üçün Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vasitəsilə saxta ərizə məzmununun tərtib edilərək təsdiq olunmasına nail olmuş və Şamaxı Rayon Dövlət notariat Kontoruna vermişdir. Şamaxı Rayon Dövlət Notariat Kontoru isə öz növbəsində, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında “torpaq sahəsinin alqı-satqısına dair” 19 avqust 2005-ci il tarixli müqaviləni təsdiqləmişdir. Bağlanmış alqı-satqı müqaviləsi əsasında isə Cavabdeh1 JN-1293, KOD 41001004 nömrəli “torpağa mülkiyyət hüququna dair” xx.xx.2006- cı il tarixli Dövlət Aktı verilmişdir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, 2006-cı ildə ailəsinə məxsus 4,03 hektar torpaq sahəsini əkib becərmədiyi üçün Cavabdeh1 təxminən 800 ABŞ dolları məbləğində icarəyə vermiş, lakin həmin müddət bitdikdən sonra o, dəfələrlə Cavabdeh1 torpağı satmaq istədiyini, onunla razılaşmasını bildirmiş, lakin Zaur onun sözünə məhəl qoymamışdır. O, da 2021-ci ildə ailə üzvləri ilə birgə Şamaxı Asan xidmət mərkəzində qanuna müvafiq qaydada pulunu alıb, sözügedən torpaq sahəsini satmışlar. 2006-cı ildə Cavabdeh1 torpağı icarəyə verərkən ailə üzvlərindən heç biri, heç bir yerdə razılıq imzaları belə etməmişlər.
5. JN-1293 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, 78.99 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır. Həmin dövlət aktı ilə Cavabdeh2 məxsus olan torpaq sahələri də Cavabdeh1 mülkiyyətinə keçmişdir.
6. **********11 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 3.528 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2, İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı4 və İddiaçı1 mülkiyyət hüquqları 17 iyul 2021-ci ildə qeydə alınmışdır.
7. 19 avqust 2005-ci il tarixli 4-871 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Dövlət torpaq komitəsi tərəfindən verilmiş JN-1091 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 4.03 hektar torpaq sahəsini Cavabdeh1 ******* manata satmışdır.
8. 02 avqust 2021-ci il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2, İddiaçı3, İddiaçı5, İddiaçı2, İddiaçı4 və İddiaçı1 Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən ümumi sahəsi 0.5009 ha torpaq sahəsini X3 3000 manata satmışlar.
9. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2022-ci il tarixli, 33/2376 saylı məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı2 2005-ci il ərzində dövlət sərhədindən hərəkəti barədə, xx.xx.2005-ci il tarixdə Rusiyaya çıxış, xx.xx.2005-ci il tarixdə giriş məlumatları qeyd edilmişdir.
10. Şamaxı RİHB Şəhriyar qəsəbə İƏD üzrə nümayəndəliyinin 24 oktyabr 2022ci il tarixli № 28 saylı məktubundan görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Əliyeva X6 qəsəbəsində qeydiyyatda olduqlarına baxmayaraq onların heç biri uzun illərdir ki,Şəhriyar qəsəbəsində yaşamırlar. Şamaxı şəhərində yaşayırlar.Onların torpaq alqısatqısı zamanı nümayəndəliyə heç bir sənəd qəbul olunmayıb və nümayəndəliyin alqısatqı zamanı iştirakı olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
11. Şamaxı Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(074)-919/2022 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Şamaxı rayon Dövlət Notariat Kontoru, Cavabdeh2, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəliyi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “ərizənin, torpaq sahəsinin alqı-satqısına dair müqavilənin və torpağa mülkiyyət hüququna dair Dövlət Aktının etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar həmin torpaq sahəsinin birgə mülkiyyətçiləri olduğundan həmin torpaq sahəsinin satılmasından məlumalı olmalı idilər. Həmin torpaq sahəsi 19 avqust 2005-ci il tarixdə Cavabdeh1 satılmış, iddiaçıların mövcud iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçılar mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdürlər. Buna görə də iddia tələbi təmin edilməməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 367.1, 354.1, 354.2, 372.2, 377.1 və 375.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
14. İddiaçı2 apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(074)-919/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 12 avqust 2005-ci il tarixli ərizədə qeyd edilib ki, guya iddiaçılardan İddiaçı1, İddiaçı2 və İddiaçı4 mülkiyyətdə olan torpaq sahəsinin satılmasına etiraz etmirlər. Halbuki, adı çəkilən iddiaçılar belə bir ərizə yazmayıblar və imzalamayıblar. Bu ərizənin mövcudluğundan yalnız və yalnız Cavabdeh1 iddiası üzrə Şamaxı Rayon Məhkəməsində araşdırma aparılarkən məlumatlı olublar. Bildirmək istəyir ki, o, xx.xx.2005-ci il tarixdə Rusiya Federasiyasına getmiş və xx.xx.2005ci il tarixində Azərbaycana geri qayıtmışdır. Yəni, nə Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə nümayəndəsi tərəfindən 12 avqust 2005-ci il tarixli ərizə təsdiq edilərkən, nə də Cavabdeh2 ilə Cavabdeh1 arasında Şamaxı Rayon Dövlət Notariat Kontorunda 19 avqust 2005-ci il tarixli “torpaq sahəsinin alqı-satqısına dair” müqavilə bağlanarkən o, ümumiyyətlə, Azərbaycan Respublikasında olmamışdır. Bu fakt Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 33/2376 saylı məktubla öz təsdiqini tapmışdır. Bundan başqa, Şəhriyar qəsəbəsi Şamaxı şəhərinə demək olar ki, bitişikdir və notariat kontorunun olmadığı yaşayış məntəqəsi hesab edilmir. Ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin satılması məqsədi ilə iddiaçıların Şamaxı şəhərində yerləşən notariusa getməsinə heç bir maneə və çətinlik yox idi. Lakin iddiaçıların məlumatı və xəbəri olmadan Cavabdeh2 ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində sərəncam vermək üçün Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vasitəsilə saxta ərizə məzmununun tərtib edilərək təsdiq olunmasına nail olmuş və Şamaxı Rayon Dövlət notariat Kontoruna vermişdir. Şamaxı Rayon Dövlət Notariat Kontoru isə öz növbəsində, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında “torpaq sahəsinin alqı-satqısına dair” 19 avqust 2005-ci il tarixli müqaviləni təsdiqləmişdir. Bağlanmış alqı-satqı müqaviləsi əsasında isə Cavabdeh1 JN-1293, KOD 41001004 nömrəli “torpağa mülkiyyət hüququna dair” xx.xx.2006-cı il tarixli Dövlət Aktı verilmişdir. Faktiki olaraq, onların paylı mülkiyyətində olan torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı 19 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən onların razılığı alınmamışdır. Məhkəmə istinad etdiyi maddi hüquq normalarını iddia tələbində göstərilən faktlarla və iş materiallarına əlavə edilmiş təkzibedilməz sübutlarla qarşılıqlı qiymət versəydi, onlar tərəfindən iddia müddətinin ötürülmədiyinin aşkar olduğunu müəyyənləşdirə bilərdi. Belə ki, iş materialları ilə tam sübuta yetirilmişdir ki, nə iddiaçılar Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə nümayəndəsi tərəfindən 12 avqust 2005-ci il tarixli ərizə təsdiq edilərkən orada iştirak etməyiblər və ərizəni imzalamayıblar, nə də o, həmin ərizə imzalanarkən və alqı-satqı müqaviləsi bağlanarkən Azərbaycan Respublikasında olmamışdır. Bundan başqa, iş materialları ilə o da müəyyən olundu ki, onlar uzun müddətdir ki, torpaq sahəsinin yerləşdiyi Şəhriyar qəsəbəsində yaşamır və mübahisəli torpaq sahəsindən məlumatsız olmaları normaldır. İş materialları ilə müəyyən olunmuş bütün bu hallar nəzərə alınsa, torpaq sahəsi ilə bağlı cavabdehlər Cavabdeh2la Cavabdeh1 arasında bağlanmış müqavilədən onların məlumatsız olmasına şübhə ilə yanaşılması tamamilə əsassızdır və məntiqsizlikdir. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Eyni zamanda, məhkəmə öz qətnaməsində zəruri prosessual hüquq normalarının heç birinə nə istinad etməmiş, nə də prosessual qanunvericiliyin tələblərinə əməl edilməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. İddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
18. Cavabdeh1 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi.
19. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı2 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi, yən İddiaçı2 apelyasiya şikayəti üzrə hissəsinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
22. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(074)-919/2022 nömrəli qətnaməsini İddiaçı2 apelyasiya şikayəti hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Maddə Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5.Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 46. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(074)-919/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
27. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir.
29. Apellyator apellyasiya şikayətində bildirmişdir ki, məhkəmə iddia müddətini tətbiq etməkdə haqlı olmamışdır.
30. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar həmin torpaq sahəsinin birgə mülkiyyətçiləri olduğundan həmin torpaq sahəsinin satılmasından məlumatlı olmalı idilər. İşin materiallarından görünür ki, həmin torpaq sahəsi 19 avqust 2005-ci il tarixdə Cavabdeh1 satılmış, iddiaçıların mövcud iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçılar mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdürlər.
31. Şikayətin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegyiası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə kollegiyasının qənaətincə apellyatorun özünün və ailə üzvlərinin kənd təsərrüfatı təyinatlı, özü də 4.03 hektar həcmində torpaq sahəsinin başqasına satılmasından xəbərdar olmamaları, habelə uzun müddət – 17 il ərzində ərzində həmin sahəni başqasının istifadə etməsini görməmələri və bu barədə məlumatlı olmamaları inandırıcı deyildir. Eləcə də qeyd edildiyi kimi iddiaçılar həmin torpaq sahəsinin birgə mülkiyyətçiləri olmaqla, həmin torpaq sahəsinin satılmasından məlumatlı olmamaları mümkünsüzdür. Odur ki, məhkəmə kollegyiası iddia müddətinin ötürülməsi barədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edir.
32. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yalnız yuxarıda qeyd edilən halları və maddi hüquq normalarını göstərməklə mübahisəni həll etməsi yetərli deyildir. Çünki, bu xarakterli mübahisələrə baxılarkən göstərilənlərlə yanaşı səlahiyyətsiz şəxsin əşyaya sərəncam verməsi halında əqdi bəyənmə və hüquqdan sui-istifadə qadağası ilə bağlı qaydalar da nəzərə alınmalı, işin əhəmiyyət kəsb edən faktiki halları mülki qanunvericiliyin aidiyyəti normaları ilə birlikdə dəyərləndirilməklə qanuni və ədalətli nəticəyə gəlinməlidir.
33. Bununla belə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kollegiya birinci instansiya məhkəməsinin nəticə etibarı ilə düzgün olan qətnaməsinin aşağıda aparılmış dəyərləndirmə baxımdan ləğv edilməsi üçün əsas görmür.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli qərarında vurğulamışdır ki, xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
35. Baxılan iş üzrə mübahisə predmeti olan torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətində olmuşdur. Məlum olduğu kimi, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Belə əşyaya sərəncam verilməsi qaydaları Mülki Məcəllənin 222-ci maddəsində tənzimlənir. Həmin maddəyə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.
36. Bundan əlavə, səlahiyyəti olmayan şəxsin əşyaya sərəncam verməsi və onun nəticələri ilə bağlı hüquq münasibətləri Mülki Məcəllənin digər normaları ilə də tənzimlənmişdir.
37. Belə ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
38. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.
39. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
40. Apellyator şikayətdə qeyd edir ki, 12 avqust 2005-ci il tarixli ərizədə qeyd edilən imza ona məxsus olmamışdır. Eyni zamanda göstərir ki, xx.xx.2005-ci il tarixdə Rusiya Federasiyasına getmiş və xx.xx.2005-ci il tarixdə Azərbaycana geri qayıtmışdır. Yəni, nə Şamaxı RİHB-nın Şəhriyar qəsəbəsi üzrə nümayəndəsi tərəfindən 12 avqust 2005-ci il tarixli ərizə təsdiq edilərkən, nə də Cavabdeh2 ilə Cavabdeh1 arasında Şamaxı Rayon Dövlət Notariat Kontorunda 19 avqust 2005-ci il tarixli “torpaq sahəsinin alqısatqısına dair” müqavilə bağlanarkən o, ümumiyyətlə, Azərbaycan Respublikasında olmamışdır.
41. Kollegiya şikayətin həmin dəlilləri ilə razılaşmır.
42. 19 avqust 2005-ci il tarixli 4-871 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Dövlət torpaq komitəsi tərəfindən verilmiş JN-1091 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 4.03 hektar torpaq sahəsini Cavabdeh1 6.000.000 manata satmışdır.
43. İşdən görünür ki, iddiaçılar ailə üzvləridirlər və torpağın yerləşdiyi Şamaxı rayonu, Şəhriyar qəsəbəsinin sakinləridirlər. Cavabdeh2 tərəfindən ailə üzvlərinə verilmiş torpağın satılmasına dair 2005-ci ildə notarial qaydada müqavilə bağlanmış və torpaq sahəsi Cavabdeh1 satılmışdır. Həmin ildən torpaq sahəsi cavabdehin sahibliyində və istifadəsinə verilmişdir.
44. F.Nəcəfovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 03.03.23 tarxli qərarında aşağdakılar qeyd edilir;
45. Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
46. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
47. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir.
48. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir.
49. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir.
50. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.
51. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alan kollegiya hesab edir ki, apelyatorun özünün və ailə üzvlərinin kənd təsərrüfatı təyinatlı, özü də 4.03 hektar həcmində torpaq sahəsinin başqasına satılmasından xəbərdar olmamaları, habelə sakini olduqları qəsəbədə həmin sahəni bir neçə il ərzində başqasının istifadə etməsini görməmələrinin mümkünlüyü (inandırıcılığı) əsaslandırılmamışdır.
52. Ona görə də kollegiya hesab edir ki, Cavabdeh2 Azərbaycan Respublikası Dövlət torpaq komitəsi tərəfindən verilmiş JN-1091 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 4.03 hektar torpaq sahəsini Cavabdeh1 ******* manata satmasına dair 19 avqust 2005-ci il tarixli 4-871 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz.
53. Kollegiya iddia tələbinin Cavabdeh1 adına verilmiş “torpağa mülkiyyət hüququna dair” JN-1293, KOD 41001004 nömrəli xx.xx.2006-cı il tarixli Dövlət Aktının iddiaçılara məxsus torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi və apellyasiya şikayəti bu hissədə də əsassızıdır.
54. JN-1293 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, 78.99 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır. Həmin dövlət aktı ilə Cavabdeh2 məxsus olan torpaq sahələri də Cavabdeh1 mülkiyyətinə keçmişdir.
55. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;
56. Göründüyü kimi mübahisəli torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə verilməsinə dair JN-1293 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı verilərkən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Ona görə də iddia tələbi və şiakyətin dəlilləri əsassızdır.
57. Kollegiya iddia tələbinin və şikayətin dəlillərinin 12 avqust 2005-ci il tarixli ərizənin etibarsız hesab edilməsi hissəsi ilə də razılaşmır.
58. Belə ki, məhkəmə kollegiyası tərəfindən Cavabdeh2 Azərbaycan Respublikası Dövlət torpaq komitəsi tərəfindən verilmiş JN-1091 nömrəli kod 41001004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 4.03 hektar torpaq sahəsini Cavabdeh1 ******* manata satmasına dair 19 avqust 2005-ci il tarixli 4-871 saylı alqı-satqı müqaviləsinin etibarlı müqavilə hesab etməsi, həmin ərizələrin etibarlı olub olmamasını əhəmiyyətsiz hala gətirir. Ona görə də kollegiya hesab edir ki, iddia və şikayətin dəlilləri bu hissədə də təmin edilə bilməz.
59. Yekunda kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir;
60. Konstitusiya Məhkəməsinin Plenumu B.Qasımovun şikayəti üzrə xx.xx.2019cu il tarixli qərarında göstərmişdir ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər.
61. Nəzərə alınmalıdır ki, mübahisəli sahənin cavabdehə satılmasından müqaviləni imzalamamış mülkiyyətçi(lər)in məlumatlı olduqları, özlərinin davranışları ilə əqdi bəyənmələri müəyyən edildiyindən, hazırkı iddianın irəli sürülməsinə, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi, yəni hüquqdan sui-istifadə baxımından hüquqi qiymət verilməlidir.
62. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan suiistifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir .
63. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir.
64. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(074)-919/2022 nömrəli qətnaməsi dəyişdirilmdən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2(074)-919/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.