Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-629/2023 16.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(060)-1789/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, st.Sumqayıt ərazisində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 13 iyul 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan övladları yoxdur. O, ailə həyatı qurduqdan sonra cavabdehlə birlikdə valideynlərinə məxsus mənzildə yaşamışlar. Orada yaşadıqları müddətdə elə həmin ərazidə cavabdehlə birlikdə birgə vəsaitləri hesabına 2012-ci ildə Sumqayıt şəhəri, st.Sumqayıt ərazisində 2.5 sot torpaq sahəsi almış, 2 otaqlı fərdi yaşayış evi tikmiş və 2012-ci ildə həmin evə köçmüşlər. Bütün cehiz əmlakları da hazırda həmin mənzildədir. Artıq onların ailə münasibətləri pisləşmiş və Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-301/2021 saylı 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə nikah qeydləri ləğv olunmuşdur. Aralarında mübahisə olduğundan cavabdeh onu evdən qovmuşdur. Cavabdeh onun həmin evdə yaşamasına mane olur. Onun həmin evdə yaşayış hüququ var. Hesab edir ki, onun həmin fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməlidir. Mübahisəli mənzil Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməmiş və mənzilə dair çıxarış verilməmişdir. Buna görə də mənzil xüsusi mülkiyyətdə olan mənzillərə aid deyil və dövlət mənzil fonduna aid olan mənzillərə dair normalar tətbiq edilməlidir. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, o, cavabdeh İddiaçı ilə 11 iyul 2011-ci il tarixində nikaha daxil olmuşdur. Birgə yaşadıqları müddətdə uşaqları olmamışdır. Aralarındakı nikah Cəbrayıl Rayon Məhkəməsinin 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı iddia tələbində qeyd edir ki, 2012-ci il tarixində birgə nikah dövründə birgə vəsaitləri ilə Sumqayıt şəhərində 2,5 ha torpaq sahəsi almış və orada 2 otaqlı fərdi yaşayış evi tikdirmişlər. Halbuki bu belə deyildir. Həmin torpaq sahəsini atası Ağayarov Kamal Lətif oğlu almış və orada özünə ev tikdirmişdir. Sonra atası həmin sahədə başqa bir otaqlı ev tikdirmiş və o, ailə qurduğuna görə ayrı yaşamaqları üçün onları oraya - indi iddiaçının köçürülmə tələb etdiyi tikiliyə yerləşdirmişdir. Həmin ev 2 otaq deyil, 1 otaq və 1 mətbəxdən ibarətdir. İddiaçı ilə aralarındakı nikah pozulubsa belə çıxır ki, o, bu tikilidə onunla 1 otaqda yaşamaq istəyir. Bu isə qeyri-mümkündür. Bundan əlavə, heç o özü belə həmin evin tikintisində heç bir maddi vəsait xərcləməmişdir. İddiaçı hansı pulla torpaq alırdı və üstəlik ev tikdirirdi? Atası onların bu evdə yaşamaqlarına ona görə icazə verməmişdir ki, iddiaçı gəlib oraya sahiblənmək istəsin. Bundan başqa, iddiaçı bütün şəxsi geyim əşyalarını da götürüb özü evdən getmişdir. Onlar onu evdən qovmamışlar, birgə yaşamaq istəmədiyi üçün iddiaçı özü könüllü olaraq çıxıb getmişdir. İddiaçı artıq onun ailə üzvü deyil və onun bu tikiliyə köçməsi əsla düzgün deyildir. Onu da qeyd edir ki, onların ailəsi 1993-cü il tarixində Cəbrayıl rayonundan gəlmiş məcburi köçkün ailəsidir, onların yaşadıqları ev qanunsuz tikilidir. Ona görə də Sumqayıt şəhər İcra Hakimiyyətinin və Sumqayıt şəhər Bələdiyyəsinin atasına və qeyrilərinə qarşı özbaşına aparılmış tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılmaya dair məhkəmədə qaldırdıqları iddia təmin olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin hələ 10 dekabr 2009-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, onların qeyd olunan torpaq sahəsindən çıxarılmaları və oradakı qanunsuz tikililərin sökülməsi qət olunmuşdur. Onların apellyasiya və kassasiya şikayətləri təmin olunmamış və Ali Məhkəmənin 03 sentyabr 2010-cu il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanmışdır. Qətnamələrdən müəyyən olunmuşdur ki, bu evlər Sumqayıt şəhəri, Radio Qovşağı ərazisində yerləşir. Qətnamə ona görə icra olunmayıb ki, onlar məcburi köçkündürlər, ona görə də onlara torpaqlarına qayıdana kimi bu evdə yaşamağa icazə verilib. İndi isə torpaqları alınmışdır və yaxın müddətdə onlar Cəbrayıla qayıdacaqlar və qətnamə də icra olunub özbaşına tikililər söküləcəkdir. Belə olan halda iddiaçı hansı əsasla ora köçürülə bilər? Görünür, iddiaçı elə hesab edir ki, onlar Cəbrayıl rayonuna köçüb gedəndən sonra bu tikili ona qala bilər. Məhkəməyə onu da bildirmək istəyir ki, 2015-ci ildə Sabirabad rayonunun Nəsimi kəndi ərazisində Vüsalə Babaxan qızının adına (o kənddən olduğu üçün) qanuni sənədlə 6 sot torpaq sahəsi almışdır. Qaçqınlara məxsus olan 2 otaqlı fin evini pul ilə alıb həmin torpaq sahəsinə yerləşdirmişlər. Evin içinə lazım olan bütün mebel əşyalarını almışdır. Onun həmin kənddə yaşamağa evi var. Hər dəfə rayona gedəndə o evdə yaşamışlar. Bundan başqa, iddiaçının ərizədə torpaq sahəsi alıb evi onunla birgə tikdirməkləri yazmağının tamamilə yalan olduğu onunla da sübut olunur ki, qətnamənin çıxarılma tarixi 2009-cu ildir. İddiaçı ilə nikahları isə 2011-ci il tarixidir. Demək ki, bu atasının tikdirdiyi tikililərdir və əvvəldən mövcud olub. Bundan əlavə, iddiaçı ərizəsində Mənzil Məcəlləsinin 68-ci maddəsinə əsaslanır. Məhkəmənin nəzərinə çatdırır ki, onların yaşadıqları tikili dövlət mənzil fonduna daxil deyil ki, ona mənzil kirayə müqaviləsinin normaları tətbiq olunsun. Bu tikili iddiaçının özünün də qeyd etdiyi kimi özbaşına tikilidir və heç bir hüquqi statusu yoxdur və Mülki Məcəllənin 11-ci maddəsində təsbit olunan qanunun analogiyasını burada tətbiq etmək olmaz, çünki bu, hüquq münasibətlərinin mahiyyətinə ziddir. Beləliklə, iddiaçı nə onun ailə üzvü deyil, nə də bu özbaşına tikiliyə nə vaxtsa hər hansı hüququ olmayıb, bundan sonra da onun bu tikliyə köçürülməsi heç bir qanunla tanınmayan bir tələbdir. Bu tikili özbaşına tikilidir və sökülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Qeyd edilənlərə əsasən İddiaçı ona qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsini qanunsuz və əsassız hesab edərək onun rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(060)-1789/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı Sumqayıt şəhəri, st. Sumqayıt ərazisində yerləşən Cavabdeh istifadəsində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(060)-1789/2022 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianın təmini üçün mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi barədə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin müddəasını, MM-nin 1-ci maddəsində nəzərdə tutulan mənzil təhlükəsizliyi və s. prinsipləri əsas götürən məhkəmə məhz bu qətnamə ilə Azərbaycan Respublikası MM-nin 3-cü maddəsində nəzərdə tutulan digər şəxslərin - onun, atasının, qardaşının və s. hüquq və azadlıqlarının pozulduğuna əhəmiyyət verməmişdir. Məhkəmə mübahisə predmetinin özbaşına tikili olmasına və ora hər hansı hüququn tanınmasının qanunsuz olmasına baxmayaraq heç bir əsas olmadan qanunun analogiyasını tətbiq etmişdir. Halbuki, bu analogiya ilə nizamlanmalı olan oxşar ictimai münasibət deyildir. Məhkəmənin nəzərinə çatdırır ki, onların yaşadığı tikili özbaşına tikilidir və heç bir hüquqi statusu yoxdur və Azərbaycan Respublikası Mülki Məcələsinin 11-ci maddəsində təsbit olunan qanunun analogiyasını burada tətbiq etmək olmaz, çünki bu hazırki hüquq münasibətlərinin mahiyyətinə ziddir. Məhkəmə qətnaməsində qeyd edilir ki, iddiaçı evdən zorla çıxarılmış, həm də qeyd edilir ki, çıxmağa məcbur olmuşdur və başqa yerdə yaşayış sahəsi yoxdur. Lakin məhkəmə iddiaçının sözü ilə bu halı sübut olunmuş hesab edərək həm də onun başqa yaşayış yeri olmadığını qeyd etmişdir. Halbuki, iddiaçının rayonda yaşayış yeri - doğmalarının, yaxınlarının yaşadığı ev vardır. Belə çıxır ki, iddiaçı hökmən Bakı və ya Sumqayıt şəhərində yaşamalı və burada evi olmalıdır. Bundan başqa, iddiaçı hazırda başqa şəxslə faktiki ailə də qurmuşdur. Beləliklə, iddiaçı onun ailə üzvü deyil, nə də bu özbaşına tikiliyə nə vaxtsa hər hansı mənzil hüququ olmamış, bundan sonra da onun bu tikliyə köçürülməsi heç bir qanunla tanınmayan bir tələbdir. Bu tikili özbaşına tikilidir və sökülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Onu da qeyd edir ki, həmin tikili atasına məxsusdur, ona deyil və iddiaçı atasının ailə üzvü deyil və olmamışdır. Beləliklə, məhkəmə maddi hüquq normalarını pozmuş, onları düzgün tətbiq və təfsir etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı, birinci instansiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPMnin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt şəhər İH-nin MKTİB-nin 23 saylı MKS-in 1061 nömrəli, xx.xx.2021 saylı arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, ST. Sumqayıt fərdi yaşayış evində qeydiyyatsız yaşayır. İşdə olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-301/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında 13 iyul 2011ci il tarixdə Cəbrayıl Rayon Qeydiyyat şöbəsində bağlanmış 245 nömrəli nikah pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********63 nömrəli məktubundan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İşə əlavə edilmiş Sabirabad rayonu Nizami Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 22 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1i ünvanında özünə məxsus 2 otaqlı fin evi və 0.6 ha həyətyanı torpaq sahəsi yoxdur. 1999-cu il tarixində Sabirabad rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə JN 103 nömrəli dövlət aktına əsasən 5 nəfərdən ibarət ailəsinə 3.09 ha pay torpaq sahəsi verilmişdir və həmin torpaq sahəsində İddiaçı pay torpaq sahəsi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2701/10 saylı qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2009-cu il tarixli qətnaməsi ilə iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinin və müstəqil tələb irəli sürən üçüncü şəxs Sumqayıt şəhər bələdiyyəsinin cavabdehlər X2 və qeyrilərinə qarşı özbaşına aparılmış tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılma barədə iddiası təmin edilərək, X4 tərəfindən Sumqayıt şəhəri, Stansiya Sumqayıt Radio Qovşağı ərazisində zəbt edilmiş özbaşına tikililərin onun hesabına sökülməsi qət edilmiş, Sumqayıt Şəhər Bələdiyyəsinin X2 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsinə dair iddiası təmin edilərək X4nun Sumqayıt şəhəri, Stansiya Sumqayıt Radio Qovşağı ərazisində yerləşən torpaq sahəsindən çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi MİÜK-nm 26 aprel 2010-cu il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X4nun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi MİÜK-nın 26 aprel 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı X3 ilə 13 iyul 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş, ailə qurduqdan bir müddət sonra Sumqayıt şəhəri, st. Sumqayıt ərazisində yerləşən fərdi yaşayış evinə köçmüş və cavabdehlə birlikdə nikahlarına xitam verilənədək bir ailə kimi həmin ünvanda yaşamışdır. 2021-ci ildə cavabdehlə aralarında olan nikah rəsmi qaydada pozulduqdan sonra iddiaçı məcburi olaraq həmin mənzildən çıxarılmışdır. Bu səbəbdən də, iddiaçı onun Sumqayıt şəhəri, st. Sumqayıt ərazisində yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək İddiaçı Sumqayıt şəhəri, st. Sumqayıt ərazisində yerləşən Cavabdeh istifadəsində olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş edərək şikayətini – iddiaçının rayonda yaşayış yerinin olması, onun hazırda başqa şəxslə faktiki ailə həyatı qurması, iddiaçının onun ailə üzvü olmaması, tikilinin özbaşına tikili olması və sökülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olması, həmin tikilinin atasına məxsus olması ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh X3 arasında 13 iyul 2011-ci il tarixdə rəsmi nikah bağlanmış, sonra onlar birgə nikah dövründə tikilmiş Sumqayıt şəhəri, st. Sumqayıt ərazisində yerləşən fərdi yaşayış evinə köçmüş, tərəflər arasında bağlanmış nikah pozulana kimi iddiaçı həmin ünvanda yaşamış, onlar arasında olan nikah rəsmi qaydada pozulduqdan sonra iddiaçı məcburi olaraq həmin mənzildən çıxarılmışdır. Həmçinin, İddiaçı ünvan 1i ünvanında özünə məxsus ayrıca yaşayış evi olmadığı, eləcə də mübahisə predmeti olan Sumqayıt şəhəri, st. Sumqayıt ərazisində yerləşən fərdi yaşayış evinə dair cavabdehin və ya onun atasının adına heç bir hüquqi sənəd olmadığı, həmin tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim etmədiyindən onun iddiaçını evdən çıxarması qanunsuzdur. Çıxarılma o halda qanuni ola bilər ki, bunu tələb edən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Göründüyü kimi, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur, iddiaçı həmin evə köçmüş, həmin evdən yaşayış sahəsi kimi istifadə etmişdir. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əks yanaşması, yəni iddiaçının evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da həmin evdə yaşamasını təmin etmək məqsədi ilə o, həmin evə köçürülməlidir. Məhkəmə kollegiyası cavabdehin evin onun atasına məxsus olması, evi onun tikməsi ilə bağlı dəlillərini yuxarıda tədqiq edilmiş sübutlara əsasən əsassız hesab edərək qeyd edir ki, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim olunmamışdır. Bundan əlavə məhkəmə kollegiyası iddiaçının köçürəlməsini tələb etdiyi özbaşına tikilmiş evə hər hansı hüququnun olmamasına dair cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli evə iddiaçıya münasibətdə hər hansı üstün hüququ olmadığı, eləcə də iddiaçının da həmin evə köçürülməklə cavabdehlə bərabər həmin evdən yararlanmaq, yəni orada yaşamaq hüququ olduğundan iddiaçının yaşadığı yerdən məhrum edilməsi əsassızdır. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(060)-1789/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-629/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-629/2023
16.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver