Məhkəmə qərarları › İş №2(105)-629/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-629/2024

02.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-629/2024 02.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(012)-3288/2023 nömrəli qiyabi qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhərinin Bakı-Quba avtomagistralının 14-cü kilometrinin qərb hissəsində 10 bloklu çoxmərtəbəli yaşayış binasının F blokunda 10-cu mərtəbədə sahəsi 77,21 kv.m. olan mənzilin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia predmetinin dəyişdirilməsi barədə ərizə verərək qeyd etmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ona məlum olmuşdur ki, müqavilədə nəzərdə tutulmuş mənzil ondan başqa müxtəlif şəxslərə satılmışdır. Yaranmış vəziyyətdə gələcəkdə qətnamənin icrasının mümkünlüyünü nəzərə alaraq cavabdehə ödədiyi 42465 manat və dövlət rüsumu olaraq ödədiyi 100 manatı tələb etmək zərurəti yaranıb. Cavabdeh müqavilə öhdəliklərinə əməl etməməklə ona əlavə zərər vurmuşdur. İnternet resurslarından əldə etdiyi məlumatlardan görünür ki, Azərbaycan Beynəlxalq Bankının illik depozit faizi 6% olmuşdur.Beləliklə il ərzində 42465 manatın illik 6 faizlik dərəcəsinə görə (42465x6%) 2548 manat gəlirdən (əldən çıxmış fayda) məhrum olmuşdur. Ödənişdən 5 il ötdüyünü nəzərə alsaq (2548x5)=12740 manat faydadan məhrum olmuşdur. 12740 manat itirilmiş minumum məbləğdir. Təkcə 2022-ci ilin infilyasiya dərəcəsi 14 faiz olmuşdur. Yəni infılyasiya dərəcəsinə görə 2022-ci ildə ona vurulan zərər 42465*14%=5946 manat təşkil etmişdir. Göründüyü kimi cavabdeh ödədiyi məbləğdən qanunsuz olaraq faydalanmış və ona minimum 42465+12465=54930 manat real zərərin və dövlət rüsumu olaraq ödədiyi 100 manatın cəmi 55030 manat zərər vurmuşdur. Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(012)-3288/2023 nömrəli qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh MTK-dan 54930 manat məbləğində pulun və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən narazı qalan Cavabdeh MTK apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(012)-3288/2023 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh MTK apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi müqavilənin etibarlılığını araşdırmadan iddianı tam şəkildə təmin etmişdir. Halbuki, tərəflərindən dəfələrlə vəsatətlə müraciət edilərək, müqavilədəki imzanın cavabdehin həmin dövrdə sədri olmuş Gülməmməd Abbasova məxsus olmadığı, bu müqavilə üzrə şirkətin xəzinəsinə pul ödənilmədiyi bildirilmiş və iş üzrə xəttşünaslıq ekspertizası təyin edilməsi xahiş olunmuşdur. Bundan əlavə məhkəmə müaviləni etibarlı müqavilə kimi tanısa da, onu ləğv etmədən cavabdehdən pul tutmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar olunmasına baxmayaraq Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 126 №-li müqavilədən görünür ki, alıcı İddiaçı ümumi sahəsi 77.21 kv.m olan mənzil üçün 42465 manat məbləğində pulu satıcı Cavabdeh MTK-ya ödəməyi, satıcı Cavabdeh MTK isə alıcı İddiaçı Xırdalan şəhəri Bakı- Quba avtomagistralının 14-cü km-nin Qərb hissəsində 10 bloklu çoxmərtəbəli evin F blokunda 10-cu mərtəbəsində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 77.21 kv.m. olan mənzili tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən mənzilin dəyəri 42465 manat müəyyən edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Xırdalan şəhəri Bakı-Quba avtomagistralının 14-cü km-nin Qərb hissəsində 10 bloklu çoxmərtəbəli evin F blokunda 10-cu mərtəbəsində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 77.21 kv.m. olan mənzilə görə 42465 manat İddiaçı tərəfindən Cavabdeh MTK-ya tam ödənilmişdir. İş materiallarında olan 30 may 2023 –cü il tarixli ********** saylı qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Birinci istansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixli 126 №-li müqavilə bağlanmış, alıcı İddiaçı ümumi sahəsi 77.21 kv.m. olan mənzil üçün 42465 manat məbləğində pulu satıcı Cavabdeh MTK-ya ödəməyi, satıcı Cavabdeh MTK isə alıcı İddiaçı Xırdalan şəhəri Bakı- Quba avtomagistralının 14- cü km-nin Qərb hissəsində 10 bloklu çoxmərtəbəli evin F blokunda 10-cu mərtəbəsində yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 77.21 kv.m. olan mənzili tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin xx.xx.2018-ci il tarixli 126 №-li müqavilənin bağlanmasından 5 ildən çox müddət keçməsinə baxmayaraq, Cavabdeh MTK mənzili iddiaçıya təhvil verməmişdir. Nəzərə alınsa ki, ötən 5 il ərzində mənzil iddiaçıya təhvil verilməmiş, belə olan halda, təhvil verilməsi qeyri-müəyyən müddətə ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii haldır və buna görə də sifarişçi olaraq iddiaçının müqavilədən imtinası qanuni hesab edilməlidir. Həmçinin müqavilədə göstərilən 42465 manatı payçı İddiaçı tam ödəsə də, həmin mənzilin başqa şəxslərə satılması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qətnaməsində haqlı olaraq onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliklərinə əməl etməməklə iddiaçıya əlavə zərər vurduğundan, Cavabdeh MTK-nın təqsirli və səbəbli əlaqəli hərəkətləri nəticəsində iddiaçı heç nə əldə etməmiş, ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh MTK-ya ödədiyi məbləğdən qanunsuz olaraq faydalanmış və ona 54930 manat real zərər vurduğundan Cavabdeh MTK-dan tələb etməsi tam qanuni və əsaslıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdeh imzaların həmin dövrdə sədri olmuş Gülməmməd Abbasova məxsus olmadığını mübahisələndirsə də, məhkəmə kollegiyasının iclası imza nümunələrinin təqdim olunması ilə əlaqədar dəfələrlə təxirə salınmış, lakin cavabdeh tərəfindən hər hansı nümunənin məhkəməyə təqdim olunması təmin edilməmişdir. Bununla əlaqəar məhkəmə kollegiyasının 02 may 2024-cü il tarixli, 2(105)-629/2024 nömrəli qərardadı ilə cavabdehin ekspertiza təyin edilməs barədə vəsatəti təmin edilməmişdir. Məhkəmə kollegiyası müqavilə ləğv olunmadan cavabdehdən pul tutulmasının qanunsuz olması baxımından apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh özü ilk dəfə iddia qaldırılarkən müqavilədə göstərilən mənzilin başqa şəxslərə satıldığını, yəni həmin mənzilin iddiaçıya verilməsinin mümkün olmadığını bildirmişdir. Buna görə iddiaçı Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbləri baxımından hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Bundan əlavə məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən xx.xx.2018-ci il tarixli 126 №-li müqavilənin və maliyyə arayışının, həmçinin kassa mədaxil orderlərinin əsllərini təqdim edilmiş, həmin sənədlərdən də müəyyən olunur ki, iddiaçı müqavilədə nəzərdə tutulan 42465 manatı ümumilikdə ödəmiş və həmin sənədlər Cavabdeh MTK tərəfindən möhürlə təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(012)-3288/2023 nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar