Məhkəmə qərarları › İş №2(105)-633/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-633/2023

15.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-633/2023 15.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(012)-176/2022 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2016-ci il tarixli, **********49 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0117 ha torpaq sahəsinin 0.0046 ha (46 kv.metr) hissəsində Cavabdeh1 və 0,0016 ha (16 kv.metr) hissəsində Cavabdeh2 tərəfindən inşa edilmiş özbaşına tikililər onların öz vəsaitləri hesabına sökülməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin 10 manat Cavabdeh1 və 10 manatı Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1 25 manat və Cavabdeh2 25 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizə vermişdir. Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-176/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəsinin təmin edilməməsi, ərizənin ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-176/2022 nömrəli 26 dekabr 2022-ci il tarixli qərardadından Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində yerləşən, sahəsi 0.0117 hektar olan daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-ci il tarixli, RX ******* reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması və həmin torpaq sahəsi üzərində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpa etməklə, apellyasiya şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi üçün icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, (012)-176/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəsi Abşeron Rayon Məhkəməsinin 2(012)-176/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Qərardadla razı deyil. Bu qərardad xx.xx.2023-cü il tarixdə vəkilin şəxsi kabinetində yerləşdirilmişdir. Belə ki, cavabdeh olaraq, məhkəmənin mübahisələndilərn qətnaməni almağını istinad etdiyi xx.xx.2022-ci il tarixli işdə olan poçt qəbzində şəxsən sözünün qarşısındakı imza ona məxsus deyildir. Hər hansı ad və soyad göstərilməyən, verilmə saatı və kimin imza etməsi ona bəlli olmayan bu qəbzi imza etməmişdir. Məhkəmə tərəfindən qətnamə İmişlidə qeydiyyat ünvanına göndərilmişdir. O, faktiki olaraq, ailəsiylə 2008-ci ildən Abşeron rayonu, Masazır qəsəbəsi, Q.Nəbi küçəsində inşa etdiyi evində yaşayır. Ona belə bir sənəd təqdim edilməmişdir. Bu faktın təsdiqi olaraq, bu şikayətə əlavə etdiyi şəxsi imza nümunələrini iş materiallarında olan rabitə qəbzində qoyulmuş imza ilə vizual baxış üslubi ilə müqayisə etdikdə, həmin xx.xx.2022-ci il tarixli poçt şöbəsi qəbzində şəxsən sözünün qarşısında qoyulmuş imzanın ona - Cavabdeh2 məxsus olmadığı aşkar görünür. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli və onunla bağlı 19 yanvar 2023-cü il tarixli qərardadları ləğv edilməli, müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməmiş hesab edilməsinə dair ərizəsinin əsaslı olmamasını müddətin bərpası barədə əsaslı bir sübut təqdim edilməməsi, cavabdeh apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti xəbərnaməyə onun imza etməməsi ilə əlaqədar ötürülməsi barədə dəlilinin öz təsdiqini tapmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5. maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Mülki Prosessual Məcəllənin 135.1. maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (Mülki Prosessual Məcəllənin 135.2., 135.3. maddələri). Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd etmək lazımdır ki, qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə qəbul edilmiş məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti qətnamənin alındığı vaxtdan 1 ay müddətində verilə bilər. Cavabdeh2 qətnamənin onun tərəfindən deyil, dayısı Zaman Ağayev tərəfindən qəbul edilməsi və ona vaxtında təqdim edilməməsi barədə dəlilini əsaslı hesab etməyən birinci instansiya məhkəməsinin işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin cavabdehə təqdim edilməsini qətnaməni qəbzə şəxsən imza etməklə xx.xx.2022-ci il tarixdə almasını göstərən imza nümunəsi ilə Cavabdeh2 məxsus Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının onun tərəfindən alınması barədə qəbzdə olan, habelə onun tərəfindən vəkili Vəkil verilmiş etibarnamədəki imza nümunələrinin adi vizual baxışda oxşar imzalar olması, habelə Abşeron Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadının iş üzrə üçüncü şəxs Zamin Ağayev tərəfindən şəxsən qəbul edilməsi barədə ona məxsus olan imza nümunəsi ilə adi vizual baxışda müqayisə etdikdə imza nümunələrinin tamam fərqli görünüşü, nəzərə alaraq həmin imzaların sərbəst şəraitdə icra edildiyi qənaətinə gəlməklə Cavabdeh2 qəbzə şəxsən imza etməklə xx.xx.2022-ci il tarixdə alınmaması barədə dəlilinin əsaslı sayıla bilməməsinə dair gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, cavabdeh şikayətinin dəlillərindən biri kimi qətnamənin onun qeydiyyatda olan ünvanına göndərildiyi, lakin özünün hazırda Abşeron rayon Masazır qəsəbəsi Q.Nəbi küçəsində inşa etdiyi evdə yaşamasını göstərmiş, lakin sonuncunun bu dəlili ilə bağlı məhkəmə tərəfindən heç bir araşdırma aparılmamış, mübahisələndirilən məhkəmə aktının Cavabdeh2 tərəfindən alınmasını dəqiqləşdirmək üçün qəbzdəki imzanın sonuncuya məxsus olub-olmaması (zərurət olarsa ekspertiza keçirilməklə) yoxlanılmamış, qətnamənin başqa şəxs tərəfindən alındığı halda belə, həmin şəxsin ünvan sahibinə münasibətini və qətnamənin sonuncuya çatdırılmamasının səbəblərini aydınlaşdırılmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən xüsusatlar aydınlaşdırılmadan Cavabdeh2 tərəfindən Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2022ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə bağlı müddətin bərpa edilməməsi (tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir) qənaətinə gəlinməsi əsaslı hesab edilə bilməz. “X2 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli və onunla bağlı 19 yanvar 2023-cü il tarixli qərardadları ləğv edilməli, yuxarıda qeyd olunan xüsusatlar aydınlaşdırılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Abşeron Rayon məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli və onunla bağlı 19 yanvar 2023-cü il tarixli qərardadları ləğv edilsin. Qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilən nöqsanlar aradan qaldırılıb ərizəyə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Abşeron Rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar