Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-634/2021 24.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X11 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, Cavabdeh: X7, Müstəqil tələb irəli sürən 3-cü şəxs: X5 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh Əbülfəz qızına qarşı əqdin etibarsız hesab edilməsi və müstəqil tələb irəli sürən 3-cü şəxs X4 Cavabdeh Əbülfəz qızına və İddiaçı MMC-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia tələbinin təmin edilməsi, “xxxx” MMC ilə Cavabdeh Əbülfəz qızı arasında bağlanmış 17 noyabr 2010-cu il tarixli müqavilə və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 2-ci blokunda, 9-cu mərtəbəsində ümumu sahəsi 85 kv.m. olan 112 saylı mənzilin X6 təhvil verilməsinin İddiaçı MMC-yə həvalə edilməsi, Cavabdeh Əbülfəz qızından 10 manat dövlət rüsumuna görə pulun alınıb İddiaçı MMC-yə ödənilməsi, İddiaçıMMC və Cavabdeh Əbülfəz qızından müştərək qaydada 30 manat dövlət rüsumuna görə pulun alınıb X6 verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı MMC Cavabdeh Əbülfəz qızına qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 2-ci blokunun 9-cu mərtəbəsində ümumu sahəsi 85 kv.m. olan 112 saylı mənzilə dair Cavabdeh Əbülfəz qızı ilə “xxxx” MMC arasında bağlanmış 17 noyabr 2010-cu il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 17 noyabr 2010-cu il tarixli müqavilədə “xxxx” MMC-nin ünvan 2 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 2-ci blokunun 9-cu mərtəbəsində ümumu sahəsi 85 kv.m. olan 112 saylı mənzilin tikilib cavabdehə verilməsi nəzərdə tutulub. Guya həmin mənzilə görə “xxxx” MMC-yə 34000 manat pul ödənməsi barədə maliyyə arayışı verilib. Lakin Abşeron rayon İcra Hakimiyyətinin 2226 saylı 06 sentyabr 2017-ci il tarixli məktubundan və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 13 sentyabr 2017-ci il tarixli, ********* saylı məktubundan məlum olmuşdur ki, əslində, “xxxx” MMC tərəfindən cavabdehin adına mübahisəli mənzilə dair 17 noyabr 2010-cu il tarixli müqavilə və maliyyə arayışı qanunsuz olaraq verilmişdir. Belə ki, Cavabdeh tərəfindən həmin mənzilə görə “xxxx” MMC-yə bir manat da olsun pul vəsaiti ödənilməyib. Mənzil üçün pul ödəmədiyindən, müqavilə və maliyyə arayışı başqa əqdi pərdələmək və görünüş üçün bağlandığından, Cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılan cinayət işi üzrə zərərçəkmiş qismində tanınmayıb. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X8 Cavabdeh Əbülfəz qızına və İddiaçı MMC-yə qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 17 noyabr 2010-cu il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, “xxxx” MMC-nin ünvan 3 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 2-ci blokunun 9-cu mərtəbəsində ümumu sahəsi 85 kv.m. olan 112 saylı mənzilin ona təhvil verilməsi öhdəliyinin İddiaçı MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbi onunla əsaslandırşdır ki, “xxxx” MMC ilə 01 may 2007-ci ildə alqı-satqı müqaviləsi bağlayaraq ünvan 2 ünvanında inşa edilən 14 mərtəbəli yaşayış binasının 2-ci blokunun 9cu mərtəbəsində ümumu sahəsi 85 kv.m. olan 112 saylı mənzili almışdır. Buna görə MMCnin hesabına 25500 ABŞ dolları məbləğində pul ödəmişdir. MMC-nin rəhbərliyi barəsində cinayət işi qaldırılmış və onlar cinayət məsuliyyətinə cəlb olunmuşlar. Hazırda ona məlum olmuşdur ki, ona məxsus mənzil 17 noyabr 2010-cu ildə Cavabdeh adlı şəxsə satılmışdır. Halbuki, Cavabdeh aid müqavilə bağlanan vaxt MMC-nin direktoru X13 deyildi. Belə ki, Q.Məmmədov 28 dekabr 2009-cu ildə MMC-ni X1. Bundan başqa, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin məktubundan göründüyü kimi Cavabdeh və digər bir neçə şəxsin yaşayış və qeyri-yaşayış sahələri almaları ilə bağlı Cəmiyyətə pul ödəmələri kifayət qədər təsdiq olunmadığına görə onlar iş üzrə zərərçəkən qismində tanınmamışlar. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla “xxxx” MMC arasında ünvan 4 ünvanında MMC-nin inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 2-ci blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 85.kv.m olan 112 saylı mənzilə dair 17.11.2010-cu il tarixli müqavilə bağlanmışdır. Evin alınması üçün nağd şəkildə 34000 manat ödəniş etmişdir. Bu barədə maliyyə arayışı verilmişdir. Mənzil ona təhvil verilmədiyindən o və bir neçə başqa şəxs MMC-yə qarşı öhdəliyin icra olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzillərin onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin 09 fevral 2015-ci il tarixli qətnaməsi ilə iddiaları təmin olunmuş, mənzilin ona təhvil verilməsi “xxxx”-yə həvalə olunmuşdur. “xxxx” sonradan “xxxx” MMC adlanmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmiş, icra olunmuş və mənzil ona təhvil verilmişdir. Hazırda da mənzil onun sahibliyindədir. Amma mübahisə getdiyi üçün orada təmir işləri apara bilmir. Xəqani Məmmədov həmin mənzili daha əvvəl, yəni 2007-ci ildə almasını bildirsə də, keçən 10 ildən çox müddət ərzində həmin mənzilə gəlməmiş, bir dəfə də olsun həmin mənzilin ona məxsus olmasını bildirməmişdir. Yaşadığı müddət ərzində evin ona məxsus olmasına dair kimsə müraciət etməmişdir. X.Məmmədovla müqavilə köhnə tarixə bağlanmışdır ki, onun mənzilini geri alsınlar. Birinci instansiya məhkəməsi mənzilin ona təhvil verilməsi barədə Abşeron rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 fevral 2015-ci il tarixli qətnaməsini nəzərə almamışdır. “xxxx” MMC ilə bağlı aparılan cinayət işində ona görə zərərçəkmiş tanınmayıb ki, həmin dövrdə onun bu mənzillə bağlı hər hansı problemi olmayıb. Məhkəmə bunları nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2(012)-9/2019 saylı mülki iş üzrə qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Müstəqil tələb irəli sürən 3-cü şəxs X.Q.Məmmədov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, tərəflər arasında olan arayışın qanuna uyğun tərtib olmadığına, müstəqil tələb irəli sürən iddia ərizəsini təmin edərkən, alqı-satqı müqaviləsinin daha əvvəl bağlanmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan “xxxx” MMC ilə X.Q.Məmmədov arasında bağlanan 01 fevral 2007-ci ildə alqı-satqı müqaviləsindən görünür ki, MMC ünvan 2 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 2-ci blokunun 9-cu mərtəbəsində ümumu sahəsi 85 kv.m. olan 112 saylı mənzili kv.m-ri 300 ABŞ dolları olmaqla, 25500 ABŞ dollarına payçı X.Məmmədova verməyi, payçı isə həmin məbləğdə pulu ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş nəğd yolla aparılmış və 00341 saylı kassa mədaxil orderindən görünür ki, müqaviləyə əsasən 25500 ABŞ dolları və ya 22287 manat pul X.Q.Məmmədov tərəfindən mədaxil olunmuşdur. Müqaviləni MMC-nin sədri Q.Ə.Məmmədov imzalanmışdır. İşdə olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanan 10 noyabr 2010-cu il tarixli müqavilədən görünür ki, MMC ünvan 2 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 2-ci blokunun 9-cu mərtəbəsində ümumu sahəsi 85 kv.m. olan 112 saylı mənzili kv.m-ri 400 manat olmaqla payçıya verir. Müqavilə MMC-nin sədri Q.Ə.Məmmədov tərəfindən imzalanmışdır. İşin materiallarında olan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 04 iyun 2019-cu il tarixli, saylı məktubundan görünür ki, vergi uçot məlumatlarına əsasən Q.Ə.Məmmədov 25 dekabr 2009-cu il tarixdən 05.03.2013-cü il tarixədək Cəmiyyətin direktoru olmuş, lakin Cəmiyyətin qeydiyyat qovluğunda Q.Ə.Məmmədovun direktor təyin edlməsi barədə heç bir sənəd aşkar edilməmişdir. İşdə olan Vergilər Nazirliyinin 23 fevral 2018-ci il tarixli, saylı məktubundan görünür ki, “xxxx” MMC-nin 26.11.2003-cü il tarixdə 0103-P34-38844 nömrə ilə dövlət qeydiyyatından keçməsi, təsisçilərinin 10.06 2013-cü il tarixli qərarı ilə adının İddiaçıMMCyə dəyişdirilməsi, Q.Ə.Məmmədovun 25 dekabr 2009-cu ildən 05 mart 2013-cü ilədək Cəmiyyətin rəhbəri olması haqqında məlumat mövcuddur. İşin materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilən 19.06. 2019-cu il tarixli, saylı məktubdan görünür ki, “xxxx” MMC-nin vəzifəli şəxsləri haqqında istintaqı aparılıb məhkəməyə göndərilmiş və hazırda istintaqı aparılan cinayət işinin istintaq materiallarında Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmamışdır. İş üzrə təqsirləndirilən şəxs R.İbrahimov tutulub istintaqa cəlb edildikdən sonra Cavabdeh haqqında obyektiv qərar qəbul olunacaqdır. Bundan əlavə, X.Q.Məmmədovun yaşayış və qeyri-yaşayış yeri tələbi ilə İdarəyə müraciət olunmadığına görə qeyd edilən cinayət işi üzrə onun barəsində araşdırma aparılmamışdır. İşə əlavə olan 28 dekabr 2009-cu il tarixli, Bakı şəhəri 19 saylı DNK tərəfindən təsdiq edilmiş, 3M/634 reyestr saylı alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Q.Ə.Məmmədov “xxxx” MMC-dəki hüquq və vəzifələrini, nizamnamə kapitalını A.S.Tağıyevə satmışdır. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-68/2015 saylı , 08 sentyabr 2015-ci il tarixli hökmündən görünür ki, “xxxx” MMC-nin direktoru Q.Ə.Məmmədovun CMnin 178.3.2, 213.2.2 və 308.2 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Cavabdeh və X.Q.Məmmədov zərərçəkən şəxslər qismində tanınmamışlar. İşin materiallarında olan Abşeron rayon İcra Hakimiyyətinin Başçısının Azərbaycan Respublikası Ədliyyə Nazirinə ünvanlanan 06.09. 2017-ci il tarixli, 2226 saylı məktubdan görünür ki, “xxxx” MMC-nin direktoru vəzifəsində işləmiş Q.Ə.Məmmədov barəsində aparılan cinayət işi üzrə X9 və qeyriləri MMC-ni inşaat tikinti materialları ilə təmin edəcəkləri, materialların dəyəri kimi öz tanışlarının adına MMC-nin inşa etdiyi binadan mənzilləri alqı-satqı adı ilə müqavilələr bağlanmasına nail olmuşlar, sonradan həmin tikintini inşaat materialları ilə təmin etməmələrinə və mənzillərin dəyərini faktiki olaraq ödəməmələrinə baxmayaraq, özlərinin və tanışlarının əldə etdikləri mənzillərin alqı-satqısı barədə müqavilələri qaytarıb təhvil verməmiş, bununla da həmin müqavilələr vaxtında ləğv edilməmişdir. Məktubda həmin şəxslərin sırasında Cavabdeh Əbülfəz qızının da adı qeyd edilmişdir. (i.v.4) Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8-ci maddəsinin tələblərinə istinad edib, üçüncü şəxsin sözügedən mənzilin pay haqqını tam məbləğdə ödəməklə mənzilə mülkiyyət hüququ əldə etməsi qənaətinə gəlsə də, gəldiyi nəticəni qeyd olunan maddənin tələblərinə uyğun olaraq kifayət qədər araşdırmamışdır. Belə ki, üçüncü şəxslə bağlanan müqavilədə mənzilin ümumi dəyəri 25.500 ABŞ dolları göstərildiyi halda, sonuncu tərəfindən 13 fevral 2007-ci il tarixli “kassa mədaxil orderi”nə əsasən “xxxx” MMC hesabına bütövlükdə 22.287 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Göründüyü kimi, mübahisəli mənzilin pay haqqının üçüncü şəxs tərəfindən tam məbləğdə, yəni 25.500 ABŞ dolları ödənilməsi mülki iş materialları ilə istisna edildiyi halda, birinci instansiyası məhkəməsi Mülki Məcəllənin 178.8-ci maddəsinin tələblərinə istinad edərək, üçüncü şəxsin mənzilə mülkiyyət hüququ əldə etməsi qənaətinə gəlmişdir. Digər tərəfdən, “xxxx” MMC (hazırkı adı “xxxx” MMC) təşkilati hüquqi formasına görə Kooperativ deyil, Məhdud Məsuliyyətli Cəmiyyətdir. Mübahisəli mənzilə dair iddiaçı ilə cavabdeh arasında, eləcə də üçüncü şəxs arasında bağlanmış müqavilələr öz məzmumuna görə əslində podrat müqaviləsidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 109.1-ci maddəsinə əsasən, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa təlabatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Həmin Məcəllənin 109-3-cü maddəsində göstərilir ki, kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük kitabçası verilir. Həmin Məcəllənin 111.3.3-cü maddəsinə görə, kooperativ üzvlərini qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələbləri üzrə heç bir araşdırma aparmadan, “xxxx” MMC təşkilati hüquqi formasına, mübahisəli mənzilin hüquqi vəziyyətinə aydınlıq gətirmədən, təşkilatı hüquqi formasına görə Kooperativlə MMC fərqli hüquqi şəxslər olmasına diqqət yetirmədən, hazırkı mülki mübahisəyə Mülki Məcəllənin 178.8-ci maddəsinin tələblərini tətbiq etməklə, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda artıq formalaşmış məhkəmə təcrübəsini nəzərə alıb hesab edir ki, mənzil və qeyri-yaşayış sahələrinin tikintisi ilə məşğul olan MMC ilə ayrı-ayrı şəxslər arasında yaranan münasibətlər podrat münasibətləri hesab edilməklə, onlar arasında öhdəlik hüquq münasibətləri podrat müqaviləsinə əsasən əmələ gəldiyindən, belə münasibətlərə podrata aid normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı bir məmulatın hazırlanması nəzərdə tutulursa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayırsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Maddənin mənasına görə, “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir” ifadəsi, yəni hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verməsi məhz podratçının vəzifəsi kimi müəyyən edilib. Həmin Məcəllənin 452.1-ci maddəsində isə göstərilir ki, fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Məhkəmə kollegiyası iclası zamanı 3-cü şəxs X.Məmmədov bildirdi ki, mübahisə olunan mənzili o 2007-ci tarixli müqaviləyə əsasən iddiaçıdan aldıqdan sonra, mənzil ona təqdim edilməmişdir və bu müddət ərzində aldıgı evi tələb etməmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət olduqdan sonra, öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmişdir və mənzili ona verilməsini tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələblərini təmin etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Əbülfəz qızının apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 20 iyun 2019-cu il tarixli 2(012)-9/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Məhdud Məsüliyyətli Cəmiyyətinin Cavabdeh Əbülfəz qızına qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh Əbülfəz qızına və cavabdeh İddiaçı” MMC-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi barədə iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul İddiaçı MMCdən alınaraq SAP (XİİS) hesabı X2 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-634/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-634/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver