Məhkəmə qərarları › İş №2(105)-634/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-634/2022

02.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-634/2022 02.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evin real bölünməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(012)-1530/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia ərizəsinin təmin edilməsi, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində yerləşən 128.8 kv.m olan yaşayış evinin naturada bölgüsü aparılsın. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manatın 25 (iyirmi beş) manat hissəsi İddiaçı, 25 (iyirmi beş) manat hissəsi isə Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı evin real bölünməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən xüsusi mülkiyyətində olan 0,12 hektar torpaq sahəsində yerləşən, sahəsi 128,8 kv.m olan yaşayış evinin Cavabdeh ilə onun arasında real bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli kəndində 0,12 hektar torpaq sahəsində yerləşən, sahəsi 128,8 kv.m olan fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(105)- 1602/2019 saylı qətnaməsi ilə İddiaçı mülkiyyətində olan 0,12 ha torpaq sahəsində inşa etdiyi 128,8 kv.m-dən ibarət fərdi yaşayış evinin ½ hissəsinə iddiaçının hüquqi varisi Cavabdeh mülkiyyət hüququ tanınmışdır. Lakin bu günə kimi evin İddiaçı ona aid olan hissəsindən istifadə edə bilmir. Evin ½ hissəsinin İddiaçı mülkiyyətində olmasına baxmayaraq, Cavabdeh iddiaçının orada yaşamağına maneə törədir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh Əliyev X1 Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, atasıyla arasında əmlak barəsində mübahisə yoxdur. Belə ki, atası 1 saylı Psixiatriya xəstəxanasında müalicələr alır. Bütün bu mübahisələr də məhz onun psixi vəziyyətinə görə yaranır. Onun bu vəziyyətindən istifadə edərək onun mülkiyyətində olan evi ələ keçirmək istəyən şəxslər var və bu mübahisələrin yaranmasına da məhz həmin şəxslər təkan verir. Məhkəmə iş üzrə sübutların əldə edilməsi üçün lazımı prosessual hərəkətləri etməmiş, bütün faktiki halları müəyyən etməmişdir. Buna görə də müəyyən etdiyi faktiki hallara uyğun qətnamə qəbul etməmişdir. Məhkəmə iddia tələbinin təmin edilməsi, evin bölünməsi barədə qətnamə qəbul etmiş, lakin evin hansı formada bölünməsini qətnamənin qət etdi hissəsində qeyd etməmişdir. Məhkəmə tərəfindən ekspert rəyi əsas götürülmüş, bununla da bölgünün mümkün olduğu nəticəyə gəlmişdir. Lakin, evin hansı formada bölünməsini, hansı hissənin kimin istifadəsində qalmasını, əgər birinə çox hissə düşürsə, onunpulla əvəzləşdirilməsini müəyyən etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi ərazi aidiyyət qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticəni cavabdeh mübahisələndirmiş və bu nəticənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aidiyyət qaydalarını pozmaqla baxdığından, qanuni və əsaslı hesab etmir. İddia ərizəsindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, iddia ərizəsində cavabdehin ünvanını ünvan 1iş və cavabdeh həmin ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 35.1. maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan maddələrin tələblərini pozaraq iddiaçının iddia ərizəsini icraata qəbul etməklə tələb üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır (Konstitusiya Məhkəməsi Plenumunun 28.03.2013-cü il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 44.2.2. maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi cavabdehin qeydiyyat yeri üzrə Sabunçu Rayon Məhkəməsində baxılmalı olduğu halda, Abşeron Rayon Məhkəməsi ərazi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etməklə, MPM-nin 35.1. maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.1.1. maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti prosessual hüquq normalarının pozulması hissəsində əsaslı olduğundan qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi ərazi aidiyyəti üzrə baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2., 26.1., 44.2.2., 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı evin real bölünməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar