Məhkəmə qərarları › İş №2(105)-638/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-638/2022

30.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-638/2022 30.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı1, Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Abşeron rayonu 1 saylı Notariat Kontoruna qarşı mənzilə köçürülmə, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv olunması tələbinə dair mülki iş üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(012)- 147/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Abşeron rayonu 1 saylı Notariat Kontoruna qarşı mənzilə köçürülmə, alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv olunması tələbinə dair iddia ərizəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İddiaçılar Fəxriyyə və İddiaçı2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək onun və İddiaçı2 yetkinlik yaşına çatmayan 17.06.2003-cü il təvəllüdlü X2 və 08.07.2007-ci il təvəllüdlü X3 ilə birlikdə Abşeron rayonu Saray qəsəbəsi Nəsibə Zeynalova küçəsi 0.01 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı1 nümayəndəsi vəkil X4 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbi qüvvədə saxlanılmaqla, Cavabdeh1 ilə digər Cavabdeh2 arasında Abşeron rayonu Saray qəsəbəsi Nəsibə Zeynalova küçəsi 0.01 ha torpaq sahəsinə dair 27.03.2020-ci il tarixdə 4Ə-119 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 30.03.2020-ci il tarixli **********08 reyestr nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 nümayəndəsi vəkil X4 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair yenidən ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbi qüvvədə saxlanılmaqla, Cavabdeh2 ilə digər Cavabdeh3 arasında Abşeron rayonu Saray qəsəbəsi Nəsibə Zeynalova küçəsi 0.01 ha torpaq sahəsinə dair 25.09.2020-ci il tarixdə 4Ə-1586 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 15.10.2020-ci il tarixli **********08 reyestr nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh1 ilə 25.11.1998-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2000-ci il təvəllüdlü İddiaçı2, 17.06.2003-cü il təvəllüdlü X2 və 08.07.2007-ci il təvəllüdlü X3 anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra yəni, 25.11.1998-ci il tarixdə İddiaçı1 ünvan 1 ünvanına gəlin köçmüş və bütün cehiz əmlaklarını da həmin mənzilə yerləşdirmişdir. 25.11.1998-ci il tarixdən 2018-ci ilə kimi İddiaçı1 həmin mənzildə daimi olaraq öz ailəsi ilə birlikdə yaşamış və birgə təsərrüfat idarə etmişlər. Həmin mənzilin mülkiyyətçisi Cavabdeh1 anası idi. Sonradan həmin mənzilin ərazisi plana düşdüyündən həmin evə görə tərəflərə 2018-ci ildə 80000 manat kompensasiya verilmişdir. Həmin pul vəsaiti əsasında 2018-ci ildə Abşeron rayonu Saray qəsəbəsi ərazisində 0.01 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evi 25000 manata alınmış və tərəflər həmin evə köçmüşlər. Orada yaşadıqları müddətdə İddiaçı1 öz vəsaiti hesabına orada əlavə olaraq bir otaq da tikdirmişdir. 2019-cu ilin avqust ayına kimi tərəflər həmin evdə bir ailə kimi bir yerdə yaşamışlar. Lakin sonralar tərəflərin münasibətləri pisləşdiyindən cavabdeh iddiaçıları evdən qovmuşdur. 2019-cu ilin avqust ayında İddiaçı1 nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəflərə barışıq üçün 3 ay vaxt verməklə mülki işi təxirə salmışdır. Hazırda iddiaçılar məcbur olub Sumqayıt şəhəri, (Yeni şəhərcik), 738 saylı evin 121 saylı mənzilində yaşayırlar. Halbuki, iddiaçıların Abşeron rayonu, Saray qəsəbəsi, Nəsibə Zeynalova küçəsində 0.01 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüquqları var. Lakin cavabdeh buna maneələr yaradır. Bu səbəbdən də iddiaçılar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Mübahisəli mənzil Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməmiş və mənzilə dair çıxarış verilməmişdir. Buna görə də mənzil xüsusi mülkiyyətdə olan mənzillərə aid deyil və dövlət mənzil fonduna aid olan mənzillərə dair normalar tətbiq edilməlidir. Lakin məhkəmə gedişatı zamanı Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsini 27.03.2020-ci il tarixli 4Ə-119 saylı alqı-stqı müqaviləsinə əsasən Cavabdeh2 satdığı müəyyən olunmuşdur. Bu səbəbdən də həmin müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi zərurəti yaranmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 digər Cavabdeh3 Abşeron rayonu Saray qəsəbəsi Nəsibə Zeynalova küçəsi 0.01 ha torpaq sahəsini 25.09.2020-ci il tarixdə 4Ə1586 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satmışdır. Bu səbəbdən də həmin müqavilənin də etibarsız hesab edilməsi və 15.10.2020-ci il tarixli **********08 reyestr nömrəli çıxarışın ləğv olunması zərurəti yaranmışdır. Cavabdeh1 həmin torpaq sahəsini satmaqda məqsədi iddiaçıların fərdi yaşayış evinə köçmələrinin qarşısını almaqdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Məhkəmə qətnaməsi lazımi əsaslandırılmadan qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmadığından iddia tələbini qəbul etmirəm. Qətnamə tamamilə qanunsuz və əsassızdır. Abşeron rayon məhkəməsi iddiaçının 25 noyabr 1998-ci ildən 2018-ci ilə cavabdehlə bir yerdə yaşadığı mənzilə hüquqlarının yaranıb yaranmamasına hüquqi qiymət verməyib. İddiaçı 1998-ci ildə gəlin köçdüyü cavabdehin anasına məxsus olan mənzilə yaşayış hüququnun yarandığını və həmin mənzilin satıldıqdan sonra cavabdehin adına alınan torpaq sahəsinin onların birgə əmlakı hesab olunduğunu qeyd etsə də məhkəmə bu hala qiymət verməyib və həmin halları araşdırmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi ərazi aidiyyət qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticəni iddiaçılar mübahisələndirmiş və bu nəticənin ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aidiyyət qaydalarını pozmaqla baxdığından, qanuni və əsaslı hesab etmir. İddia ərizəsindən görünür ki, iddiaçılar məhkəməyə müraciət edərkən, iddia ərizəsində Cavabdeh1 qeydiyyat ünvanını ünvan 2 həmin ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 35.1. maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan maddələrin tələblərini pozaraq iddiaçıların iddia ərizəsini icraata qəbul etməklə tələb üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır (Konstitusiya Məhkəməsi Plenumunun 28.03.2013-cü il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 44.2.2. maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi cavabdehin qeydiyyat yeri üzrə Yasamal Rayon Məhkəməsində baxılmalı olduğu halda, Abşeron Rayon Məhkəməsi ərazi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etməklə, MPM-nin 35.1. maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 384.0.4. maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti prosessual hüquq normalarının pozulması hissəsində əsaslı olduğundan qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi ərazi aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlardan kassasiya şikayəti verilə bilər (Mülki Prosessual Məcəllənin 402.2.5 maddəsi) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2., 26.1., 44.2.2., 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Abşeron rayonu 1 saylı Notariat Kontoruna qarşı mənzilə köçürülmə, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv olunması tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar