Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-64/2023 20.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı hasarın çəkilməsi öhdəliyinin qoyulması tələbinə dair iş üzrə (Açar sözlər: torpaq sahələrinin hasarlanması və mərzlənməsi, qonşu torpaq sahələrinin sərhəddinin müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı hasarın çəkilməsi öhdəliyinin qoyulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-286/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, K.Axundov küçəsi, 7 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 119 nömrəli vərəqində qeydiyyata alınmışdır. 08 aprel 2021-ci il tarixli, 10/3341 saylı Ekspert Rəyinin məzmunundan görünür ki, baxış zamanı mübahisəli divarın iddiaçı və cavabdehin faktiki istifadələrində olan torpaq sahələrinin sərhəd hasarı olduğu, hasarın beton panellərdən quraşdırıldığı, hasarın ümumi uzunluğunun 24,5 metr, hündürlüyünün 1,8 metr, iddiaçının fərdi yaşayış evinin arxasında düşən hissəsinin uzunluğunun 12,2 metr olduğu, iddiaçının fərdi yaşayış evi ilə hasar arasında olan məsafənin 0,8 metr olduğu, sözügedən hasarın iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə doğru əyildiyi, panellərin üzərində irili-xərdalı çatların və aralanmaların mövcud olduğunun müəyyən edildiyi, faktiki olaraq panel hasarın həyətyanı sahəyə və fərdi yaşayış evinə tərəf aşmasının qarşısını almaq məqsədilə iddiaçı tərəfindən öz torpaq sahəsi tərəfindən mişar daşından müxtəlif ölçüdə 5 ədəd sütun quraşdırıldığı, bu sütunlardan iki ədədi iddiaçının fərdi yaşayış evi ilə mübahisəli panel hasar arasında olduğu qeyd edilmişdir. iddiaçının yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, K.Axundov küçəsi, 7 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə qonşusu cavabdehə aid torpaq sahələrinin ara divarı hesab olunan cavabdeh tərəfindən qoyulmuş panellərin iddiaçının evi üçün təhlükə yaradıb-yaratmamasının müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığına və qərardadın sualına dair müvafiq mütəxəssis rəyi mərkəzə daxil olmadığına görə qərardadın bu sualını cavablandırmaq mümkün olmadığı qeyd olunmuşdur. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh torpaq sahələrinin sərhəddində yerləşən, cavabdehə məxsus 3 ədəd panelin hazırda durduğu yerdən götürülərək oradan uzaqlaşdırılması və yerində cavabdehin payına düşən hissəsinin daşla hörülərək hasarlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı evin və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsinin mülkiyyətçisidir. Cavabdeh da ünvan 2 ünvanındakı evin və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsinin mülkiyyətçisi olaraq 20 ildən artıqdır orada yaşayır. Onların torpaq sahələrinin sərhədində aralarındakı hasarı (çəpəri) əvəz edən, cavabdehə məxsus hər birinin uzunluğu 6,5 metr, eni 1,85 metr, qalınlığı 20 sm olan 3 panel vardır. Ölçülərindən də göründüyü kimi, panellər təhlükəsizlik standartlarına, norma və qaydalarına uyğun deyildir. Cavabdeh öz torpaq sahəsində satış məqsədi ilə ilin 12 ayını fasiləsiz olaraq göy-göyərti əkib becərir. Bunun üçün əkdiklərini kiçik fasilələrlə dəfələrlə suladığından, bu səbəbdən möhkəm özül üzərində deyil, yerin səthində duran panellərin durduğu torpaq sahələri yumşaldığından, bu panellərdən ikisi onun torpaq sahəsinə, biri isə onun yaşadığı evin üzərinə tərəf əyilmişdir. Bu qəzalı vəziyyət onun ailə üzvülərinin sağlamlığına, eləcə də mənzilinin dayanıqlığına və möhkəmliyinə ciddi təhlükə yaratmışdır. Panellər keyfiyyətsiz və yararsız olduğundan üzərində çoxlu sayda çatlar, qırılıb qopmalar əmələ gəlmişdir. Zəlzələ hadisəsi nəticəsində panellər çox asanlıqla uçub dağıla bilər. Qəzalı vəziyyətin qarşısını müvəqqəti olaraq almaq məqsədi ilə onun torpaq sahəsinə doğru əyilmiş panellərin yanına çoxlu sayda daşlar yığmışdır ki, heç olmasa az da olsa bu təhlükədən özlərini qoruya bilsinlər. O, bu qəzalı vəziyyətdə torpaq sahəsindən sərbəst, təhlükəsiz və maneəsiz istifadə edə bilmir. Yağışlı və qarlı havalarda onun evinin arxasına yığılan suyun oradan götürülməsində olduqca əzab-əziyyət çəkir. Panellərin olduğu yerdən götürülməsini cavabdehdən dəfələrlə xahiş etsə də, hər dəfə cavabdehin təhqir və hədə-qorxuları ilə üzləşmişdir. Axırıncı dəfə 12 iyun 2020-ci il tarixində cavabdeh bacısının, arvadının, yeznəsinin yanında onu təhqir etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-286/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsi, K.Axundov küçəsində İddiaçı ilə Cavabdeh torpaq sahələrinin sərhədində yerləşən Cavabdeh məxsus 3 ədəd panelin götürülərək oradan uzaqlaşdırılması və həmin yerdə cavabdehin payına düşən hissəsinin daşla hörülərək hasarlanması vəzifəsinin Cavabdeh üzərinə qoyulması qət edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi, K.Axundov küçəsində İddiaçı ilə Cavabdeh torpaq sahələrinin sərhədində yerləşən cavabdehə məxsus 3 ədəd panel iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə doğru əyildiyindən və panellərin üzərində iril – xırdalı çatlar və aralanmalar mövcud olduğundan, iddia təmin edilməli, Abşeron rayonu, Saray qəsəbəsi, K.Axundov küçəsində İddiaçı ilə Cavabdeh torpaq sahələrinin sərhədində yerləşən Cavabdeh məxsus 3 ədəd panel durduğu yerdən götürülərək oradan uzaqlaşdırılmalı və həmin yerdə cavabdehin payına düşən hissənin daşla hörülərək hasarlanması vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 157.8, 170.1, 170.2-ci maddələrinə istinad etmişdir. Cavabdeh həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti verərək, məhkəmə qətnaməsinin ləğv eidlməsini, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən Azərbaycan Respublikası MPM-nin 14, 77, 78 və 88-ci maddələrinin tələblərini pozmuş, təqdim olunmuş sübutlara və işin faktiki hallarına düzgün qiymət verməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə işə baxarkən Azərbaycan Respublikası MPM-nin 8.1-ci maddəsinin tələbini kobud şəkildə pozmuşdur. O, məhkəmə prosesinin yeri və vaxtı barədə məlumatlandırılmamış, məhkəmə prosesində iştirak etmək imkanından məhrum olmuşdur. Hazırda yaşadığı evi o, 90-cı illərin axırlarında almış və evi alarkən iddiaçının qeyd etdiyi həmin 3 ədəd panel də bu ərazidə mövcud olmuşdur. O, heç vaxt həmin panellərin götürülməsinin əleyhinə olmamışdır. Bu panel aralarında sərhəd kimi qoyulmuşdur. Bundan başqa, həmin panellərin götürülməsinə və bu ərazidə hasarın çəkilməsinə etiraz etməmişdir. Bütün bu məsələlər qonşuluq münasibətlərindən irəli gəldiyi üçün iddiaçı həmin panelləri götürtdürə və orada daş hasar çəkdirə bilər. Onun belə bir hasar çəkdirməyə və ya panelləri oradan çıxarmağa nə maddi, nə də fiziki imkanı yoxdur. Əgər bu panellər hər ikisi arasında sərhəd rolunu oynayırsa, onun tərəfindən qoyulmayıbsa, həmin panelləri oradan çıxarmaq vəzifəsi onun üzərinə qoyulmamalıdır. Bundan başqa, onun maddi imkanı olmadığı halda, bu ərazidə daş hasarın çəkilməsi vəzifəsini də məhkəmə onun üzərinə qoymamalıdır. Həmçinin iddiaçı onun tikilisinə bitişik olan ərazidə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə məşğul olur və həmin ərazi daima sulandığı üçün ona məxsus evin divar və döşəməsi çürümüş, bərbad hala düşmüşdür. İddiaçının günahı üzündən evi tamamilə yararsız haldadır və artıq evi üçmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Onun maddi imkanı olmadığı üçün bu barədə məhkəməyə müraciət edə bilmir. Məhkəmə onu dinləmədən, mövqeyini öyrənmədən bu qətnaməni qəbul etmişdir. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi məhkəməyə təqdim etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandıırlmaması halı ilə bağlı qeyd edir ki, cavabdeh məhkəmə qətnaməsini xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə təhvil aldığını bildirir, necə olur ki, eyni ünvana göndərilmiş qətnaməni alır, ancaq bildirişləri almamışdır, qonşu yaşadığımızdan ona bildiriş çatdığı kimi cavabdehə də bildirşlər çatıbdır, həmçinin, qətnamədə də qeyd eidlib ki, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmışdır. Maddi və prosessual hüquq normalarının pozulması, işin tam araşdırılmaması, füzgün tətbiq edilməməsi həqiqətə uyğun deyildir.Üzrsüz səbəbfən məhkəmədə iştirak etməmiş və iddia tələbinə etirazın əsaslarına dair sübutları məhkəməyə təqdim etmək onun vəzifəsi idi.Ona görə də onun MPM-in 8.1, 9.1, 14,77,78,88-ci maddələrinə istinad etməsi düzgün deyildir.Apellyasiya şikayətində konkret olaraq hansı məsələlərin araşdırılmalı olması, nəyi sübut edən sənəd və materialların işə işə əlavə edilməli və araşdıırlmalı olduğu göstərilməmişdir. İşin düzgün həlli üçün gərək olan sənədlər və sübutlar iş materiallarına əlavə eidlib.Üstəlik məhkəmə ekspert rəyinə istinad edərək, ədalətli qətnamə qəbul etmişdir.Mübahisə predmeti olan panellər cavabdeh tərəfindən qoyulmayıb dəlili də tamamilə əsassızdır. Cavabdeh həmin panellərdən xəbərsiz olduğunu deyir. Bu açıq aşkar görünür ki, həmin panellərin 4-cü panel düz sərhəddə yerləşir, onun forma görə digər 3 panellə eyni olması, təsdiq edir ki, eyni vaxta qoyulmuş, yanlarına əyilməməsi üçün 5 yoğun tirbalar basdırılmışdır.Keçmiş mülkiyyətçi qoyubsa, o evini satarkan bununla bağlı çəkdiyi xərci dətorpaq shaəsi ilə birlikdə onları da ayrı-ayrı qiymətləndirmişdir.cavabdeh nevcə ola bilər ki, pul qoyub aldığı əmlaka sahiblik etməsin. Bu cavabdehin ona qarşı olan qərəzidir.Torpaq sahəsinin mülkiyyətçisi həm də onun əşyalarının da mülkiyyətçisidir.heç bir kənd təsərrüfatı məhsulu yetişdirmir. Onun torpaq sahəsi cavabdehin torpaq sahəsindən aşağı səviyyədə yerləşir.ona görə də suyun təbii axımı da ona tərəf olur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək,öz izahatında apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, yazılı etiraz ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Maddə 176.2. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Maddə 176.3. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrdən əlavə, bir-birilərinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti müvafiq məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilməməlidir. Belə ki, qeyd olunmalıdır ki, hazırki mülki iş üzrə iddia tələbinin predmetini iki qonşu torpaq sahələrinin sərhəddini müəyyən edən panel hasarın götürülərək, onun yerində daş hasarın hörülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı tələb təşkil edir. Başqa sözlə, tərəflər arasında yaranmış mübahisə predmetini iki qonşu torpaq sahəsinin sərhəddini müəyyən edən hasarın yeni daş hasarla əvəz edilməsi (hasarlanması) ilə bağlı münasibətlər təşkil edir. Həmçinin, qeyd olunmalıdır ki, hər iki torpaq sahəsinin qonşu torpaq sahəsi olması halı işin müahisəsiz halıdır. İddiaçı torpaq sahəsinin sərhəddi kimi istifadə edilən panel hasarın daş hasarla əvəz edilməsinin məhz cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Cavabdeh isə qonşu torpaq sahələri arasında olan panel hasarın onun tərəfindən çəkilmədiyini, əvvəlki mülkiyyətçidən qaldığını, həmin hasarın yeni daş hasarla əvəz edilməsi ilə bağlı bütün xərcin onun üzərinə qoyulmasına razı olmadığını, buna maddi imkanının olmadığını, həmin xərcin hər ikisi tərəfindən çəkilməli olduğunu, indiki halda isə həmin hasarın yenisi ilə əvəz edilməsinə isə ümumiyyətlə maddi imkanı olmadığından razı olmadığını qeyd etmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 176-cı maddəsinin dizpozitiv şərtləri təşkil edir. Belə ki, mülki qanunveriicliyin qeyd olunan normalarının tələbinə əsasən hasarlanma xərcini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir, torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Göründüyü kimi, indiki halda iddiaçının iki torpaq sahəsində sərhəd kimi istifadə edilən panel hasarın başqa (daş hasar ilə) möhkəm ayırıcı hasarla əvəz edilməsini tələb etmək hüququ mövcud olmuşdur. Lakin həmin hasarın çəkilməsi xərcini tərəflər öz aralarında qarşılıqlı razılıq əsasında müəyyən edə bilər və ya razılaşma olmadığı halda, həmin xərc tərəflər arasında bərabər bölünməlidir. İndiki halda isə iddiaçının iddia tələbi qeyd sərhəd hasarın çəkilməsinin yalnız cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. Mülki qanunvericilikdə isə sərhəd hasarın çəkilməsi və ya möhkəm ayırıcı hasarla əvəz edilməsi ilə bağlı bütün xərcin çəkilməsinin bir qonşu sahəsinin mülkiyyətçisinin üzərinə qoyulmasına dair heç bir norma və ya şərt nəzərdə tutulmamışdır. Həmçinin, hazırki mülki iş üzrə tərəflər arasında da qeyd olunan normanın tələblərindən fərqli qayda müəyyən edən hər hansı razılaşma olması halı da müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq norması düzgün tətbiq edilməmiş, işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iş üzrə gəldiyi nəticə düzgün əsaslandırılmamış, bununla da iş üzrə düzgün olmayan qətnamə qəbul edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti təmin edilməli, barəsində şikayət verilən məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, məhkəmə qətnaməsi ləğv edilərək, iddia təmin edilmədiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq, dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-286/2021 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı hasarın çəkilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-64/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-64/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver