Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-64/2024 07.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 Həbibxan oğlunun, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs Maraqlı şəxsnə qarşı “qanunsuz olaraq zəbt edilmiş torpaqdan çıxarılma və vurulmuş mənəvi ziyana görə pul tələbinə dair” mülki iş üzrə Quba Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(027)-65/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Quba Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(027)-65/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs Maraqlı şəxsnə qarşı “qanunsuz olaraq zəbt edilmiş torpaqdan çıxarılma və vurulmuş mənəvi ziyana görə pul tələbinə dair” iddiasının təmin edilməməsi, iş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir (hakim R.Həsənov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(027)-65/2022 nömrəli qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu Digah kəndi ərazisində xüsusi mülkiyyət hüququ əsasında ona verilən 0,12 ha torpaq sahəsindən həmin torpaq sahəsini özbaşına zəbt etmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, cavabdehlərin qanunsuz hərəkətləri ilə ona dəymiş mənəvi ziyana görə isə onların hər birindən 3000 (üç min) manat məbləğində pul alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya Quba rayonu Digah kəndinin ərazisində ev tikmək üçün 0,12 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xüsusi mülkiyyət hüququ ilə adına qeydə alınmış və ona 18 mart 2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Quba rayonu Xucbala İnzibati Ərazi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 915 saylı arayışında göstərilir ki, nümayəndəliyin 20 saylı təsərrüfatbaşına kitabının 1764 nömrəli şəxsi hesabında iddiaçının 0,12 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin kadastr göstəricilərinin olmasına baxmayaraq cavabdehlər onun torpaq sahəsini tikanlı məftillə hasarlayıb qanunsuz olaraq zəbt etmişlər və onu öz torpağından istifadə etməyə qoymur, bununla ona mənəvi ziyan vururlar. Bu barədə o, Maraqlı şəxsnə müraciət etdiyi üçün bələdiyyənin sədri, onun müavini və üç nəfər kənd sakininin iştirakı ilə xx.xx.2020-ci il tarixdə akt tərtib edilmişdir. Həmin aktda göstərilir ki, "Quba rayon Digah kəndində bələdiyyə mülkiyyətinə aid həyətyanı təyinatlı torpaq sahələri yerləşən ərazidə Digah kənd sakinləri Cavabdeh2 0,30 ha və X10 0,43 ha, eyni zamanda Quba şəhər sakini Cavabdeh1 0,72 ha torpağı qeyri-qanuni zəbt edərək tikanlı məftillə hasarlamışlar". Bundan əlavə, Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 100 saylı arayışda göstərilir: "Verilir həmin arayış ondan ötrü ki, Quba rayonu Digah kəndində torpaq islahatı zamanı özlərinə dövlət aktları ilə ayrılmış pay torpaq sahələrinin hüquqlarını bilə-bilə pozan, aşağıda adları qeyd olunan vətəndaşlar: 1. Quba rayonu Digah kənd sakini Cavabdeh2 0,30 ha; 2. Quba şəhər sakini, bazar ətrafında yerləşən "Əfqan" marketin sahibi Cavabdeh1 0,72 ha; 3. Quba rayonu Digah kənd sakini X11 0,43 ha Bələdiyyə mülkiyyətində olan kəndaltı torpaq sahəsini tərəflərindən xəbərdarlıq edilməsinə əhəmiyyət vermədən zəbt edərək (dövlət aktları ilə özlərinə ayrılmış pay torpaqlarından çox-çox kənara çıxmaqla), qanunsuz olaraq tikanlı məftillə hasarlamışlar". Cavabdehlərin bu hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozan cinayət əməli kimi qiymətləndirilməlidir. Digah-Xucbala bələdiyyəsi cavabdehlərin bu hərəkətləri barəsində Quba rayon prokurorluğuna ərizə ilə müraciət etsə də, prokurorluq cavabdehləri qanunsuz hərəkətlərindən çəkindirə bilməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə yuxarıda qeyd olunan qətnamə çıxarılmışdır. Həmin qətnamə ilə razılaşmayan İddiaçı ondan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hal-hazırda cavabdehlər tərəfindən qanunsuz istifadə olunan, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan 0,12 ha torpaq sahəsini 22 fevral 2020-ci ildə Quba rayonu Digah Bələdiyyəsindən notarial qaydada təsdiqlənmiş AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən almışdır. Torpaq sahəsi döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə müəyyən edilərək ona göstərilmişdir. Lakin cavabdehlər ona məxsus torpaq sahəsini tikanlı məftillə hasarlayaraq zəbt ediblər. Həmin şəxslərə qanunsuz tutduqları torpaq sahəsindən çıxmalarına dair müraciətlər nəticəsiz olduğundan məhkəmədə onlara qarşı iddia qaldırmağa məcbur olmuşdur. Quba Rayon Məhkəməsi tərəfindən 30 iyun 2022-ci il tarixli qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin hakim ekspertizanın nəticəsini gözləmədən qətnamə qəbul etmiş, bununla da prosessual hüquq pozuntusuna yol vermişdir. Həmçinin məhkəmə tərəfindən 09 sentyabr 2022-ci il tarixdə yerli baxış təyin edilmiş və onun iştirakı ilə keçirilmiş, lakin məhkəmə bunun da nəticəsini gözləmədən, araşdırma başa çatmamış tələm-tələsik yekun qərar qəbul etmişdir ki, bu da növbəti prosessual pozuntudur. Məhkəmə DƏDKR publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin arayışına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Həmin arayışda qeyd edilmişdir ki, elektron xəritə hazırlanmadan tərəflərin mülkiyyətində olan torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Necə ola bilər ki, elə həmin orqan tərəfindən 2019-cu ildə sözügedən torpaq sahəsi ilə bağlı koordinatlar göstərilməklə yerseçmə aktı tərtib olunur, xx.xx.2020-ci il tarixli rəy verilir, ayrılan torpaq sahəsinin kadastr göstəriciləri müəyyən edilir, torpaq sahəsinin yerquruluşu planı tərtib olunur, daha sonra çıxarış və plan-ölçü sənədi verilir, amma həmin sənədlər əsasında torpaq sahəsinin sərhədlərini yerdə müəyyən etmək mümkün olmur. Mübahisəli torpaq sahəsinə bitişik X7 da mülkiyyətində olan torpaq sahəsi hazırkı iş üzrə cavabdehlər tərəfindən zəbt olunmuşdur. Cavabdehlər özləri də torpaq sahəsinin onlar tərəfindən hasara alınmasını inkar etmirlər, əksinə, hasara alınmış torpaq sahələrinin onlara məxsus olduğunu iddia edirlər. İş materiallarında ona məxsus torpaq sahəsinin cavabdehlər tərəfində qanunsuz hasara alınaraq istifadə olunmasını təsdiq edən kifayət qədər sübutlar olduğu halda məhkəmə bunları nəzərə almamışdır. Mübahisənin predmeti olan torpaq sahəsinin onun qanuni mülkiyyətində olması, həmin torpaq sahəsinin özgənin faktiki sahibliyində olması və bu sahibliyin qanunsuz olması məhkəmə araşdırması zamanı təsdiqini tapsa da, məhkəmə işin hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir. Hesab edir ki, göstərilənlərə əsasən onun apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi (atası) Nümayəndə1 Həbibxan oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdi. Bildirdi ki, apellyasiya icraatı zamanı təyin olunmuş və rəyi alınmış məhkəmə tikinti-texniki ekspertizasının gəldiyi nəticələrdən görünür ki, həqiqətən də cavabdehlərin hazırda məftillə hasarlayıb istifadə etdikləri torpaq sahələri onların müvafiq sənədlərində nəzərdə tutularaq ayrılmış torpaq sahələri deyil; aqrar islahat zamanı cavabdehlərə verilmiş torpaq sahələri kənd təsərrüfatı təyinatlı olduğu halda onlar həmin torpaq sahələrinin yerləşdiyi ərazilərdən kənara çıxaraq bələdiyyə mülkiyyətinə ayrılmış yaşayış məntəqəsinə aid həyətyanı təyinatlı torpaqları ələ keçirib özününküləşdirmişlər. İddiaçıya da bələdiyyə tərəfindən bu ərazidə fərdi ev tikintisi üçün 0,12 ha həyətyanı torpaq sahəsi satılmışdır. Lakin cavabdehlər razılaşmaq istəmirlər ki, onların öz torpaq sahələri bir qədər aralıda yerləşir və indi istifadə etdikləri torpaq sahələrindən çıxıb öz torpaq sahələrinə qayıtmalıdırlar. Hesab edir ki, ekspertizanın rəyi iddiaçının apellyasiya şikayətinin düzgün və əsaslı olduğuna dəlalət edir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Apellyasiya baxışı zamanı Cavabdeh2 verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etdiyini, aqrar islahat vaxtı ona indi istifadə etdiyi torpaq sahəsinin verildiyini və heç kəsin torpağını zəbt etmədiyini bildirərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər Cavabdeh1 və üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş və iclasın təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(027)-65/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu Yuxarı Digah kəndində yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. xx.xx.2020-ci il tarixdə tərtib edilmiş A-492324 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsi yaşayış məntəqəsi torpağıdır (həyətyanı təyinatlı) və notarial qaydada təsdiqlənmiş xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında İddiaçı mülkiyyətinə keçmişdir. Bundan əvvəl sözügedən torpaq sahəsi xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Maraqlı şəxsnə məxsus olmuş və bələdiyyə tərəfindən İddiaçı satılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 915 saylı arayışdan görünür ki, İddiaçı Quba rayonu Digah kənd sakinidir, hazırda həmin kəndində yaşayır, Xucbala İƏD üzrə nümayəndəliyin 20 saylı təsərrüfatbaşına kitabının 1764 nömrəli şəxsi hesabında onun xüsusi mülkiyyətində 0.12 ha həyətyanı torpaq sahəsi var. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu Digah kəndində yerləşən 0.204565 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azrəbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2006-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu Digah kəndində yerləşən 0.7246 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan notarial qaydada təsdiqlənmiş xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, X8 və X18 onlara məxsus Quba rayonu Digah kəndində yerləşən 0.204565 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X5 bağışlamışlar (mülkiyyətinə vermişlər). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu Digah kəndində yerləşən 0.2046 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 mülkiyyətindədir. Qeyd edildiyi kimi, İddiaçı Quba Rayon Məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (və üçüncü şəxs Maraqlı şəxsnə) qarşı “qanunsuz olaraq zəbt olunmuş torpaqdan çıxarılma və vurulmuş mənəvi ziyana görə pul tələbinə dair” iddia qaldırmış, məhkəmə həmin iddianı təmin etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Quba rayonu Digah kəndi ərazisində xüsusi mülkiyyət hüququ əsasında ona verilmiş 0,12 ha torpaq sahəsindən çıxarılmalarını xahiş etsə də, lakin mülki iş üzrə "xxxx" MMC-dən alınmış xx.xx.2021-ci il tarixli, 01/21-269 saylı mütəxəssis rəyi və həmin rəy əsasında verilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/1947 saylı ekspert rəyi ilə sözügedən torpaq sahəsinin kim (və ya kimlər) tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki Quba Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(027)-707/2021 saylı qərardadındakı sualların cavablandırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar “Torpaqların elektron kadastr uçotu” informasiya sisteminin yaradılması işləri yekunlaşdıqdan və kameral şəraitdə mütəxəssislərin istifadəsinə verildikdən sonra mümkün olacaqdır. Çünki mübahisəli ərazidə torpaq sahələrinin sənəd üzrə olan koordinatları ilə vətəndaşların faktiki istifadə etdikləri həmin sahələrin yerdə (naturada) olan koordinatları arasında kəskin fərq mövcuddur... Ona görə də, mübahisə predmetini təşkil edən torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt və istifadə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, qeyd olunan ərazidə həmçinin, mülkiyyət hüququ əsasında cavabdehlərin torpaq sahələri mövcuddur. Elektron xəritə hazırlanmadan tərəflərin mülkiyyətində olan torpaq sahələrinin sərhədlərini müəyyən etmək mümkün deyildir... Bu konteksdən yanaşıldıqda iddiaçının ona cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyanın dəyməsi barədə iddiası da əsassızdır və iddiaçı məhkəməyə cavabdehlər tərəfindən ona mənəvi ziyan vurulması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, torpaqla bağlı məhkəmə mübahisələrinin həllinin “torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi” işlərinin başa çatdırılmasından asılı edilməsi qanunsuz və yolverilməzdir. Belə ki, əvvəla, “Torpaqların elektron kadastr uçotu” informasiya sistemi yaradılanadək torpaqla bağlı mübahisələrə məhkəmə qaydasında baxılıb həll edilməsi qanunvericilik yolu ilə məhdudlaşdırılmamışdır (dayandırılmamışdır). Digər tərəfdən, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndinə müvafiq olaraq, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması aşağıdakı tələblərə riayət edilməklə həyata keçirilməlidir: - torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılması torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılmalı; - ərazi vahidləri üzrə layihələr həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılmalı; - ərazi vahidləri üzrə layihələr, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməlidir... Göründüyü kimi, fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaqlarda hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcud olduqda faktiki istifadə vəziyyəti o halda əsas götürülə və bu vəziyyətə uyğun yenidən sənədləşmə (layihələşdirmə) aparıla bilər ki, belə uyğunsuzluq (yerdəyişmə) digər şəxslərin hüquqlarını pozmasın və bu şəxslər faktiki vəziyyətlə (mövcud uyğunsuzluqla) razılaşıb hüquqmüəyyənedici sənədlər əsasında onlara aid olan torpağın əvəzində təklif olunan başqa torpaq sahəsini qəbul etsinlər. Əgər şəxs hüquqi və texniki sənədlər əsasında ona ayrılmış torpaq sahəsini həmin torpağa faktiki istifadə vəziyyətinə görə sahiblənmiş başqasından tələb edirsə, onda bu mübahisə qanunvericiliyə uyğun qaydada həll edilməlidir. Belə mübahisələr həll edilərək hüquqi müəyyənliyə nail olunandan sonra müvafiq ərazidə torpaqların elektron kadastr uçotu aparıla və həmin ərazinin rəqəmsal kadastr xəritəsi tərtib edilə bilər. Məhkəmələr isə “torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi” işlərinin hələ başa çatdırılmaması səbəbi ilə torpaq mübahisələrinə baxmaqdan və mübahisələri mahiyyəti üzrə həll etməkdən imtina edə bilməzlər. Ona görə də apellyasiya icraatı zamanı məhkəmə kollegiyası mübahisənin obyektiv və qanuna müvafiq həlli üçün iddianın predmeti olan torpaq sahəsi ilə bağlı yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə xx.xx.2022-ci il tarixli, 10/4964 nömrəli rəyindən görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı Quba rayonu, Yuxarı Digah kəndindən verilmiş 0,12 ha torpaq sahəsinin, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən Cavabdeh2 Quba rayonu, Digah kəndindən verilmiş (hazırda X4 mülkiyyətində olan) 0,204565 ha kənd təşərrüfatı təyinatlı torpaq sahəsinin və ********* qeydiyyat nömrəli, xx.xx.2006-cı il qeydiyyat tarixli çıxarışa əsasən Nəcəfov llqar Teymur oğluna Quba rayonu, Digah kəndindən verilmiş 0,7246 ha kənd təşərrüfatı təyinatlı torpaq sahəsinin naturada koordinatları mütəxəssis tərəfindən müəyyən edilmişdir. İddiaçı məxsus (mülkiyyətinə verilmiş) torpaq sahəsi ilə Cavabdeh2 və İ.Nəsəfova məxsus (mülkiyyətlərinə verilmiş) torpaq sahələri üst-üstə düşmür... İddiaçıya məxsus torpaq sahasinin 0.0786 ha hissəsi Cavabdeh1 tərəfindən, 0.0414 ha hissəsi isə Cavabdeh2 tərəfindən istifadə olunur. Ekspert rəyindən göründüyü kimi, iddiaçıya məxsus 0,12 ha torpaq sahəsinin 0,0414 ha hissəsini Cavabdeh2, 0,0786 ha hissəsini Cavabdeh1 məftillə hasarlayıb istifadə etməklə həmin torpaq sahəsini bütövlükdə zəbt etmişlər. Cavabdehlər isə mübahisəli hissə də daxil olmaqla məftillə hasarladıqları torpaq sahələrinin dövlət tərəfindən onların mülkiyyətinə verilmiş pay torpaqları olduğunu iddia edirlər. Halbuki, mütəxəssis və ekspert rəylərindən məlum olur ki, cavabdehlərə məxsus pay torpaqlarının koordinatları mübahisəli torpaq sahəsindən bir qədər aralıda yerləşən əraziyə düşür. Yəni, cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları mübahisəli torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Bu baxmdan cavabdehlərin mübahisəli torpaq sahəsinə sahiblik və ondan istifadə etmələrinin qanuni əsası yoxdur. İddiaçının mülkiyyətinə aid torpaq sahəsi cavabdehlərin qanunsuz istifadəsində olduğundan həmin torpaq sahəsi onlardan alınıb iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası bir məsələyə də münasibət bildirməyi zəruri hesab edir ki, yuxarıda qeyd edildiyi kimi, əslində Cavabdeh2 ona məxsus Quba rayonu Digah kəndində yerləşən 0.204565 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini notarial qaydada təsdiqlənmiş xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən X5 bağışlamışdır və həmin torpaq sahəsi xx.xx.2021-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına (mülkiyyəti kimi) qeydiyyata alınmışdır. Bu baxımdan hazırda Cavabdeh2 müvafiq ərazidə pay torpağı yoxdur. Lakin Cavabdeh2 həm birinci instansiya, həm də apellyasiya məhkəməsində verdiyi izahatlarında bildirmişdir ki, mübahisəli torpaq sahəsini özü məftillə hasara almış və hal-hazırda da özü istifadə edir, orada əkin-biçin işləri aparır. X9 bağışlasa da, sonuncu həmin torpaqdan istifadə etmir. Oğlu olmadığından torpağını bacısı oğlu Cavanşirin adına keçirmişdir ki, gələcəkdə həmin torpaq Cavanşirə qalsın. Hələ ki, əmək qabiliyyətli olduğuna görə pay torpağında özü çalışır... Göründüyü kimi, mübahisəli torpaq sahəsini Cavanşir Məmmədov deyil, Cavabdeh2 zəbt etmişdir. Cavabdeh2 X9 bağışlayandan sonra da mübahisəli torpaq sahəsini qanunsuz olaraq öz istifadəsində saxlayır və oranı zəbt etməkdə davam edir. Digər tərəfdən, Cavanşir Məmmədova bağışlanmış pay torpağı əslində Cavabdeh2 zəbt etdiyi torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Bu baxımdan zəbt olunmuş torpaq sahəsinin Cavanşir Məmmədova aidiyyəti yoxdur. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, məhkəmə icraatının sonrakı gedişində Cavanşir Məmmədovu əsl cavabdeh kimi tanımağa, yaxud üçüncü şəxs kimi işə cəlb etməyə lüzum və əsas olmamış, Cavabdeh2 cavabdeh statusunda saxlanılması və iddiaya cavab verməli şəxslərdən biri hesab edilməsi işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə, hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin cavabdehlər tərəfindən əsassız olaraq zəbt edilməsi faktı işin müəyyən edilmiş halları ilə kifayət qədər sübut olunur. Belə vəziyyətdə iddiaçı ona məxsus torpaq sahəsindən cavabdehlərin çıxarılmasını məhkəmə yolu ilə tələb etməkdə haqlı olmuşdur. Ona görə də iddia cavabdehlərin zəbt etdikləri iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmaları tələbinə aid hissədə əsaslıdır və həmin tələb təmin edilməlidir. İddianın cavabdehlərdən qanunsuz hərəkətləri ilə iddiaçıya vurduqları mənəvi ziyana görə pul tutulması tələbinə aid hissəsinə gəlincə məhkəmə kollegiyası hesab edir ki, bu tələb yetərincə əsaslı deyildir. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə müvafiq olaraq, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Konkret halda iddiaçının pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər məhkəməyə müraciətlə əlaqədar ola bilər ki, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddiaçının tələbi haqlı olduqda (təmin olunduqda) onun çəkdiyi məhkəmə xərcləri cavabdehin hesabına özünə qaytarılır. Bu yolla iddiaçının pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər kompensasiya olunur və onun ziyan çəkməsinin qarşısı alınır... Digər tərəfdən, iddiaçının zəbt olunmuş torpağı həyətyanı sahədir və orada fərdi ev tikilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan həmin torpaq sahəsinin zəbt olunması ilə iddiaçının hər hansı gəlirdən (maddi faydadan) məhrum olması inandırıcı və qəbuledilən deyildir... Habelə, torpaq sahəsinin zəbt edilməsinin mülkiyyətçinin (iddiaçının) mənəvi ziyan çəkməsinə səbəb olması da mümkün görünmür. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın yetirilmiş mənəvi ziyana görə pul əvəzinin ödənilməsi tələbi ilə bağlı hissəsi təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətini qismən, yəni ona məxsus torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbinin təmin edilməməsi ilə bağlı hissəsini əsaslı sayır. Məhkəmə kollegiyasının qənaətincə, həmin hissədə birinci instansiya məhkəməsi iş üzrə natamam və səthi araşdırma aparmış, o cümlədən bu qəbildən olan işlər üzrə əsas sübut növü olan məhkəmə torpaqşünaslıq və tikinti-texniki ekspertizasının keçirilməsinə və ekspertiza rəyinin alınmasına lazımi səy göstərməmiş, iddiaçının əsaslı vəsatətlərinə əhəmiyyət verməmiş, qeyd olunan prosessual pozuntular məhkəmənin maddi hüquq normalarını da səhv tətbiq etməsinə, işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan yanlış nəticəyə gəlməsinə, bununla da qanuni və əsaslı olmayan qətnamə qəbul etməsinə səbəb olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, eyni zamanda işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 385.1.1 (maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi) və 385.1.4-cü (birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi) maddələrinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.5-ci maddəsinə görə isə, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. Eyni zamanda, MPM-in 119-cu maddəsinə uyğun olaraq, iş üzrə məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi həll edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apelyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(027)- 65/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul olunsun. İddia qismən təmin edilsin. Quba rayonu Yuxarı Digah kəndində İddiaçı mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin Cavabdeh1 zəbt edib qanunsuz istifadə etdiyi 0,786 ha hissəsindən, digər Cavabdeh2 isə zəbt edib qanunsuz istifadə etdiyi qalan 0,414 ha hissəsindən çıxarılsınlar. Cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə çəkilmiş məftil hasar onların (cavabdehlərin) öz hesabına sökülsün. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin hesablaşma hesabına köçürülmüş 95 (döxsan beş) manat xidmət haqqı olmaqla cəmi 155 (bir yüz əlli beş) manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı ödənilsin. Bundan əlavə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 keçirilmiş məhkəmə ekspertizalarının xərci olaraq cəmi 150 (bir yüz əlli) manat pul vəsaiti müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesablaşma hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-64/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-64/2024
07.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver