Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-640/2022 15.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızı katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı mülkiyyətdə olan yaşayış sahəsinin boşaldılması və ondan istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-2739/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin e-2(012)-2739/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1B saylı evin 22A saylı mənzilindən çıxarılması, Cavabdeh2 və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1B saylı evin 22A saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, qətnamənin Cavabdeh2 və Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1B saylı evin 22A saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsas olması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 7 (yeddi) manat hissəsinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir (hakim Elçin Kazımov). Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin e-2(012)-2739/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı mülkiyyətdə olan yaşayış sahəsinin boşaldılması və ondan istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı, 22.12.2020-ci il tarixli çıxarışına əsasən ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B ünvanında yerləşən 22A nömrəli mənzildən çıxarılması, həmin mənzildən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlər mülkiyyətçinin ailə üzvləri qismində yaşayış sahəsindən istifadə hüququnu əldə etmiş və yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Belə olan halda Mülki Məcəllənin 228.5-ci maddəsinə müvafiq olaraq onların sözügedən mənzildən yaşayış və istifadə hüquqları saxlanılmalı idi. Məhkəmə tərəfindən mənzildən yaşayış və istifadə hüququna və qeydiyyatına xitam verilməsi qət edilmiş cavabdehlərin mənzildə qeydiyyatının əsasları araşdırılmamışdır. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi cavabdehlər mülkiyyətçinin ailə üzvləri qismində yaşayış sahəsindən istifadə hüququnu əldə etmiş və yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Belə olan halda onların sözügedən mənzildən yaşayış və istifadə hüquqları saxlanılır. Məhkəmə tərəfindən cavabdehlərin hərracın yekunlarına dair protokolun tərtib olunmasından əvvəl mülkiyyətçinin ailə üzvləri qismində yaşayış sahəsində istifadə hüququnun yaranmaması halına dair hər hansı bir sübut tələb olunmamışdır. Məhkəmə tərəfindən Mülki Məcəllənin 27.1, 228-ci maddələri, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 1, 2-ci v 5-ci maddələri, Konstitusiya Məhkəməsi Plenumunun "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 sentyabr 2020-ci il tarixli Qərarınn müddəalarına zidd qətnamə qəbul edilmiş, həmin müddəalarda tələb olunan hallar araşdırılmamış və işin hallarına zidd olan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli, e-2(012)-2739/2021 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apelyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli, e-2(012)-2739/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişlər, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehn apelyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Mülki işin materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-294/2016 saylı, 25 noyabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh3 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" Xidməti MMC-yə, Yasamal Rayon İcra Şöbəsi və İddiaçı ASC-yə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 27ci məhəllə, ev 1B, 22 saylı mənzilin satılması ilə bağlı hərrac, hərracın yekunları barədə 27 iyun 2014-cü il tarixli, 55/02 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə "xxxx" MMC ilə İddiaçı ASC arasında bağlanılmış 27 iyun 2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı ASCnin Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B, 22 saylı mənzilə mülkiyyət hüququ barədə qeydiyyat və onun əsasında verilmiş “çıxarış”ın ləğv edilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən olunmaqla Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B, 22 saylı mənzilin satılması ilə bağlı yenidən açıq hərrac keçirilməsi qət edilmişdir. Mülki işin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Hərracın yekunları barədə 42/1-2 saylı, 11 sentyabr 2019-cu il tarixli protokolunun surətindən görünür ki, Cavabdeh3 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1B saylı evin 22A saylı mənzili Yasamal Rayon Məhkəməsinin 2(004)-294/2016 saylı, 25.11.2016-cı il tarixli icra vərəqəsinin, Abşeron rayon İcra və Probasiya Şöbəsinin 17/75-58-7H saylı, 22.05.2019-cu il tarixli sifariş məktubunun və İddiaçı ASC-nin 10939 saylı, 28.08.2019-cu il tarixli məktubunun icrasına əsasən Külək” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilən hərracda alıcı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 22.12.2020-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Mərkəzi” filialıdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 18.01.2021-ci il tarixli arayışların surətindən görünür ki, Cavabdeh3 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 6, RPİ ünvanında, Cavabdeh2 və Səmədov X4 rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B, mənzil 22 A ünvanında qeydiyyatdadırlar. Mülki işin materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3-cü, 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1B saylı evin 22A saylı mənzili Yasamal Rayon Məhkəməsinin 2(004)-294/2016 saylı, 25.11.2016-cı il tarixli icra vərəqəsinin, Abşeron rayon İcra və Probasiya Şöbəsinin 17/75-58-7H saylı, 22.05.2019-cu il tarixli sifariş məktubunun və İddiaçı ASC-nin 10939 saylı, 28.08.2019-cu il tarixli məktubunun icrası əsasında açıq hərracda satılmışdır. Hazırda qeyd olunan mənzilin mülkiyyətçisi İddiaçı Açıq Səhmdar Cəmiyyətidir, lakin buna baxmayaraq, bir ailə üzvü olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildə yaşamaqla qeydiyyatdadırlar. Məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hazırda iddiaçının mülkiyyətində olan mənzildə yaşamaqla qeydiyyatda qalmaları sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından onların həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməli və onlar həmin mənzildən çıxarılmalıdırlar. Bundan başqa məhkəmə iddia tələbinin “Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1B ünvanında yerləşən 22A nömrəli mənzildən çıxarılması, həmin mənzildən onun istifadə hüququna xitam verilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh3 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 6, RPİ ünvanında qeydiyyatdadır. Yəni cavabdeh mübahisələndirilən ünvanda qeydiyyatda deyil, habelə iddiaçı Cavabdeh3 Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1B saylı evin 22A saylı mənzilindən istifadə hüququnun olması və həmin mənzildə yaşaması barədə məhkəməyə hər hansı sübutu təqdim etməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməltidir. Belə ki, müəyyən edilmişdir ki, icra sənədinə əsasən ipoteka predmeti olan mənzilə tutma yönəldilmiş və o satılaraq keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Lakin cavabdehlər mənzildən qeydiyyatdan çıxmamış, mənzili boşaldaraq iddiaçıya təhvil verməmişlər. Cavabdehlər qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla və mənzili boşaldıb tərk etməməklə iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırırlar. Cavabdehlərlərin mənzildən qeydiyyatdan çıxarılması üçün onların mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərlərin mənzildən istifadə hüququ alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan itirilmiş sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» 27.08.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Bundan başqa müəyyən edilmişdir ki, apelyant apelyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etsə də şikayəti əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişlər. Apellyasiya şikayətində cavabdeh qeyd etmişdir ki, əvvəlki mülkiyyətçinin ailə üzvləri qismində yaşayış sahəsindən istifadə hüququnu əldə etmiş və yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Belə olan halda onların sözügedən mənzildən yaşayış və istifadə hüquqları saxlanılır. Məhkəmə tərəfindən cavabdehlərin hərracın yekunlarına dair protokolun tərtib olunmasından əvvəl mülkiyyətçinin ailə üzvləri qismində yaşayış sahəsində istifadə hüququnun yaranmaması halına dair hər hansı bir sübut tələb olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, mübahisəli mənzil hazırda iddiaçının mülkiyyətindədir və cavabdehin orada yaşaması və qeydiyyatda qalması iddiaçının birbaşa hüquqlarını məhdudlaşdırır və pozur. Bundan başqa cavabdeh hazırkı mülkiyyətçinin ailə üzvü hesab edilmir. Ona görə də apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Cavabdeh2 apelyasiya şikayəti təmin olunmamalı, qətnamə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Abşeron Rayon Məhkəməsinin e-2(012)-2739/2021 saylı 18 noyabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-640/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-640/2022
15.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver