Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-647/2025 21.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Kateqoriya: Öhdəliklərin icrasının təmin edilməsi üsulları Zaminlik ( Zaminin reqress tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı və Cavabdeh iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-236/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.
1. Quba Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli, 2(027)-2580/2014 saylı məhkəmə əmrindən görünür ki, Cavabdeh və İddiaçı müştərək qaydada 1176,48 (bir min bir yüz yetmiş altı manat qırx səkkiz qəpik) manat məbləğində əsas kredit borcu, 164,81 (bir yüz altımış dörd manat səksən bir qəpik) manat faiz borcu olmaqla - cəmi 1341,29 (bir min üç yüz qırx bir manat iyirmi doqquz qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu alınaraq "xxxx" ASC- nin hesabına ödənilməsi əmr edilmişdir.
2. "xxxx" Səhmdar Kredit Təşkilatı Xaçmaz Filialının 18 iyul 2024-cü il tarixli arayışından görünür ki, "xxxx" ASC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış № 171/11 saylı xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən 3000.00 (üç min ) manat kredit almışdır. Krediti vaxtında qaytarmadığına görə bu iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2014-cı il tarixli, 2(027)-2580/2014 saylı Əmri vardır. ABB Quba filialından "xxxx" QSC-nin Xaçmaz filialının balansına götürülmüş Cavabdeh qalıq 1329.10 (bir min üç yüz iyirmi doqquz ) 10 qəpik kredit borcu tam olaraq ödənmişdir və həmin kredit üzrə heç bir borcu yoxdur.
3. İş materiallarında olan xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli inkasso sərəncamlarından görünür ki, İddiaçı ümumilikdə 1559,05 manat məbləğində kredit ödənişi etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanmış 25 noyabr 2011-ci il tarixli zaminlik müqaviləsi üzrə ödədiyi 1559,05 (bir min beş yüz əlli doqquz manat beş qəpik) manat məbləğində pul vəsaitinin və 36 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Quba filialı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə 171/11 saylı kredit müqaviləsi bağlanaraq ona müqaviləyə edilmiş əlavəyə əsasən kredit müddəti 12 ay uzadılmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə görə kredit üzrə faizlər illik 20% hesablanmışdır. O cümlədən xx.xx.2011-ci il tarixdə Cavabdehla bağlanmış müqavilə üzrə kredit öhdəliyinin təmin edilməsi üçün bank onunla da həmin tarixdə 171/11 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh aldığı kredit borcunu müəyyən olunmuş müddət ərzində tam ödəmədiyindən bank məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli məhkəmə əmrinə əsasən əsas borclu Cavabdeh və zamin şəxs o, İddiaçı müştərək qaydada ödənilməmiş qalan 1176,48 (bir min bir yüz yetmiş altı manat qırx səkkiz qəpik) manat məbləğində əsas kredit borcu, 164, 81 (bir yüz altmış dörd manat səksən bir) manat faiz borcu olmaqla cəmi 1341,29 ( bir min üç yüz qırx bir manat iyirmi doqquz qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu alınaraq ABB ASC-nin hesabına ödənilməsi təmin edilmişdir. Cavabdeh həmin məbləği ödəmədiyinə görə qeyd olunan məbləğ zamin kimi ondan tələb olunmuşdur. Məhkəmə əmrinin icrası təmin olunaraq, kredit borcunun tutulması onun pensiyasına yönəldilmiş və pensiyasından 03 noyabr 2023-cü il tarixdən başlayaraq, 08 sentyabr 2024-cü il tarixə kimi 1463 manat tutularaq "xxxx" ASCnin hesabına köçürülmüşdür. Əlavə olaraq da həmin məbləğin 7% -i 96 manat icra şöbəsinin hesabına tutularaq ödənilmişdir. Bu fakt ərizəsinə əlavə etdiyi xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli inkasso sərəncamları ilə təsdiq olunur. Beləliklə də ondan ümumilikdə cəmi 1559,05 (bir min beş yüz əlli doqquz manat beş qəpik) manat pul tutulmuşdur. Cavabdeh ödəməli olduğu 1559,05 manat borc ondan tutulduğuna görə həmin məbləğ cavabdehdən alınıb ona verilməlidir.
6. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-236/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim V.Seyidov)
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış № 171/11 saylı xx.xx.2011 -ci il tarixli kredit müqaviləsinə əsasən 3000 manat məbləğində kredit verilmiş, bankla zamin İddiaçı arasında bağlanmış 171/11 saylı zaminlik müqaviləsi üzrə zamin borclu İddiaçı həmin kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini yerinə yetirməsi üçün birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Quba Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli, 2(027)- 2580/2014 saylı məhkəmə əmri ilə Cavabdeh və İddiaçı müştərək qaydada 1176,48 (bir min bir yüz yetmiş altı manat qırx səkkiz qəpik) manat məbləğində əsas kredit borcu, 164,81 (bir yüz altımış dörd manat səksən bir qəpik) manat faiz borcu olmaqla - cəmi 1341,29 (bir min üç yüz qırx bir manat iyirmi doqquz qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu alınaraq "xxxx" ASCnin hesabına ödənilməsi qərara alınmış, İddiaçı, Cavabdeh 171/11 saylı xx.xx.2011 -ci il tarixli kredit müqaviləsi üzrə borcuna görə 1559,05 manat pul Aqrarkredit” QSC-nin Xaçmaz filialına ödəmişdir. Bununla da cavabdeh İddiaçı 1559,05 manat məbləğində maddi ziyan vurmuş və həmin məbləğdə onun hesabına əsassız varlanmışdır. Göstərilənlərə əsasən məhkəmə iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 425.2, 427.1, 427.2, 442, 443.1, 443.2, 445.1, 448.1, 448.2, 475.1, 475.2, 475.3, 739.1, 739.2, 740, 742.1, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli Qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
b)Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
9. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-236/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyator şikayətini onunla əsaslandırıb ki, iddia tələbini qəbul etmir. Belə ki, tanışı X1 ona borc pul lazım olduğunu demiş, tanışının zamin olacağını bildirərək 3000 manat məbləğində kreditin alınaraq ona verilməsini xahiş etmişdir. Bundan sonra "xxxx" ASCnin Quba filialı ilə bağlanmış xx.xx.2011-ci il tarixli, 171/11 saylı kredit müqaviləsinə əsasən kredit müddəti 12 ay uzadılmaqla 24 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Həmin kredit üzrə zamin hazırkı İddiaçı olmuşdur. O, zamini tanımamışdır, ona kredit üzrə zamin dayanmağı təklif etməmişdir. Qeyd etdiyi kimi krediti onun tanışı Aslanşah Abdullayev almışdır. Sonradan kredit üzrə borclar ödənilmişdir. 13 iyul 2013-cü ildə Aslanşah kredit borcunu tam ödəmədiyi üçün ondan Quba Rayon Prokurorluğuna şikayət etmişdir. Həmin vaxtı Aslanşah qalan borcu ödəməyə söz vermişdir. Banka olan borc bağlanmışdır. Hazırkı iddiaçının iddiası əsassızdır. Ona görə ki, bankdan təqdim edilmiş arayışdan da göründüyü kimi 15 noyabr 2023-cü ildən cəmi 1164,29 manat məbləğində pul ödənilmişdir. O, bu barədə məhkəmədə bildirsə də, məhkəmə tərəfindən bu faktlara əhəmiyyət verilməmişdir. İddia tələbi əsassızdır. Ona görə ki, iddiaçı 1559,05 manat məbləğində pulu banka ödəməmişdir. Dəfələrlə iddiaçıdan həmin borcun ödənilməsini təsdiq edən sübutu təqdim etməyi tələb etsə də, iddiaçı həmin sübutu təqdim etməmiş, məhkəmə isə bu fakta qiymət verməmişdir. İddiaçının qarşısında onun heç bir öhdəliyi yoxdur. İddiaçı iddia tələbində 1559,05 manat məbləğində pulu mənim kredit borcum üzrə ödənildiyi bildirsə də, bunu təsdiq edən heç bir sübut yoxdur. Məhkəməyə bu barədə bildirsəm də, məhkəmə bu faktı araşdırmaq istəməmişdir. Quba Rayon Məhkəməsi iddiaçının həqiqətən kredit borcu üzrə 1559,05 manat məbləğində pulu ödəməsini aydınlaşdırmamışdır. Çünki bank tərəfindən ona təqdim edilmiş cədvəldə 1164,29 manat pul ödənildiyi qeyd olunmuşdur. Göründüyü kimi məhkəmə iş üzrə lazımı qaydada araşdırma aparmamış nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qeyd olunan kredit müqaviləsi üzrə əldə edilmiş pul vəsaiti ona verilməmişdir. Belə ki, tanışı X1 ona borc pul lazım olduğunu demiş və başqa şəxsin zamin olacağını bildirərək müvafiq kredit vəsaitinin onun adına rəsmiləşdirilməsinə razılıq verilməsini xahiş etmişdir. O müqaviləni imzalasa da, müvafiq kredit vəsaitini mərhum Aslanşah əldə etmişdir. Bank tərəfindən İddiaçı pul tutulması əsassızdır. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, müvafiq kreditin təminatı qismində onunla zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh və mərhum Aslanşah ona hazırda mənfəət əldə edəcəkləri iş gördüklərini və 2 ay ərzində kredit borcunu bağlayacaqlarını bildirmişlər. Lakin müvafiq borc ödənməmiş və onun pensiyasından borcun ödənilməsi üçün ümumilikdə 1564 manat məbləğində pul tutulmuşdur. Hazırda həmin pulun ona qaytarılmasını tələb edir. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Maddə 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir.
15. Aərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Maddə 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətindən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-236/2025 nömrəli qətnaməsini tam mübahisələndirərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissə üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. İşin hallarından göründüyü kimi hazırki mübahisə zaminin borcluya qarşı reqres qaydda iddia tələbindən ibarətdir.
20. Baxılan işin hallarından müəyyəm olur ki, "xxxx" ASC-nin Quba filialı ilə Cavabdeh arasında № 171/11 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank sonuncuya 3000.00 (üç min ) manat kredit vəsaiti vermişdir.
21. "xxxx" ASC-nin Quba filialı ilə İddiaçı arasında bağlanmış 171/11 saylı zaminlik müqaviləsi üzrə zamin borclu İddiaçı yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini yerinə yetirməsi üçün birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür.
22. Yenə işin mübahisəsiz halından görünür ki, Quba Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli, 2(027)-2580/2014 saylı məhkəmə əmri ilə Cavabdeh və İddiaçı müştərək qaydada 1176,48 (bir min bir yüz yetmiş altı manat qırx səkkiz qəpik) manat məbləğində əsas kredit borcu, 164,81 (bir yüz altımış dörd manat səksən bir qəpik) manat faiz borcu olmaqla - cəmi 1341,29 (bir min üç yüz qırx bir manat iyirmi doqquz qəpik) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin hesabına ödənilməsi əmr edilmişdir.
23. Məhkəmə əmrinin icrası zamanı müvafiq borc əsas borclu hazırkı Cavabdeh tərəfindən ödənilmədiyindən müvafiq borc ödənişləri zamin olan İddiaçı tutulmuşdur. İş materiallarında olan xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli inkasso sərəncamlarından görünür ki, İddiaçı ümumilikdə 1559,05 manat məbləğində kredit ödənişi etmişdir.
24. İddiaçı hazırda zamin olaraq əsas borclunun əvəzinə ödəmiş olduğu borcun sonuncudan alınaraq ona qaytarılmasını tələb edir.
25. Cavabdehin etirazı ondan ibarətdir ki, sözügedən kredit müqaviləsi onun tərəfindən imzalansa da, əslində pul Aslanşah adlı şəxsə çatmışdır. Hesab edir ki, ona qarşı iddia qaldırıla bilməz.
26. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçı qarşısında öhdəliyinin mövcudluğu işin araşdırılmış halları baxımından öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi haqlı olaraq yaranmış mübahisə üzrə reqress tələbin yaranması ilə bağlı düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi hüquq normalarının təfsiri düzgün verilmişdir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iddiaçı Mülki Məcəllənin 475-ci maddəsinə əsasən cavabdehin öhdəlikləri üzrə banka ödədiyi məbləğləri geri tələb etməkdə haqlıdır.
28. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı yekunlaşdıran kollegiya bildirir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işi obyektiv araşdırmamasına istinad etsə də, bu dəlilləri təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Onun dəlilləri biri-digərini təkzib edən formal izahatlardan irəli keçməmişdir.
29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində sadalanan dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
30. Kollegiya qeyd edir ki, iddia tələbi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-236/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.