Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-649/2023 14.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə, Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon Şöbəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: əmək haqqının yenidən hesablanması) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Qafari və X1 ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə, Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon Şöbəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «əmək haqqının və pensiyanın yenidən hesablanması» tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə, Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon Şöbəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «əmək haqqının və pensiyanın yenidən hesablanması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1993-cü ildən xx.xx.2012-ci il tarixə kimi olan dövr ərzində, orta aylıq verilən əmək haqqısının 100 faiz olmaqla yenidən hesablanması, xx.xx.2009-cu il tarixdən hazırkı tarixə kimi pensiyasının yenidən yeni hesablanan əmək haqqısına, təhsilinə, iş stajına, həmçinin ikinci iş yerindən verilən əmək haqqısı nəzərə alınmaqla hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır.
3. Zəngilan Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(034)-670/2022 nömrəli qərardadı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə, Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon Şöbəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmək haqqısının 100 faiz olmaqla yenidən hesablanması və təqaüdünün hesablanması barədə» mülki iş üzrə icraata xitam verilmişdir.
4. Birinci instansiya məhkəməsi məhkəmə qərardadını eyni tərəflər arasında, eyni əsas və eyni predmetlə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olması ilə əsaslandırmışdır.
15. Ərizəçi Zəngilan Rayon Məhkəməsinin 2(034)-670/2022 saylı 06 dekabr 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
5. Zəngilan Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(034)-670/2022 nömrəli qərardadı ilə məhkəmənin 06 dekabr 2022-ci il tarixli 2(034)-670/2022 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətin təmin edilməməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Şikayətin dəlilləri
6. Ərizəçi Zəngilan Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(034)- 670/2022 nömrəli qərardadından verdiyi şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müvafiq hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq olunmadığından, qərardad ləğv olunmalı və ərizə təmin olunmalıdır. Məhkəmə qərardadında Zəngilan Rayon Məhkəməsinin 2(034)-196/2013 saylı 18 dekabr 2013-cü il tarixli qətnaməsinə əsaslanaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamənin olmasını əsas gətirsə də, sözügedən qətnamənin hal-hazırkı işlə əlaqəsi yoxdur. Çünki hazırkı işdə əmək haqqının 100 faiz olmaqla yenidən hesablanması, təqaüdünün hesablanması, Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon Şöbəsinə və Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinə qarşı tələb irəli sürülsə də, Zəngilan Rayon Məhkəməsinin 2(034)-196/2013 saylı 18 dekabr 2013-cü il tarixli qətnaməsində orta aylı əmək haqqı fərqinin ödənilməsi tələbi, Maraqlı şəxs1nə və Zəngilan rayon Maliyyə şöbəsinə qarşı qaldırılmışdır. Bununla əlaqədar bildirmək istəyir ki, qanunvericiliyə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməli olduğu qeyd olunsa da, hesab edir ki, onun işində qanunvericiliyin bu maddəsi tətbiq olunmamalıdır. Çünki tərəflər və predmet tamamilə fərqlidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, onun hüquqi savadı yoxdur, lakin hesab edir ki, işin obyektiv həlli üçün məhkəmə işi ətraflı araşdıraraq qərar verməsi lazımdır. Hesab edir ki, məhkəmə işə ətarflı baxmamış, onun ərizəsinə düzgün qiymət verməmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-670/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadın ləğv olunması və “əmək haqqısının 100 faiz olmaqla yenidən hesablanması və təqaüdünün hesablanması barədə” ərizəsinə baxılaraq təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Şikayətə qarşı etirazın dəlilləri
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi tərəfindən şikayətə qarşı yazılı etiraz daxil olmuşdur.
10. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, Ərizəçi eyni əsas və predmetlə 2013-cü ildə ona orta aylıq əmək haqqı fərqinin ödənilməsi barədə ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət etmiş, Zəngilan Rayon Məhkəməsinin 18 dekabr 2013-cü il tarixli, 2(034)-196/2013 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Maraqlı şəxs1ndən Ərizəçi xeyrinə 1993-cü ilin noyabr ayından 01 sentyabr 2012-ci il tarixədək olan dövr üçün əmək haqqı fərqi olaraq 5448.30 manat məbləğində pulun tutulması qət edilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(034)-670/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalı, ərizəçi tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Həmçinin Ərizəçi tələbinin ikinci hissəsi, yəni “xx.xx.2009-cu il tarixdən hazırkı tarixə kimi pensiyasının yenidən yeni hesablanan əmək haqqına, təhsilinə, iş stajına, həmçinin ikinci iş yeindən verilən əmək haqqı nəzərə alınmaqla hesablanması” inzibati hüquq münasibətləri ilə bağlı mübahisəyə aid olduğundan tələbin həmin hissəsinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Ərizəçi xx.xx.1947-ci il təvəllüdlü Ərizəçi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququnun yarandığı 62 yaşdan, yəni xx.xx.2009-cu il tarixdə 122,48 manat məbləğdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Şikayətin təmin edilməməsi və Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(034)-670/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 127-nin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
Apellyasiya baxışının hədləri
14. Şikayətdən görünür ki, apellyator Zəngilan Rayon Məhkəməsinin 2(034)- 670/2022 saylı 06 dekabr 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
15. Odur ki, kollegiya Zəngilan Rayon Məhkəməsinin 2(034)-670/2022 saylı 06 dekabr 2022-ci il tarixli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-670/2022 saylı 06 dekabr 2022-ci il tarixli və bununla bağlı 11 yanvar 2023-cü il tarixli 2(034)-670/2022 nömrəli qərardadları ləğv olunmalıdır.
17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə, Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon Şöbəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «əmək haqqının və pensiyanın yenidən hesablanması barədə» mülki işə mahiyyəti üzrə baxaraq qeyd olunan əsasla iş üzrə icraata xitam verilməsi nəticəsinə gələrkən haqlı olmamışdır.
18. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, araşıdırılan ərizənin məzmunundan göründüyü kimi Ərizəçi «əmək haqqının və pensiyanın yenidən hesablanması barədə» ərizə ilə məhkəməyə xüsusi icraat qaydasından müraciət etmişdir.
19. Azərbaycan Respublikası MPM-nin 305-ci maddəsinə istinadən məhkəmə kollegiyası hesab edir ki, hazırki ərizədə göstərilən tələb- əmək haqqının və pensiyanın hesablanması - xüsusi icraat qaydasında baxılan işlərin sırasına daxil deyildir və xüsusi icraat qaydasında baxıla bilməz.
20. MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
21. Şərh olunalara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi tərəfindən qanunla nəzərdə tutulmuş forma və məzmuna əməl edilməyərək məhkəməyə müraciət edilmiş, birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verərək ərizəni icraata qəbul etmiş və ərizəyə baxaraq müvafiq məhkəmə aktı qəbul etmişdir.
22. Bu baxımdan məhkəmə kollegiyası işə xüsusi icraat qaydasında baxaraq qeyd olunan əsasla iş üzrə icraata xitam verməsini əsassız hesab edir.
23. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, məhkəmə qərardadının ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Odur ki, şikayət qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-670/2022 saylı 06 dekabr 2022-ci il tarixli və bununla bağlı 11 yanvar 2023-cü il tarixli 2(034)-670/2022 nömrəli qərardadları ləğv olunmalı, ərizəyə xüsusi icraat qaydasında baxılmasının mümkünlüyü məsələsinin yoxlanlıması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
24. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ə r a r a a l d ı:
Ərizəçi şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-670/2022 saylı 06 dekabr 2022-ci il tarixli və bununla bağlı 11 yanvar 2023-cü il tarixli 2(034)-670/2022 nömrəli qərardadları ləğv edilsin və ərizənin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.