Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-65/2021 03.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, Yusifova Ayşən Hafiz qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhəmməd qızına qarşı mənzildən istifadə hüququna xitam verilməsi və çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(012)-1502/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(012)-1502/2019 saylı qətnaməsi ilə İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhəmməd qızına qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilmişdir (hakim E.Məmmədov). Qətnamədən Cavabdeh1 şikayət vermişdir. İŞİN HALLARİ İddiaçı «Finoko BOKT” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Masazır kəndi, Abşeron küçəsində yerləşən, 54 saylı evdən istifadə hüququna xitam verilməklə, əşyaları ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «Finoko BOKT” ASC iddianı onunla əsaslandırmışdır ki, «Finoko BOKT” ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 iyun 2015-ci il tarixli, 2015/00061-01 nömrəli İstehlak Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 24% hesablanmaq şərti İlə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakını ipoteka predmeti kimi İddiaçı BOKT ASC təqdim etmiş və bu barədə 29 iyun 2015-cä 11 tarixli 2015/00061- 01İP saylı İpoteka Müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulduğundan iddiaçı tərəfindən ona qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair" Abşeron Rayon Məhkəməsində iddia qaldırılmışdır. Abşeron Rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli 2(012)3734/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh1 yaranmış borcun tutulması və tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan əmlak hesabına yaranmış borcun bağlanması və həmin əmlak satıldıqdan sonra boşaldılması qət edilmişdir, Həmin, qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 aprel 2018-ci il tarixli 2(105)-48/2018 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli 2(012)-3734/2016 saylı qətnaməsi ləğv edilərək iddianın qismən təmin edilməsi qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən Abşeron rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün “X2” MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən İddiaçı BOKT ASC-yə təklif edilmişdir. “X2” MMC ilə İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və X1 Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və X1 yekun protokola əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçı BOKT ASCnin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır (Seriya: RX, № 1468146, tarix: 08.02,2019).Bundan əlavə yuxanda qeyd olunan ipoteka müqaviləsi bağlanarkən, ipoteka predmeti olan evdə qeydiyyatda olan Cavabdeh2 notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək qeydiyyatda olduğu fərdi yaşayış evinin ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmişdir. Lakin ipoteka predmeti olan əmlakın artıq "Finoko” BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq cavabdehlər həmin əmlakı tərk etmir. Buna görə də o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamədən iş üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək göstərmişdir ki, məhkəmə işə baxarkən və qətnamə qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qətnamədə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bütün bunlar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Odur ki, Abşeron Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(012)-1502/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması xahiş edilmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(012)-1502/2019 saylı qətnaməsi ilə İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhəmməd qızına qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilmişdir. İş materiallarında olan DƏDRX-nin RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi «Finoko BOKT” ASC-nin mülkiyyətindədir. Həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 113 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 08.02.2019-cu il tarixdə qeydə alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh1 «Finoko BOKT” ASC-dən kreditlə pul götürmüş, ipoteka müqaviləsi bağlayaraq öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakıiddiaçının xeyrinə yüklü etmişdir. Kredit müqaviləsi üzrə öhdəlik lazımınca icra edilmədiyindən məhkəmə qaydasında ipoteka predmetinə tutma yönəldilmiş, ipoteka predmeti açıq hərracdan satılmaqla ipoteka saxlayan «Finoko BOKT” ASC-nin mülkiyyətinə keçmiş və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində 113 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 08.02.2019cu il tarixdə qeydiyyata alınmışdır. Lakin indiyə kimi cavabdehlər könüllü olaraq mənzildən qeydiyyatdan çıxmır. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun qalması iddiaçı «Finoko BOKT” Açıq Səhmdar Cəmiyyətinin göstərilən mənzillə bağlı hüquq və azadlıqlarının həyata keçirilməsinə həqiqətən də maneə yaradır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Hazırki işdən görünür ki, ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hərracdan satılmış, münasibətlərə yeni mülkiyyətçi daxil olmuş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sabiq mülkiyətçisi, mülkiyyətçi qarşısında mənzili tərk etmək barədə öhdəliyini könüllü icra etməkdən imtina etmişdir. Ona görə birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhəmməd qızının mənzilindəki yaşayış sahəsindən istifadə hüququna xitam verilməli və onlar, həmin mənzildən əşyaları ilə birgə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cu maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətinin əsaslı olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(012)-1502/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada alındığı gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Ali Məhkəmənin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-65/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-65/2021
03.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver