Məhkəmə qərarları › İş №2(105)-650/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-650/2024

13.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-650/2024 13.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti) yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5782/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 2/29, 13 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh2 Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 2/29, 13 saylı mənzilindən çıxarılmaları, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 2/29, 13 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi və əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt Şəhəri İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov cənablarına ərizə ilə müraciət edərək, Sumqayıt şəhəri, 14-cü məhəllə, 2/29 saylı evin, 13 saylı mənzilin ondan öncə Sumqayıt şəhəri, İcra Hakimiyyəti tərəfindən yaşayış sahəsi kimi kimə verilməsi və həmin şəxsin orderinin hansı tarixdə və hansı əsaslarla ləğv olunması barədə ətraflı məlumat verməsini xahiş etmişdir. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil Təsərrüfatı və Mənzillərin Uçotu şöbəsinin müdiri Sədaqət xanım Əsədovanın ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ona aid olan mənzilin 1996-cı ilə qədər MİƏ aid olduğu, mənzilə dair orderin hansı tarixdə və hansı əsaslara görə ləğv olunması barədə məlumat verilməsinə dair müraciətə şəhər İcra Hakimiyyətində baxılmışdır. Müəyyən olunmuşdur ki, yaşayış sahəsi 39.6 kvadratmetrdən ibarət 3 otaqlı, 12-ci mikrorayon, ev 7A, mənzil 13 Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 243 saylı 1996-cı il tarixli sərəncamı ilə mərhum X2 arvadı Cavabdeh2 4 nəfərdən ibarət ailə tərkibinə ayrılmışdır. Mərhumun ailəsinin yaşadığı yaşayış sahəsi 29.07 kvadratmetr olan 2 otaqlı 14-cü məhəllə, ev 2/29, mənzil 13 isə həmin sərəncam əsasında onların beş nəfərdən ibarət ailə tərkibinə təqdim edilmiş, adına xx.xx.1996-cı il tarixli, 14/118 saylı order verilmişdir. Hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ona məxsus Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 2/29, 13 saylı mənzilin boşaldılmasını tələb etsə də cavabdehlər buna məhəl qoymurlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X4 uzun müddət Enerjiquraşdırma SSŞ Sumqayıt filialında mühəndis işləmişdir. 1977-ci il tarixdə ünvan 1 ünvanında yerləşən sahəsi 29.07 kv.m olan 2 otaqlı 13 saylı mənzil mərhum həyat yoldaşı X3 3 nəfər ailə üzvü ilə bilrikdə iş yerindən verilmişdir. Həmin tarixdən sözü gedən ünvanda yaşamışlar. 28 yanvar 1993-cü il tarixdə həyat yoldaşı Hüseynov Sabir “xroniki ürək damar çatışmazlığından” vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra rəsmi müraciəti əsasında sözü gedən mənzilə dair kirayə müqaviləsi onun adına dəyişdirilmişdir. 16 iyul 2010-cu il tarixli, 10/110 saylı order əsasında ünvan 1 ünvanında yerləşən sahəsi 29.07 kv.m olan 2 otaqlı 13 saylı mənzil 3 nəfər ailə üzvü ilə birlikdə ons verilmişdir. Hal-hazırki vaxta qədər ailə üzvləri ilə birlikdə sözü gedən mənzildə qeydiyyatda olmaqla yaşayır. Mənzilin başqa şəxslərə verilməsinə, iddiaçıya məxsus olmasına dair heç bir məlumatı olmamışdır. Rəsmi müraciəti əsasında mənzilin kirayə müqaviləsi onun adına dəyişdirilmişdir. Əgər həqiqətən də ev iddiaçı tərəfə verilmişdirsə nə üçün mübahisələndirilən evə dair ona order verilmişdir. Tərəfindən hər hansı bir sənədlər saxtalaşdırılmamışdır. Digər tərəfdən də Azərbaycan Respublikası Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 243 saylı, 11 aprel 1996-cı il tarixli sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən sahəsi 39.60 kv.m olan 3 otaqlı mənzilin mərhum həyat yoldaşı X3 4 nəfər ailə üzvü ilə birlikdə verilməsi barədə sonradan məlumatı olmuşdur. Sözügedən ünvana köçmək istədikdə isə məlum olmuşdur ki, həmin ünvanda Qubadlı rayonundan məcburi köçkün ailəsi məskunlaşmışdır. Birinci instansiya məhkəməsi bu xüsusatları düzgün və obyektiv araşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər, cavabdehlər iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İddiaçı məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini ddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə maneçilik törədilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək qətnaməni iddianın ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmununa əsasən qətnaməni iddia tələbinin özünə aid hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Yaşayış sahəsi 39.6 kv.m. ibarət 3 otaqlı, 12-ci mikrorayon, ev 7A, mənzil 13 Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 243 saylı 1996-cı il tarixli sərəncamı ilə mərhum X2 arvadı Cavabdeh2 4 nəfərdən ibarət ailə tərkibinə ayrılması, mərhumun ailəsinin yaşadığı yaşayış sahəsi 26 kv.m. olan 2 otaqlı, 14-cü məhəllə, ev 2/29, mənzil 13 həmin sərəncam əsasında iddiaçının beş nefərdən ibarət ailə tərkibinə təqdim edilməsi və adına xx.xx.1996-cı il tarixli, 14/118 saylı orderin verilməsi işin mübahisəsiz halıdır. Hazırkı iş üzrə mübahisələndirilən hissədə iddia tələbi Cavabdeh2 yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə əmlakları ilə birlikdə mənzildən çıxarılması barədədir. İddia ərizəsinin məzmunundan görünür ki, mübahisəli mənzilə order 1996-cı il tarixdə verildiyindən və cavabdehin mübahisəli mənzildə istifadə hüququ 1977-ci ildən yarandığından, hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Məlumdur ki, MPM-in 217.2-ci maddəsinə görə hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci bəndinin tələblərinə görə icarədar və ya onu ailə üzvləri müvəqqəti başa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddənin sonuncu bəndində əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddət başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, mübahisəli yaşayış sahəsi 29.07 kv.m olan 2 otaqlı 14-cü məhəllə, ev 2/29, 13 saylı mənzil 1977-ci il tarixdə Cavabdeh2 mərhum ərinə iş yerindən verilmiş, ailəsi ilə birlikdə həmin mənzildə yaşamağa başlamışlar. Daha sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 1996-cı il tarixli sərəncamı ilə mübahisəli mənzil İddiaçı beş nəfərdən ibarət ailə tərkibinə təqdim edilmiş, adına order verilmiş, yaşayış sahəsi 39.6 kv.m. ibarət 3 otaqlı, 12-ci mikrorayon, ev 7A, 13 saylı mənzil isə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 243 saylı, 1996-cı il tarixli sərəncamı ilə mərhum X2 arvadı Cavabdeh2 4 nəfərdən ibarət ailə tərkibinə ayrılmışdır. Lakin həmin mənzildə Qubadlı rayonundan olan məcburi köçkünlər məskunlaşdıqları üçün cavabdeh həmin mənzilə köçə bilməmiş və elə həmin vaxtdan fasiləsiz olaraq cavabdeh ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşayır. Digər tərəfdən, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli sərəncamı ilə mübahisəli yaşayış sahəsi 29.07 kv.m olan 2 otaqlı 14-cü məhəllə, ev 2/29, 13 saylı mənzilin əsas kirayəçisi Sabir Hüseynovun vəfatı ilə əlaqədar olaraq mənzilin kirayə müqaviləsinin (orderi) mərhumun həyat yoldaşı Cavabdeh2 3 nəfərdən ibarət ailə tərkibi ilə adına dəyişdirilməsi qərara alınmış və həmin sərəncam iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Qanunvericiliyin qeyd olunan tələbi baxımından məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 mübahisəli mənzildə istifadə hüququna xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia tələbi bu hissədə təmin edilə bilməz. İddia tələbinin Cavabdeh2 mübahisəli mənzildən əmlakları ilə birlikdə çıxarılması hissəsinə gəldikdə isə qeyd olunmalıdır ki, iddia tələbi mübahisəli mənzildə istifadə hüququna xitam verilməsi hissəsində təmin edilmədiyindən, başqa sözlə, sonuncunun həmin mənzildə istifadə hüququ qaldığından, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilməli və həmin hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə əmlakları ilə birlikdə mənzildən çıxarılması barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar