Məhkəmə qərarları › İş №2(105)-652/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-652/2022

29.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-652/2022 29.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı, Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) alğı-satqı əqdinin bağlanması hüquqi faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8474/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8474/2021 saylı 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə Ərizəçi 19 aprel 2014-cü il tarixində onunla X2 arasında Sumqayıt şəhəri, 9cu mikrorayon, ev 30, mənzil 22 ünvanında yerləşən yaşayış sahəsinə dair alqı-satqı əqdinin bağlanması hüquqi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməmişdir (hakim Emin Abdullayev). Qətnamədən Ərizəçi apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul eilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi maraqlı şəxs kimi göstərməklə) 19 aprel 2014-cü il tarixində ərizəçi ilə X2 arasında Sumqayıt şəhəri, 9cu mikrorayon, ev 30, mənzil 22 ünvanında yerləşən yaşayış sahəsinə dair alğı-satqı əqdinin bağlanması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, 22 saylı mənzil 03.11 2016-cı il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. 2014-cü il tarixdə Cənnət Musayevlə həmin mənzilin ərizəçiyə satılması barədə razılığa gəlmişlər və mənzilin dəyəri tam şəkildə Cənnət Musayevə ödənilmişdir. Cənnət Musayev tərəfindən ona 19 aprel 2014-cü il tarixdə 4 il müddətinə və 30 yanvar 2016-cı il tarixdə 2 il müddətinə etibarnamə verilmiş, həmçinin mənzilə aid çıxarış təhvil verilmişdir. O, 08 dekabr 2016-cı il tarixdə bu ünvana pasport qeydiyyatına alınıb. Həmin vaxt alğı-satqı müqaviləsi bağlanması üçün notariusa təqdim edilməsi ilə bağlı arayış və fərdi yaşayış evinin girovda və həbsdə olmaması barədə arayışlar alınmışdır. Lakin etibarnamənin qüvvədə olduğu vaxt müəyyən səbəblərdən alğı-satqı müqaviləsi bağlanmamış, etibarnamənin müddəti bitdikdən sonra isə o, Cənnət Musayevi tapa bilməmişdir. Bu yaxınlarda məlum olmuşdur ki, Cənnət Musayev 2018-ci ildə vəfat edib. O, 2014-cü ildə mənzil faktiki alındıqdan sonra mənzilə köçüb yaşamağa başlamışdır, hazırki dövrdə də orada yaşayır. Həmin vaxtdan da mənzilə aid kommunal xərclər onun tərəfindən ödənilir. Mənzilə aid sənədlər alğı-satqı müqaviləsi bağlanması üçün tam şəkildə hazırlanmış, lakin müəyyən səbəblərdən alğı-satqı müqaviləsi bağlanması mümkün olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E LL Y A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ : Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi əsassızdır. Belə ki, ünvan 1 ünvanda yerləşən mənzil 03.11.2016-cı il tarixdə X1 adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. 2006-cı il tarixdə Sumqayıt şəhəri, 9-cu mkr., ev 30, mənzil 22 unvanda yerləşən mənzilin sahibi X2 ilə bu mənzilin ona satılması barədə razılığa gəlmiş və mənzilin dəyəri tam şəkildə ona ödənilmişdir. X2 tərəfindən mənə 19 aprel 2014-cu il tarixdə 4 il muddətinə və 30 yanvar 2016-cı il tarixdə 2 il müddətinə etibarnamə verilmişdir , həmçinin mənzilə aid çıxarış ona təhvil verilmişdir. O, 08 dekabr 2016-cı il tarixdə bu ünvana pasport qeydiyyatına alınmışdır. Həmin vaxt alğı-satqı muqaviləsi bağlanması uçun notariusa təqdim edilməsi ilə bağlı arayış və fərdi yaşayış evinin girovda və həbsdə olmaması barədə arayışlar alınmışdır. Lakin etibarnamənin quvvədə olduğu vaxt muəyyən səbəblərdən alqı-satqı muqaviləsi bağlanmamışdır, etibarnamənin muddəti bitdikdən sonra isə onu tapa bilməmiş və bu yaxınlarda 2018-ci ildə vəfat etməsini öyrənmişdir. Onlar 2006-cı ildə mənzil faktiki alındıqdan sonra koçub indiyədək orada yaşayırlar. Həmin vaxtdan da mənzilə aid kommunal xərclər tərəfindən ödənilir. Mənzil faktiki olaraq təhvil verildiyi gundən, 2006-cu ildən əməli idarəçiliyə qəbul etmiş, faktiki olaraq sahiblik edir, istifadə edir. Qeyd olunmalıdır ki, məhkəmə iclasında izahatında faktiki olaraq mənzili almağı və 2006-cı ildən qeyd edilən mənzildə yaşamağını bildirmiş, lakin məhkəmə qətnaməsində bu fakt öz əksini tapmamaışdır. Həmçinin mənzilin ozələşdirilməsi və çıxarışın alınması X2 tərəfindən verilmiş etibarnamə əsasında tərəfindən aparılmışdır. Sumqayıt Şəhər Məhkəməsində 2016-cı ildə işə baxılarkən X1 ailə uzvlərinin Sumqayıt şəhəri 9-cu mkr ev 30 mənzi 22 unvandan pasport qeydiyyatından çıxarılmasına dair işdə numayəndə kimi iştirak etmişdir. Həmçinin məhkəmə iclasında dindirilən şahidlər X3 və X4 onun ailə uzvləri ilə birlikdə 2006-cı il tarixdən bu ünvanda yaşamağını təsdiq etmişdir. Qeyd olunamalıdır ki, X2 və ailə uzvləri mənzillə bağlı hər hansı orqana şikayət və muraciət etməmişdir bu mənzili ona faktiki satdıqdan sonra mənzillə bağlı heç bir tələb irəli surməmişlər. Mənzilin 2006-cı ildə faktiki olaraq ona satılması iş üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq sübuta yetirilməmişdir, belə ki, ərizədə mənzilin ona 2014-cü ildə verilməsi texniki səhv olaraq getmişdir . Qeyd edilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8474/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də ərizəçi və nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsin dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Müəyyən edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, mənzil 22 03.11.2016-cı ildən Cənnət Musayevin xüsusi mülkiyyətindədir. İş materiallarında olan 4 il müddətinə verilmiş və 19.04.2018-ci il tarixədək qüvvədə olmuş 19.04.2014-cü il tarixli etibarnamədən görünür ki, Cənnət Musayev tərəfindən onu idarə, müəssisə və təşkilatlarda, dövlət orqanlarında təmsil etmək, sənədləri təqdim etmək, adından ərizə yazmaq, zəruri ödənişləri və rüsumları ödəmək və bu tapşırığın yerinə yetirilməsi ilə bütün hərəkətləri etmək səlahiyyətləri ərizəçiyə etibar edilmişdir. İş materiallarında olan 30.01.2016-cı il tarixli etibarnamədən görünür ki, Cənnət Musayev tərəfindən onu idarə, müəssisə və təşkilatlarda, dövlət orqanlarında və məhkəməlrədə təmsil etmək və digər səlahiyyətləri ərizəçiyə etibar edilmişdir. Etibarnamə 2 il müddətinə verilmiş və onun qüvvədə olma müddəti 30.01.2018-ci il tarixində bitmişdir. Ölüm haqqında şəhadətnaməyə əsasən Cənnət Musayev 03.12.2018-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan maraqlı şəxsin ərizəçiyə ünvanlanmış 28.09.2021-ci il tarixli cavab məktubunda Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, mənzil 22 üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbindən imtina edilmişdir. Bundan başqa iş materiallarında olan Cənnət Musayevin notarial qaydada təsdiq edilmiş 19.04.2014-cü il tarixli ərizəsindən görünür ki, ərizəçinin və digər şəxslərin Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, mənzil 22-yə qeydiyyata salınmalarına etiraz etmədiyini bildirmişdir. İş imateriallarında olan 9 saylı Mənzil Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş aktda göstərilmişdir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, mənzil 22 Cənnət Musayev tərəfindən satılmışdır, həmin ünvanda Ərizəçi öz ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında ifadə vermiş şahid X3 öz ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. O, ünvan 2 ünvanında, ərizəçi isə ünvan 3izəçidən əvvəl həmin ünvanda Cənnət Musayev yaşayırdı. Onda olan məlumata görə Cənnət Musayev vəfat edib. Ərizəçi ilə Cənnət Musayev arasında olan alğı-satqı münasibətləri barədə məlumatı yoxdur. Məhkəmə iclasında ifadə vermiş şahid X4 oğlu öz ifadəsində bildirmişdir ki, ərizəçi əvvəllər onun qonşusu idi. Ərizəçi 2006-cı ildən onun qonşuluğundan köçüb. Ərizəçi ilə Cənnət Musayev arasında olan alğı-satqı münasibətləri barədə məlumatı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). Hazırkı ərizəsində ərizəçi onunla Cənnət Musayev arasında Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, mənzil 22-yə dair alqı-satqı müqaviləsinin bağlanması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür (646.1.). Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (646.2.). Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir (648.1.). Hazırkı hüquqi faktın müəyyən edilməsi üçün Cənnət Musayevin həqiqi iradə ifadəsinin Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, mənzil 22-nin ərizəçiyə satmaq olması müəyyən edilməlidir. Ərizəçi Cənnət Musayev tərəfindən ona verilmiş etibarnamələrə əsaslanır ki, həmin etibarnamələrin müddəti bitməklə yanaşı, etibarnamələrdə Cənnət Musayevə məxsus konkret daşınmaz əmlakın idarəçiliyinin ərizəçiyə verilməsi barədə müddəa yoxdur. İş materiallarında olan akt və şahid ifadələri isə yalnız ərizəçinin Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, mənzil 22-də yaşadığını təsdiq etməklə, həmin mənzilin ona satıldığını təsdiq edə bilməz. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 30, mənzil 22-nin Cənnət Musayev tərəfindən ərizəçiyə satıldığı və ya onun həqiqi iradə ifadəsinin mənzilin ərizəçiyə satılması olduğunu təsdiq edən hər hansı mötəbər sübut iş materiallarında mövcud deyildir. Bu səbəbdən ərizə əsaslı hesab edilə və təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiaysı hesab edir ki, məhkəmə haqlı olaraq iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, qeyd edilən dəlillər araşdırılaraq qətnamədə onlara qiymət verilmişdir. İş materiallarından görünür ki, ərizəçi məhkəmədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxs kimi qeyd etmişdir. Halbuki hazırkı tələb üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi mübahisəyə cavab verən orqan deyil. Bundan başqa iş materiallarından görünür ki, ərizəçi yaşayış sahəsinə dair alğı-satqı əqdinin bağlanması hüquqi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir ki, bu, qanunvericilikdə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq olaraq XXX və XXXİ fəsilləri) nəzərdə tutulmamışdır. Belə ki, qanunvericiliyin tələblərinə görə alğı-satqı müqaviləsi notariat orqanı tərəfindən həyata keçirilir. Bundan başqa ərizəçi mənzili almasını və bunu mənzilin mülkiyyətçisinin ona verdiyi etibarnamə ilə sübuta yetirildiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, etibarnamənin verilməsi alğı-satqı əqdinin bağlanması deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Bundan başqa ərizəçi mənzili ona satdığını iddia etdiyi şəxsin notariat orqanında təsdiq edilməsindən yayındığını sübuta yetirə bilməmişdir. Ərizəçi apellyasiya şikayətində eləcə də qeyd etmişdir ki, X2 və ailə uzvləri mənzillə bağlı hər hansı orqana şikayət və muraciət etməmiş, bu mənzili ona faktiki satdıqdan sonra mənzillə bağlı heç bir tələb irəli surməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında mübahisə olmadıqda ərizəçi mənzilin mülkiyyətçisinin vərəsələri ilə mübahisəli mənzilə dair alğı-satqı müqaviləsinin bağlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinəəsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8474/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar