Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-655/2021 10.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh5, onun vəkili X1 iştirakı ilə, iddiaçı Əbilova (Səmədova) Günel Nurqələm qızının cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5471/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5471/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı Əbilova (Səmədova) Günel Nurqələm qızı azyaşlı övladı xx.xx.2008-cı il təvəllüdlü X13 ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 78A ünvanında yerləşən fərdi yaşayış evinin cehiz əmlaklarının yerləşdiyi otağına köçürülməsi qət edilmişdir (hakim G.C.Tanrıverdiyeva). Qətnamədən narazı qalan Cavabdeh5 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5471/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsini ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı Əbilova (Səmədova) Günel Nurqələm qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladı ilə cavabdehlərə məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 78A ünvanına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Məhkəmə işə baxarkən iş üzrə faktiki və hüquqi halları, məhkəmə praktikasını nəzərə almamışdır. Qanunverciliyin tələblərinə əsasən iddiaçı başqa yaşayış yeri ilə özünü təmin etmək imkanında olmamasını sübut etməli idi. İddiaçı bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Belə olduğu təqdirdə məhkəmə iddianı təmin edə bilməzdi. Bu səbəbdən qətnamə ləğv edilməlidir. İddiaçının başqa yaşayış yeri olmamasını sübut edə bilməməsinin əksinə, onun öz ifadəsindən də başqa yaşayış yeri olduğu bəlli olur. Belə ki, iddiaçının öz ifadəsindən də görsənir ki, nikah 2014-cü ildə ləğv olunmuş, iddiaçı da o vaxtdan həmin mənzildə, yəni köçürülmə tələb olunan evdə yaşamır. Ancaq 6 il sonra 2020-ci ildə o evdə yaşamaq üçün iddia tələbi qaldırır. Əgər 6 il ərzində iddiaçı mübahisəli evdə yaşamayıbsa, ora köçürülməyə dair iddia qaldırmayıbsa, demək ki, onun haradasa yaşamaq imkanı olub. Məhkəmə nədənsə bu hala öz münasibətini bildirməyib. Halbuki, bu hal iş üzrə vacib faktiki haldır. Bu səbəbdən qətnamə ləğv edilməlidir. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən hamılıqla qəbul edilmiş məhkəmə praktikasına da əsaslanmamış, əksinə bu praktikanın ziddinə qətnamə qət etmişdir. Hal-hazırkı iş istifadə hüququnun tanınmasına aid olmasa da, bu iş üzrə istifadə hüququnun elementləri olduğu üçün, istifadə hüququnun tanınmasına dair iddialara və qətnamələrə əsaslanmaq mümkün idi. Məhkəmə praktikasına əsasən mənzilə istifadə hüququ müvvəqəti müddətə tanına bilər. Bu müddət məhkəmə praktikasına əsasən maksimum 3 il müddətidir. Amma iddiaçı 6 il sonra iddia qaldırmışdır. Burda praktikanın fəlsəfəsi ondan ibarətdir ki, şəxs 3 il sonra özünü yaşayış yeri ilə təmin etmək məcburiyyətində olacağını bilsin və anlasın. Bu hal mütləq şəkildə nəzərə alınmalı idi və məhkəmə təcrübəsinə əsaslanaraq iddia təmin edilməli deyildi. Buna görə də iddiaçının həmin evə köçürülməsi, istifadə hüququ ilə bağlı iddiası əsassız və qanunsuzdur. 3 illik müddət istifadə hüquqununa xitam verilməsinə dair işlərdə də nəzərə alınır. Yəni kompensasiyalar maksimum 3 illik yaşayış yeri ilə təmin edilməsinə hesablanır. Məhkəmə bu fəlsəfələrin, yanaşmaların əksinə hərəkət etmişdir. Məhkəmənin yanaşmasından belə çıxır ki, şəxs 10-15 il sonra da iddia qaldıraraq yaşayış yerinin olmadığı üçün onlara məxsus evə köçürülməsini tələb edə bilər. Bu hallara görə qətnamə ləğv edilməlidir. Məhkəmə ümumiyyətlə iş üzrə obyektiv araşdırma aparmağa çalışmamışdır. Belə ki, iddiaçının gəlin köçərək çox qısa müddətdə yaşadığı həyət evi yararsız vəziyyətdədir. Bu evdən uzun illərdir ki, ümumiyyətlə istfadə edilmir. Sonradan həyətdə yaşayışa yararlı ev tikilmişdir. Məhkəmə qətnaməsində ümumiyyətlə iddiaçının övladı ilə hansı evə köçürüləcəyi aydınlaşdırılmamışdır. Bu isə qətnamənin ləğvinə əsasdır. İddiaçının ona aid olmayan, onun ümumiyyətlə yaşamadığı və görmədiyi evə köçürülməsi mümkün deyil. Bu qanunsuzdur. İddiaçının köhnə evə də köçürülməsi mümkün deyildir. Belə ki, bu ev yaşayışa yararsızdır. Bunu aydınlaşdırmadan iddianın təmin edilməsi isə qanunsuz olmuşdur. Halbuki, məhkəmədə evin yararsız olmağı dəfələrlə bildirilmişdir. İddianı təmin edən məhkəmə yalnız iddiaçının cehiz əşyalarının guya ki, evdə olmasına əsaslanmışdır. Məhkəmə bu cehiz əşyalarının nədən ibarət olmasını, hansı vəziyyətdə olmasını və iddiaçı tərəfindən 6 il müddətində niyə geri götürülmədiyini araşdırmağa belə çalışmamışdır. Bu isə məhkəmənin işə səthi yanaşdığını göstərir. İddiaçıya məxsus olan cehiz əşyaları istifadəyə yararsız əşyalardır. İstifadəyə yararsız, taxta və dəmirdən ibarət əşyalara görə mülkiyyət hüquqlarına müdaxilə edilməsi heç bir halda əsaslandırıla bilməz. Məhkəmə bu halları nəzərə almamışdır. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən iddiaçının və onun övladının köçürülməsi qət edilən evlə heç bir bağının qalmadığını nəzərə almamışdır. Belə ki, iddiaçının keçmiş həyat yoldaşı uzun illərdir mübahisəli evdə yaşamır. İddiaçını və onun övladını yaşayış yeri ilə (başqa yaşayış yeri olmadığı sübut olunduğu təqdirdə) vəzifəsi əgər varsa onun keçmiş həyat yoldaşına aiddir. Keçmiş həyat yoldaşının qohumlarının belə bir vəzifəsi yoxdur və belə bir vəzifənin onların üzinə qoyulması tam qanunsuz və əsasızdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-5471/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 vəkili X3 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, müvəkkilinin izahatını təsdiq edir, apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-5471/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Əbilova (Səmədova) Günel Nurqələm qızı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki,, Cavabdeh7 ilə 2007-ci ilin avqust ayında faktiki nikah münasibətlərinə girməklə ailə həyatı qurmuş,nikahı rəsmi qaydada xx.xx.2008-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2008-cı il tarixdə X13 anadan olmuşdur. 2007-ci ilin avqust ayından gəlin qismində ərinin yaşadığı mübahisəli ünvana köçmüş, həmin dövrdə Corat qəsəbəsində yerləşən ev qeydiyyatdan keçməmişdir. Ev bir mərtəbə, 6 otaqdan ibarət olmuşdur. Əri ilə giriş qapısından sağ tərəfdəki 1-ci otaqda yaşamış,cehiz əmlakları bugün də həmin otaqdadır. Nikahı xx.xx.2014-cü il tarixdə ləğv olunsa da övladı ilə birlikdə həmin evlə daim əlaqə saxlayıb, cehiz əmlaklarının yararlı vəziyyətdə qalması üçün tədbirlər görmüşdür. Həmin evdə yaşadığı dövrdə həyətdə ikinci ev tikilmişdir. Cavabdehlər 2019-cu ildə həmin evə köçmüşlər. Hal-hazırda köhnə evdə yaşamaq üçün şərait yaranmışdır. Övladı artıq müəyyən yaş həddinə çatmışdır, onun tərbiyə olunması üçün normal şərait olmalıdır. Əks təqdirdə o cəmiyyət üçün yararlı vətəndaş kimi yetişə bilməz. Ayrıca mənzil alınması üçün maddi imkanı yoxdur. Keçmiş əri 2019-cu ildən Azərbaycan Respublikasını tərk edərək işləmək üçün Rusiyaya getmişdir. Sonradan cavabdehlə münasibətləri pisləşmiş və rəsmi nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(060)-372/2014 saylı qətnaməsi ilə ləğv edilmişdir. Övladı kiçik olduğundan, ağır xəstəliyi ilə əlaqədar və aralarındakı ziddiyəti nəzərə alıb müvəqqəti olaraq anasının yanına qayıtmışdır. 2014-cü ildən hal-hazıra qədər xəstəliyi ilə əlaqədar müalicəsi davam edir. Hal-hazırda cavabdehlərə məxsus olan evə köçüb orada övladı ilə yaşamaq istəyir. Çünki özünü və övladını mənzillə təmin etmək üçün maddi imkanı yoxdur. İşləmədiyindən və maddi imkansızlıqdan kirayə mənzil götürə bilmir. Hal-hazıra qədər cehiz əşyaları həmin ünvanda yerləşir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-5471/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZ-İ 197287 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Əbilova (Səmədova) Günel Nurqələm qızı ilə Cavabdeh7 arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə ləğv edilmişdir. İşdə olan AZ-İİ 685598 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əbilova (Səmədova) Günel Nurqələm qızı ilə Cavabdeh7 birgə nikahından xx.xx.2008cı il tarixdə X13 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İH-nin Corat qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxx 2020-ci il tarixli, 715 saylı arayışından görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, ev 78A ünvanında Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, X9, X11, X10, X7, X12 yaşayır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-372/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Əbilova (Səmədova) Günel Nurqələm qızı ilə Cavabdeh7 arasında xx xxxx 2008-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 628 saylı nikah akt qeydi üzrə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-cı il təvəllüdlü X8 anası Əbilova (Səmədova) Günel Nurqələm qızının himayəsində saxlanılması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh7 hər ay 103 manat sabit pul məbləğində alimentin alınıb Əbilova (Səmədova) Günel Nurqələm qızına verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Əbilova (Səmədova) Günel Nurqələm qızının 2007-ci ildən 2014-cü ilə kimi ünvan 1 ünvanında yaşamışdır. İş materiallarında olan AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********58 saylı məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ünvanında yerləşən 78A saylı fərdi yaşayış evinin qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar etmək mümkün olmamışdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı Əbilova (Səmədova) Günel Nurqələm qızı 2007-ci ildə Cavabdeh7 ilə rəsmi nikaha daxil olmuş, həmin tarixdə sonuncunun yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ünvanında yerləşən 78A saylı fərdi yaşayış evinə gəlin köçmüş və cavabdehlə həmin ünvanda yaşamışdır. 2014-cü ildə məcburi olaraq övladı ilə həmin mənzildən çıxarılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsi mülkiyyətdə deyil, yəni özəl mənzil fondu, dövlət mənzil fondu və ya bələdiyyə mənzil fonduna aid olmayan, özbaşına tikilmiş yaşayış sahəsidir. Bu səbəbdən qanunun analogiyasından istifadə edilməlidir. Analogiyadan istifadəni nəzərdə tutan «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsində deyilir ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Qanunun analogiyası dedikdə - konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi başa düşülür (Qanunun 1.0.10-cu maddəsi). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsi tətbiq edilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birlikdə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddirlər. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində deyilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil cavabdehlər ilə yanaşı iddiaçı tərəfindən də yaşayış sahəsi kimi istifadə olunmuş və hazırda da yaşayış sahəsi kimi istifadə olunur. Mübahisəli evin hüquqi statusu müəyyən edilmədiyinə görə iddiaçı və cavabdehlər həmin evdən mənzil kimi istifadə etməkdə bərabər hüquqi əsaslara malikdirlər. Bu səbəbdən yaşayış sahəsinə köçürülmə barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, sözügedən ünvanda sonradan daha bir yaşayış evi tikildiyindən iddiaçı azyaşlı övladı ilə mübahisəli evin özünün cehiz əmlaklarının yerləşdiyi otağına köçürülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hallarına uyğundur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «X2rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini sübuta yetirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Cavabdeh tərəf apelyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini bildirsə də buna dair sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, Bununla da cavabdeh qeyd etdiyi xüsusatları sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5471/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-655/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-655/2021
10.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver