Məhkəmə qərarları › İş №2(105)-658/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-658/2025

19.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-658/2025 19.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam verilməsi) X2 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi Nümayəndə3, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(060)-54/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası İşin halları

1. Bakı şəhəri DYPİ Yol Patrul Xidmətinin xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Toyota Corolla” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı idarə edərkən Sumqayıt şəhəri ərazisində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

2. Bakı şəhəri DYPİ Yol Patrul Xidmətinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından müəyyən edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Toyota Corolla” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Sumqayıt şəhəri ərazisində İXM-nin 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.

3. 23 fevral 2024-cü il tarixli YDQMN seriyalı, 099-009/2024 nömrəli ximət müqaviləsindən görünür ki, “X6 Mərkəzi” MMC (icraçı) və İddiaçı (sifarişçi) arasında müqavilə bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, tərəflər təsdiq edirlər ki, icraçı müqavilənin şərtləri daxilində sifarişçinin sifarişi əsasında əlavədə 1-də göstərilən qiymətləndirmə xidmətləri həyata keçirəcəkdir. Sifarişçi qiymətləndirilməsi həyata keçirilən “Nissan Kicks” minik markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilinıə aid sənədləri, fotoşəkilləri və zəruri olacaq digər məlumatların təqdim edilməsini öhdəsinə götürür. Müqavilənin ümumi dəyəri bütün vergilər daxil olmaqla verilən hesab-faktura əsasında müəyyən olunur. Bu müqavilənin dəyəri müqavilənin ayrılmaz hissəsi olan əlavə 1-də göstərilən qiymətləndirilməsi həyata keçirilən əmlakın xüsusiyyətlərinə uyğun olaraq dəyişə bilər. -

4. xx.xx.2024-cü il tarixli, PSH********** nömrəli qəbzə əsasən 364 manat məbləğində pul “X6 Mərkəzi” MMC-yə ödənilmişdir.

5. Bolt taksi şirkətinin mobil tətbiqindən çəkilmiş ekran şəkillərindən görünür ki, iddiaçı 11.2 manat, 14.6 manat, 4.1 manat, 8.8 manat, 17.8 manat, 4.1 manat məbləğində ödənişlər etməklə taksi xidmətindən istifadə etmişdir.

6. "xxxx" ASC tərəfindən İddiaçı və X3 ünvanlanmış xx.xx.2024-cü il tarixli, BS-C-24/0363 nömrəli məlumatdan görünür ki, "xxxx" ASC-də “nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Toyota Corolla” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 21154” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillərə xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı zərər dəymişdir. Belə ki, “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun tərəfindən təqdim edilmiş, “Nurgün Motors” tərəfindən tərtib olunmuş qüsur aktında dəymiş zərər 7869 manat məbləğində dəyərləndirilmişdir. 5000 manat məbləğində sığorta ödənişinin 93,97 faizi, yəni 4698,47 manat məbləğində sığorta ödənişi onun tərəfindən bank rekvizitləri təqdim edildiyi və müvafiq sənədlər imzalandığı halda İddiaçı, 6,03%-i, yəni 301.53 manat məbləğində sığorta ödənişini isə X1 hesabına köçürməyə hazır olduqlarını bildirmişdir.

7. “X6 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, “Nissan Kicks” minik markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər məbləğinin və əmtəə itkisinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirmə prosesi həyata keçirilmişdir. Aparılmış təhlillər, hesablamalar və araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, analoji avtomobilin hesablama aparılan tarixə bazar dəyəri 32.000 manat təşkil edir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zədələnmiş hissələr, hissələrin təmir dəyəri və dəyişdirilməsi nəzərdə tutulan hissələrin orta bazar dəyəri ümumillikdə 7.697 manat təşkil edir. Dəymiş zərər nəticəsində avtomobil tam bərpa edildikdən sonra onun dəyəri 28.000 manat təşkil edəcəyi müəyyən olunur. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin əmtəə itkisi isə 4000 manat təşkil edir

8. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Nissan Kicks” minik markalı avtomobildə cəmi iş haqqı 2720 manat, cəmi E\H-nin qiyməti 5149 manat, cəmi təmir xərci 7869 manat müəyyən edilmişdir.

9. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3817 nömrəli rəyinə əsasən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında “Nurgün Motors” müəssiəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumata əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 7865 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrinin qiyməti 5145 manat, təmir-bərpa işlərinin qiyməti isə 2720 manat təşkil edir. Avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7415 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti 4695 manat, dəmir-bərpa işlərinin qiyməti – 2720 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 3268 manat və əmtəə itkisinə görə 4000 manat, cəmi 7269 manat pul vəsaitinin, iddiaçının nəqliyyat vasitəsi təmir edilənədək, hal-hazırki tarixədək taksiyə ödədiyi və nəqliyyat vasitəsinin təmir olunub ona təhvil verilməsinədək ödəyəcəyi ümumilikdə 1250 manat pul məbləğinin, İddiaçı “X6 Mərkəzi” MMC-nə ödədiyi 364 manat pul məbləğində xidmət haqqının, İddiaçı vəkilə ödədiyi 300 manat, etibarnaməyə ödədiyi 17 manat vəsaitin, həmçinin mənəvi zərərə görə 1000 min manat pul vəsaitinin, ödənilmiş 122 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı Cavabdeh ona məxsus “Toyota Corolla” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə, İddiaçı məxsus “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ziyan vurmuşdur. "xxxx" tərəfindən tərtib olunmuş qüsur aktına əsasən, iddiaçıya dəymiş zərər 7869 manat pul məbləğində dəyərləndirilmişdir. Həmçinin “X6 Mərkəzi”-nin 099-009/2024 saylı, 04 mart 2024-cü il tarixli rəyinə əsasən, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Nissan Kicks” markalı, **- ZR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnmiş hissələrinin təmir dəyəri və dəyişdirilməsi nəzərdə tutulan hissələrin orta bazar dəyəri ümumilikdə 7967 manat, əmtəə itkisi isə 4000 (dörd min) manat təşkil etdiyi göstərilmişdir. Bakı şəhər DYPİ-nin ******* saylı xx.xx.2024-cü il tarixli qərarında Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 18:30-da ara məsafəsi qaydalarının pozulmasına görə AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilmişdir. Göründüyü kimi, həmin yol nəqliyyat hadisəsi Cavabdeh təqsiri üzündən baş vermişdir. Belə olan halda isə, cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi cavabdehdən tutulmalıdır. "xxxx" ASC-nin BS- C-24/0363 saylı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə üçüncü şəxslərin əmlakına dəyən zərərə görə sığorta ödənişi bir hadisə üzrə 5000 manat müəyyən edildiyindən 5000 manat məbləğində sığorta ödənişinin xx.xx.2024-cü il tarixli hadisə üzrə zərərçəkmiş tərəflərə mütənasib qaydada ödəniləcəyi göstərilmişdir. "xxxx" ASC-nin həmin məktubunda İddiaçı 4698,74 manat ödəniləcəyi göstərilmişdir. Bu səbəbdən İddiaçı Mirşərəf qızı ona məxsus nəqliyyat vasitəsinin zədələnmiş hissələrinin təmir dəyərinin 7967 manatdan çıxıldıqdan sonra ona ödənilməyən hissəsi olan 3268,26 manat pulun Cavabdeh müraciət edərək ödənilməsini xahiş etmiş, lakin, Cavabdeh həmin pul məbləğini iddiaçıya ödəməmişdir. Həmçinin, İddiaçı ona məxsus nəqliyyat vasitəsinin təmir edilməsi üçün xx.xx.2024-cü il tarixdə servisə müraciət etmişdir və servisdən nəqliyyat vasitəsinin təmiri üçün lazım olan müddət kimi 2 ay göstərilmişdir. Bu səbəbdən, iddiaçı 2 ay müddətində taksidən istifadə edərək övladını bağçaya aparır, oradan iş yerinə gedir və iş yerindən evinə qayıdır və gündəlik taksi xidmətinə görə 20-22 manat civarında pul xərcləyir. Qeyd edir ki, gündəlik tıxaclar, iş saatlarından asıllı olaraq taksi xidmətinə görə ödəniş 20-22 manat civarında dəyişir, bu isə 2 ay ərzində ümumilikdə 1200-1320 manat təşkil edir. Nəzərə alınsa ki, İddiaçı ona məxsus nəqliyyat vasitəsində istifadə edə bilməməsi cavabdehin təqsirinə görədir və bu səbəbdən o, taksidən istifadə etmək məcburiyyətində qalır, bu halda məhkəmə tərəfindən iddiaçının 2 ay ərzində, yəni nəqliyyat vasitəsi təmir edilənədək, taksiyə xərclədiyi pul vəsaiti də, cavabdehdən tutulmalıdır. Həmçinin, iddiaçı “X6 Mərkəzi” MMC arasında bağlanmış 099/009/2024 saylı, 23 fevral 2024-cü il tarixli xidmət müqaviləsinə əsasən, xidmət haqqına görə 364 manat pul vəsaiti ödəmişdir. Həmin pul məbləği də, Cavabdeh tutulmalıdır. Hazırkı iddianın verilməsi üçün vəkilə ödənilmiş 300 manat, etibarnamə verilməsi üçün isə 17 manat, habelə 122 manat məbləğində dövlət rüsumu ödəmişdir ki, həmin məbləğlər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Onu da qeyd edir ki, cavabdehin təqsiri nəticəsində iddiaçının nəqliyyat vasitəsindən istifadə edə bilməməsi, ona mənəvi sarsıntılar yaşatmışdır. Belə ki, iddiaçı hər gün işə gedərkən stress çəkir, taksini gözləməli olur, bir neçə dəfə buna görə də, işə gecikmişdir. Bunda əlavə olaraq, həftəlik evin bazarlığını etməkdə çətinlik çəkir öz nəqliyyat vasitəsi olmadığından məcbur taksidən istifadə edir və bunlar ona mənəvi iztirablar verir. Bu səbəbdən, məhkəmə tərəfindən cavabdehin iddiaçıya vurduğu mənəvi zərərə görə cavabdehdən 1000 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.

12. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(060)-54/2025 nömrəli qətnaməsi ilə (hakim A.Behbudova) iddia qismən təmin edilərək, - “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 3268 manat real zərər və 4.000 manat həmin avtomobilin qəza nəticəsində itirilmiş bazar dəyəri olmaqla, cəmi 7.269 (yeddi min iki yüz altmış doqquz) manat məbləğində müəyyən edilməsi, - Vurulmuş maddi zərərin əvəzi olaraq ümumi 7.269 (yeddi min iki yüz altmış doqquz) manat məbləğin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi, - Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98.01 (doxsan səkkiz manat bir qəpik) manat və hüquqi xidmətə görə 150 manat, taksi xidmətinə görə 200 (iki yüz) manat, mütəxəssis rəyinə görə 182 (bir yüz səksən iki) manat olmaqla, cəmi 630.01 (altı yüz otuz manat bir qəpik) Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi, - Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd edib ki xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh idarə etdiyi “Toyota Corolla” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı və İddiaçı idarə etdiyi “Nissan Kicks” minik markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri iştirak etmişdir. İlkin təhqiqat araşdırması nəticəsində xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən “Toyota Corolla” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh AR İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə yol nəqliyyat hadisəsində təqsirli bilinmişdir. Beləliklə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadidsəsində Cavabdeh təqsirli bilinmişdir. Məhkəmə iddiaçının ona məxsus “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş real maddi ziyanın məbləğinə münasibətdə qeyd edib ki, iş materiallarında olan sübutlarla təsdiq olunur ki, həmin nəqliyyat vasitəsi "xxxx" –da qiymətləndirilmiş, qüsur aktına əsasən ehtiyat hissələri və xidmət haqqı daxil olmaqla, ümumi təmir xərci 7869 manat ödəniş edilmişdir. Qeyd edilir ki, həmin nəqliyyat vasitəsinin təmir-bərpa xərci “X6 Mərkəzi” ASC tərəfindən tərtib edilmiş qiymətləndirilmə hesabatına əsasən 7967 manat, "xxxx" Servis Mərkəzi tərəfindən tərtib edilmiş akta əsasən isə 7769 manat müəyyən edilmişdir. Buna baxmayaraq "xxxx" MMC-də təmir olunmuş “Nissan Kicks” minik markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmirinə görə şirkətə ümumilikdə 7967 manat ödəniş edilmişdir. Real ödənişi, eləcə də digər qiymətləndirmə hesabatlarının kifayət qədər əsaslandırılmamasını nəzərə alaraq məhkəmə hesab edib ki, real ödənişlər mötəbər sübut olaraq qəbul edilməlidir. Ona görə də məhkəmə hesab edib ki, “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş real maddi zərər 7697 manat qiymətləndirilməlidir. Bu halda iddiaçı avtomobilin təmiri ilə bağlı olaraq 3268 manat məbləğində maddi ziyanı tələb etməkdə haqlıdır və təmin edilməlidir.

14. Məhkəmə iddiaçının ona məxsus “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı itirilmiş əmtəə dəyərinin əvəzi olaraq 4000 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması ilə bağlı tələbinə münasibətdə göstərib ki, iddia tələbi bu hissədə əsaslıdır. “X6 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində avtomobilin itirilmiş bazar dəyərinin əvəzi 4000 manat məbləğində qiymətləndirilib. Məhkəmə mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edərək hesab edib ki, avtomobilin qəzadan sonra itirilmiş bazar dəyəri 4.000 manat həcmində qiymətləndirilməli və iddia tələbi həmin hissədə əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə bu hissədə göstərib ki, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3817 nömrəli ekspert rəyində 2021-ci il buraxılışlı “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, habelə təmir-bərpa işlərinin qiyməti ümumilikdə iddiaçının tələb etdiyi məbləğdən daha çox həddədir. Həmçinin məhkəmə qeyd edib ki, iddiaçı ərizəsində cavabdehin hərəkətləri nəticəsində mənəvi əzab çəkdiyini və bunun nəticəsində ona mənəvi ziyan dəydiyini bildirsə də, ərizəsinə bu halları da təsdiq edən hər hansı sübut əlavə etmədiyindən, mənəvi ziyana aid hissədə iddia tələbi təmin ediləb bilməz.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 926.1, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 6.6, 7, 10.2, 15.1, 15.3.1, 20.2, 52.1 və 53.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023- cü il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002- ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini, 14.2, 77.1, 121.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(060)-54/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi əsassız və qanunsuzdur. İlk öncə iddia tələbinin “Nissan Kicks” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi kimi 3268 manat pulun tutulmasına dair hissədə bildirir ki, avtomobilə qeyd olunmuş məbləğdə zərər dəyməmişdir. İşdə olan “X6 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, “Nissan Kicks” minik markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği 7967 manat qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından isə görünür ki, avtomobildə cəmi iş haqqı 2720 manat, ehtiyyat hissələrinin qiyməti 5149 manat, cəmi təmir xərci 7869 manat müəyyən edilir. Hesab edir ki, həm mütəxəssis rəyi, həm də qüsur aktı mötəbər sübut kimi qəbul oluna bilməz. Çünki hər iki MMC özəldir və onların verdiklər rəy və qüsur aktı qanuni və əsaslı ola bilməz. Ekspert də həmin rəy və qüsur aktına əsasən rəy verib. Ona görə də ekspert rəyi də mötəbər sübut kimi qəbul oluna bilməz. Avtomobilə təxminən 4000-4500 manat ziyan dəyib və həmin məbləğdən artıq yəni, 4698,47 manat məbləğində pul sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Məhkəmə işdə olan mütəxəssis rəyi və qüsur aktına əsasən araşdırma aparıb. Halbuki məhkəmə qəzadan sonra avtomobilin hansı hissələrinə zərər dəyməsini aydınlaşdırmalı idi. Həmçinin hansı hissələrin təmirinin mümkünlüyünü və ya hansı hissələrin təmiri mümkün olmadığı halda dəyişdirilməsini araşdırmalı və yalnız bundan sonra iş üzrə düzgün nəticəyə gəlməli idi. Lakin məhkəmə bütün bunları araşdırmamışdır. Ona görə də hesab edir ki, işə apellyasiya qaydasında baxılarkan bu hallar ətraflı şəkildə araşdırılmalıdır. Avtomobilin qəza nəticəsində 4.000 manat məbləğində itirilmiş bazar dəyərinə gəlincə isə bu hissədə də məhkəmə yanlış nəticəyə gəlmişdir. Eləcə də gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırmayıb. Yalnız “X6 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə istinad etmişdir ki, həmin rəy özəl MMC-nin verdiyi rəy olduğundan məhkəmə üçün mötəbər sübut kimi qəbul oluna bilməz. Həmçinin avtomobilin gələcəkdə satılacağı halda dəyərinin 28000 və ya 32000 manat müəyyən etmək əsassızdır. Çünki avtomobil bazarında qiymətlər artım istiqamətində dəyişir. Bundan əlavə avtomobilin zədələnmiş ehtiyat hissələri yenisi ilə əvəzlənib. Belə olan halda avtomobilin qəza nəcəsində irilmiş bazar dəyərinin cavabdehdən tələb olunması tamamilə qanunsuz və əsassızdır. Taksi xidmətinə görə 200 manat pulun tutulması əsassızdır. Çünki iddiaçı göstərir ki, cavabdehin təqsirindən o 2 ay maşınsız qalıb və taksi xidmətindən istifadə edib. Əgər iddiaçı həmin müddətdə taksidən yox öz maşınından istifadə etsəydi, o zaman elə həmin maşına ən azı 200 manatlıq yanacaq sərf edərdi. Yəni cavabdehin təqsirindən aslı olamayaraq iddiaçı hər gün öz maşınında istifadə etməyə görə müəyyən məbləğdə pul vəsatini yanacaq üçün xərcləmıli idi. Lakin məhkəmə bu halı nəzərə almamışdır. Göründüyü kimi iddiaçı hər bir tələbində yalnız hüquqdan sui-isfadə etməyə çalışır və buna da məhkəmənin “köməyi” ilə “nail” olur. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98.01 manat və hüquqi xidmətə görə 150 manat, mütəxəssis rəyinə görə 182 manat pulun cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində də qətnaməni əsassız hesab edir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə3 məhkəməyə yazılı ərizə təqdim edərək hazırkı mübahisənin məhkəmədən kənar qaydada həll olunduğunu, dəymiş ziyan üzrə 3910 manat məbləğində pulun cavabdeh tərəfin ödədiyini bildirdi. Buna görə də nümayəndə sonda iddiaçının iddiadan imtina etdiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 ayrı ayrılıqda izahat verərək mübahisənin tərəflər arasında artıq həll edildiyini bildirərək, iddiaçı tərəfin iddiadan imtina edilməsi barədə ərizəsinin qəbul edilməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 47-ci və 52.1-ci maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, iş üzrə icraata xitam verilir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(060)-54/2025 nömrəli qətnaməsinin tam ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamağı zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, o cümlədən iddiaçı tərəfin iddiadan imtina etməsi barədə ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçı tərəfin iddiadan imtinası qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir.

25. Belə ki, hazırkı iddia tələbindən görünür ki, tələb avtomobilə vurulmuş ziyanın və ziyan nəticəsində çəkilmiş digər xərclərin ödənilməsi barədədir.

26. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur.

27. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər.

28. Belə ki, iddiadan imtina etmək iddiaçının əsas prosessual hüquqlarından biridir və mülki prosesin dispozitivlik prinsipindəm irəli gəlir. İddiadan imtina ciddi prosessual nəticələr törətdiyinə görə, iddiadan imtina edilməsinin ifadə formasına (şifahi və ya yazılı), imtinanın qəbul edilməsi qaydalarına dair bir sıra tələblər müəyyən olunmuşdur. Bu baxımdan iddiadan imtina bilavasitə iddiaçının iradəsini ifadə etməlidir. İddiadan imtina iddiaçının birtərəfli, prosessual mahiyyətli sərəncamverici iradəsidir və yazılı formada ifadə edilməlidir. İddiaçı məhkəmə iclasında iştirak etdikdə bilavasitə işə baxan məhkəməyə yazılı ərizə verməklə və ya məhkəməyə notariat qaydada təsdiq edilmiş yazılı ərizə göndərməklə iddiadan imtina edə bilər.

29. İddiaçının iddiadan imtina etməsi dedikdə - onun cavabdehə olan öz maddihüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. Eyni zamanda şifahi icraat zamanı məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyənləşdirməlidir.

30. Qanunverici iddiaçının iddiadan imtina etməsinin qəbul edilməməsi əsaslarını da müəyyən edib. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa, həmin hərəkətlər hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə iddiadan imtinanı qəbul etməkdən imtina etməlidir. Qeyd olunan hərəkətlərin qanuna zidd olması iki mənada başa düşülməlidir: birincisi, müvafiq prosessual hərəkətin qanunvericiliyin tələbi pozulmaqla edilməsi; ikincisi, həmin hərəkətin mahiyyətinin qanuna zidd olması.

31. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiadan imtinanın motivlərini qiymətləndirmir, lakin o, imtinanın qanuniliyini qiymətləndirməli və bu zaman imtinanın azad iradə ifadəsi nəticəsində baş vermədiyini (məsələn, iddiaçı bunu cavabdeh tərəfindən hədələndiyinə görə etdikdə və s.) aşkar etdikdə imtinanı qəbul etməməlidir. Bununla belə, iddiaçı iddiadan imtina barəsində ərizəsində imtinanın səbəblərini, motivlərini göstərməyə borclu deyildir. Məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. İddiadan imtina edilməsinin məhkləmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir.

32. Göründüyü kimi iddia verən şəxs həm də iddiadan imtina etmək hüququna malikdir və bu iddia vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni iddia tələbi ilə məhkəməyə müraciət edən şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq iddiadan imtina edə bilər. Lakin iddiadan imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də iddiadan imtina iddianı verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün iddiadan imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf iddiadan imtina etdiyindən, iddiadan imtina etməsi onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, eləcə də imtinanın doğuracağı nəticə tərəflərə məlum (izah) olduğundan qəbul edilməli və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-54/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.4, 263, 264, 267, 268, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı iddiadan imtinası qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-54/2025 nömrəli qətnaməsi ləğv edilsin və hazırkı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar