Məhkəmə qərarları › İş №2(105)-659/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-659/2021

01.03.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-659/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Maraqlarına toxunan şəxs və nümayəndəsi: X2 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxslər Cavabdeh5, Cavabdeh4 və Z.Ş.Quliyeva tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şabran Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim T.Ə.Qurbanov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 ilə İddiaçı arasında JN:1xx xxx 30406028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ona və ailə üzvlərinə məxsus 2.36 ha və Cavabdeh2 ilə İddiaçı arasında JN:1xx xxx 30404028 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən ona və ailə üzvlərinə məxsus 1.42 ha torpaq sahələrinə dair bağlanmış əqdlərin etibarlı hesab edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 ilə onun arasında JN:1xx xxx 30406028 saylı Torpaq Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ona və ailə üzvlərinə məxsus 2.36 ha və Cavabdeh2 ilə onun arasında JN:1xx xxx 30404028 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən ona və ailə üzvlərinə məxsus 1,42 ha torpaq sahələrinə dair bağlanmış əqdlərin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2004-cü ildə Sincanboyad kənd sakini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özlərinə pay torpaq sahələrinin bir hissəsini satmasını eşidərək həmin şəxslərlə görüşmüş, onların satmaq istədiyi həmin torpaq sahələrini onun üçün almaq istədiyini bildirmişdir. Cavabdehlərin satmaq istədikləri torpaq sahəsi onların torpaq sahələrinin yaxınlıgında olduğundan həmin torpaq sahəsini almaq istəyirlər. Cavabdehlərlə aralarında müqavilə bağlamaqla danışıb razılığa gəlmişlər və cavabdehlərə torpağın dəyərini ödəməklə Cavabdeh1 və ailəsinə məxsus 2.36 ha və Cavabdeh2 və ailəsinə məxsus 1.42 ha torpaq sahəsini onun üçün almışlar. Lakin vaxtında cavabdehlərin təqsiri üzündən alqı-satqını rəsmiləşdirə bilməmişlər. Həmin vaxt alqı-satqı müqaviləsinin təstiqlənməsi üçün notariat kontoruna dəvət etsələr də, cavabdehlər bəhanələr gətirərək notariat kontoruna gəlməkdən imtina etmişlər. 2004-cü ildən aldığı torpaq sahəsi onun faktiki mülkiyyətində və istifadəsindədir. Cavabdehlərlə aralarında torpağın alqı-satqısı aparmışdır, torpağın dəyərini ödəməklə torpaq sahəsi onun adına alınmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Maraqlarına toxunan şəxslər S.B.Qəniyeva və qeyrisi apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə bir mülkiyyətçi kimi onların hüquqlarını pozmuşdur. Mübahisəli torpagda onların da payı vardır, paylı mülkiyyətdə olan əmlakın satışı zamanı onların razılığı alınmamışdır. Məhkəmə tərəfindən onlar məhkəməyə dəvət edilməmişlər və bu qətnamədən onların hazırda xəbəri olmuşdur. Bundan əlavə olaraq iddiaçı Cavabdeh1 2004-cü il tarixdə rəhmətə getmişdir. Şabran Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(031)-1112/2017 saylı qətnaməsini ləğv etməklə, iddiaçıların iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Maraqlarına toxunan şəxslər S.B.Qəniyeva, Cavabdeh4 həm öz adından, həm də nümayəndəsi olan Z.Ş.Qəniyevanın adından apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, ona oxşar izahat verdilər və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə İddiaçı və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qismən qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs S.B.Qəniyeva və qeyrisinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan JN:1xx xxx 30406028 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktından görünür ki, Dəvəçi rayonu AİK-nın xx xxxxxxxx 1997-ci il tarixli 09 saylı qərarına əsasən Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə 6.02 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Birinci instansiya məhkəməsi maraqlarına toxunan şəxslər S.B.Qəniyeva, Cavabdeh4 və Z.Ş.Qəniyevanın hüquqlarını pozmuşdur. Belə ki, Dövlət aktından görünür ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir, yəni Dövlət aktında onların da əmlak payları daxil edilmiş və paylı mülkiyyətdə olan əmlakın satışı zamanı onların da razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının ərazisində artıq qüvvədə olan «İnsan hüquq və azadlıqlarının Müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə əsasən hər bir hüquqi və fiziki şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 214-cü maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoydugu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azalıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, İddiaçı iddiası təmin edilərkən, Cavabdeh1 2004-cü ildə rəhmətə getmişdir. Məhkəmə kollegiyası maraqlarına toxunan şəxslərin qətnaməni tam ləğv edilməsini tələb edilməsinə baxmayaraq, hesab edir ki, mübahisə olunan qətnamə qismən ləğv edilməlidir. Belə ki, qətnamə Cavabdeh2 tərəfindən mübahisələndirilməmiş və bu hissədə qətnamənin qanunliyi kollegiya tərəfindən yoxlanılmamışdır. Beləliklə, məhkəmə kollegiyası maraqlı şəxslərin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qismən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin Cavabdeh1 hissəsində apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi həmin hissədə ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Maraqlarına toxunan şəxslər X1, Cavabdeh4 və Qəniyeva Zöhrə Şərafəddin qızının apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin iş üzrə xx xxx 2017-ci il tarixli 2(031)-1112/2017 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı Cavabdeh1 ilə aralarında JN1xx xxx 30406028 saylı Torpağa Mülkiyyət Hüquqlarına Dair Dövlət Aktına əsasən ona və ailə üzvlərinə məxsus 2,36 ha torpaq sahələrinə dair bağlanmış əqdin etibarlı hesab edilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar