Məhkəmə qərarları › İş №2(105)-66/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-66/2022

01.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-66/2022 01.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı və digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1, onun vəkili X11 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 qızının, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli, 2(031)-463/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 qızı, İddiaçı4 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şabran Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli, 2(031)-463/2020 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 qızının, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir.(hakim Ç.İsgəndərov) Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli, 2(031)-463/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2 qızı, İddiaçı4 və İddiaçı3 məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq iddia tələbinin təmin edilməsi, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 mülkiyyətində olan Şabran rayonunun Gəndab kəndinin ərazisində yerləşən, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət X10 Reyestrindən Seriya MH ******* №-li Çıxarış verilmiş 1.014762 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nemətulla oğlunun çıxardılmaları, həmin torpaq sahəsinin İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 geri qaytarılması, həmin torpaq sahəsində əkilmiş buğdanın məhsulunun biçmək hüququnun İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 qızı, İddiaçı4 və İddiaçı3 iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1 Qarabağ müharibəsi veteranıdır, Sumqayıt şəhəri, YAT-10, ünvan 1 ünvanında pasport qeydiyyatındadır, Şabran rayonu Gəndab kəndində ailəsi ilə birlikdə yaşayır. Ailələrinin paylı mülkiyyətində olan, Şabran rayonunun Gəndab kəndinin ərazisində yerləşən, Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət X10 Reyestrindən Seriya MH 0015919№-li Çıxarış verilmiş 1.014762 ha torpaq sahəsini ailələrinin razılığı əsasında İddiaçı1 həmkəndliləri Cavabdeh1 bir il müddətinə icarəyə vermişdir, bir illik icarə müddətinə görə ondan 950 manat icarə haqqı almışdır. Bu məqsədlə ona 23 aprel 2016-cı il tarixdə etibarnamə verilmişdir. 30 noyabr 2019-cu il tarixdə həmin etibarnamə onların ərizəsi əsasında notarius tərəfindən ləğv edilmişdir. 2017, 2018, 2019 və 2020-ci illərə görə ondan icarə haqqı ala bilməmişlər. Ondan torpaq sahəsinin qaytarılmasını və icarə haqqını tələb edəndə onlara demişdir ki, torpaq sahəsini Cavabdeh2 vermişdir. Torpaq sahəsinin boşaldılmasını, onlara qaytarılmasını Cavabdeh2 tələb edəndə isə o demişdir ki, “mən sizdən torpaq icarəyə götürməmişəm”. Bu səbəbdən də məhkəməyə müraciət etmişlər. Onların xəbərləri olmadan həmin torpaq sahəsini Cavabdeh1 digər həmkəndliləri, Cavabdeh2 icarəyə vermişdir. 2016-cı ili naprel ayına kimi mübahisəli torpaq sahəsində buğda əkirdilər və hər ildə oradan 3.000 kiloqram taxıl (gəlir) əldə edirdilər. Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsində buğda əkibbecərdilməsi ilə məşquldular. Hal-hazırda da həmin torpaq sahəsində buğda əkmişlər. Hesab edirlər ki, cavabdehlərin torpaq sahəsinin onlara qaytarılması və əkilmiş torpaq sahəsində buğdanın məsulunun biçmək hüququ, bu işdən gəlir əldə etmək hüququ məhkəmə tərəfindən onlara verilməlidir. Xahiş edirlər ki, iddia tələbinin təmin edilməsi, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 mülkiyyətində olan Şabran rayonunun Gəndab kəndinin ərazisində yerləşən, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət X10 Reyestrindən Seriya MH ******* №-li Çıxarış verilmiş 1.014762 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxardılmaları, həmin torpaq sahəsinin İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 geri qaytarılması, həmin torpaq sahəsində əkilmiş buğdanın məhsulunun biçmək hüququnun İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 verilməsi barədə qətnamə çıxarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə iddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli, 2(031)-463/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı iddiaçı və digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1, onun vəkili X14 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı İddiaçı4, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, iş üzrə mütəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Gəndov İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 may 2020-ci il tarixli, 371 saylı arayışdan görünür ki, ünvan 3 sakini İddiaçı1 ailə üzvləri – İddiaçı2, İddiaçı4, İddiaçı3 və X6 ibarətdir. Yenə işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə ünvan 3i ərazisindən kənd təsərrüfatı təyinatlı torpaqlardan 1.014762 ha torpaq sahəsi verilmişdir. İşdə olan «Elektron notariat» X2 çıxarışdan görünür ki, İddiaçı1 və İddiaçı3 tərəfindən Cavabdeh1 verilmiş etibarnamə 30 noyabr 2019-cu il tarixdə ləğv edilmişdir. Etibarnamənin predmeti torpaq sahəsi olmaqla Şabran rayonu, Gəndov kəndi ərazisində yerləşən 1.014762 ha hissəsinə dair sərəncam verməyi, notariat kontorunda alqı-satqı müqavilə bağlamağı, bütün orqanlarda, həmçinin Bankda, DƏDRX-də, məhkəmə, vergi və sair əlaqədar orqanlarda təmsil etməklə lazımi sənədləri almağı, təqdim etməyi, imzalamağı, adından ərizə verməyi, pul hesablaşmalarını aparmağı, etibarnamədə göstərilənlərlə əlaqədar digər bütün hərəkətlər etibar edilmişdir. Yenə işdə olan «Elektron notariat» X2 çıxarışdan görünür ki, İddiaçı4, İddiaçı2 tərəfindən Cavabdeh1 verilmiş etibarnamə 21 iyul 2020-ci il tarixdə ləğv edilmişdir. Etibarnamənin predmeti torpaq sahəsi olmaqla Şabran rayonu, Gəndov kəndi ərazisində yerləşən 1.014762 ha hissəsinə dair sərəncam verməyi, notariat kontorunda alqı-satqı müqavilə bağlamağı, bütün orqanlarda, həmçinin Bankda, DƏDRX-də, məhkəmə, vergi və sair əlaqədar orqanlarda təmsil etməklə lazımi sənədləri almağı, təqdim etməyi, imzalamağı, adından ərizə verməyi, pul hesablaşmalarını aparmağı, etibarnamədə göstərilənlərlə əlaqədar digər bütün hərəkətlər etibar edilmişdir. İşə əlavə edilmiş AN-İ seriyalı, ******* saylı, 02 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 birgə mülkiyyətlərində olan ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 1.014762 ha torpaq sahəsini alıcı X3 mülkiyyətinə vermişlər. Müqaviləni satıcılar tərəfindən Cavabdeh1, alıcı tərəfindən isə Cavabdeh2 imzalamış, Sumqayıt «Asan xidmət» mərkəzinin notariat kontorunun reyestrdə 4Ə-3639 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmişdir. Yenə işə əlavə edilmiş Sumqayıt «Asan xidmət mərkəzi tərəfindən verilmiş 02 oktyabr 2017-ci il tarixli məktubdan görünür ki, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 ilə X7 arasında bağlanmış və notariat kontorunda 02.10.2017-ci il tarixində 4Ə/3639 nömrəli reyestrdə təsdiq edilmiş Şabran rayonu Gəndab kəndi ünvanında yerləşən ümumi sahəsi 1.014762 ha olan torpaq sahəsinin alqı-satqı müqaviləsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə göndərilmişdir. Yenə də işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış 16 dekabr 2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı1 və ailə üzvlərnin adına olan 2.86 ha torpaq sahəsinə verilmiş JN-331 kod 30404018 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı» ləğv edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçmişdir. 2.86 ha torpaq sahəsinə verilmiş JN-331 KOD 303018 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»nın 1.23 hissəsi özgəninkilşdirilmiş, yerdə qalan hissəsinə İddiaçı1 və ailə üzvlərinin adına **********20 və **********21 reyestr nömrəli çıxarışlar verilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 31.05.2021-ci il tarixli, 2(105)- 1599/2021 saylı qətnaməsindən və AR Ali Məhkəməsinin 2)102(-586 nömrəli iş üzrə 02.12.2021-ci il tarixli qərarının nəticəvi hissəsinə dair Çıxarışdan məlum olur ki, İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X4 qarşı AN-İ seriyalı, ******* saylı, 02 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçıların apellyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli, 2(031)-463/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə bu qənaətə gələrkən onu əsas götürür ki, iddiaçıların hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Belə ki, iddiaçılar hazırki iddianı qaldırarkən onu əsas götürmüşlər ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 3i ərazisində 1.014762 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onlara məxsusdur. Ona görə də, iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 152.1-152.7-ci maddələrinə istinad etmişlər. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi, qeyd edilən mübahisəli torpaq sahəsi 02 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçıların adından onların verdiyi etibarnamə əsasında X1 və sonuncunun qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mətanət İbrahimova isə öz növbəsində həmin torpaq sahəsini özgəninkiləşdirmişdir. Daha öncə qeyd edildiyi kimi İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X4 qarşı AN-İ seriyalı, ******* saylı, 02 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. Başqa sözlə, hazırda mübahisəli torpaq sahəsinə dair mübahisə tərəflərinin heç bir hüququ qalmamışdır. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçılar iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hazırki hərəkətlərinə hüquqi ixtiyarı olmadığı üçün onların başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, həyata keçirilməsindən eləcə də cavabdehlərin torpaq sahəsindən çıxarılmasından söhbət gedə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəyticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir.

1. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli, 2(031)-463/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar