Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-663/2023 06.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və mənzilə istifadə hüququnun tanınması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5879/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhər 1-ci mikrorayon, ev 17/31 A, mənzil 33 ( yeni qaydalarla: AZ 5004, Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 307, M1, m3) xx.xx.2015-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 17/31 A, mənzil 33-dən çıxarılması, onun qanunsuz sahibliyindən alınaraq ona verilməsi və yığılmış 450 manat kirayə haqqı və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reysterinə qeydə alınmaqla Sumqayıt şəhər 1-ci mikrorayon, ev 17/31 A, mənzil 33-ə mülkiyyət hüquqları qeydə aldırmışdır. Bir müddət həmin mənzildə yaşasa da, sonradan bacısı ilə Sumqayıt şəhəri, 9-cu mikrorayonda birgə yaşamağa başlamışdır. Bu zamanda cavabdeh ona məxsus mənzili müvəqqəti istifadə etməyi xahiş etmiş və imkanı olduqca hər ay 150-200 manat məbləğində pul verəcəyini bildirmişdir. Lakin hal-hazırda son 5 aydır ki, cavabdehin ona pul borcu yığılıb və ödəmir. Tərəflər aralarında dostcasına razılaşmışlar və bu səbəbdən də hər hansı bir kirayə müqaviləsi imzalanmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qərarı ilə cavabdeh İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə olunmuşdur. Bundan sonra o, yenidən polisə müraciət etsə də, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən aldığı cavab barəsində mülki qaydada məhkəməyə mürciət etməyi tövsiyyə olunmuşdur.
3. Sumqayıt Şəhər Məhkəməsinin (hakim E.Abdullayev) xx.xx.2022-ci il tarixli, 2(060)-5879/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh İddiaçı məxsus olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 17/31 A, 33 saylı mənzildən çıxarılması və həmin mənzilin Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı verilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 50 (əlli) manatının Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 17/31 A, mənzil 33 onun mülkiyyətindədir. Hazırda o, öz mülkiyyətində olan mənzildən cavabdehin çıxarılmasını tələb edir. Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 17/31 A, mənzil 33 hazırda cavabdehin qanunsuz sahibliyindədir. Bu səbəbdən o, Sumqayıt şəhəri, 1- ci mikrorayon, ev 17/31 A, mənzil 33-ü geri tələb etməkdə haqlıdır. O, eyni zamanda yığılmış 450 manat kirayə haqqının cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, cavabdehin 3 aylıq kirayə haqqını ödəməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etmədiyi üçün iddia həmin hissədə təmin edilə bilməz. Şahid ifadəsi ilə bağlı qeyd edilməlidir ki, şahid tərəflər arasında kirayə münasiblərinin olmasının onun bildirdiyi məlumatlar əsasında ona məlum olduğunu bildirmişdir. Şahid tərəflər arasında yazılı və ya şifahi formada kirayə müqaviləsi bağlanmasında, kirayə haqqının ödənilməsində şəxsən iştirak etməmişdir. Bu səbəbdən məhkəmə şahidin ifadəsinə mötəbər sübut kimi yanaşmır. Cavabdehin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, tərəflər arasında hər hansı borc münasibətlərinin olması hazırkı mübahisənin mahiyyətinə hər hansı təsir göstərmir. Cavabdeh iddiaçının ona hansısa məbləğdə borcu olduğunu iddia edirsə, bununla bağlı ayrıca iddia qaldıra bilər.
5. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.1, 157.2, 157.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5879/2022 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verilmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən bir sıra maddi normalara AR Mülki Məcəlləsinin 152,157-ci maddələrinə istinad etmiş və göstərmişdir ki, əmlak iddiaçıya məxsus olduğu üçün o, mənzildən çıxmalıdır. Məhkəmə bu normalara o halda istinad edə bilərdi ki, iddiaçının ona olan borcu ilə bağlı aralarında həmin mənzildən müəyyən bir müddət istifadə ilə bağlı razılaşma olmasın. Qeyd etdiyi kimi iddiaçı ona pul borcu olduğu üçün onu bu mənzilə buraxmış, lakin sonradan həmin pulu verməyərək ona qarşı bu iddianı qaldırmışdır. İddiaçının əmlakı mənzil olduğu kimi onun da əmlakın iddiaçının ondan aldığı və sonradan qaytarmadığı 6000 manat puldur, qeyd etdiyi kimi o, iddianı o halda qəbul edə bilərdi ki, o həmin pulu qaytarsın, üzərinə düşən öhdəliyi yerinə yetirsin. Lakin məhkəmə bu halları nəzərə almayaraq göstərilən normalara istinad etməklə onun evdən çıxarılmağı barədə qərar vermişdir. Qeyd edilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(051)-634/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz verilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, həqiqətən də ev İddiaçı məxsusdur. Apellyasiya şikayətini verməkdə məqsədi də odur ki, Əfsanə ona pul borcludur. Pulunu qaytarsa, o da evdən çıxar. 2014-cü ildə Əfsanəyə 6000 manat pul vermişdir. Əfsanə evi ona verəndə demişdir ki, ev qohumunun evidir. O həmin evdə kirayə kimi yaşamışdır. Cavabdeh sonda apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə İddiaçı səbəbini bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir.
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci madəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan stifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 157.8. maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayətindən görünür ki, apellyator Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5879/2022 nömrəli qətnaməsini iddianın təmin olunmuş hissəsini, yəni “mənzildən çıxarılma və qanunsuz sahiblikdən geri qaytarılma” hissələrini mübahisələndirərək, qətnamənin həmin hissələrdə ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
15. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. İddia tələbinin mahiyyətindən görünür ki, tələb cavabdehin mübahisəli mənzildən çıxarılması barədədir.
18. İşin faktiki hallarından görünür ki, mübahisəsi gedən Sumqayıt şəhər 1-ci mikrorayon, ev 17/31 A, mənzil 33 mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh isə həmin mənzildə iddiaçının razılığı əsasında müvəqqəti (kirayədə) yaşayır. İddiaçının bildirdiyinə görə cavabdeh hər ay ona 150-200 manat məbləğində pul ödəmli idi. Lakin son 5 aydır ki, cavabdeh evin kirayə haqqını ödəmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.
19. İşdən görünür ki, cavabdeh iddiaya etiraz edir və iddiaçının ona 6000 manat borcu olduğunu, borcu qaytarıldıqdan sonra evdən çıxacağını bəyan edir. Göründüyü kimi cavabdeh tərəf iddiaya etirazını, həmçinin apellyasiya şikayətini mübahisəli yaşayış sahəsinin iddiaçının adına olub-olmamasından asılı olmayaraq, iddiaçının ona pul borcunun olması ilə əlaqələndirir.
20. Azərbaycan Respublikası Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə ilk iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2 və 157.4-ci maddələri təşkil edir.
21. İddianın hüquqi əsaslarından biri olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
22. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir.
23. Cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi dəlillərdən biri də, qeyd olunan yaşayış evindən çıxarılması zamanı hüquqlarının pozulmasıdır.
24. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olması nə əvvəllər, nə də ki, hazırda yaranması üçün hər hansı əsas (ailə üzvü, digər qohum, notarial müqavilə və s.) mövcud olmamışdır.
25. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan mənzilə mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhz bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.
26. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5879/2022 nömrəli qətnaməsi mübhisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.