Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-665/2023 15.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X1 ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair mülki iş üzrə işin hazırlıq icraatına xitam verilməsi barədə Xaçmaz Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(067)-423/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehin ona münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz rayon məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(067)-423/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin hazırlıq icraatına xitam verilmişdir (hakim Anar Sadıqov). İddiaçı qərardaddan şikayət verərək Xaçmaz rayon məhkəməsinin 11 yanvar 2023cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardadla razı deyil. Belə ki, qərardadda işi xitam etməyə əsas kimi göstərilmişdir ki, “o, cavabdehə qarşı vərəsəlik hüququndan məhrum etmə tələbinə dair məhkəmədə iddia qaldırmış və tələbi məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(067)-583/22 №-li qətnaməsi ilə təmin edilməmişdir.” Bu hal onun hazırkı tələbi üzrə işin icraatına xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, o, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-583/22 №-li qətnaməsi üzrə iddia tələbinin predmetinin “vərəsəlik hüququndan məhrum etmə” kimi qoymuş və tələbinin əsasları başqa idi. Hazırda isə iddia tələbinin predmetini şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi kimi qoymuş və tələbinin əsasları başqadır. Beləliklə müəyyən olunur ki, eyni şəxslər arasında, eyni predmet üzrə və eyni əsaslara məhkəmə iş yoxdur. Birinci iş ilə hazırkı iş bir-birindən fərqlidir. Belə olan halda onun hazırkı işi üzrə icraata xitam verilməli deyildir. Ona görə də hesab edir ki, qərardad ləğv edilməli və işə mahiyyəti üzrə baxılmalıdır. Xaçmaz Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(067)-423/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayətin əsas dəlili ondan ibarətdir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-583/22 nömrəli qətnaməsi üzrə iddia tələbinin predmetinin “vərəsəlik hüququndan məhrum etmə”, hazırkı iddia tələbinin predmetinin isə “şəxsin ləyaqətsiz vərəsə hesab edilmə” olması və tələblərin əsaslarının fərqli olmasıdır. Şikayətin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ləyaqətsiz vərəsə və vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallara dair müddəalar Mülki Məcəllənin 1137-ci və 1139-cu maddələrində öz əksini tapmışdır. Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Göründüyü kimi, İddiaçı Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən cavabdehin vərəsəlik hüququndan məhrum edilməsi tələbinə dair iddiası üzrə Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Yuxarıda qeyd olunan normalara əsasən şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi üçün Mülki Məcəllənin 1139-cu maddəsi ilə nəzərdə tutulan ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hallar məhkəmə tərəfindən araşdırılmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hər iki iddia tələbi fərqli formada ifadə olunsa da, mahiyyətcə eyni tələblərdir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamənin mövcud olması Mülki Prosessual Məcəllənin 261-ci maddəsinin tələbi baxımından iş üzrə icraata xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi MPM-in 261.0.2-ci maddəinə əsasən mülki işin hazırlıq icraatına xitam verməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(067)-423/2023 nömrəli dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-665/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-665/2023
15.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver