Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-67/2021 03.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və onun nümayəndəsi X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-4554/2019 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-4554/2019 saylı qətnaməsi ilə (hakim C.B.Məmmədov) İddiaçı Cavabdeh qarşı mənzilin açıq hərracdan satılması və satış pulunun paylara münasib bölünməsi tələbinə dair iddiası təmin edilib, Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 40 saylı evin, 24 saylı mənzilin açıq hərracdan satılması və satış pulunun mənzilin paylı mülkiyəçilərinin paylarına münasib surətdə bölünməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cı il tarixli, 2(060)-4554/2019 saylı qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 40 saylı evin, 24 saylı mənzil paylı mülkiyyət hüququ əsasında ona və Cavabdeh məxsus olmaqla daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin mənzildə faktiki olaraq yaşaya bilmir, 16 yaşına çatmış övladı ilə valideynlərinin yanında yaşamaq məcburiyyətindədir. Ona görə də, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 40 saylı evin, 24 saylı mənzilinin ilkin satış qiymətinin 70.000 manat olmaqla açıq hərracdan satılması və satış pulunun paylarına münasib bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə verib, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 40 saylı evin, 24 saylı mənzilinin açıq hərracdan satılması və satış pulunun paylarına münasib bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxx 2019-cı il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 213-cü maddəsinin və Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mənzilin əsas kirayəçisi olmuş, keçmiş gəlini olan İddiaçı iddiası ilə mənzil bölünmüş iki otaq onun, 1 otaq isə ayrıca kirayə müqaviləsi bağlanmaqla iddiaçının istifadəsinə verilmişdir. Bundan sonra onların adına ayrılan otaqlara münasibətdə mənzillər özəllşdirilmiş və hər biri ayrıca çıxarış almışlar. Onun adına iki otağa münasibətdə çıxarış alınan zaman Dövlət reyestr xidməti onun adı ilə yanaşı iddiaçının da həmin otaqlara pay haqqının olmasını göstərib mənzili paylı mülkiyyət olaraq hər ikisinin adına Dövlət qeydiyyatına almışdır. Bundan istifadə edən iddiaçı mənzili paylı mülkiyyət kimi hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və mənzildən pay haqqını tələb etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi E.K.Hüseynov apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan DƏDRX-nin verdiyi MH seriyalı, ******* saylı çıxarışının surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 40 saylı evin, 24 saylı mənzil paylı mülkiyyət hüququ üzrə sahəsi 12,79 m2 olan bir otaq İddiaçı, ümumi sahəsi 34,58 m2 iki otaq Cavabdeh Məmmədəli qızının adına 54 nömrəli reyester kitabında xx xxxxxx 2007-ci ildə 39 qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-7959/2017 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh Məmmədəli qızına qarşı mənzilin açıq hərracdan satılması və satış pulunun paylara münasib bölünməsi tələbinə dair evin açıq hərraca çıxarılmazdan oncə öz payının dəyərini digər payçı tərəfindən ödənilməsini tələb etmədiyi əsası ilə təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(105)- 3401/2018 saylı qətnaməsi ilə İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(060)-7959/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-264/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ayrılan mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-5385/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh Məmmədəli qızının cavabdehlər İddiaçı və DƏDRX-nin X3rşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)- 3862/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-5385/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-2207/2020 saylı qərarı ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3862/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1 və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıgı andan əldə edənə keçir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıgı andan əmələ gəlir. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənlişdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər.Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsülu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu,ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə,ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır.Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir.Mülkiyyətçinin payı cüzi olduqda,real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafiyi olmadıqda,məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştrakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda,məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütanasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxx 2014cü il tarixli qərarımda göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsinin əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda ayrılan mülkiyyətçi öz payının paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə əmlakın əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payın naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. İşin tədqiq edilən hallarından görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 40 saylı evin, 24 saylı mənzil DƏDRX-nin verdiyi MH seriyalı, ******* saylı çıxarışının surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 40 saylı evin, 24 saylı mənzil paylı mülkiyyət hüququ üzrə sahəsi 12,79 m2 olan bir otaq İddiaçı, ümumi sahəsi 34,58 m2 iki otaq Cavabdeh Məmmədəli qızının adına 54 nömrəli reyester kitabında xx xxxxxx 2007-ci ildə 39 qeydiyyat nömrəsi ilə paylı mülkiyyət olaraq qeydə alınmışdır. İddiaçı paylı mülkiyyətçi olaraq öz əmlakından istifadə edə bilmədiyindən əmlakın açıq hərracdan satılması və satış pulunun paylara mütanasib surətdə bölünməsini tələb edir. Cavabdeh iddiaçı tərəfindən paylara bölünməsi tələb etdiyi Sumqayıt şəhəri, 17-ci mikrorayon, 40 saylı evin, 24 saylı mənzilin ona məxsus olmasını göstərib, hər birinə ayrı-ayrılıqda çıxarış verildiyini, texniki səhv olaraq DƏDRX-də iddiaçının adının çıxarışda qeyd olunmasını bildirsə də, apelyasiya şikayətinin dəlillərini sübut edə bilməmişdir və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə hallarını sübuta yetirə bilməmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyıb, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-4554/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-67/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-67/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver