Məhkəmə qərarları › İş №2(105)-67/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-67/2023

18.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-67/2023 18.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçılar Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızının, Məmmədova (Yaqubova) Emma Yaqub qızının, iddiaçıların nümayəndəsi Vəkil1 Eynağa oğlunun iştirakı ilə, İddiaçılar Bədəlova (Yaqubova) Kamalə Yaqub qızının, İddiaçı2, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızının, Məmmədova (Yaqubova) Emma Yaqub qızının cavabdehlər Cavabdeh1, X11, Cavabdeh3 və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı onlara qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və DƏDRX-dən çıxarışın alınmasına yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə çıxarılmış Quba Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(027)-1474/2021-008 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Seyidov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 JN:221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X16 əsasında iddiaçılar İddiaçı2, X2, X3, X4 və digər ailə üzvləri X5 Quba rayonu, Aşağı Xuc kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 3,34 ha əkin və bağ sahəsindən ibarət torpaq sahəsi qanunsuz sahibliyindən geri alınması, həmin torpaq sahəsinə dair iddiaçılar Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, İddiaçı2, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızının və Məmmədova (Yaqubova) Emma Yaqub qızının adlarına Çıxarışın verilməsi ilə əlaqədar AR ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh1, X11, Cavabdeh3 tərəfindən yaradılan maneələr aradan qaldırılması qət edilmişdir. Cavabdeh Qonaqov Məzahı̇ r Əlı̇ pənah oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçılar Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, İddiaçı2, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızının və Məmmədova (Yaqubova) Emma Yaqub qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN:221 Kod 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X15 əsasən mülkiyyət hüququ əsasında onlarİddiaçı2, X2, X3, X4 və digər ailə üzvləri X5 Quba rayonu, Aşağı Xuc kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 3,34 ha əkin və bağ sahəsindən ibarət torpaq sahələrinin cavabdehlər-Cavabdeh1, X11 və Cavabdeh3 qanunsuz sahibliyindən geri alınması və həmin torpaq sahəsinə dair adlarına çıxarışın verilməsi ilə əlaqədar AR ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işlərinin aparılmasına cavabdehlərin yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə onlar-İddiaçı2, X2, X3, X4 və digər ailə üzvləri X5 Quba rayonu, Aşağı Xuc kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 3,34 ha torpaq sahəsi verilmiş və adlarına JN:221 Kod 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X16 tərtib olunmuşdur. Həmin torpaq sahəsi bağ və əkin hissədən ibarət olmaqla iki ayrı yerdə yerləşir. Torpaq sahəsi onlara təhkim olunduqdan sonra bir müddət ailəliklə torpaq sahəsindən əkib-becərməklə istifadə etmişlər. 2000-ci ildə Quba rayonu, Aşağı Xuc kəndində yerləşən yaşayış evlərini Cavabdeh3 sataraq daimi yaşamaq üçün Bakı şəhərinə köçüb getmişlər. Həmin vaxtdan Quba rayonu ilə əlaqələri kəsilmişdir. Onlar-Kamalə Yaqubova xx.xx.2006-cı il tarixdə, Xalidə Yaqubova xx.xx.2009cu il tarixdə və Emma Yaqubova xx.xx.2007-ci il tarixdə ailə quraraq Bakı şəhərində yaşayırlar. Ailə üzvləri, eləcə də torpaq sahəsinin mülkiyyətçilərindən X8 08 yanvar 2012ci il tarixdə vəfat etmişdir. Torpaq sahəsinin mülkiyyətçilərindən İddiaçı2 da Bakı şəhərində yaşayır. 2019-cu ilin dekabr ayında Cavabdeh3 qardaşı Arzu Qonaqov Bakı şəhərinə yaşadığları evə gələrək 3,34 ha torpaq sahələrini onlara satmağlarını təklif etdi. Lakin onlar həmin torpaq sahələrindən özlərinin istifadə edəcəklərini bildirmişlər və torpaq sahələrini satmaqdan imtina etmişlər. 2021-ci ilin iyun ayında Quba rayonu, Aşağı Xuc kəndində yerləşən torpaq sahələrinə dair adlarına çıxarış almaq istədikdə mülkiyyət hüququ əsasında onlara məxsus əkin və bağ sahəsindən ibarət torpaq sahələrinin kənar şəxslər tərəfindən zəbt olunmasını görmüşlər. Məsələni araşdırdıqda torpaq sahələrinin cavabdehlər Cavabdeh1, X11 və Cavabdeh3 tərəfindən zəbt olunduğu məlum oldu. Cavabdehlər torpaq sahələrinə mütamadi olaraq gəlib-getmədiklərindən istifadə edərək, torpaq sahələrini qanunsuz zəbt etmişlər və qanunsuz olaraq da istifadə edirlər. Onlar cavabdehlərə torpaq sahələrindən çıxmalarını və torpaq sahələrini könüllü olaraq buraxmalarını bildirsələr də, cavabdehlər əllərində heç bir rəsmi sənəd olmadığı halda torpaq sahəsinin onlara məxsus olmasını bildirirlər, onları öz mülkiyyətlırində olan torpaq sahələrinə buraxmayaraq, həmin torpaq sahələrindən istifadə etməklərinə imkan vermirlər və beləliklə də onların həmin torpaq sahələrinə olan mülkiyyət hüquqlarını pozurlar. Cavabdehlərin təqsiri üzündən torpaq sahələrindən istifadə edə bilmirlər. Cavabdehlər torpaq sahələrini könüllü buraxmayaraq, qanunsuz istifadə etməklə qeyd olunan torpaq sahələrinə olan hüquqlarını məhdudlaşdıraraq, onlara həm maddi, həm də mənəvi ziyan vururlar. İddiaçı1 cavabdehlərə torpaq sahələrindən çıxmalarını dedikdə, Cavabdeh1 ona dolayı yolla hədə qorxu gəlmişdir. Bundan başqa torpaq sahələrinə dair adlarına çıxarış almaq üçün DƏDRX-ə ərizə ilə müraciət etmişdir. Ərizəsi əsasında torpaq sahələrinə baxış keçirmək üçün DƏDRX-dən mütəxəssislər gəlsələr də, cavabdehlər mütəxəssislərə ölçmə işlərinin aparılmasına maneələr yaratmışlar. Nəticədə torpaq sahəsində ölçmə işlərinin aparılması mümkün olmamışdır, bu fakt iddia ərizəsinə əlavə olunan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Əİ-nin 01 iyun 2021-ci il tarixli məktubu ilə də təsdiq olunur. Beləliklə də, cavabdehlər X11, Cavabdeh1 və Cavabdeh3 mülkiyyətçilərin torpaq sahələrinə olan mülkiyyət hüquqlarını pozurlar. Cavabdehlərin təqsiri üzündən həmin torpaq sahələrindən istifadə edə bilmirlər. Mülkiyyət hüququ əsasında onlara məxsus 3,34 ha torpaq sahəsinə dair adlarına tərtib olunmuş JN:221 Kod 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X16 naməlum şəraitdə itmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nm 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, Dövlət Aktının təsdiq olunmuş surətini əldə etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Qonaqov Məzahı̇ r Əlı̇ pənah oğlu Quba Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, hal-hazırda qeydiyyatda olduğu Quba rayonu Aşağı Xuc kəndində yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə ona və iş üzrə cavabdehlərə heç bir məlumat verilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı Məmmədova (Yaqubova) Emma Yaqub qızı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçıların nümayəndəsi Vəkil1 Eynağa oğlu apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlər və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehlər tərəfindən iddiaçılara məxsus torpaq sahəsini zəbt etməsinin öz təsdiqini tapması ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 157.2, 157.4, Torpaq Məcəlləsinin 110, 111-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh3 vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, digər cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmişlər. İşdən görünür ki, iddiaçılar mülkiyyətində olan torpaq sahəsinin zəbt edildiyini əsas gətirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyi müəyyən edilərək iddia tələbi təmin edilmiş, cavabdehlərdən yalnız Cavabdeh3 həmin nəticədən narazı qalaraq apellyasiya qaydasında mübahisələndirmişdir. Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 saylı nömrəli ilə JN-221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X16 əsasında X8, İddiaçı2, X2, X3 və X1 mülkiyyətinə Quba rayonu, Aşağı Xuc kəndi ərazisindən 3,34 hektar torpaq sahəsinin verilməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi iddiaçılara məxsus torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və DƏDRX-dan çıxarış alınmasına yaradılan maneələrin aradan qaldırılması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2. və 157.4-cü maddələri təşkil edir. Həmin maddənin dizpozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçılar ilk növbədə mübahisəli mənzilin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Qeyd olunan mənzilin iddiaçıların mülkiyyətində olduğu işin mübahisəsiz halıdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2. və 157.4. maddələri). Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. İddiaçılar mübahisə predmeti təşkil edən əmlaka mülkiyyət hüququ əldə etmiş, cavabdeh mübahisəli ərazidə 16 il ərzində məskunlaşaraq həmin ərazini torpağın mülkiyyətçilərindən aldığını qeyd etsə də, bunu təsdiq edən tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Əksinə tərəflərin qeyd etdikləri kimi, cavabdeh həmin torpaq sahəsinə hüquqlarını rəsmiləşdirməmişdir. Hazırda da onların mübahisəli sahəyə hər hansı bir hüquqları yoxdur. İddiaçıların isə əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından və onların bu hüququ başqa icraat çərçivəsində mübahisələndirilsə də, ləğv edilmədiyindən, mülkiyyət hüququnun qeydiyyatı tamlığı prezumpsiyasına malik olduğundan, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iddiaçıların mülkiyyət hüququnun müdafiəsi tələbi əsaslı hesab edilməklə iddia tələbi təmin olunmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçılara məxsus torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğu öz təsdiqini tapdığından, iddianı mübahisələndirilən hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən Cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən Cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar