Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-675/2024 07.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin və evin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-4952/2023 nömrəli, 28 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, həmin torpaq sahəsi və fərdi yaşayış evini boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. İddiaçı və Cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin və evin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, evin və torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi, 01 yanvar 2023-cü il tarixdən başlayaraq cavabdehin ünvan 1 ünvanında olan fərdi yaşayış evindən çıxarılması gününə qədər fərdi yaşayış evindən istifadə edə bilmədiyinə görə hər ay üçün 500 manat dəymiş zərərin hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ildə Abşeron rayonu Masazır kəndində 0.03 ha torpaq sahəsi alaraq ev tikməyə başlamışdır. 2017-2019-cu illər ərzində 3 mərtəbəli ev tikib satmağı planlaşdırmışdır. 2022-ci ilin dekabr ayında Cavabdeh ondan evin satılıb-satılmaması ilə maraqlanmış və evi almaq istədiyini bildirmişdir. Evi 170000 manata satılması barədə razılaşmışdılar. Amma cavabdeh pulu 2023-cü ilin mart ayında hazır olacağını bildirmişdir. İddiaçı iki ay sonra alqı-satqının olmasının bir problem olmadığını bildirmişdir. Bundan sonra cavabdeh bəzi əşyalarını qoymağa yeri olmadığından gətirib indidən evə qoymağı təklif etmiş, iddiaçı evin açarını verərək, əşyaları evə qoymağa icazə vermişdir. Cavabdehi 2020-ci ildən bir müəllimə olaraq tanıdığından həm evin alınmasına və sonradan problem yaradacağına şübhəsi olmamış, öz ev əşyalarını qoyduqdan sonra açar da elə onda qalmışdır. İddiaçı mart ayında Cavabdeh zəng edib alqı-satqının nə zaman olacağını soruşmuşdur. O, pulun düzəldilməsində bir az problem olduğundan bir ay gözləməsini istəmiş, iddiaçını aprel ayı mütləq alqı-satqı edəcəklərinə əmin etmişdir. Aprel ayı olanda yenidən müxəlif bəhanələr edərək bir az da gözləməyini istəmişdir. İddiaçı ona almayacaqsa başqa müştərilərin olduğunu, evin ipotekada olmasını, hər ay evin ipotekasına görə pul ödədiyini, pulun ödənməsində çətinliklərin olduğunu, başqa müştərilərin evi almaq istədiyini bildirmişdir. Cavabdeh onu bır azda gözləməyini istəmişdir. Nəhayət 2023-cü ilin may ayının 8-də qəti olaraq evdən çıxmasını tələb etdikdə, onu təhqir etməyə, ayaqqabı geyənlə vurmağa başlamış və sonra hüquq mühafizə orqanlarına müraciət etmişdir. Abşeron rayon Polis İdarəsində aparılmış təhqiqat zamanı Cavabdeh özünün qanunları pozduğu aydınlaşdırılmışdır. Bundan sonra Abşeron rayon Polis idarəsinin 18 iyun 2023-cü il tarixli qərarı ilə cinayət işi rədd edilmişdir. Aralarında baş vermiş mübahisə və dava-dalaşdan sonra evə onu buraxmır, buraxmayacağını bildirir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX № ******* (Daşınmaz əmlakın reyestr nömrəsi **********68, Qeydiyyat nömrəsi **********) olan çıxarış ilə iddiaçıya məxsus olan ünvan 2 ünvanında olan torpaq sahəsindən və fərdi yaşayış evindən cavabdeh çıxarılmalı və 2022- ci ilin dekabr ayından mülkiyyətindən istifadə edə bilmədiyinə görə dəymiş zərər ödənilməlidir. Hazırda evinin bütün işıqları bütün gün ərzində yandırılır ki, ona daha çox ziyan dəysin. Cavabdeh evini qəsb etməsi nəticəsində vurulmuş ziyan aylıq kirayə haqqı ilə hesablanmalıdır. Belə ki, həmin evi kirayə versə idi, yaxud da satıb Bakı şəhərində bir ev alsa idi evin kirayə verilməsindən aylıq ən azı 500 manat pul əldə edərdi. Ona görə 2023-cü ilin 01 yanvarından başlayaraq mülkiyyətindən istifadə edə bilmədiyinə görə hər ay üçün 500 manat cavabdehdən pul tutularaq ona ödənilməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Bağırov X1 Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları tam aydın olsa da, maddi və prosessual hüquq normalarının pozulması nəticəsində iddia qismən təmin edilmişdir. Maddi hüquq normasına görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Artıq məhkəmə iclasında cavabdehin onun evindən çıxmaması, mülkiyyət hüququnun pozulması faktı təsdiq edilib. Bu da onu göstərir ki, əgər evi zəbt edilibsə, cavabdehin özü də bunu təsdiq edirsə, onun vurduğu zərərə heç bir şübhə yeri qalmır. Qanun eyni zamanda yuxarıda göstərilən kimi əldən çıxmış faydanın da əvəzinin ödənilməsi tələbini ortaya qoyur. Hesab edir ki, bu maddənin tələbinin pozulmamasına dair hər hansı bir şübhəyə yer yoxdur. Amma sübutlara məhkəmə obyektiv qiymət verməmişdir. Cavabdeh Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı torpaq sahəsinin və evin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiasını qəti şəkildə qəbul etmir. Ona görə ki, iddiaçının iddiada əks etdirdiyi cümlələr həqiqəti əks etdirmir və ağ yalandır. İddiaçı bildirir ki, evi aralarında 170.000 manat satılması ilə razılaşmışlar. O isə evə dair pulu 2023-cü ilin mart ayında ödəməyi öz öhdəsinə götürmüşdür. Belə olsa da, iddiaçı ona öz şəxsi əşyalarını həmin evə yerləşdirməyə icazə vermişdir. O həmin evə yerləşmişdir. Lakin yerləşsə də guya cavabdehə heç bir ödəniş etməmişdir. O, cavabdehlə evi ona ipoteka yolu ilə satılmasına razılığa gəlmişlər. Buna görə də cavabdeh kimi iddiaçının iddiasına qəti şəkildə etiraz edir. Cavabdehə 25.000 manat məbləğində pul ödəmiş və hər ay da 500 manat məbləğində pul ödəməliydi. O, 25.000 manat məbləğində pulu iddiaçıya ödədikdən sonra evə yerləşdi. İddiaçı guya onu tanıdığı üçün pul ödəmədən həmin evə yerləşməyə icazə verdiyi barədə yazdığı məlumat yalandır. Onu bir müəllimə kimi tanısa da, heç bir ödəniş etmədən həmin evə yerləşməyinə qəti şəkildə icazə verməz. İddiaçı öz iddiasında onun ona ilkin ödəniş kimi verdiyi 25.000 manat məbləğində puldan heç bəhs etmir. İddiaçıya verdiyi 25.000 (iyirmi beş min) manat məbləğində pul heçə sayılaraq nəzərə belə alınmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, bu halın isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti vardır. Apellyasiya şikayətinin 8-ci bəndində qeyd edilən hallardan (xüsusatlardan) göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar düzgün müəyyən edilməmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, nəticədə qətnamə qeyri-mötəbər, ziddiyətli, aid olmayan sübutlarla təsdiq edilərək qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia tələbinin tam təmin edilməsini, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, onun şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini mübahisə predmeti olan daşınmaz əmlaka mülkiyyət hüququ əldə etdiyindən, iddiaçının mülkiyyət hüququ olan daşınmaz əmlaka münasibətdə hüquqları məhdudlaşdırıldığından, mülkiyyət hüququ toxunulmaz olduğundan və qanunvericiliklə məhdudlaşdırılmasına yol verilmədiyindən iddiaçının iddia tələbinin qismən əsaslı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə hər iki tərəf ayrı-ayrılıqda mübahisələndirmiş və iddiaçı qətnamənin iddia tələbinin təmin edilməyən, cavabdeh isə iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası hər iki tərəfin apellyasiya şikayəti verməsini nəzərə alaraq, qətnaməni bütövlükdə yoxlayaraq, ilk öncə iddiaçının apellyasiya şikayətinə qiymət verilməsini zəruri hesab edir. Hazırkı iş üzrə iddia tələbi torpaq sahəsinin və üzərində yerləşən evdən çıxarılması və boşaldılaraq iddiaçıya təhvil verilməsi barədədir. İddia tələbinin maddi hüququ əsasını isə Mülki Məcəllənin 157.2, 21-ci maddələri təşkil edir. Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.03 ha torpaq sahəsinin İddiaçı mülkiyyətində olması işin mübahisəsiz halıdır. İşin mübahisə olunmayan digər halından görünür ki, Abşeron rayon Masazır kəndi Rəsul Mehrəliyev küçəsi 37 saylı ev Daşınmaz Əmlakın Dövlət Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın reyestr nömrəsi **********68, qeydiyyat nömrəsi ********** ilə qeydiyyata alınmışdır. İddiaçı apellyasiya şikayətində qətnamənin 01 yanvar 2023-cü il tarixdən başlayaraq cavabdehin ünvan 1 ünvanında olan fərdi yaşayış evindən çıxarılması gününə qədər fərdi yaşayış evindən istifadə edə bilmədiyinə görə hər ay üçün 500 manat dəymiş zərərin hesablanaraq ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Lakin MPM-nin 77.1, 14.2, 76.1, 76.2-ci maddələrinə əsasən öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyan iddiaçı qeyd etdiyi hallar barədə heç bir tutarlı sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə gəldikdə isə qeyd edir ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. Cavabdehin mübahisəli torpaq sahəsi və üzərində yerləşən mənzilə hüquq əldə etmədən həmin mənzildə qalması, mülkiyyətçi olaraq iddiaçının hüquqlarını məhdudlaşdırdığından və onu mülkiyyət hüququndan doğan hüquqları həyata keçirməsini qarşısını aldığından, cavabdehin həmin mənzildən çıxarılmasını tələb etməkdə iddiaçı haqlı olduğundan, cavabdehin apellyasiya şikayəti təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-675/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-675/2024
07.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver