Məhkəmə qərarları › İş №2(105)-677/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-677/2022

10.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-677/2022 10.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qərardadından ərizəçi Şişkina (Ağaverdiyeva) Lyudmila Sergeyevnanın şikayətinə əsasən işə apellyasiya qaydasında yazılı icraatda baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim İlkin Xəlilov) ərizəçi Şişkina (Ağaverdiyeva) Lyudmila Sergeyevnanın şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 buraxılmış apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizəsi təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(067)- 1978/2021 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə münasibətdə qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilmiş, maraqlı şəxs qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qətnaməsi ilə Şişkina (Ağaverdiyeva) Lyudmila Sergeyevnanın ərizəsi təmin edilmiş, ərizəçi Şişkina (Ağaverdiyeva) Lyudmila Sergeyevnanın heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qətnaməsindəki yanlışlığın düzəldilməsi, Xaçmaz Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qətnaməsində 3-cü səhifəsinin 2-ci abzasında və nəticə hissəsində “qət etdi” sözlərindən sonra 2-ci abzasda “Azərbaycan Respublikasında“ sözlərindən əvvəl “1988-ci ildən” sözlərinin əlavə edilməsi qərara alınmışdır. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Xaçmaz Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 23.09.2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyi üçün geri qaytarılmışdır. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti 24.09.2021-ci il tarixdə ərizə ilə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi 06.08.2021-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuşdur. Həmin qətnamədə şəxsin hansı tarixdən ölkə ərazisində daimi yaşaması qeyd olunmamışdır. Bununla bağlı məhkəmə ilə əlaqə saxlanılmış, yanlışlığın məhkəmənin təşəbbüsü ilə aradan qaldırılması xahiş edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(067)- 1978/2021 saylı qərardadı ilə yanlışlıq düzəldilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qətnaməsindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə şikayət verilməməsinin səbəbi yanlışlığın düzəldilməsi ilə əlaqədar olmuşdur. Qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin Xaçmaz Rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qərardadının Dövlət Miqrasiya Xidmətinə daxil olduğu vaxtdan, yəni 30.08.2021-ci il tarixdən hesablanması məqsədəmüvafiq hesab edilməlidir. Xaçmaz Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 buraxılmış apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizəsi təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(067)- 1978/2021 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə münasibətdə qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Ərizəçi qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, qərardadı qanunsuz və əsassız hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qətnaməsinin surəti 06 avqust 2021-ci il tarixdə maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi qeydiyyat ünvanına çatdırılmışdır. Xaçmaz Rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qərardadı ilə qətnamədə yanlışlıq aradan qaldırılmışdır. Həmin qərardadın surəti 27.08.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi qeydiyyat ünvanına çatdırılmış, apellyasiya şikayəti isə 22 sentyabr 2021-ci il tarixində məhkəməyə daxil olmuşdur. Məhkəmə hesab etmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(067)-l978/2021 saylı qətnaməsinə düzəliş edildikdən sonra düzəliş qərardadının Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə rəsmi çatdırıldığı 27.08.2021-ci il tarixdən prosessual müddət hesablanmalı və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qətnamədən apellyasiya şikayəti vermək hüququ təmin edilməlidir. Bununla da məhkəmə tərəfdən prosessual hüquq normaları pozulmuş və hazırki mübahisəyə düzgün tətbiq olunmamışdır. Məhkəmə qətnaməsi 06.08.2021-ci il tarixdə maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi qeydiyyat ünvanına çatdırılmışdır. Azərbaycan Respublikası MPM-nin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Qətnamə maraqlı şəxsə 06 avqust 2021-ci il tarixdə çatdırılmışdırsa, müddətin axımı 07 sentyabr 2021-ci il tarixdə başa çatmış hesab olunmalıdır. Məhkəmə əsassız olaraq müddətin axımını qətnamənin deyil, qərardadın tərəfə rəsmi qaydada verildiyi gündən hesablamışdır. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə aktlarının hər birindən ayrı-ayrılıqda şikayət vermə müddəti nəzərdə tutulmuşdur, yəni məhkəmə qətnaməsindən 1 ay müddətində, qərardadından isə 10 gün müddətində şikayət verilə bilərdi. Göründüyü kimi, maraqlı şəxs məhkəmə qətnaməsindən 14 gün keçəndən sonra apellyasiya şikayəti vermişdir. Məhkəmə qərardadından isə, ümumiyyətlə, şikayət verilməmişdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması və Xaçmaz Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə münasibətdə qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ərizənin təmin edilməməsi barədə qərardad qəbul olunması xahiş edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilərək, maraqlı şəxsin qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ərizəsi təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayətinin verilməsi müddətini bərpa edərkən Xaçmaz Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qətnaməsinə düzəliş edildikdən sonra düzəliş qərardadının Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi qeydiyyat ünvanına çatdırıldığı 27.08.2021-ci il tarixdən prosessual müddətinin hesablanmalı olmasına və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qətnamədən apellyasiya şikayəti vermək hüququnun təmin edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işə əlavə edilmiş sənədlərə uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materiallarından görünür ki, maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(067)- 1978/2021 saylı qətnaməsi 06.08.2021-ci il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnaməyə “Heydərzadə” soyadlı şəxs imza etməklə almışdır (İ/v-49). Göründüyü kimi, Xaçmaz Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(067)- 1978/2021 saylı qətnaməsi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə rəsmi qaydada verilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımını, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi günlə əlaqələndirmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Xaçmaz Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin axımı qətnamənin ona təqdim edildiyi günün sabahı, yəni 07.08.2021-ci il tarixdən başlanmışdır. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti 2021-ci ilin sentyabr ayının 7-də qurtarmışdır. İş materiallarından görünür ki, maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Xaçmaz Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(067)- 1978/2021 saylı qətnaməsindən apellyasiya şikayəti 22.09.2021-ci il tarixdə və prosessual müddətin bərpasına dair ərizəsi 24.09.2021-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, məhkəmə qətnaməsini rəsmi qaydada aldıqdan sonra maraqlı şəxs tərəfindən apellyasiya şikayəti 1 ay müddətində deyil, 1 ay 14 gündən sonra verilmiş və qanunla müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi müddəti 14 gün buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizəsindən asılıdır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Maraqlı şəxs ərizəsində qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin ötürülməsinin səbəbini qətnamədə buraxılmış yanlışlığın düzəldilməsi ilə əsaslandırmış, Xaçmaz Rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qərardadının Xidmətə 30.08.2021-ci il tarixdə daxil olduğunu göstərmişdir. Xaçmaz Rayon Məhkəməsinin 23.09.2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qərardadının Dövlət Miqrasiya Xidmətinə daxil olduğu vaxtdan, yəni 30.08.2021-ci il tarixdən prosessual müddətin hesablanmasının məqsədəmüvafiq hesab edilməsini göstərmişdir. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qərardadı 27.08.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə daxil olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qətnaməsindən apellyasiya şikayəti 22.09.2021-ci il tarixdə və prosessual müddətin bərpasına dair ərizə 24.09.2021-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, yanlışlığın düzəldilməsi ilə əlaqədar Xaçmaz Rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qərardadının qəbul edilməsi qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində qətnamə və qərardadların hər birindən ayrı-ayrılıqda şikayət vermə müddəti nəzərdə tutulmuşdur, Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 133, 263-264, 397 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi Şişkina (Ağaverdiyeva) Lyudmila Sergeyevnanın şikayəti təmin edilsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qərardadı ləğv edilsin. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Xaçmaz Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2(067)-1978/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar