Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-678/2022 13.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçının nümayəndəsi X11, cavabdeh və digər Cavabdeh nümayəndəsi X4, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin vəkili X7 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh və X6 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli, 2(012)-3278/2019 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Sadıqov) iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) üçüncü şəxsin apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia təmin edilərək Cavabdeh, X4 azyaşlı uşağı X9 və X12 ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksi, 10 nömrəli binanın iki otaqlı 77 nömrəli mənzilindən çıxarılmaları və mənzilin boşaldılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 01 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və M.Əhmədova) Cavabdeh kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1187/2020 nömrəli iş üzrə 27 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən “Binəqədi Gənclər şəhərciyi” yaşayış kompleksindəki 10 saylı binanın 77 nömrəli iki otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, Zahid İsmayılov və Rafiq İsmayılov qardaşdırlar və həmin qardaşlardan Rəhim və Zahid Zəngilan rayonundan məcburi köçkün olsalar da, Rafiq məcburi köçkün deyildir. Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksi Bakı şəhərində aparılan quruculuq işləri ilə əlaqədar müxtəlif təyinatlı tikililərdə məskunlaşmış məcburi köçkün ailələrinin təcili köçürülmə zərurəti yaranması halları ilə bağlı dövlət büdcəsindən ayrılan vəsait hesabına Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən satın alınaraq dövlət mülkiyyəti olmaqla balansa qəbul edilmiş və həmin kompleksdə yerləşən binalarda olan mənzillərə müvafiq kirayə müqavilələri əsasında məcburi köçkün ailələri yerləşdirilmişdir. Buna görə də, 2012-ci ildə məcburi köçkün olan Cavabdeh və Zahid İsmayılov ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən “Binəqədi Gənclər şəhərciyi” yaşayış kompleksindəki 10 saylı binada hər biri ayrı-ayrılıqda iki otaqlı mənzillərlə təmin olunmuşlar. Bir müddət əvvəl X3 müraciəti əsasında aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ailəsi ilə birlikdə ona verilmiş 78 nömrəli mənzildə deyil, qardaşı Zahid İsmayılova verilmiş 77 nömrəli mənzildə yaşayır. 78 nömrəli mənzildə isə məcburi köçkün olmayan digər qardaş Rafiq İsmayılov yaşayır. Hal-hazırda Bakı şəhərində yaşayan Zahid İsmayılov isə Komitəyə müraciət edərək məcburi köçkün olmayan qardaşının qanunsuz olaraq yaşadığı 78 nömrəli mənzilə deyil, cavabdehin yaşadığı 77 nömrəli mənzilə köçmək istəyir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edərək iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh onların Bakı şəhərində yaşadıqlarını qeyd etmişdir. O zamanlar övladları təhsil üçün Bakı şəhərində yaşamağa məcbur qalmışdır. O, evində yaşamağa yad bir insana icazə verməmişdir, evində doğma qardaşı yaşayır. Lakin hazırki mübahisədən sonra evini ona təhvil vermək istəmirlər. Komitəyə müraciət etməzdən əvvəl dəfələrlə qardaşından evinə yığışmaq istədiyini bildirmiş və evdən çıxmasını, mənzilini ona təhvil verməsini xahiş etmişdir. Lakin onun bu dediklərinə məhəl belə verən olmamışdır. Cavabdehin bu tipli hərəkətləri nəticəsində və onun təqsiri üzündən mübahisələndirilən mənzilə istədiyi kimi sahib olmaq və ondan istifadə edə bilmir. Hazırda Komitə tərəfindən onlara verilən bir mənzildə məcburi köçkün olmayan qardaşı yaşayır, ona məxsus mənzildə isə cavabdeh yaşayır. 77 və 78 nömrəli mənzillərin hər ikisi iki otaqlı olmaqla, eyni binada yerləşir. Yəni, 77 nömrəli mənzil 5-ci mərtəbədə, 78 nömrəli mənzil isə 6-cı mərtəbədə yerləşir. Həmin mənzillər müvafiq olaraq ona və digər qardaşı olan cavabdehə verilmişdir. 78 nömrəli mənzilin Cavabdeh verilməsi barədə kirayə müqaviləsini əldə edib, məhkəmədə təqdim edə bilsə də, 77 və 78 nömrəli mənzillərə dair tərtib edilmiş orderlərin kserosurətlərini iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etmişdir. Lakin, həmin mənzil isə ona verilmiş olduğu müəyyən edilməsinə baxmayaraq, hesab edir ki, həmin orderlər Mənzil İstismar Departamentinin keçmiş rəisi tərəfindən dəyişdirilmişdir. Əslində isə 78 nömrəli mənzil cavabdehə 77 nömrəli mənzil isə ona verilmişdir. Məhkəmə bunları nəzərə almamışdır. Məhkəmə maddi və prosessual normalarını düzgün tətbiq etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin vəkili X15 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X17 apellyasiya şikayətini müdafiə edərək iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh və X4 “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksindəki 10 saylı binanın 77 nömrəli 2 otaqlı mənzildən çıxarılması və həmçinin mənzilin boşaldılması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh və digər Cavabdeh nümayəndəsi X13 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddianın əsaslılığı və cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli 77 saylı mənzildə qanunsuz və özbaşına yaşamasının sübut edilməməsi əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Bu nəticədən narazı qalan Cavabdeh qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən iddiaçının cavabdehin qanunsuz sahibliyində olduğunu iddia etdiyi mənzilin daşınmaz əmlak olduğunu, mülki qanunvericilik belə əmlakların əldə edilməsi, sahiblik və istifadəyə verilməsi, qeydə alınması və özgəninkiləşdirilməsinin xüsusi qaydasını müəyyən edildiyini, belə əmlaka sahibliyin qanuni olub-olmadığı barədə hal müvafiq əmlaka mülkiyyət hüququnu təsdiq edən hüquq müəyyənedici sənəd, səlahiyyyətli orqanın qərarı (orderi), yaxud əmlaka hüquqların yaranmasını təsdiq edən müqavilə (alqı-satqı, bağışlama, istifadə, icarə, sosial kirayə və s) əsasında müəyyən edilə bilməsini, hazırkı iş üzrə mübahisəli mənzilin cavabdehə deyil, üçüncü şəxsə verildiyi yuxarıda məhz sadalanan sübutlar əsasında müəyyən edilə bilməsini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Hazırkı iş üzrə iddia tələbi mənzildən çıxarılma və mənzilin boşaldılması barədədir. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən “Binəqədi Gənclər şəhərciyi” yaşayış kompleksindəki 10 saylı binanın 77 və 78 nömrəli mənzilləri Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin balansındadır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Bu maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Mülkiyyətin müdafiəsi konstitusion prinsipdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində bəyan edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2. və 157.4. maddələri). İş üzrə Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi ilə X8 arasında bağlanmış 12 fevral 2021-ci il tarixli 10/77 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin görünür ki, həmin müqaviləyə əsasən Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən “Binəqədi Gənclər şəhərciyi” yaşayış kompleksindəki 10 saylı binanın 77 nömrəli 84 kv.m. olan iki otaqlı mənzil X5 verilmişdir. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. İşdən həmçinin görünür ki, cavabdehlər mübahisəli 77 saylı mənzildə heç bir hüquqi əsas olmadan yaşayırlar. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil balans saxlayıcı olan iddiaçı tərəfindən yuxarıda qeyd olunan müqavilə əsasında üçüncü şəxs Zahid İsmayılova verildiyindən, iddia tələbi əsaslı olmaqla təmin edilməli, cavabdehlər həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh və X2 rayonu, Mehdiabad qəsəbəsi, “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleks bina 10, mənzil 77 iki otaqlı mənzildən çıxarılsınlar və mənzil boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-678/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-678/2022
13.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver