Məhkəmə qərarları › İş №2(105)-679/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-679/2023

03.04.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-679/2023 03.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Hakim Məmmədov Zaur İkram oğlunun sədrliyi və məruzəsi, Hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkilil Vəkil2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əqdin etibarlı hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(031)-261/2010 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X1 Musa Sultanməcid oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla aralarında avtotextəmir sexi tikmək üçün torpaq sahəsininin alınmasına dair bağlanmış əqdin etibarlı hesab edilməsi və həmin torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2005-ci ilin əvvəllərində eşitmişdir ki, Dəvəçi (Şabran) rayonu Gəndab kənd sakini Cavabdeh ona avtotextəmir sexi tikmək üçün verilmiş 73.0 kvm torpaq sahəsini satır. O, da onunla görüşüb danışmışdır, birlikdə gedib torpaq sahəsinə baxmış, razılığa gəlməklə onun həmin torpaq sahəsini almışdır. Bu barədə öz aralarında şifahi müqavilə bağlanmışdır. Torpağın satılmasına onun ailə üzvləri də razılıqlarını bildirmişdilər. Həmin alqı-satqını notariatda rəsmiləşdirə bilməmişlər. Hazırda da həmin torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Cavabdeh aldığı torpaq sahəsini onun adına rəsmiləşdirməyi təklif etmiş, lakin cavabdeh torpaqların bahalaşmasını bəhanə gətirərək onunla notariat kontoruna getməkdən yayınır. O, torpağın dəyərini ödəməklə cavabdehdən torpağı almış, aralarında torpağın alqı-satqısını aparmışdır. Hazırda cavabdehin torpağı başqasına satmasından ehtiyat edir, ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Bu səbəbdən onunla Cavabdeh arasında Dəvəçi (Şabran) rayon Gəndab kəndi ərazisində Bakı-Quba şosse yolunun kənarında, məişət evi obyektinin şimal tərəfində yerləşən 73.0 kv.m torpağın alınmasına dair bağlanmış əqdin etibarlı hesab edilməsi və həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(031)-261/2010 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, iddiaçı X5 ilə Cavabdeh arasında Dəvəçi (Şabran) rayon Gəndab kəndi ərazisində Bakı-Quba şosse yolunun kənarında, məişət evi obyektinin şimal tərəfində yerləşən 73.0 kv.m torpaq sahəsinin alınmasına dair bağlanmış əqdin etibarlı hesab edilməsi, Dəvəçi (Şabran) rayon Gəndab kəndi ərazisində Bakı-Quba şosse yolunun kənarında, məişət evi obyektinin şimal tərəfində yerləşən 73.0 kvm torpaq sahəsinin X2 mülkiyyətinə verilməsi, X2 adına Dəvəçi (Şabran) rayon Gəndab kəndi ərazisində Bakı-Quba şosse yolunun kənarında, məişət evi obyektinin şimal tərəfində yerləşən 73.0 kvm torpaq sahəsinə Mülkiyyət Hüququna dair Dövlət Reyestrindən Çıxarış verilməsi, qətnamənin icrasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz Ərazi idarəsinə həvalə edilməsi, qeyd olunan 73.0 kvm torpaq sahəsinə Kadastr Planı hazırlanıb verilməsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsinə həvalə edilməsi qət edilmişdir. (hakim Teymur Qurbanov) Qətnamədən Cavabdeh xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Şabran rayon Məhkəməsi 04 avqust 2010-cu il tarixli qətnamə ilə iddia tələbini təmin etmişdir. Məhkəmədə qəbul edilmiş qətnamə barəsində heç bir halda xəbəri olmamışdır. Məhz xx.xx.2022-ci il tarixdə həmin torpaq sahəsi barəsində məhkəmənin icratında olan mülki işin araşdırması zamanı ona bildirilmişdir ki, məhkəmənin arxivində hazırda barəsində şikayət verdiyi qətnamə mövcuddur. Məhkəmə işinin materiallarına imzaları saxtalaşdırılmaqla əvəzinə imzalar edilmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə və qətnamənin verilməsi barədə saxta bildirişlər əlavə edilmişdir. Həmin bildirişlərdəki və qəbzdəki imza ona məxsus deyildir. Ümumiyyətlə həmin məhkəmə icraatının olmasını şübhə altına alır və belə bir məhkəmənin keçirilməsi ona xəbər verilməmişdir. Şabran rayon (Keçmiş Dəvəçi rayonu) İcra Hakimiyyəti Başçısının 13 yanvar 2000-ci il tarixli 12 saylı Sərəncamı ilə avtotəmir sexinin tikintisi üçün Gəndob kəndinin ərazisində, Bakı-Quba asfalt yolunun kənarındakı məişət obyektinin şimal tərəfində yerləşən sahədən 73 kvm. torpaq sahəsi ona verilmişdir. Həmin torpaq sahəsinin ayrılması və sərhədlərinin müəyyən edilməsi barədə, plan-sxemi ilə birlikdə tərtib edilmiş və komissiya tərəfindən imzalanmış 14 dekabr 1999-cu il tarixli, 176 nömrəli Aktı Şabran (Dəvəçi) rayon İcra Hakimiyyətinin Başçısı təsdiq etmişdir, bundan sonra, 2001-ci ildə həmin torpaq sahəsinin üzərində avtotəmir sexi inşa etmişdir. Həmin avtotəmir sexini 2009-cu ildə işlətmişdir. Bundan sonra xx.xx.2009-cu ildə avtotəmir sexini işlətmək üçün Xaçmaz rayon 1 saylı Notariat kontoru tərəfindən verilmiş 557 nömrəli xx.xx.2009-cu il tarixli etibarnaməyə əsasən cavabdehin istifadəsinə vermişdir. Cavabdehin istifadəsinə avtotəmir sexini verməmişdən daha əvvəl aralarında sexin alqısatqısı barədə danışıq olmuşdur. Lakin danışılmış 40 min dollar pulu cavabdeh ona verə bilmədiyi üçün sonradan razılığa gəlib avtomobil sexini ona verdiyi 14 min dolların müqabilində etibarnamə əsasında 10 illik kirayə vermişdir, etibarnamənin müddəti xx.xx.2019-cu ildə bitmişdir. Həmin vaxtdan başlayaraq cavabdehdən sexin boşaldılmasını tələb etsə də və bir çox dövlət, hüquq-mühafizə orqanlarına müraciət etməsinə baxmayaraq, heç nəyə nail ola bilməmişdir. 2020-ci ildə bu barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, iddia tələbi təmin edilməmişdir. Qətnamədə göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi idarəsi tərəfindən ünvanlanmış 21 yanvar 2020-ci il tarixli məktubdan görünür ki, mütəxəssis tərəfindən əmlaka baxış keçirilən zaman müəyyən edilmişdir ki, sözü gedən tikili digər şəxs tərəfindən istifadə olunur və sonuncunun adına hüquqmüəyyenedici sənədlər mövcuddur. Yuxarıda qeyd olunanlardan məlum olduğu kimi, DƏDRX-nin məktubunda qeyd edilən "digər şəxs" məhz hazırda sexdən istifadə edən cavabdeh X3r. Daha sonra qətnamədə göstərilmişdir ki, "işə əlavə edilmiş A seriyalı 267649 saylı torpaq sahəsinin plan və ölçüsündən görünür ki, X2 mülkiyyətinə sahibkarlıq üçün 73 kvm torpaq sahəsi verilmişdir". Lakin sənədin tarixi qətnamədə göstərilmədiyindən və həmin sənədə dair heç bir məlumat olmadığından, sənədin verilmə tarixini müəyyən edə bilməmişlər. Cavabdeh Ələsgərov Zahirin adına həmin 73 kvm. torpaq sahəsinə dair hər hansı digər hüquqmüəyyənedici sənədin olması qətnamə ilə müəyyən edilməmişdir. Habelə həmin torpaq sahəsinin DƏDRX-də qeydə alınıb-alınmaması faktı və müvafiq çıxarışın verilbverilməməsi müəyyən edilməmişdir. Bu səbəbdən və müvafiq məlumatların əldə edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubiik hüqui şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə vəkil sorğusu verilmişdir. Sorğuya verilmiş xx.xx.2022-ci il tarixli, **********89 saylı cavab məktubunda göstərilmişdir ki, “5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən Bakı-Quba yolunun kənarında Gəndob kəndi ərazisində Şabran Rayon, Gəndob kəndində yaşayan X4 məxsus 73 kv.m. torpaq sahəsi və avtomobil sexinə dair hüquqmüəyyenedici sənədlər aşkar edilməmişdir". Beləliklə, əgər 04 avqust 2010-cu il tarixdə iddianın təmin edilməsi və qanuni istifadəsində olan 0.73 ha torpaq sahəsinin Zahir Ələsgərovun mülkiyyətinə verilməsi haqqında qanuni şəkildə məhkəmə qətnaməsi qəbul edilmiş olsaydı, ötən 12 il ərzində Ə.Zahir həmin torpaq sahəsinə dair hüquqmüəyyenedici sənəd əldə etmiş olardı. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkilil Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia rədd edilməlidir. İş materiallarında olan Dəvəçi (Şabran) rayon İcra Hakimiyyəti Başçısının 03 yanvar 2000 il tarixli 18 saylı sərəncamından görünür ki, Gəndab İƏV üzrə nümayəndəliyin 18 noyabr 1999 il tarixli 353 saylı vəsatətinə əsasən Cavabdeh Dəvəçi (Şabran) rayon Gəndab kəndi ərazisində Bakı-Quba şosse yolunun kənarında, məişət evi obyektinin şimal tərəfində yerləşən 73.0 kvm torpaq sahəsi verilmiş və həmin torpaq sahəsində tikintiyə icazə verilmişdir. İşə əlavə edilmiş torpaq sahəsinin ayrılması barədə 14 dekabr 1999-cu il tarixli aktdan görünür ki, Gəndab İƏV üzrə nümayəndəliyin 18 noyabr 1999 il tarixli 353 saylı vəşatatihə əsasən Dəvəçi (Şabran) rayon Gəndab kəndi ərazisində Bakı-Quba şosse yolunun kənarında, məişət evi obyektinin şimal tərəfində boş sahədən 73.0 kvm torpaq sahəsi ayrılmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, X1 Musa Sultanməcid oğluna məxsus 73 kvm torpaq sahəsini dəyərini ödəməklə ondan almışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki nəticəyə gələrkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (Mülki Məcəllənin 390.1-390.3-cü maddəsi). Həmin Məcəllənin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1.); Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (324.2.); Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (324.4); İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (324.5.) Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh hazırki məhkəmə icraatının olmasını şübhə altına almış, məhkəmə iclasları barədə məlumatlı olmamışdır. Cavabdeh iddiaçı ilə aralarında müqavilə olmadığını bildirmiş, ümumiyyətlə torpaq sahəsinin alqı-satqı müqaviləsinin olmadığını, iddiaçıya yalnız ümumi etibarnamə əsasında torpaq sahəsində sex tikmək üçün etibarnamə verdiyini bildirmişdir. İş materiallarından görünür ki, Cavabdeh adına məhkəmə bildirişləri tərtib olunsa da, həmin bildirişlərin cavabdehə çatdırılması və cavabdehin məhkəmə iclaslarından məlumatlı olması barədə iş materiallarında heç bir sübut yoxdur. Məhkəmə qətnaməsinin alınması barədə xx.xx.2010-cu il tarixli məhkəmə qəbzi ilə bağlı Cavabdeh məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, həmin imza ona məxsus deyildir. Hazırki məhkəmə qətnaməsinin mövcudluğu ona yalnız xx.xx.2022-ci il tarixdə həmin torpaq sahəsi ilə bağlı məhkəmənin icraatında olan digər mülki işin araşdırması zamanı məlum olmuşdur. İddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, iddiaçı 2005-ci ilin əvvəllərində Cavabdeh ona avtotextəmir sexi tikmək üçün verilmiş 73.0 kvm torpaq sahəsini satdığını bilmiş, onunla görüşüb danışmış, birlikdə gedib torpaq sahəsinə baxmış, razılığa gəlməklə onun həmin torpaq sahəsini almışdır. Bu barədə öz aralarında şifahi müqavilə bağlanmışdır. Torpağın satılmasına onun ailə üzvləri də razılıqlarını bildirmişdilər. Həmin alqı-satqını notariatda rəsmiləşdirə bilməmişlər. Hazırda da həmin torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Cavabdeh aldığı torpaq sahəsini onun adına rəsmiləşdirməyi təklif etmiş, lakin cavabdeh torpaqların bahalaşmasını bəhanə gətirərək onunla notariat kontoruna getməkdən yayınır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Mülki Məcəllənin 335.2-ci maddəsinə istinad etmişdir. “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarı xx.xx.2005-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası MM-nin 335, 647-ci maddələri ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin Qərarında ifadə etdiyi mövqeyinə görə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, daşınmaz əmlaka dair əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Məhkəmə kollegiyası hazırki qərarda ifadə olunmuş hüquqi mövqedən çıxış edərək qeyd edir ki, tərəflər arasında daşınmaz əmlakla bağlı ümumiyyətlə alqı-satqı müqaviləsi olmamışdır. İş materiallarında yalnız iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamə mövcuddur. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı MM-in 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. MM-in 362.2-ci maddəsinə görə notarial forma tələb edilən ədqlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 405 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(031)-261/2010 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı əqdin etibarlı hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar