Məhkəmə qərarları › İş №2(105)-681/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-681/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-681/2021 08.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi: X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı alqı-satqının bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şabran Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) İddiaçı Cavabdeh və X4 qarşı alqı-satqının bağlanmış hesab edilməsi tələbinə iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq Şabran rayonu, Qorğan kəndində yerləşən Cavabdeh 2011-ci ildə ona satdığı fərdi yaşayış evi ilə əlaqədar aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 2011-ci ildə o, almaq üçün torpaq axtarmışdır. Həmin vaxt Cavabdeh bu barədə eşidib ona onun Şabran rayonunun Qorğan kəndində satmaq istədiyi üçün müştəri axtardığı fərdi evi və 8 sot həyətyanı torpağı olduğunu bildirmişdir. O, da onunla və oğlu Vüsalla həmin evi və torpaq sahəsini almaq üçün bir müddət danışıqlar aparmışlar, sonra evi 2500 manata almağı və orada həmin qiymətə satmağa razılaşmışlar. Lakin, qarşılıqlı razılıq əsasında həmin dövrdə evin ümumi dəyəri olan 2500 manatın 2000 manatını nəğd pul şəklində 500 manatın əvəzində isə iri buynuzlu heyvan satıb vermişdir. Evi alanda razılaşdıqları şərtlərdən biri də bu idi ki, Cavabdeh Şabran rayonu, Qorğan kəndində ona satdığı evin həmin dövrdə sənədi yox idi. O, evin dəyərini yəni 2500 manatı ona ödəyəndən sonra o, həmin evi onun adına sənədləşdirməyi tələb etmişdir. O isə hər dəfə ona yaxın vaxtda sənədləşdirəcəyi barədə vədlər verərək arxayın etmişdir. Hətta keçən il ona demişdir ki, gedək Xaçmaz rayonuna torpağı sənin adına sənədləşdirək bitsin bu iş. Dəfələrlə Cavabdeh və oğlu Vüsalla Şabran rayonundan onun pulu ilə maşın tutmuş, maşına yanacaq alıb Xaçmaz rayonuna getmişlər ki, Şabran rayonu, Qorğan kəndində 2011-ci ildə ona satdığı torpağı onun adına sənədləşdirsin. Cavabdeh oğlu Vüsal özü də başqa mülki iş üzrə xx.xx.2019-cu il tarixli ərizəsi ilə təsdiq edir ki, o, 2 mərtəbəli evi 2500 manata ona satmış, lakin evin sənədləri olmadığını və hazırda düzəldə bilmədiyini bildirmişdir. Eyni zamanda, həmin iş üzrə V.Cavabdeh 2019-cu ildə məhkəmədə izahat verərək iddianı qismən qəbul etdiyini, o, 2011-ci ildə Şabran rayonu, Qorğan kəndində yerləşən evlərini və 8 sot həyətyanı torpaq sahəsini satmaq istədiyini, eləcə də İddiaçı Nürəddin oğlu ilə danışıb razılığa gəlməklə həmin evi və həyətyanı torpaq sahəsini ona satdığını, bunun əvəzində-İddiaçı tərəfindən ona 2500 manat məbləğində pul verildiyini, satdığı evin sənədləri olmadığı üçün həmin evi İddiaçı öz adına keçirə bilmədiyini, indi isə ailə üzvlərinin evi satmalarına razılıq vermədiyini bildirmişdir. Cavabdehin oğlu V.Cavabdeh bu işlərin iştirakçısı olduğu üçün özü etiraf edir ki, o, Şabran rayonu, Qorğan kəndində fərdi yaşayış evini və 8 sot həyətyanı torpaq sahəsini 2500 manat müqabilində onlardan almış və hal-hazıradək də onun istifadəsindədir. 2019-cu ildə başqa məhkəmə üzrə ona məlum olmuşdur ki, onun adına sənədləşdirmək üçün onun yol xərci ilə Xaçmaza onunla gedib-gələn zaman evi onun adına deyil öz adlarına rəsmiləşdirmişlər. Hal-hazırda ev onun istifadəsindədir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən bir çox maddi və prosessual normaların tələbləri pozulmuşdur. Dəfələrlə onun vəsaiti hesabına evi sənədləşdirmək üçün Xaçmaz rayonuna gedib gəlmişlər, lakin cavabdeh evə xx xxxx 2018-ci il tarixdə öz adına çıxarış almışdır. Cavabdehlər 2011-ci ildə aralarında olan razılaşmaya əsasən evi onun adına rəsmiləşdirməkdən imtina etmişlər. Mübahisənin məhkəmə qaydasında həll edilməsindən ötrü məhkəməyə müraciət etmişdir, məhkəmə isə göründüyü kimi cavabdehin də şəxsi etirafına baxmayaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarmışdır ki, bu qətnamə əsaslı və qanuni sayıla bilməz. Mübahisəli evdə 2011-ci ildən bu günə kimi ailə üzvləri ilə birlikdə yaşayır. Evin faktiki olaraq ona satıldığı vaxtdan keçən 9 il ərzində cavabdehlər evdən çıxarma və ya ev tələbi iddiası ilə heç yerə müraciət etməyiblər. Cavabdeh ona deyir ki, o, evini daha ona satmır. Şabran Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(031)-469/2020 saylı qətnaməsini ləğv edib, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh V.Cavabdeh apellyasiya şikayətinin dəlillərini həm öz adından, həm də nümayəndəsi olan Cavabdeh adından qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, mübahisə olunan əmlakın cavabdehin mülkiyyətində olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunu və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşə əlavə edilmiş Şabran Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(031)- 329/2019 saylı qətnamədən görünür ki, cavabdeh V.Cavabdeh vurduğu maddi ziyana görə 3891.40 manat, mənəvi zərər görə 5500 manat, ümumilikdə 9391.40 manat pul və 30 manat dövlət rüsumu alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli 2(105)-3141/2019 saylı qətnaməsindən görünür ki, hazırki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-329/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi mənəvi zərərə dair hissədə ləğv edilmiş. Həmin hissədə yeni qətnamə qəbul edilmiş, həmin hissədə iddia rədd edilmişdir. Qətnamə qalan hissədə-cavabdeh X1 vurduğu maddi ziyana görə 3891.40 manat pul və 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı, reyestr nömrəsi **********22-10301 olan çıxarışdan görünür ki, Şabran rayonu, Bilici-Qorğan kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh adına qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2011-ci il tarixli qərarında göstərilir ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmunu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericilyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. «Önər Yıldız Türkiyəyə qarşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə kompensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət də bu halda susmaqla, Önər Yıldızın heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə kollegiyası İddiaçı 2011-ci ildə mübahisəli evin onun tərəfindən almasını, həmin vaxtdan ailəsi ilə orada yaşamasını birinci instansiya məhkəməsi tərəfindən nəzərə almamasını və bununla da maddi hüquq pozulması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, İddiaçı məhkəmədə Cavabdeh qarşı Şabran rayonu, Qorğan kəndində yerləşən 2011-ci ildə ona satdığı fərdi yaşayış evi ilə əlaqədar aralarında alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, İddiaçı ilə Cavabdeh arasında belə bir müqavilə bağlanmamış, qanunvericilikdə nəzərdə tutulan qaydada dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı oldugundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(031)-469/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar