Məhkəmə qərarları › İş №2(105)-69/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-69/2024

18.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-69/2024 18.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı və iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, pul tələbi) X17 Süleymanovanın sədrliyi və məruzəsi, X8 Qafaridən və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması və ya pul tələbinə dair” qarşılıqlı iddiaları üzrə Abşeron Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(012)-2770/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılılqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilk iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, 0.02 ha torpaq sahəsini boşaltması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı Cavabdeh öz növbəsində, cavabdeh İddiaçı qarşı torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması və ya pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun 0.02 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması və dövlət qeydiyyatına alınması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Abşeron Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Daha sonra, ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, ilk iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun ailə üzvləri olan atası Nümayəndə1, həyat yoldaşı X9, qızları X10, X11 və digər şəxslərin ona məxsus olan Abşeron rayonu Qobu qəsəbəsi ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və üzərində yerləşən tək qat tikili olan mülkiyyətindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Daha sonra, ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbinin qalan hissədə saxlanılmaq şərtilə, həmin tələbin təmin olunması, əks təqdirdə, cavabdeh İddiaçı ona vurduğu 49700 manat maddi zərər və 50000 manat mənəvi zərər olmaqla, ümumilikdə, cəmi 99700 manat zərərin ödənilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İlk iddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu Qobu qəsəbəsi X24 yaşayır. 2018-ci ildə ona məxsus üzərində tikili olan 0.02 ha torpaq sahəsini Cavabdeh notarial qaydada etibarnamə ilə satmış, ona az məbləğdə pul verildikdə o, etirazını bildirərək etibarnaməni ləğv edəcəyini bildirmişdir. Cavabdeh qalan pulu bir ay ərzində qaytaracağını vəd edərək onu razı salmış, lakin verdiyi vədə baxmayaraq, iki ildən çoxdur ki, pulu verməmişdir. Nəticədə, o, cavabdehə verdiyi etibarnaməni ləğv edərək ona verdiyi pulu qaytaracağını bildirmiş və torpaqdan çıxmağı tələb etmişdir. Cavabdeh borclu olduğu halda, onun barəsində polis əməkdaşlarına şikayət edib, haqqında şər-böhtan xarakterli ifadələr vermişdir. 2018-ci ildən hazırki günə qədər cavabdeh onun və onun ailə üzvləri ilə normal münasibət qura bilməmiş və bu səbəbdən də, cavabdehə heç bir güvəni qalmamışdır. Ona görə də o, cavabdehin ona verdiyi 4700 manat pul məbləğini geri qaytarmaq şərti ilə mülkiyyətindən çıxmasını tələb edir. Həmçinin, qeyd edir ki, torpağın qiyməti 6600 manat, üzərində olan tikilinin isə qiyməti 6800 manatdır. Cavabdehin atası onun mülkiyyətində olan torpaq sahəsindən çıxacaqlarına dair vəd vermiş, lakin vədinə əməl etməmişdir. Mart ayının 2-si onun anası həmin ünvana gedərək bir daha mülkiyyətdən çıxmalarını xahiş etmiş, lakin cavabdeh hədələyərək bir daha bura gəlməmələrini bildirmişdir. Cavabdeh torpaq sahəsi üzərində fərdi yaşayış evini tikib qurtardıqdan sonra 300 manat pul vəsaiti qarşılığında onun adına sənədləşdiriləcəyini qeyd etmiş, lakin bu, bir yalandır. Aralarında belə bir razılaşma olmamışdır. Razılaşma ondan ibarət olmuşdur ki, cavabdeh ona olan borcunu tam şəkildə ödəməyənə qədər həmin torpaq sahəsində heç bir tikinti işi apara bilməzdi. O, razılaşmanı pozaraq ona olan borclarını vermək istəmədiklərini görüb etibarnaməni özlərinə xəbərdarlıq etdikdən sonra ləğv etmişdir. Borcun ödənilməsi üçün istənilən müddət 1 (bir) ay olub, lakin 3 (üç) il keçməsinə baxmayaraq, borc bu günki günə qədər ödənilməmişdir. O, xx.xx.2021-ci il tarixdə etibarnamənin ləğv olunmasından iki ay sonra həmin torpaq sahəsindəki yarım tikilini sökərək yerində tək qat daşla biraz daha ucuz başa gələn 8.20x8.20 ölçüdə tikinti aparmışdır. Tikintini aparmazdan əvvəl Abşeron Rayon İcra Hakimiyyətinə məktubla yazılı müraciət etmiş, xx.xx.2021-ci il tarixdə evin dam örtüyünü vuraraq tikintini tam şəkildə tamamlamışdır. Evin damında bitmə tarixini yazaraq qeyd etmiş və foto şəklini çəkib saxlamışdır. O, evi tikərkən kiməsə nəsə sübut etmək fikrində olmamışdır. Qarşı tərəfin məhkəməyə təqdim etdiyi foto şəkillər isə planlı şəkildə çəkilmişdir. Belə ki, şəkillərə diqqətlə baxdıqda havanın qaralmasına yaxın çəkildiyini görmək olur. Bundan belə anlaşılır ki, o, tikinti işini bitirdikdən sonra günün sonunda cavabdeh planlı şəkildə gəlib tikintinin üzərində fotoşəkillər çəkdirmişdir. Cavabdeh tikilinin inşası üçün 45000 manat pul vəsaiti xərcləndiyini qeyd etsə də, bu, bir absurtdur. Cavabdeh kirayələrdə yaşayan bir insan olmuşdur. Abşeron rayonunun Sulutəpə, Xocasən, Hökməli, Qobu qəsəbəsi ərazilərində yer dəyişərək yaşamışdır. Buna səbəb kirayə pulunu ödəməməsi olmuşdur. Qobu qəsəbəsində son kirayə qaldığı evdən çıxarıldıqdan sonra onun tikdiyi evə girmişdir. Evin tikintisində istifadə olunan materiallar 3300 ədəd kubik daş, 55 ədəd sement, 9 kub qum, 132 m, 12 mm-lik armatur, pəncərə, qapı üstü üçün əlavə 40 m, 14 mm-lik, taxta 11 ədəd 4 m-lik, 5x15 millər üçün, 6 ədəd 6 m.lik, 5x15 tavan milləri üçün, 44 ədəd böyük və kiçik ölçüdə 5x10 dam örtüyü üçün, dam örtüyü yaşılı parlaq profnasteli markalı dəmir şifer bütün dəst hissələri ilə birlikdə olmaqla sərf olunmuşdur. Ona görə də göstərilənlərə əsasən, ilk iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.

6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Qobu qəsəbəsindəki 0.02 ha torpaq sahəsini İddiaçı 26 iyul 2018-ci il tarixdə ondan 4700 manat pul vəsaiti alaraq 50 illik etibarnamə əsasında satmış və torpaq sahəsinin üzərində fərdi yaşayış evini tikdirib qurtardıqdan sonra iddiaçıya əlavə olaraq 300 manat pul vəsaiti verməklə 0.02 ha torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin öz adına sənədləşdirəcəyinə dair razılığa gəlmişlər. Etibarnamədə bütün səlahiyyətlər də ona verilmişdir. İddiaçının ona verdiyi səlahiyyətlər sübuta yetirir ki, İddiaçı razılaşdıqları qaydada pulunu almış və 200 kv.m torpaq sahəsini ona satmış, hətta həmin torpaq sahəsini başqasına satmaq səlahiyyətlərini də vermişdir. İddiaçı həmin torpaq sahəsini 4000 manata satışa qoymuşdu. Həmin torpaq sahəsi və İddiaçı ilə tanışlığı Ramin adlı şəxs etmişdir. İddiaçı onu görən kimi içərisində bir qədər kubik daşlar olan 4000 manata satışa qoyduğu torpaq sahəsini 5000 manata satacağını bildirmişdir. O, razılaşmış, 4700 manat verərək tikdirəcəyi evlə birlikdə torpaq sahəsini onun adına sənədləşdirəndə qalıq 300 manatı da ödəməyə dair razılaşmışdır. Həmin vaxt Qobuda torpaq sahəsinin bir sotunu 1200 manata satırdılar. İddiaçının torpaq sahəsi yola yaxın yerdə olduğu üçün və həm də torpaq sahəsində kubik daşı olduğu üçün o, razılaşmışdır. xx.xx.2022-ci il tarixdə təqdim edilən fotoşəkillər də, tikintiyə dair layihə smeta sənədləri də sübut edir ki, torpaq sahəsində tikinti olmamışdır. Layihə smeta sənədləri onun tərəfindən sifariş edilərək hazırlanmış, tikinti işləri də layihə smeta sənədlərinə uyğun aparılmışdır. İddiaçının iddia ərizəsində qeyd etdikləri düzgün deyildir. Fotoşəkillərdə də tikinti işlərinin başlandığı, kubik daşlar arasındakı sement məhlulunun qurumadığı, eyni zamanda, tikinti işləri aparılan zaman onun şəkli də aydın görünür. Tikinti işləri onun sifarişi əsasında hazırlanmış layihəyə uyğundur. Fotoşəkillər də, layihə smeta sənədləri də sübut edir ki, tikinti işlərini şəxsən o, özü yerinə yetirmişdir. Onun İddiaçı 300 manat borcu qalır ki, razılaşdıqları kimi həmin 300 manatı da sənədləşmə zamanı ödəməli idi. İddia ərizəsi İddiaçı tərəfindən həqiqətə uyğun olmayan sübutlarla əhatə olunmuşdur. Beləliklə də, iddiaçının əsas niyyəti əvvəlcədən onu aldatmaq olmuşdur. 2018-ci ildən etibarən başladığı fərdi yaşayış evinin tikintisi onun tərəfindən şəxsi maliyyə hesabına aparılmış, torpaq sahəsinə və içərisindəki daş topası ilə birlikdə ümumilikdə 5000 manata razılaşdırılmış, razılaşdıqları məbləğin 4700 manatını ödəmiş, qalan 300 manatını isə evi öz adına sənədləşdirəndə verəcəyini bildirmişdir. Əgər bu gün iddiaçı torpaq sahəsinin qaytarılmasını tələb edirsə, o, həmin sahədə özbaşına tikinti aparmamış, 50 illik notarial razılaşmaya əsasən tikinti işləri aparmış, onun çəkdiyi xərcləri ödədikdən sonra qeyd edilən torpaq sahəsi İddiaçı qaytarıla bilər. Etibarnamə birtərəfli əqddir, amma İddiaçı etirafından sonra, yəni etibar edilmiş şəxsdən torpaq sahəsinin əvəzində 4700 manat pul vəsaitini alaraq birtərəfli əqd əvəzli müqaviləyə çevrilmişdir. Artıq bu hadisədə tərəflər bir-biriləri ilə müqavilə razılığına gəlmişlər ki, pul vəsaiti alan iddiaçı torpaq sahəsinin pulunu alaraq söz verir və notarial qaydada razılıq verir ki, həmin torpaq sahəsində o, fərdi yaşayış evi tikməli, həmin razılığa əsasən o isə İddiaçı verdiyi etibarnamədəki səlahiyyətlərə inanaraq həmin torpaq sahəsində 45000 manat pul vəsaiti sərf edərək ailəsi üçün fərdi yaşayış evi tikdirmişdir. O, qarşılıqlı razılığa və etibarnaməyə əsaslanaraq həmin torpaq sahəsində 4700 manatlıq torpaq sahəsi üzərində 45000 manatlıq fərdi yaşayış evi inşa etmişdir. Ona bu işdə 49700 maddi zərər vurulmuşdur. Maddi zərərdən əlavə, ona ailəsi və atası ilə birlikdə 4 il ərzində İddiaçı və anası tərəfindən 50000 manat mənəvi zərər də vurulmuşdur. Nəticədə, pul vəsaitini alaraq ona fərdi yaşayış evi tikdirmək məqsədilə satdığı torpaq sahəsini boşaltmağı tələb edən İddiaçı torpaq sahəsinin satışına görə aldığı 4700 manatı, torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisinə xərclənən 45000 manat pulu və bu dörd il ərzində ona və ailəsinə vurduğu 50000 manat miqdarında mənəvi ziyanı ödəməlidir. Ona görə də göstərilənlərə əsasən, ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.

7. İlk iddia üzrə İddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

8. Etiraz onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsində qeyd olunanlarla razılaşmır, çünki qarşılıqlı iddia ərizəsinin bütün mətni yalanlardan ibarət cümlələr toplusudur. İlk olaraq ərizədə qeyd edilir ki, torpaq sahəsi üzərində fərdi yaşayış evini tikib qutardıqdan sonra 300 (üç yüz) manat pul vəsaiti qarşılığında onun adına sənədləşdiriləcəkmiş. Bu bir yalandır. Onların arasında belə bir razılaşma olmamışdır. Aralarındakı razılaşma ona olan borcunu tam şəkildə ödəməyənə qədər həmin torpaq sahəsində heç bir tikinti işi apara bilməməsi olmuşdur. Etibarnamə haqda onu deyə bilər ki, aralarındakı razılaşmanı pozaraq ona olan borclarını vermək istəmədiklərini görüb etibarnaməni özlərinə xəbərdarlıq etdikdən sonra etmişdir. Qeyd edir ki, borcun ödənilməsi üçün istənilən müddət 1 (bir) ay olub. Lakin 3 (üç) il keçməsinə baxmayaraq borc bu günkü günə qədər ödənilməmişdir. xx.xx.2021-ci il tarixdə etibarnamənin ləğv olunmasından iki ay sonra həmin torpaq sahəsində yarım tikilini sökərək yerində tək qat daşla bir az daha ucuz başa gələn 8.20 x 8.20 ölçüdə tikinti aparmışdır. Tikintini aparmazdan əvvəl Abşeron Rayon İcra başçısı İradə xanıma məktubla yazılı müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə evin dam örtüyünü vuraraq tikintini tam şəkildə tamamlamışdır. Evin damında bitmə tarixini yazaraq qeyd etmişdir və foto şəklini çəkib saxlamışdır. Həmin foto şəkli etiraza əlavə etmişdir. O, evi tikərkən kiməsə nəsə sübut etmək fikrində olmamışdır. Qarşı tərəfin məhkəməyə təqdim etdiyi foto şəkillər isə planlı şəkildə çəkilmişdir. Belə ki, şəkillərə diqqətlə baxdıqda havanın qaralmasına yaxın çəkildiyini görmək olur. Bundan belə anlaşılır ki, onlar tikinti işini bitirdikdən sonra günün sonunda qarşı tərəf planlı şəkildə gəlib tikintinin üzərində fotoşəkillər çəkdirmişdilər. Qarşı tərəfin vəkili Vəkil1 bildirmişdir ki, evin tikintisi üçün 45000 (qırx beş min) manat pul vəsaiti xərclənib. Bu bir absurtdur. Cavabdeh kirayələrdə yaşayan bir insan olmuşdur. Sulutəpə, Xocahəsən, Hökməli, Qobu qəsəbəsi ərasilərində yer dəyişərək yaşamışdır. Buna səbəb kirayə pulunu ödəməməsi olmuşdur. Qobu qəsəbəsində son kirayə qaldığı evdən çıxarıldıqdan sonra onun tikdiyi evə girmişdir. Evdən çıxmaları barədə xəbərdarlıq etdikdə atası Nümayəndə1 ondan qış ayına qədər möhlət istəyərək qışdan sonra evindən çıxacaqlarını bildirmişdir. Belə bir vəziyyətdə olan adam 45000 (qırx beş min) manat necə xərcləyə bilər? Bu məhkəmə önünə sürülmüş ağ bir yalandır. Evin tikintisində istifadə olunan materialların siyahısını qeyd edir. Kubik daş-3300 ədəd, Sement-55 ədəd, Qum-9 kub, Armatur-132 m., 12 mm-lik, Pəncərə, qapı üstü üçün əlavə 40m., 14 mm.lik Taxta - 11 ədəd 4m.lik, 5x15 millər üçün 6 ədəd 6 m.lik, 5x15 tavan milləri üçün 44 ədəd böyük və kiçik ölçüdə 5x10 dam örtüyü üçün, Dam örtüyü - yaşılı parlaq profnasteli markalı dəmir şifer bütün dəst hissələri ilə birlikdə. Cavabdeh qarşılıqlı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, o, İddiaçı yaxından tanımasa da, usta kimi həmin məhəllədə çalışmışdır. Həmin məhəllədə ev inşa edən zaman İddiaçı onu görmüş, işini bəyənmişdir. O, daş ustası kimi fəaliyyət göstərir. Keçən ilin avqust ayında İddiaçı üçün iki otaqlı ev olmaqla koridor, hamam-tualet, mətbəx inşa etmişdir. Üç daş yerdən tikmiş, tək qatlı olmaqla beton və hörgü işlərini o, həyata keçirmişdir. Cavabdeh isə görməmiş, onu və ailə üzvlərini tanımır. Çox evlər inşa etdiyindən təxmini xatırlayır ki, evin ölçüsü 8x8, 8x20 ölçüsündədir. Girişə daxil olanda solda mətbəx, irəlidə iki otaq var. Onunla birlikdə fəhlə olan Torğul adlı şəxs də çalışmış və həmin oğlan hazırda, Rusiya Federasiyasındadır. 2021-ci ilin avqust ayında işə başlamış və 15-16 gün iş görmüşdür. O, tikilini inşa edən zaman başqa şəxsləri görməmiş və zəhmət haqqını da İddiaçı almışdır. Həmin ev məhəllədən aşağıya doğru hərəkət etdikdə ərzaq mağazasının yanında yerləşən evin yanında yerləşir. Həmin mağaza Rövşən adlı şəxsə məxsusdur. Həmin məhəllədə o, haradasa, yeddiyə yaxın ev tikmişdir.

10. Abşeron rayonu X22 xx.xx.2007-ci il tarixli 16 saylı qərarının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Qobu bələdiyyəsinin bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında İddiaçı fərdi mənzilin tikintisi məqsədilə 0.08 ha torpağın satılması barədə rayon Torpaq şöbəsi tərəfindən hazırlanmış sənədlərin alınması, Qobu bələdiyyə ehtiyat fondundan alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzilin tikintisi məqsədilə 0.08 ha torpaq sahəsinin satılması qərara alınmışdır.

11. xx.xx.2007-ci il tarixli aktın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Qobu bələdiyyəsinin nümayəndələri olan üzvləri Ə.N.Əmiraslanov, S.B.X2 16 saylı 26 iyul 2007-ci il tarixli qərarına əsasən, 0,08 ha torpaq sahəsini yerində ölçüb ayırmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoymuş və İddiaçı yerində təhvil vermişdir. Digər tərəfdən, Abşeron rayonu Qobu Bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi məqsədi ilə layihələndirilməsi üçün 0,08 ha 211 saylı torpaq sahəsini vətəndaş İddiaçı cizgidə olduğu kimi qəbul etmişdir.

12. xx.xx.2018-ci il tarixli ƏN-İ № 718072 saylı etibarnamənin surətindən görünür ki, mülkiyyətçi İddiaçı Cavabdeh 50 il müddətinə, Abşeron rayon Qobu bələdiyyəsinin 26 iyul 2007-ci il tarixli, 16 saylı qərarına əsasən, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsindən 0,02 ha torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsində, İcra Hakimiyyətində, X14 Komitəsində, Notariat kontorlarında, bələdiyyələrdə və sair idarə, təşkilatlarda, banklarda nümayəndə olmağı, çıxarış, texniki pasport almağı, torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqavilə bağlamağı, imza etməyi, notariat kontorunda bütün əqdlər bağlamağı, imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir.

13. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 745 saylı məktubundan görünür ki, Nümayəndə2 Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladığı müraciət memarlıq və tikinti şöbəsində araşdırılmış, torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarına dair sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini, şəxsiyyəti təsdiq edən sənədin surətini və layihə sənədlərini RİH-nə təqdim etdikdən sonra müraciətə yenidən baxılacaqdır. Həmçinin, müraciətdə evin tikintisinə maddi köməklik edilməsini xahiş etmiş, Rayon İcra Hakimiyyətinin balansında bu məqsədlər üçün maliyyə vəsaiti olmadığından, yerli özünüidarəetmə orqanlarına müraciət etmək tövsiyə edilmişdir.

14. 07.08.2021-ci il tarixli ******* saylı qaimə fakturadan görünür ki, İddiaçı Qobu qəsəbəsində fəaliyyət göstərən usta Fətəli adlı şəxsdən tikinti materialları almışdır.

15. 00000009973049 saylı tədiyyə bildirişindən görünür ki, İddiaçı etibarnamə əsasında etibar edilən Cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinə əmlak vergisinə görə 11.1 manat, torpaq vergisinə görə 1 manat ödəniş etməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixinədək 6.05 manat, xx.xx.2022-ci il tarixinədək 6.05 manat, ümumilikdə ödəniləcək məbləğ olaraq 45.95 manat pul vəsaitinin ödənilməsi müəyyən olunmuşdur.

16. Mülkiyyətçi-Layihə MMC memarlıq-planlaşdırma bölməsi tərəfindən verilmiş eskiz layihədən görünür ki, Cavabdeh Abşeron rayonu Qobu qəsəbəsi ünvanında tikintisi nəzərdə tutulmuş fərdi yaşayış evinin eskiz layihəsi tərtib olunmuşdur.

17. X28, X19, X20 tərəfindən imza edilməklə tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Abşeron rayonu Qobu Bələdiyyəsinin 26 iyul 2007-ci il tarixli qərarına əsasən İddiaçı məxsus ayrılmış torpaq sahəsinin 0.02 ha sahəsində tikilmiş birmərtəbəli yaşayış evi İddiaçı tərəfindən tikilmişdir.

18. Abşeron Rayon Qobu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 356 saylı məktubdan görünür ki, İddiaçı Abşeron rayon Qobu bələdiyyəsinə şifahi müraciət edərək, Abşeron rayon Qobu bələdiyyəsinin 26 iyul 2007-ci il tarixli 16 nömrəli qərarı ilə həmin vətəndaşa fərdi mənzilin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması ilə bağlı arayış tələb etmişdir. Lakin Abşeron rayon Qobu bələdiyyəsinin 2013-cü ilə qədər olan torpaqayırma ilə bağlı qərarları mühafizə olunması üçün Abşeron rayon Dövlət Arxiv İdarəsinə göndərilmişdir. Odur ki, vətəndaş İddiaçı bu məsələ ilə əlaqədar Abşeron rayon Dövlət Arxiv İdarəsinə müraciət etməsi tövsiyyə olunmuşdur.

19. X4, X6, X19, X5, X20 tərəfindən imza edilməklə tərtib olunmuş, Abşeron Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi E.Məmmədov tərəfindən təsdiq olunmuş ərizədən görünür ki, məhəllə sakinləri və qonşular olaraq onlar İddiaçı tanıyır, şəkildə görülən yaşıl dam örtüklü, tək qat daşla tikilmiş evin İddiaçı məxsus olduğunu bildirir və həmin evi özü tikərək ərsəyə gətirdiyini, dam örtüyünü örtdüyünü görmüşlər.

20. Abşeron rayonu Qobu Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022- ci il tarixli 378 saylı məktubdan görünür ki, məhkəmənin şifahi sorğusuna əsasən, İddiaçı Abşeron Rayon Dövlət Arxiv idarəsindən təqdim etdiyi xx.xx.2007-ci il tarixli 16 saylı Qərarı əsasında Qobu bələdiyyəsi tərəfindən ayrılmış 0.08 ha torpaq sahəsi vətəndaş İddiaçı istifadəsindədir.

21. Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Abşeron rayonu Qobu qəsəbəsi S.Vurğun küçəsi 9 saylı evdə qeydiyyatdadır.

22. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Ağdam rayonu Sarıcalı ərazi dairəsi Sarıcalı kəndində qeydiyyatdadır.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

24. Məhkəmə ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli ekspert rəyinin tədqiqatının nəticəsi hissəsində göstərilmişdir ki, 1, 2 və 3-cü suallar üzrə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,02 h torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin inşa edilməsi üçün aparılmış tikinti-təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri (tikinti materialları və xidmət haqqı daxil olmaqla) təqribən 11620,0 manat məbləğində müəyyən olunmuşdur.

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

26. Məhkəmə ekspertizası Mərkəzinin 15 mart 2024-cü il tarixli ekspert rəyinin tədqiqatının nəticəsi hissəsində göstərilmişdir: 1-ci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin bünövrəsində görülmüş işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri (tikinti materialları və xidmət haqqı daxil olmaqla) təqribən 712,0 manat məbləğində müəyyən olunmuşdur. 2-ci sual üzrə: Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yarımçıq vəziyyətdə elektrik işlərinin görüldüyü və həmin işlərin orta bazar qiymətlərinə uyğun dəyəri (tikinti materialları və xidmət haqqı daxil olmaqla) təqribən 500,0 manat məbləğində müəyyən olunmuşdur. 3-cü sual üzrə: Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin divarlarının 166,0 kv.m hissəsində suvaq işlərinin görüldüyü və həmin işlərin orta bazar qiymətlərinə uyğun dəyəri (tikinti materialları və xidmət haqqı daxil olmaqla) təqribən 998,0 manat məbləğində müəyyən olunmuşdur. 4-cü sual üzrə: Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin divarlarında fasad hissədən və daxildən hər hansı boya işlərinin aparılmadığı müəyyən edilmişdir. Bu səbəbdən də qərardadın bu sualı üzrə tədqiqat aparılmadı.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

27. Abşeron Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli 2(012)-2770/2022 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) ilkin və qarşılıqlı iddia ərizələrinin qismən təmin edilməsi, Cavabdeh Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin 0.02 ha hissəsindən və 0.02 ha torpaq sahəsində inşa edilmiş tək qat tikilidən çıxarılması, İddiaçı Cavabdeh xeyrinə 4700 (dörd min yeddi yüz) manat pul vəsaitinin tutulması, ilkin və qarşılıqlı iddia ərizələrinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.8, 139-1.1.1, 362.1, 362.2, 363.1, 365.1.3, 180.1, 180.2-ci maddələri, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1 və 2.2, 4.0, 4.0.1, 4.0.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 107, 119.1, 14.2, 217.4, 218.3, 216-220, 227, 233, 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

29. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2770/2022 saylı qətnaməsinin ləğv edilməsi, Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsindən 0,02 ha torpaq sahəsi üzərində Cavabdeh tikdirdiyi fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması və dövlət qeydiyyatına alınması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Abşeron Ərazi İdarəsinə həvalə edilməsi və ya 49700 manat maddi zərər olan pul tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Daha sonra cavabdehin nümayəndəsi və vəkili apellyatorun tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2770/2022 saylı qətnaməsinin ilkin iddianın təmin edilmiş hissədə ləğv edilməsi, qarşılıqlı iddianın isə təmin edilməyən hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı (İddiaçı oglu) cavabdehə (Cavabdeh oglu) xx.xx.2018- cil tarixində 50 il müddətinə eibarnamə verməklə razılaşdırılmış 0,02 ha torpaq sahəsi üzərində bütün hüquqları əvəzi ödənilməklə ona vermiş, sonradan cavabdehin yaşayış üçün yararlı olan evin tikintisini başa çatdırdıgını görərək MM-nin 366.2 maddəsinin tələbini pozaraq ona xəbər vermədən etibarnaməni ləgv etmiş, cavabdehə maddi və mənəvi ziyan vurmaq niyyətilə bilərəkdən öz hüququndan sui istifadəyə yol verərək ən azından mülki hüquq pozuntusu törətmişdir. Yalnız cavabdehin tikdiyi evin başa çatmasından sonra iddiaçının qarşılıqlı əvəz alaraq verdiyi etibarnaməni gizli olaraq ləgv etməsi, cavabdehi öz əmlakından məhrum etməyə çalışması onun əvvəldən mövcud olan cinayət tərkibli niyyətini, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və əmlak hüquqlarını əldə etməsini sübut edir ki, bu əməl də cinayət məcəlləsində dələduzluq cinayətini kimi qiymətləndirilir. Göründüyü kimi, MMnin 5.3 və 16.1 maddələrinin tələbləri iddiaçı tərəfindən pozulmuşdur. Məhkəmə işin bu hallarına qiymət verməmişdir.. Məhkəmənin mübahisənin həll edilməsi üçün işin faktiki hallarını tam araşdırmaması, işə aidiyyəti olmayan şəxslərin məhkəmədə şahid kimi verdiyi ifadələrin həqiqətə uyğunluğunu müəyyənləşdirmək istəməməsi qanunsuz və əsassız qətnamə çıxarılması ilə nəticələnmişdir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Hazırkı halda isə tərəflərin qarşılıqlı münasibətləri etibarnamə ilə yox, həmin etibarnamə ilə həyata keçirilmiş və cavabdeh tərəfindən təsdiq edilmiş faktiki alqı-satqı münasibətlərinə uyğun baxılmalı idi. Bu hallar məhkəmədə tam araşdırılmamış və tərəflər arasındakı münasibətlərə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Cavabdehin (Cavabdeh) vəkili məhkəməyə mübahisəli evin bilavasitə tikintisində iştirak etmiş usta və fəhlələrin şahid qismində dindirilməsi və tikiklmiş yaşayış evinə çəkilmiş xərcin miqdarını müəyyənləşdirmək üçün ekspertizanın təyin edilməsi haqqıda şifahi olaraq vəsatət vermiş, lakin məhkəmə bu vəsatəti təmin etməmişdir. Lakin qarşı tərəfin, yəni iddiaçının (İddiaçı oglu) bir neçə nəfəri şahid qismində dindirilməsi haqqında vəsatətini təmin etmişdir. Bununla da məhkəmə ədalət mühakiməsinin əsas prinsipi olan çəkişmə, tərəflərin bərabərliyi prinsipini pozmuş, iddiaçı tərəfə daha üstün şərait yaratmışdır. Cavabdehin (Cavabdeh oglu) yeni tikilmiş yaşayış evinin onun tərəfindən və onun vəsaiti ilə tikilməsini sübut edən dəlillərinə - eskiz Layihə sənədlərinə, tikintinin müxtəlif mərhələlərini sübut edən fotoşəkillərə, iddiaçı tərəfindən 4700 manat müqabilində ona 50 il müddətinə həmin torpaq sahəsindən istifadə və digər hüquqlar verən etibarnaməsinə, işin faktiki halları haqqında məhkəməyə şahid kimi ifadə verən cavabdehin nümayəndəsi Nümayəndə1 ifadəsinə məhkəmə hüquqi qiymət verməmiş, bu isə işin faktiki halları ilə ziddiyət təşkil edən qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. İddiaçı (İddiaçı oglu) iddia edir ki, ona məxsus olan, lakin etibarnamə ilə cavabdehə satmış olduğu 0,02 ha torpaq sahəsində hal-hazırda olan yeni tikilmiş yaşayış evini cavabdeh (Cavabdeh oglu) deyil, guya o, özü tikmişdir. Lakin bu barədə heç bir tutarlı sübut məhkəməyə təqdim etməmiş, yaşadığı ərazidə onunla yaxın münasibətlərdə olan dost-tanışını, qonşuları şahid kimi məhkəmədə dindirilməsini təmin etməyə nail olmaqla kifayətlənmişdir. Ondan fərqli olaraq cavabdeh (Cavabdeh oglu) öz adına olan eskiz layihə sənədlərini məhkəməyə təqdim etsə və evin məhz bu layihə əsasında tikildiyini bildirsə də məhkəmə bu vacib sübuta əhəmiyyət verməmişdir. Tərəflər arasında cavabdehin iddiaçıya vermiş olduğu 4700 manat müqabilində ona iddiaçı tərəfindən 50 illiyə verilmiş etibarnamə mövcud olmuşdur. Bu fakt məhkəmədə iddiaçı tərəfindən təsdiq edilmiş, bununla da məlum olmuşdur ki, iddiaçı 0,02 ha torpaq sahəsinə vermiş olduğu birtərəfli əqd olan etibarnaməni verərkən ona əvəz olaraq 4700 manat vəsait almışdlr ki, bu fakt da tərəflər arasında alqı-satqının baş verdiyinin bilavasitə sübut etmişdir. Belə olan halda məhkəmə tərəflər arasındakı münasibətlərə birtərəfli əqd-etibarnamə əsasında deyil, onlar arasında yaranmış alqısatqı münasibətləri nöqteyi nəzərindən baxmalı və alqı-satqı müqavilələrindən irəli gələn müddəalar əsasında məsələyə hüquqi qiymət verməli idi. Yuxarıda göstərilən hallar sübut edir ki, məhkəmənin qətnaməsi əsaslı hesab edilə bilməz, çünki məhkəmə tərəflər arasında olan münasibətlərə birtərəfli olaraq yanaşmış, qətnamənin qəbulu yalnız iddiaçının əsassız iddiaları və heç bir əhəmiyyət təşkil etməyən, baxılan işə aidiyyəti bu və ya digər dərəcədə olmayan şahidlərin ifadələri əsasında həyata keçirilmişdir. Cavabdehin əsaslı sübutlarına-eskiz layihə sənədlərinə, tikilmiş yaşayış evinin iddiaçının bildirdiyi qaydada deyil, cavabdehin təqdim etdiyi eskiz layihə sənədlərinə uyğunluğuna, tərəflər arasında 50 il müddətinə verilmiş etibarnamə olmasına baxmayaraq torpağın alqısatqısının həyata keçirilməsinə və əvəz olaraq 4700 manat pulun iddiacının almasının məhkəmədə etiraf etməsinə məhkəmə hüquqi qiymət verməmişdir ki, bu da əsassız qətnamə çıxarılması ilə nəticələnmişdir. İddiaçının (İddiaçı oglu) cavabdehə (Cavabdeh oglu) xx.xx.2018-cil tarixində eibarnamə verdiyi zaman həmin torpaq sahəsində hər hansı tikili olub-olmadığı məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçı (İddiaçı oglu) iddia edir ki, torpağın qiyməti 6600 manat, orda olan tikilinin qiyməti 6800 manat olmuşdur, buna baxmayaraq ümumi dəyəri 13400 manat təşkil edən daşınmaz əmlakı iddiaçı hansı səbəblə 6600 manata satmağa razılaşdırması məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə qətnaməsində cavabdehin (Cavabdeh) ifadəsi əsasında göstərilmiş iddiaçı (İddiaçı oglu) və cavabdehi tanış edən Ramin adlı şəxsin kimliyi araşdırırlmamış, həmin şəxsin məhkəməyə şahid qismində cağırılıb dindirilməsi məhkəmə tərəfindən təmin edilməmişdir. Hansı əsaslarla cavabdehin (Cavabdeh oglunun) Abşeron rayonu, Qobu qəsəbəsində (mübahisəli ünvanda) fərdi yaşayış evinin eskiz layihəsi «Mülkiyyətçi Layihə MMC» tərəfindən tərtib edilmişdir, mövcud halda tikilmiş yaşayış evinin bu layihəyə uyğun olub-olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçının (İddiaçı) xeyrinə məhkəmədə ifadə verən şahid X21 bildirib ki, 2021-ci il avqust ayında iddiaçıya məxsus torpaq sahəsində ona 15-16 gün ərzində ev tikmiş, ona həmçinin Toğrul adında, hazırda Rusiyada olan şəxs də kömək etmişdir. Məhkəmə şahidin ifadəsinin doğru olubolmamasına əhəmiyyət verməmiş, həmin Toğrul adlı şəxsin həqiqətən də mövcud olubolmaması, göstərilən müddətdə onun Azərbaycanda olub-olmaması məsələsini araşdırmamış, eyni zamanda şahid X33 oglunun 2021-ci ilin avqust ayında telefon operatorundakı qeydiyyat (geolokasiya) yerinin müəyyənləşdirilməsi haqqında sorğu verərək onun həqiqəti söyləməsinin müəyyən edərək işin faktiki hallarını müəyyən edə biləcəyi halda məhkəmə bunu etməmişdir. İddiaçı (İddiaçı oglu) məhkəmədə etiraf etmişdir ki, o özünə məxsus olan 0,08 ha torpaq sahəsinin 0,02 ha hissəsini cavabdehə (Cavabdeh oglu) satmış, əvəzində ondan 4700 manat pul almışdır, lakin razılaşdırılmış satış qiymətinin qalan hissəsini ala bilmədiyinə görə etibarnaməni ləğv etmişdir. Belə olduğu halda tərəflər arasındakı münasibətlər alqı-satqı münasibətləri olmuş və bu münasibətlərə xitam verilməsi yalnız alqı-satqı müqavilələrinə tətbiq edilən hüquq münasibətləri şamil edilməli idi. Belə halda iddiaçınin (İddiaçı oglu) birtərəfli qayydada müqaviləyə xitam verməsi qanuna zidd olmuşdur, lakin məhkəmə tərəfindən buna hüquqi qiymət verilməmişdir. Cavabdeh (Cavabdeh oglu) iddia edir ki, xx.xx.2018-ci ildə ona 50 illik etibarnamə verildikdən sonra o, həmin torpaq sahəsində tikinti işləri aparmış, lakin iddiaçı (İddiaçı oglu) iddia edir ki, o, xx.xx.2021-ci ildə həmin etibarnaməni ləğv edərək həmin torpaq sahəsində özü yaşayış evi tikdirmişdir. Bu şəxslərin hansının məhkəməyə doğru ifadə verməsini müəyyən etmək və işin faktiki hallarını tam aydınlaşdırmaq üçün məhkəmə öz təşəbbüsü ilə tikintinin tikilmə vaxtının müəyyənləşdirilməsi üzrə tikinti ekspertizasının keçirilməsini təmin etməmişdir. İddiaçı (İddiaçı oglu) xx.xx.2021-ci ildə cavabdehə (Cavabdeh oglu) vermiş olduğu etibarnaməni ləğv etdiyini bildirmişdir. Mülki Məcəllənin 366.1- maddəsinin tələbinə görə iddiaçı etibarnaməni ləğv etməsi haqqında cavabdehə məlumat verməyə borclu olduğu halda hansı səbəbə ona məlumat verməməsi məsələsini məhkəmə araşdırmamışdır. İddiaçı (İddiaçı) iddia edir ki, torpaq sahəsindəki tikinti onun tərəfindən aparılıb, məhkəmə onun hansı layihə sənədləri əsasında tikintini apamasını müəyyənləşdirməyib. Digər tərəfdən məhkəmədə iddiaçı və yaşayış evini usta kimi tikdiyini bildirən X7 tikdiyi evin ölçülərini və evin daxili quruluşu haqqında vediyi qeyri müəyyən, təxmini cavablara hüquqi qiymət verməmişdir. Əgər iddiaçı (İddiaçı oglu) doğrudan da xx.xx.2021-ci ildə etibarnaməni ləğv edərək özü tikinti aparmışsa hansı əsaslarla cavabdeh (Cavabdeh) və onun ailəsi iddiaçının guya tikdiyi evdə bu günədək qalmaları məsələsinin məhkəmə araşdırmamış və buna hüquqi qiymət verməmişdir. Həmçinin bu müddət ərzində cavabdeh (Cavabdeh) və onun ailəsinin guya iddiaçının tikdiyi evdə qalmalarına görə iddiaçı öz mülkiyyətindən istifadə edə bilmədiyi halda o, hüquq mühafizə orqanlarına bu barədə müraciət edib-etmədiyi məsələsi məhkəmə tərəfindən araşdırılmamışdır. Mübahisəli torpaq sahəsində tikilmiş yaşayış evinin cavabdeh (Cavabdeh) tərəfindən tikilməsinin sübut edən, üzərində tarix göstərilmiş və tikintinin müxtəlif mərhələlərinin göstərən foto-şəkilləri birinci instansiya məhkəməsində üzrlü səbəbdən bu sübutları təqdim etmək mümkün olmamışdır, ona görə ki, bu fotolar cavabdehə məxsus olmayan telefonla çəkilmiş və başqa şəxsdə olmuşdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

32. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

33. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

34. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

35. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

36. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

37. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. bənd İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bənd İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

40. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə 363.1. Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Maddə 365.1.3. Etibarnaməni vermiş şəxs tərəfindən etibarnamə ləğv edildikdə etibarnamənin qüvvəsinə xitam verilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – qarşılıqlı iddianın təmin edilməyən maddi zərərin əvəzinin tutulması hissəsində qismən ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir.

44. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin və qarşılıqlı iddia ərizələrinin qismən təmin edilməsi, Cavabdeh Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin 0.02 ha hissəsindən və 0.02 ha torpaq sahəsində inşa edilmiş tək qat tikilidən çıxarılması, İddiaçı Cavabdeh xeyrinə 4700 (dörd min yeddi yüz) manat pul vəsaitinin tutulması, ilkin və qarşılıqlı iddia ərizələrinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

45. Məhkəmə gəldi nəticə ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin İddiaçı Abşeron rayonu Qobu Bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli 16 saylı Qərarı əsasında satılması qərara alınmış, eyni zamanda, Abşeron rayon Qobu Bələdiyyəsi sədrinin, Abşeron rayon İcra Hakimiyyəti və Memarlıq Tikinti şöbəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətli nümayəndələri tərəfindən mübahisəli torpaq sahəsi yerində ölçülüb ayrılmaqla, daimi nişangahlar qoyulmaqla İddiaçı təhvil verilmişdir. Bələdiyyə mülkiyyətində olmuş Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin bələdiyyə sənədi əsasında İddiaçı satılması iddiaçının həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarının yaranmasına səbəb olmuşdur ki, bu hal mülki işin mübahisələndirilməyən tərəfidir. xx.xx.2018-ci il tarixli ƏN-İ 718072 saylı etibarnamə əsasında Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin 0.02 ha hissəsi Cavabdeh sahiblik və istifadəsinə verilməklə, həmin etibarnamə xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən ləğv olunmuşdur. Göründüyü kimi, sözügedən torpaq sahəsinə dair cavabdehin hər hansı bir hüququ olmaqla, iddiaçının isə gözlənilən mülkiyyət hüququ qorunub saxlanılmaqdadır. Bu səbəbdən də, ilkin iddia ərizəsi qismən təmin edilməklə, Cavabdeh İddiaçı sahiblik və istifadəsində olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin 0.02 ha hissəsindən və həmin torpaq sahəsində inşa edilmiş tikilidən çıxarılmalı, ilkin iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı ilkin iddia ərizəsində cavabdehin ailə üzvləri ilə birlikdə torpaq sahəsindən və tikilidən çıxarılmasını xahiş etsə də, həmin hallara dair mötəbər sübutunu məhkəməyə təqdim etməmiş, sözügedən şəxslərin həqiqətən də həmin ünvanda yaşamasını sübuta yetirə bilməmişdir. Bu səbəbdən də, ilkin iddia ərizəsi yalnız Cavabdeh münasibətdə təmin edilməklə həmin şəxsin torpaq sahəsindən və tikilidən çıxarılması qənaətinə gəlinir.

46. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə qeyd etmişdir ki, araşdırma zamanı mübahisəli torpaq sahəsinin cavabdehə etibarnamə əsasında satılması, nəticədə, etibarnamənin ləğv olunması müəyyən edilməklə cavabdehin torpaq sahəsinə dair hər hansı bir hüququnun olmaması, inşa edilmiş fərdi yaşayış evinin isə iddiaçı tərəfindən tikilməsi təsdiq olunmuşdur. Bu səbəbdən də qarşılıqlı iddia ərizəsi sözügedən daşınmaz əmlaklara cavabdehin mülkiyyət hüququnun tanınması hissəsində əsaslı hesab edilib təmin edilə bilməz.

47. Məhkəmə eyni zamanda, hesab etmişdir ki, məhkəmə araşdırması zamanı Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsinin 6600 manata satılması barədə razılaşma əldə olunsa da, cavabdeh tərəfindən 4700 manat ödəniş edilməsi, iddiaçı tərəfindən isə həmin məbləğdə pul vəsaitinin alınması tərəflərin izahatı ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsindən Cavabdeh çıxarılması müəyyən olunduğundan, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 4700 manat pul vəsaiti də İddiaçı tərəfindən Cavabdeh qaytarılmalıdır. Qarşılıqlı iddia ərizəsində Cavabdeh fərdi yaşayış evinin tikintisinə sərf olunmuş 45000 manat pul vəsaitinin tutulmasını tələb etsə də, sübutetmə yükü daşıyan qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı həmin hallara dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, qarşılıqlı iddia ərizəsi maddi ziyanın tutulmasına dair yalnız 4700 manat pul vəsaitinin tutulması hissəsində təmin edilir ki, həmin məbləğdə ödənişin Cavabdeh tərəfindən İddiaçı ödənilməsi məhkəmə araşdırması zamanı tərəflərin izahatı əsasında öz təsdiqini tapmışdır. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Mülki Prosessual Məcəllənin 77.1. maddəsinə müvafiq olaraq, qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından qarşılıqlı iddia tələbi həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir.

48. Məhkəmə qətnaməsi ilə razılaşmayaraq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti vermişdir.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir, birinci instansiya məhkəməsinin ilkin iddianın təmin edilməsinə dair, habelə qarşılıqlı iddianın mülkiyyət hüququnun tanınması və dövlət qeydiyyatına alınması, mənəvi zərərin tutulmasının rədd edilməsi və ilkin iddia ilə əlaqəli olan maddi zərərin əvəzi olaraq 4700 manat pulun tutulması hissədə gəlmiş olduğu nəticə və əsaslandırma ilə razlaşır, bu hissədə əlavə qiymətləndirmənin aparılmasına zərurət görmür, həmin hissədə apellyasiya şikayətinin dəlillərinin qarşılıqlı iddianın dəlilləri ilə eyni olduğunu və birinci instansiya məhkəməsi tərəfindən bu dəlillərə müfəssəl qiymət verildiyini bildirir.

50. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətini qarşılıqlı iddia üzrə maddi zərərin əvəzinin tutulmaması hissədə qismən əsaslı hesab edir. Kollegiyanın qənaətincə birinci instansiya məhkəməsi bu hissədə işin faktiki hallarını tam, hərtərəfli, obyektiv araşdırmamış, iş üzrə sübutlara düzgün hüquqi qiymət verməmiş və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.

51. İşin müəyyən edilmiş hallarından göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin ona satdığı torpaq sahəsində ev tikdiyini, tikinti-təmir işlərinə xeyli məbləğdə vəsait xərcləndiyini, bunun nəticəsində 45.000 manat maddi zərərə uğradığını iddia edir.

52. Birinci instansiya məhkəməsi maddi zərərin əvəzinin tutulması hissədə qarşılıqlı iddia üzrə qiymətləndirmə apararaq qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, şahid ifadəsi əsasında müəyyən olunmuşdur ki, Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin 0.02 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi İddiaçı tərəfindən inşa edilməklə həmin tikili iddiaçıya məxsusdur. Həmin tikili iddiaçıya məxsus olması şahid ifadəsi və qonşular tərəfindən tərtib edilmiş Akt əsasında öz təsdiqini tapır.

53. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, sübutların qiymətləndirilməsində prosessual pozuntuya yol verilmişdir.

54. Təqdim edilmiş sübutlar əsasında həqiqətin müəyyən edilməsi məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən aslıdır. Hər bir sübut aidiyyat, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütun sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir.

55. Bu konteksdə, birinci instansiya məhkəməsinin qətnaməsindən mübahisə predmeti olan torpaq sahəsində inşa edilmiş evin hansı yetərli sübutlar əsasında ilkin iddia üzrə iddiaçı tərəfindən inşa edilməsi nəticəsinə gəlinməsi aydın deyildir. Məhkəmənin istinad etdiyi şahid ifadəsi və qonşular tərəfindən tərtib edilmiş aktın əsaslı sübut növü olaraq qəbul edilməsi və yetərli sübut hesab edilməsini kollegiya prosessual qanunvericiliyin tələblərinə uyğun hesab etmir.

56. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları, şahid ifadələri və digər sübutlar yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat, ifadə, akt məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin.

57. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir.

58. Apellyasiya icraatı zamanı aparılmış araşdırma zamanı izahat vermiş İddiaçı bildirmişdir ki, onun tərəfindən inşa edilmiş tikili, 3 daş üstə kürsülü , tək qat hörgülü olmuş, evin damı vurulmuşdur, otaqlar arası divarlar olmamışdır, evin pəncərəsi, qapısı olmamış, evin təmiri olmamışdır, sonrada Faiq həmin evə zorla daxil olaraq qapı-pəncə qoymuş, hamam-ayaqyolu tikdirmiş və s. işlər görmüşdür.

59. Kollegiya hesab edir ki, İddiaçı qeyd olunan işlərin onun tərəfindən görüldüyünü bildərsə də bu göstərdiklərini məhkəmədə sübuta yetirə bilməmişdir. İddiaçının istinad etdiyi sübutlar isə əsaslı şübhədən kənar, yetərli sübut olaraq qəbul edilə bilməz. Qeyd olunduğu kimi sübutlar aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir.

60. İşin müəyyən edilmiş faktiki halları- İddiaçı həmin evdə bir sıra işlərin Cavabdeh tərəfindən gördürülməsinə dair izahatında bildirdikləri, etibarnamə əsasında torpağın Cavabdeh satılması və həmin vaxt yaşayış evinin olmaması (İddiaçı izahatında bildirdi ki, həmin vaxt daş kürsü olmuş, həmin tikinti də sonradan sökülmüşdür), sonuncunun orada yaşamaqla, kommunal xidmətlərə dair razılşma, həmin evin inşa edilməsinə dair fotoşəkillərdə əks olunan tarix qeydi, yaşayış evinin 2019-cu il tarixdə çəkilmiş lahiyəsi – həmin tikilinin Cavabdeh tərəfindən inşa edilməsi qənaətinə gəlməyə əsas verir.

61. Eləcə də kollegiya vurğulamağı zəruri hesab edir ki, ilkin iddia tələbindən göründüyü kimi iddiaçı ilk dəfə məhkəmədə torpaq sahəsindən çıxarılma ilə bağlı iddia qaldırmış, yaşayış evini mübahisələndirməmiş, ona məxsus yaşayış sahəsinin zəbt edilməsi ilə bağlı narahatlığını göstərməmiş, daha sonra tələbin dəqiqləşməsini vermişdir. Bu fakt özü də həmin tikilinin iddiaçıya məxsus olmasına əsaslı şübhə yaratmaqla, cavabdeh tərəfindən inşa edilməsi qənaətinə gəlməyə əsas verir.

62. İşin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizanın 21 sentyabr 2023-cü il tarixli rəyi ilə, mübahisə predmeti olan yaşayış evinin inşasına 11620 manat vəsait sərf olunduğu müəyyən edilmişdir.

63. Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2024-cü il tarixli əlavə məhkəmə tikinti-texniki ekspertizanın rəyi ilə müəyyən edilmişdir: 1-ci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin bünövrəsində görülmüş işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri (tikinti materialları və xidmət haqqı daxil olmaqla) təqribən 712,0 manat məbləğində müəyyən olunmuşdur. 2-ci sual üzrə: Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yarımçıq vəziyyətdə elektrik işlərinin görüldüyü və həmin işlərin orta bazar qiymətlərinə uyğun dəyəri (tikinti materialları və xidmət haqqı daxil olmaqla) təqribən 500,0 manat məbləğində müəyyən olunmuşdur. 3-cü sual üzrə: Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin divarlarının 166,0 kv.m hissəsində suvaq işlərinin görüldüyü və həmin işlərin orta bazar qiymətlərinə uyğun dəyəri (tikinti materialları və xidmət haqqı daxil olmaqla) təqribən 998,0 manat məbləğində müəyyən olunmuşdur. 4-cü sual üzrə: Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin divarlarında fasad hissədən və daxildən hər hansı boya işlərinin aparılmadığı müəyyən edilmişdir. Bu səbəbdən də qərardadın bu sualı üzrə tədqiqat aparılmadı.

64. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut növü olaraq qiymətləndirir.

65. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, tikinti-texniki ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilmişdir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

66. Bununla yanaşı məhkəmə kollegiyası 15 mart 2024-cü il tarixli əlavə məhkəmə tikinti-texniki ekspertizanın rəyi ilə müəyyən edilmiş Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin divarlarının 166,0 kv.m hissəsində suvaq işlərinin görüldüyü və həmin işlərin orta bazar qiymətlərinə uyğun dəyəri (tikinti materialları və xidmət haqqı daxil olmaqla) təqribən 998,0 manat və 21 sentyabr 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmiş 11620 manat, cəmi 12618 manat məbləğində vurulmuş maddi zərərin əvəzinin tutulmasını əsaslı hesab edir.

67. Kollegiyanın qənatincə 15 mart 2024-cü il tarixli əlavə məhkəmə tikinti-texniki ekspertizanın rəyi ilə müəyyən edilmiş digər hallar 21 sentyabr 2023-cü il tarixli ekspert rəyində nəzərə alındığında təkrar nəzərə alına bilməz.

68. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə mübahisələndirilən hissədə qismən işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(012)-2770/2022 nömrəli qətnaməsi qismən – qarşılıqlı iddia tələbi üzrə maddi zərərin təmin edilməyən hissəsində qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək qarşılıqlı iddia qismən təmin olunmalı, maddi zərərin əvəzi olaraq 12.618 manat İddiaçı Cavabdeh xeyrinə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

69. MPM-nin 119-cu maddəsinə əsasən ekspertiza təhqiqatının dəyərinin əvəzi olaraq 200 (iki yüz) manat qarşılılı iddia üzrə cavabdeh İddiaçı alınaraq SAP (XİİS) hesabı X3 hesabına ödənilməlidir.

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İlk iddia üzrə cavabdeh, qarşılılqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2(012)-2770/2022 nömrəli qətnaməsi qismən - qarışılıqlı iddia tələbi üzrə maddi zərərin təmin edilməyən hissəsində qismən ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, qarşılıqlı iddia tələbi qismən təmin olunsun. İddiaçı maddi zərərin əvəzi olaraq 12.618 (on iki min altı yüz on səkkiz) manat Cavabdeh xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat İddiaçı alınaraq SAP (XİİS) hesabı X3 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar